.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ

Köməkçi nitq hissələri sözlərin elə mə'na qruplarıdır ki:
1) leksik mə'naya malik olmur;
2) ayrılıqda cümlə üzvü kimi işlənə bilmir;
3) müstəqil suala cavab olmur;
4) şəkilçi qəbul edib dəyişmir.
Dilimizdə dörd köməkçi nitq hissəsi var: 1) qoşma; 2) bağlayıcı; 3) ədat; 4) modal sözlər.

QOŞMA

İsmin yiyəlik, yönlük və çıxışlıq halında olan sözlərə qoşula-raq müəyyən mə'na çaları əmələ gətirən köməkçi nitq hissəsinə qoş-ma deyilir. Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur.
Qoşmalar ismin halı ilə işlədilməsinə görə aşağıdakı qruplara bölünür:
1. İsmin yiyəlik halı ilə işlənən qoşmalar: qədər, kimi, tək, üçün, ilə (la2), haqqında, barəsində, haqda, barədə, içrə, üzrə, -can, -cən.
Yiyəlik halda olan sözlərə artırılan qoşmaların aşağıdakı mə'na xüsusiyyətləri var:
a) Qədər, kimi, tək qoşmaları yiyəlik halda olan sözlərə qoşularaq bənzətmə mə'nası əmələ gətirir. Məs: Təyyarə quş kimi (tək) uçurdu. Tarla bəyaz qar kimi, Arzu təzə, söz təzə və s.
Bu qoşmaların qoşulduğu sözlər ismin qeyri –müəyyən yiyəlik halında olur. Buna görə də bu cür isimlərin yerinə əvəzlik qoy-duqda söz müəyyənlik bildirən yiyəlik halda olur. Məs: Əhməd tək – sənin tək, Həsən qədər – onun qədər, quş kimi – onun kimi və s.
b) İlə qoşması birgəlik, bə'zən də vasitə mə'nası ifadə edir. Məs: Əli ilə, sənin ilə (səninlə), telefon ilə (telefonla) və s.
c) Üçün qoşması qoşulduğu sözlə səbəb-məqsəd mə'nası ifadə edir. Məs: onun üçün, Murad üçün və s.
1. İsmin yönlük halı ilə işlənən qoşmalar. –dək, -can, -cən, tə-rəf, doğru, qarşı, sarı, görə, əsasən, qədər, dair, aid, kimi, məx-sus, nisbətən.
a) Görə qoşması qoşulduğu sözlə birlikdə səbəb, uyğunluq, isnad və nisbət məzmununu ifadə edir. Məs: Murada görə qardaşı-nı da məktəbə qoymurdular. Hər kəsə bacarığına görə iş verdilər. Eşitdiyimə görə yaxşı adamdır. Kamrana görə Arif cavan gö-rünür.
b) Nisbətən qoşması yalnız nisbi müqayisə bildirir və görə qoşmasının sinonimi olur. Məs: Vəliyə nisbətən qardaşı daha çalışqan idi.
c) Məxsus, aid, dair qoşmaları yönlük halda olan sözlərə qoşularaq aidlik məzmununu ifadə edir və biri digərinin sinonimi olur. Məs: Gəray atasına aid (məxsus, dair) sənədləri arxivə vermişdi.
ç) Qarşı qoşması ziddiyyət (məs:Həqiqətə qarşı çıxmaq nadanlıqdır), istiqamət, yönəltmə (məs: Məmməd ona qarşı gedirdi) və s. bu kimi mə'naları ifadə edir.
d) Qədər, kimi, -dək, -can, -cən qoşmaları yönlük halda işlənən zaman zərflərinə qoşulduqda zaman mə'nası (məs: Yaya qədər, indiyə kimi, səhərəcən, axşamadək və s.), ifadə edir.
e) Qədər, kimi, –dək, -can2 qoşmaları yönlük halda olan söz-lərə qoşulduqda məsafə bildirir. Məs: evə qədər, evə kimi, evədək, evəcən və s.
f) Sarı, tərəf, doğru, qoşmaları istiqamət, yönəltmə bildirir və biri digərinin sinonimi olur. Məs: Evə tərəf, evə sarı, evə doğ-ru, evə qarşı.
Qeyd: Kimi qoşması qədər qoşmasının sinonimi olduqda yö--nlük, tək qoşmasının sinonimi olduqda isə yiyəlik halda olan sözlə işlənir. Məs: kəndə kimi, sənin kimi və s.
3. İsmin çıxışlıq halı ilə işlənən qoşmalar. Sonra, əvvəl, qabaq, bəri, başqa, qeyri, savayı, ayrı, özgə, ötrü, əlavə.
a) Əvvəl, sonra, qabaq, bəri qoşmaları zaman mə'nası ifadə edir. Məs: Səndən əvvəl (sonra, qabaq, bəri) və s.
b) Qeyri, başqa, savayı, ayrı, özgə qoşmaları fərqlənmə mə'-nası ifadə edir. Məs: Əlidən başqa (savayı, ayrı, özgə).
c) Ötrü qoşması qoşulduğu sözlə birlikdə səbəb – məqsəd mə'nası ifadə edir. Məs: Atamdan ötrü, oxumaqdan ötrü və s.
Bə'zən ötrü qoşması əvəzinə yana qoşması da işlənir. Məs: Sən-dən yana bu qədə əziyyət çəkdim.
3. Qoşmaların orfoqrafiyası (yazılışı). -can2, -ca2, -dək qoş-ma-ları şəkilçi formasına düşdüyü üçün həmişə bitişik yazılır. Məs: evəcən, kəndədək, dəryaca və s.
İlə qoşması samitlə bitən isimlərə qoşulduqda həm ayrı (Kərim ilə), həm də bitişik (Kərimlə) yazılır. Saitlə bitən sözlərdə isə həmişə ayrı yazılır (Sona ilə, quzu ilə) Bə'zən ilə qoşması saitlə bitən isimlərdə bitişik yazılır və bu zaman «y» bitişdirici samitindən istifadə olunur (şe'riylə) və s.
Qalan qoşmaların hamısı ayrı yazılır.
4. Qoşmaların sinonimliyi. Aşağıdakı qoşmalar bir-birilə sino-nimdir.
1) Yiyəlik halda işlənən kimi – tək qoşmaları (sənin tək, sənin kimi)
2) Yönlük halda işlənən qədər – kimi – dək – can(cən) qoşma-ları və sarı – tərəf – doğru qoşmaları. Məs: evə qədər (kimi, dək, cən); evə tərəf (sarı, doğru)
3) Çıxışlıq halda işlənənlər: əvvəl – qabaq; (məndən əvvəl (qabaq); qeyri – başqa – savayı; Səndən qeyri (savayı, başqa)
4) İlə -ca2, qədər – ca2, üçün – ötrü qoşmaları da sinonim ola bilər.
5) Sarı və bəri qoşmaları ayrılıqda sinonim ola bilmədiyi halda, cümlə daxilində sinonim ola bilər.
5. Qoşmaların digər nitq hissələrindən fərqləndiril-məsi.
Dilimizdəki qoşmaların bə'zisi ismin yiyəlik, yönlük və çıxışlıq hallarında işlənən sözlərə qoşularaq ancaq qoşma kimi işləndiyi halda (Məs: Üçün, ötrü, görə, kimi, savayı, məxsus, dair, içrə), bə'zisi nitq hissələri ilə omonim olduğundan cümlədə yerinə görə müxtəlif nitq hissələrinə aid ola bilir.
1) tərəf, qarşı sözləri həm isim (Hər tərəf (isim) yaşıllıq idi), həm də qoşma (Sürü bizə tərəf (qoşma) gəlirdi) ola bilir.
2) tək, doğru, yaxın, sarı sözləri həm sifət (Tək (sifət) əldən səs çıxmaz), həm zərf (Əli kəndə tək (zərf) getdi), həm də qoşma (Xəyalım quş tək (qoşma) uçur) kimi işlənə bilir.
3) sonra, qabaq, əvvəl sözləri həm zərf (Bu barədə sonra (zərf) danışarıq), həm qoşma (Bundan sonra (qoşma) danışmağa dəyməz), bə'zən də sifət (əvvəl günlər) kimi işlənə bilir.
4) İlə həm bağlayıcı (İlham ilə Azad dərs ə'laçısıdırlar), həm də qoşma (Atam ilə şəhərə gedəcəyəm) kimi işlənə bilər

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz