.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

XÜSUSİLƏŞMİŞ NİTQ HİSSƏSİ
NİDA

Danışanın hissini, həyəcanını, qorxu və ya sevincini bildirən sözlərə nida deyilir.
Nida nə əsas, nə də köməkçi nitq hissəsidir. O, xüsusi nitq hissəsi sayılır, çünki hiss-həyəcan ifadə etdiyi halda, onu adlandıra bilmir. Nidaların mə'naca, əsasən, aşağıdakı növləri var:
1) Qorxu, narahatlıq bildirənlər: vay, ah, oh, oy
2) Şadlıq, sevinc, təəccüb bildirənlər: paho, bəh-bəh, oho, oxqay və s.
3) Qəm, kədər bildirənlər: of, ah, eh, ox, oy və s.
4) Çağırış bildirənlər: hey, ey, ay və s.
5) Nifrət və istehza bildirənlər: tfu, xa-xa-xa, xix, xox və s.
Qeyd: 1) Bu bölgü bütövlükdə olduqca şərtidir, çünki mü-əy-yən bir nida müxtəlif məqamlarda işlədilə bilər.
2) Nidaları yamsılamalarla (təqlidi sözlərlə) eyniləşdirmək olmaz. Yamsılamalara heyvanların çıxardığı səslər, təbiət səsləri və s. daxildir. Belə sözlərin üzərinə –ıltı4 şəkilçisi artırıldıqda isim-lər düzəltmək olur. Məs: şır-ıltı, gur-ultu, civ-ilti, şaqq-ıltı, nər-ilti və s.
2. Nidaların orfoqrafiyası. Nidaların quruluşca iki növü var:
1) Sadə: ah, eh, oy, ox, vay, paho və s.
2) Mürəkkəb (tərkibi): ay can, ay haray, ay aman, ha-ha, ay-ay-ay və s.
Təkrar yolu ilə əmələ gələn nidalar mürəkkəb nida adlanır və defislə yazılır. Məs: ha-ha, xa-xa-xa və s.
Ey, ay nidaları ilə başqa sözün birləşməsindən əmələ gələn nidalar tərkibi nida adlanır və ayrı yazılır. Məs: ey vay, ay haray, ay aman, ay can və s.
Bütün nidalar sözlərdən ayrı yazılır.
- Nida cümlənin əvvəlində gələrsə, intonasiyadan asılı olaraq ondan sonra ya vergül, ya da nida işarəsi qoyulur.
- cümlənin ortasında gələn nidadan əvvəl və sonra vergül qoyulur.
- cümlənin sonunda gələn nidadan əvvəl vergül, sonra isə nida işarəsi və ya üç nöqtə qoyulur. Məs: Eh, köçən günlər… Aha! Yaxşı əlimə keçmisən!
Qorxdum, ay aman, yarıldı bağrım.
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!
Qeyd: 1) Çağırış bildirən ay, ey nidalarından sonra vergül qoyulmur. Məs: Ay Həsən, hardasan.
2) Ey nidası ismə qoşulmadan özü çağırış bildirdikdə ondan sonra vergül qoyulur. Məs: Ey, bura bax.

 

 

 


Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz