.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

FE'L

1. FE'L: Ümumi qrammatik mə'nasına görə hərəkət bildirən əsas nitq hissəsinə fe'l deyilir. Fe'llər müxtəlif forma və zaman-larda işlədilən nə etmək? nə etdi? nə etmişdir? nə edir? nə edəcək? nə edər? və s. suallarına cavab olur.
Fe'llər şəxsə və kəmiyyətə görə dəyişir, təsdiq və inkar, tə'sirli və tə'sirsiz olur.
2. FE'LİN MƏ'NA NÖVLƏRİ: Fe'llərin mə'naca, əsasən, aşağıdakı növləri vardır:
1) İş fe'lləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək) və s.
2) Nitq fe'lləri: danış(maq), dinlə(mək), qulaq as(maq) və s.
3) Hərəkət fe'lləri: get(mək), düş(mək), en(mək), qalx(maq) və s.
4) Təfəkkür fe'lləri: du(ymaq), xatırla(maq), zənn et(mək) və s.
5) Hal-vəziyyət fe'lləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək) və s.
3. FE'LİN QURULUŞcA NÖVLƏRİ: Fe'llərin quruluşca üç növü var: sadə, düzəltmə və mürəkkəb-tirkibi.
1) SADƏ FE'LLƏR: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan fe'llərə sadə fe'llər deyilir. Məs: al, oxu(yur), get, al(dı), gəl(ir) və s.
2) DÜZƏLTMƏ FE'LLƏR: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan fe'llər düzəltmə fe'llər adlanır. Məs: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s.
3) MÜRƏKKƏB VƏ TƏRKIBI FE'LLƏR: İki sözün birləşməsindən əmə-lə gələn fe'llər mürəkkəb fe'llər adlanır. Məs: deyir-gülür, ölç-dü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Dilimizdə elə fe'llər var ki, mürəkkəb fe'llərə oxşasalar da, bun-lara mürəkkəb fe'l deyilmir. Bu fe'llərin bir qrupuna frazeolo-ji birləşmə (başa düşdü, qulaq asdı, başa saldı və s.), bir qrupuna isə tərkibi fe'l deyilir (yaxşı elədi, həll olundu, itib getdi və s.).
Tərkibi fe'lləri və mürəkkəb fe'lləri qarışdırmamaq üçün aşağıdakıları yadda saxlamaq lazımdır:
a) Bütün mürəkkəb sözlər kimi mürəkkəb fe'llər də iki müs-təqil sözün (köməkçi sözün yox) birləşməsindən əmələ gəlir (uçdu-getdi, deyir-gülür və s.). Tərkibi fe'llərdə isə sözlərdən biri müs-təqil deyil, köməkçi vəzifə daşıyır. Bu səbəbdən də tərkibi fe'l-lərə (adam ol, yaxşı oldu, kömək et və s.) mürəkkəb fe'l demək olmaz.
b) Mürəkkəb fe'lləri əmələ gətirən sözlərin hər biri qrammatik cəhətdən dəyişə bilir (asdı-kəsdi, atılır-düşür), tərkibi fe'llərdə isə yalnız ikinci (sonuncu) söz dəyişir (yaxşı oldu, yaxşı olur, yaxşı olacaq).
c) Birinci tərəfdə –a2 şəkilçisi, ikinci tərəfdə «bilmək» sözü işlədilən fe'llərə də tərkibi fe'llər deyilir. Məs: ala bildi, oxuya bilmək və s.
4. DÜZƏLTMƏ FE'LLƏRİN ƏMƏLƏ GƏLMƏSİ: Söz-dü-zəldici (leksik) şəkilçilər vasitəsilə həm başqa nitq hissələrindən, həm də fe'llərdən düzəltmə fe'llər əmələ gəlir.
Başqa nitq hissələrindən (isim, sifət, say, əvəzlik, zərf və yamsılamalardan) fe'l düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:
a) –la, -lə: (isim, sifət, say, zərf, yamsılama, qismən də əvvəl-ki mə'nasını itirmiş sözlərdən fe'l əmələ gətirir). Məs: işlə(mək), boğazla(maq), salamla(maq) (isim); hazırla(maq), parça-la(maq), arıqla(maq) (sifət); tamamla(maq), yarıla(maq), cütlə(mək) (say); parla, çırtla, mələ (yamsılama); qamarla, topala (əvvəlki mə'nasını itirmiş söz).
Qeyd: Ədəbi dilimizdəki –la, -lə şəkilçisi ilə bitən bütün fe'llər, əsasən, düzəltmə fe'llərdir.
b) –laş, -ləş: qucaqlaş, ayaqlaş, əlləş (isim); razılaş, çətinləş, tündləş (sifət); birləş, ikiləş, cütləş (say); yaxınlaş, uzaqlaş (zərf).
c) –lan, -lən: dillən, evlən, kədərlən (isim); qaralan, təmizlən (sifət).
ç) –al, -əl, -l: boşal, sağal, qısal (sifət); çoxal, azal (say).
d) –ar, -ər: otar (isim); ağar, qızar, bozar (sifət).
e) –a, -ə: oyna, yaşa, ələ (isim); boşa, çilə (sifət).
ə) –ı, -i, -u, -ü: bərk-i, turş-u (sifət).
f) –var: su-var (isim).
g) –imsə, ümsə: mən-imsə (mək) – əvəzlik.
ğ) –sa, -sə: su-sa(maq) - isim; qəribsə(mək) – sifət.
h) –ılda, -ildə, -ulda, -üldə: zar-ılda-maq, xır-ılda-maq, cing-ildə-mək (yamsılama-təqlidi sözlər).
x) –ıq (ıx), -ik, -uq (ux): yol-ux-maq (isim); dar-ıx-maq, pis-ik-mək (sifət).
ı) –aş, -əş: yan-aş-maq, sav-aş-maq, öc-əş-mək, dar-aş-maq (isim, yamsılama və əvvəlki mə'nasını itirmiş sözlər).
i) –ış, -iş, -uş, -üş: çal-ış-maq, bar-ış-maq, qar-ış-maq, çaqq -ış-maq (əvvəlki mə'nalarını itirmiş söz kökləri və yamsılamalar)
j) –an,-ən: güc-ən-mək, hıqq-an-maq, uz-an-maq (isim və ya-msılama).
2. Fe'ldən fe'l düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:
a) –ıl, -il, -ul, -ül: yaz-ıl-maq, döy-ül-mək, vur-ul-maq.
b) –ın, -in, -un, -ün: al-ın-maq, bil-in-mək, döy-ün-mək.
c) –ış, -iş, -uş, -üş: yaz-ış-maq, gör-üş-mək, vur-uş-maq.
ç) –aş, -əş, ş: tut-aş-maq, mələ-ş-mək.
d) –dır, -dir, -dur, -dür: yaz-dır-maq, sök-dür-mək, böl-dür-mək.
5. TƏSDİQ VƏ İNKAR FE'LLƏR: a) hərəkətin icra edildi-yini bildirən fe'llər təsdiq fe'llər adlanır. Məs: yazmaq, oxumaq, al-dım, gedir və s. b) hərəkətin icra edilmədiyini bildirən fe'llər in-kar fe'llər adlanır. İnkarlıq təsdiq fe'llərə –ma, -mə, -m şəkilçiləri qo-şulmaqla düzəlir. Məs: oxu-maq (təsdiq); oxu-ma-maq (inkar).
Qeyd: İnkar şəkilçisi –ma2 sifət və isim düzəldən –ma, -mə şəkilçisi ilə omonimdir. Bunları fərqləndirmək üçün aşağıdakıları yadda saxlamq lazımdır:
1. İnkar şəkilçisi vurğu qəbul etmir (alma, yığma, oxuma), le-ksik şəkilçi olan –ma, -mə isə vurğu altına düşür (qazma, süz-mə).
2. Bə'zən inkar şəkilçisinin saiti ixtisara düşür. Məs: alma-yır, al m-ır; gəl-mə-yir, gəl-m-ir və s.
Bə'zi fe'llər inkarda –ma, -mə şəkilçisi qəbul etmir, onun əvə-zinə deyil sözündən istifadə olunur. Məs: gedəsi deyil, alası deyil və s.
6. TƏ'SİRLİ VƏ TƏ'SİRSİZ FE'LLƏR:
a) Özündən asılı olan sözün ismin tə'sirlik halında işlənməsini tələb edən fe'llərə tə'sirli fe'llər deyilir. Tə'sirli fe'llərlə əlaqəyə gi-rən sözlər ismin tə'sirlik halının suallarına (kimi? nəyi? haranı? nə?) cavab olur. Məs: kitabı (nəyi?) oxudum, dəftər (nə?) aldım, Qulunu (kimi?) çağırdılar, Bakını (haranı?) sevirəm və s.
b) Özündən asılı olan sözün ismin tə'sirlik halında işlənməsini tələb etməyən fe'llərə tə'sirsiz fe'llər deyilir. Məs: Meşədən (haradan?) gəlirəm, kinoya (nəyə?) baxırlar və s.
Qeyd: Tə'sirli fe'llər şəkilçi qəbul edərək tə'sirsiz fe'llərə (yaz-yaz-ıl, oxu-oxu-n, aç-aç-ıl və s.), tə'sirsiz fe'llər isə tə'sirli fe'llərə (gül-gül-dür, otur-otur-t, köç-köç-ür, it-it-ir və s.) çevrilə bilirlər.
7. FE'LİN QRAMMATİK MƏ'NA NÖVLƏRİ: Fe'lin qra-mmatik mə'na növləri danışan (yazan) şəxsin, yə'ni iş görənin üzərində iş görülən əşya ilə qarşılıqlı münasibətlərini əks etdirir. Bunlar aşağıdakılardır:
1. MƏ'LUM NÖV. Fe'lin mə'lum növündə iş görən mə'lum olur və bu növü düzəltmək üçün heç bir xüsusi şəkilçidən istifadə olunmur. Məs: yaz, oxu, gör, iç və s.
Mə'lum növ fe'llər həm tə'sirli (ye, aç və s.), həm də tə'sirsiz (dur, bax və s.) olurlar.
2. QAYIDIŞ NÖV. Qayıdış fe'llər iş görənin işi öz üzərində ic-ra etdiyini bildirir. Qayıdış növ fe'llər –ın, -in, -un, -ün, -ıl, -il, -ul, -ül, -n şəkilçiləri vasitəsilə tə'sirli fe'llərdən düzəlir, amma tə'-sir-siz olur. Məs: Gül aç-ıl-dı. Qızlar yu-yun-dular. Sevda dara-n-dı. Azad gey-in-di və s.
Qeyd. Geyindi, soyundu fe'lləri müstəsnadır. Bu qayıdış fe'lləri tə'sirli (gey, soy) fe'llərdən əmələ gəlsə də, yenə də tə'sirli olaraq qalır. (Paltarını geyindi; çəkməsini soyundu).
Bə'zən başqa nitq hissələrindən əmələ gələn qanad-lan-(maq), ruh-lan(maq), şikayət-lən(mək) və s. kimi fe'llər də qayıdış növ mə'nasını bildirir.
3. MƏcHUL NÖV. Məchul növ fe'llərdə iş görən qramma-tik cəhətdən mə'lum olmur. Məchul növ fe'lləri düzəltmək üç-ün tə'sirli fe'llərə –ıl, -il, -ul, -ül, -ın, -in, -un, -ün, -n, -nil, -yil şəkilçilərindən biri artırılır. Məs: Kağız yaz-ıl-dı. Tarla şumla-n-dı. Zəng vur-ul-du. Düşmən izlə-nil-ir və s.
Məchul növ fe'llər qrammatik formasına görə qayıdış fe'l-lə-rə çox yaxındır (hər iki növ –ın, -in, -un, -ün, -n, -ıl, -il, -ul, -ül şə-kil-çiləri ilə yaranır), lakin məchul növ fe'llərdə iş görən mə'lum ol-madığı halda, qayıdış fe'llərdə iş görən mə'lum olur, yə'ni işi öz üzərində icra edir.
4. ŞƏXSSİZ NÖV: -ıl, -il, -ul, -ül, -ın, -in, -un, -ün şəkilçilər tə'sirli fe'llərə artırıldıqda məchul növ, tə'sirsiz fe'llərə artırıldıq-da şəxssiz növ əmələ gətirir. Məs: Məktuba bax-ıl-dı, diqqət ed-il-di, yanaş-ıl-dı və s.
Qeyd: Məchul fe'llərlə şəxssiz fe'lləri ayırmaq üçün aşağıda-kı cəhətlərə diqqət etmək lazımdır:
1. Məchul fe'llər tə'sirli fe'llərdən (böl-ün-dü, yaz-ıl-dı), şəxs-siz fe'llər isə tə'sirsiz fe'llərdən (ged-il-di və s.) əmələ gəlir.
2. Məchul fe'llər –ın4, -n, -ıl4 şəkilçisi ilə yarana bildiyi halda, şəxssiz fe'llər, əsasən, –ıl4 şəkilçisi ilə əmələ gəlir.
3. Məchul fe'lli cümlələrdə mübtəda olur (Məktub yazıldı), şəxs-siz fe'lli cümlələrdə isə mübtəda olmur (Tapşırığa əməl olundu).
5. QARŞILIQ-BİRGƏLİK NÖV: Bu növdə olan fe'llər hərə-kətin qarşı-qarşıya, ya da şərikli, müştərək icra edildiyini bildirir.
Qarşılıq bildirən fe'llər əsasən tə'sirli (yaz-ış-maq, vur-uş-maq, de-yiş-mək), birgəlik (müştərək) bildirən fe'llər isə tə'sirsiz fe'llərdən (gül-üş-mək, ağla-ş-maq, hür-üş-mək) əmələ gəlir.
Qarşılıq-birgəlik növdə olan fe'llər nəticə e'tibarilə tə'sirsiz olur.
Qarşılıq-birgəlik növü yaratmaq üçün aşağıdakı şəkilçilərdən istifadə olunur: -ış, -iş, –uş, -üş, -aş, -əş, -ş, -laş, -ləş.
6. İcBAR NÖV: İcbar növ fe'llərdə hərəkəti danışan və ya haqqında danışılan şəxs deyil, başqası icra edir. İcbar növ fe'llər tə'sirli fe'llərin sonuna –dır, -dir, -dur, -dür, bə'zən də –t şəkilçisi ar-tırmaqla düzəlir. Məs: yaz-dır, sil-dir, bil-dir, düzəlt-dir və s.
Qeyd: Yuxarıdakı şəkilçiləri tə'sirsiz fe'llərə artırdıqda icbar növ deyil, sadəcə tə'sirli fe'l əmələ gəlir. Məs: gül-gül-dür, otur-otur-t. Bu fe'lləri icbar növə çevirmək üçün onlara yenidən icbar növün şəkilçilərini artırmaq lazımdır. Məs: güldür-t, oturt-dur.
Qeyd: Vuruş, görüş tipli qarşılıq-birgəlik bildirən fe'llər isim də ola bilər. Məs: Görüş maraqlı keçdi. Vuruş baş tutmadı.

TƏSRİFLƏNƏN FE'LLƏR

1. FE'LIN TƏSRIFLƏNƏN FORMALARI: Fe'lin şəxsə və kəmiyyətə gö-rə dəyişən formalarına təsriflənən fe'llər deyilir. Təsriflənən fe'llər fe'lin sadə şəkilləri də adlanır. Fe'lin şəkilləri danışan, yazan şəxsin görülən işə münasibətini bildirir. Fe'lin təsriflənən formaları, yaxud sadə şəkilləri aşağıdakılardır:
a) ƏMR ŞƏKLI: Əmr şəkli əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirir. Əmr şəkli fe`lin kökünə və ya başlanğıc formasına şəxs şəkilçisi artırmaqla düzəlir. Əmr şəklinin xüsusi şəkilçisi yoxdur. Məs:

I Mən yazım Biz yaz-aq gəl-im gəl-ək
II Sən yaz Siz yaz-ın gəl gəl-in
III O yaz-sın Onlar yaz-sınlar gəl-sin gəl-sinlər

Əmr şəklinin ikinci şəxsinn təkinin şəxs şəkilçisi olmur.
b) XƏBƏR ŞƏKLI: İşin nə zaman və neçənci şəxs tərəfindən icra edildiyini, icra ediləcəyini (və ya edilmədiyini) bildirən fe`l şəklinə xəbər şəkli deyilir. Xəbər şəklinin xüsusi şəkilçisi yoxdur. Bu şəkli düzəltmək üçün müxtəlif fe`llərə zaman və şəxs şəkilçiləri artırılır.
Fe`l xəbər şəklində keçmiş, indiki və gələcək zamanlara, eləcə də şəxsə görə dəyişir.
1. Keçmiş zaman. Keçmiş zaman iki cür olur; şühudi keçmiş, nəqli keçmiş.
-Şühudi keçmiş hərəkətin keçmişdə icra olunub-olun-ma-dı-ğını qətiyyətlə bildirir və -dı, -di, -du, -dü şəkilçiləri ilə düzəlir. Məs:

I al-dı-m al-dı-q gəl-di-m gəl-di-k
II al-dı-n al-dı-nız gəl-di-n gəl-di-niz
III al-dı al-dı-lar gəl-di gəl-di-lər

Şühudi keçmiş zamanda üçüncü şəxsin təkində şəxs şəkilçisi olmur.
-Nəqli keçmiş zaman keçmişdə icra edilmiş və ya edil-mə-miş hərəkət barədə nəql yolu ilə mə`lumat verildiyini bildirir və -mış, -miş, -muş, -müş şəkilçisi ilə yaranır. Məs:

I yaz-mış-am yaz-mış-ıq get-miş-əm get-miş-ik
II yaz-mış-san yaz-mış-sınız get-miş-sən get-miş-siniz
III yaz-mış-dır yaz-mış-lar get-miş-dir get-miş-lər

Qeyd: Nəqli keçmiş ikinci və üçüncü şəxsdə -ıb, -ib, -ub, -üb şəkilçisi ilə də düzələ bilir. Məs:

II al-ıb-san al-ıb-sınız poz-ub-san poz-ub-sunuz
III al-ıb-dır al-ıb-lar poz-ub-dur poz-ub-lar

Keçmiş zamanın inkarını yaratmaq üçün -ma, -mə şəkilçisin-dən istifadə olunur. Məs: aldım-al-ma-dım; oxudun-oxu-ma-dın; bildi-bil-mə-di.
2. İndiki zaman: İndiki zaman hərəkətin söhbət gedən vaxt-da icra edildiyini bildirir, fe`llərə -ır, -ir, -ur, -ür (-yır, -yir, -yur, -yür) şəkilçisini artırmaqla düzəlir. Məs: oxu-yur, gəl-ir, yaz-ır və s.
İnkar fe`llər indiki zamana görə dəyişəndə inkar şəkilçisinin (-ma, -mə) saiti düşür (-a, -ə). Məs: al-ır -al-m-ır, qaç-ır - qaç-m-ır və s.
İndiki zaman fe`lləri şəxsə görə dəyişir. Məs:

I mən gəl-ir-əm biz gəl-ir-ik yaz-m-ır-am yaz-m-ır-ıq
II sən gəl-ir-sən siz gəl-ir-siniz yaz-m-ır-san yaz-m-ır-sınız
III o gəl-ir onlar gəl-ir-lər yaz-m-ır yaz-m-ır-lar

İndiki zamanın üçüncü şəxsinin təkində şəxs şəkilçisi yoxdur
3. Gələcək zaman. Gələcək zaman iki cür olur: 1) qəti gələcək, 2) qeyri-qəti gələcək.
- Qəti gələcək fe`llərə -acaq, -əcək(yacaq, yəcək) şəkilçisi artır-maqla düzəlir və hərəkətin icra olunacağını qətiyyətlə bildirir. Məs:

I al-acağ-am al-acağ-ıq ək-əcəy-əm ək-əcəy-ik
II al-acaq-san al-acaq-sınız ək-əcək-sən ək-əcək-siniz
III al-acaq al-acaq-lar ək-əcək ək-əcək-lər

Qəti gələcək zamanın üçüncü şəxsinin təkində şəxs şəkilçisi işlənmir.
- Qeyri-qəti gələcək zaman fe`llərə -ar, -ər (-yar,-yər) şəkil-çi-si artırmaqla düzəlir və hərəkətin icrasının qəti şəkildə deyil, qeyri-müəyyən (şübhəli) olduğunu bildirir. Məs:

I gül-ər-əm gül-ər-ik oxu-yar-am oxu-yar-ıq
II gül-ər-sən gül-ər-siniz oxu-yar-san oxu-yar-sınız
III gül-ər gül-ər-lər oxu-yar oxu-yar-lar

Qeyri-qəti gələcək zamanın üçüncü şəxsinin təkində şəkilçi işlənmir.
Qeyd: 1. Qəti gələcək zamanda inkar fe`llər dəyişərkən inkar şəkilçisi (-ma,-mə) olduğu kimi işlənir (al-acaq - al-ma-ya-caq, vur-acaq -vur-ma-yacaq və s.), qeyri-qəti gələcək zamanda isə inkar şəkilçisinin saiti (-a,-ə) düşür, ikinci və üçüncü şəxsdə isə zaman şəkilçisinin (-ar2, -yar2) r səsi z səsinə çevrilir. Məs: gör-m-ər-əm; gör-m-əz-sən; gör-m-əz.
2. Fe`l –la2 şəkilçisi ilə bitdikdə iki hal özünü göstərir. a) qeyri-qəti gələcək zaman şəkilçisindən əvvəl "y" bitişdiricisi işlənir (başla-y-ar, işlə-y-ər); b) və ya qeyri-qəti gələcək zamanın şəkil-çisində olan sait düşür. Məs: başla-y-ar -başla-r; işlə-y-ər -işlə-r və s.
c) FE`LIN ARZU ŞƏKLI: Arzu şəkli işin gələcəkdə icrasının arzu olunduğunu bildirir və fe`llərə -a,-ə (ya, -yə) şəkilçisi artırmaqla düzəlir. Arzu şəklində fe`ldən əvvəl çox vaxt gərək, kaş sözlərindən biri işlədilir. Məs:

I gərək (kaş) al-a-m al-a-q oxu-ya-m oxu-ya-q
II gərək (kaş) al-a-san al-a-sınız oxu-ya-san oxu-ya-sınız
III gərək (kaş) al-a al-a-lar oxu-ya oxu-ya-lar

Arzu şəklinin inkarını düzəltmək üçün –ma2 şəkilçisindən istifadə olunur.
Arzu şəklində III şəxsin təkində şəxs şəkilçisi olmur.
ç) FE`LIN VACIB ŞƏKLI: Vacib şəkli icra ediləcək işin zəruri ol-duğunu bildirir və fe`llərə -malı, -məli şəkilçisi artırmaq-la dü-zəlir. Məs:

I get-məli-yəm get-məli-yik bil-məli-yəm bil-məli-yik
II get-məli-sən get-məli-siniz bil-məli-dir bil-məli-siniz
III get-məli-dir get-məli-dirlər bil-məli-dir bil-məli-dirlər

Bu şəklin inkarı da –ma2 şəkilçisi ilə düzəlir. Məs: Oxu-ma-malı-dır, yaz-ma-malı-san və s.
d) FE`LIN LAZIM ŞƏKLI: Lazım şəkli icra ediləcək hərəkətin lazım olduğunu bildirir və fe`llərə -ası,-əsi (-yası,-yəsi) şəkilçisi ar-tırmaqla düzəlir. Lazım şəklinin inkarını düzəltmək üçün deyil sözündən istifadə olunur. Ona görə də lazım şəklinin inkarında şəx-sə və kəmiyyətə görə dəyişən hissə deyil sözü olur. Məs:

I gəl-əsi-yəm gəl-əsi deyil-əm gəl-əsi-yik gəl-əsi deyil-ik
II gəl-əsi-sən gəl-əsi deyil-sən gəl-əsi-siniz gəl-əsi deyil-siniz
III gəl-əsi-dir gəl-əsi deyil gəl-əsi-dirlər gəl-əsi deyil-lər

Lazım şəklinin inkarının III şəxsinin təkində şəxs şəkilçisi olmur.
e) FE`LIN ŞƏRT ŞƏKLI: Fe`lin şərt şəkli hərəkətin icra-sı-nın müəyyən şərtlə bağlı olduğunu bildirir və fe`llərə -sa,-sə şəkilçisi artırmaqla düzəlir. Məs:

I qaç-sa-m qaç-sa-q gör-sə-m gör-sə-k

II qaç-sa-n qaç-sa-nız gör-sə-n gör-sə-niz
III qaç-sa qaç-sa-lar gör-sə gör-sə-lər

Bu şəklin də inkarı -ma2 şəkilçisi ilə düzəlir. Məs: get-mə-sə-m, yaz-ma-sa-n, bil-mə-sə və s.
Şərt şəklində olan fe`llərdən əvvəl bə`zən əgər bağlayıcısı da işlənir. Məs: əgər bil-sə-m; əgər get-sə-n; əgər oxu-sa. Şərt şə-klinin III şəxsinin təkində şəxs şəkilçisi olmur. Şərt şəklində olan fe`llər müstəqil cümlənin xəbəri ola bilmir, yalnız mürəkkəb cüm-lədə asılı cümlənin xəbəri olub, hərəkətin icrasını müəyyən şərtlə bağlayır Məs: Əgər bizə gəlsən, kitabı gətirməyi unutma.
İzahlardan göründüyü kimi fe'lin arzu, vacib, lazım və şərt şə-killəri gələcək zamanla bağlı şəkillərdir.
Qeyd: Sadə şəkillərdə (formalarda) işlənmiş fe`llərə -maq2 məs-dər şəkilçisi artırmaq olmadığı halda, fe`lin qrammatik növlərinin sonuna bu şəkilçini artırmaq olur. Məs: al-maq (mə`lum növ), yaz-ıl-maq (məchul növ), yaz-ış-maq (qarşılıq birgəlik növ) və s.
2. FE`LIN MÜRƏKKƏB ŞƏKILLƏRI: Fe`lin mürəkkəb şəkilləri sadə şəkillərin üzərinə idi, imiş, isə hissəciklərinin artı-rıl-ması yolu ilə düzəlir və üç yerə bölünür:
1) Fe`lin şəkillərinin hekayəsi: Fe`lin şəkillərinin hekayəsi fe`lin sadə şəkillərinə idi hissəciyinin artırılması ilə yaranır.
İdi həssəciyi fe`lin əmr şəklinə və xəbər şəklinin keçmiş zama-nına artırıla bilmir. Deməli, əmr şəklində olan fe`llərdən, eləcə də şühudi keçmiş zaman fe`llərindən fe`l şəkilçilərinin hekayəsi ya-rana bilməz. Qalan şəkillərdən (xəbər şəklinin nəqli keçmiş, in-diki zaman, gələcək zamanı, arzu, lazım, vacib və şərt şəkli) isə fe`l şəkillərinin hekayəsi əmələ gələ bilir. Məs: almış idi, alır idi, ala-caq idi, almaz idi (xəbər); ala idi (arzu); almalı idi (vacib); alası idi (lazım); alsa idi (şərt).
İdi hissəciyi sonu samitlə bitən fe'l şəkillərində iki cür -həm ayrı, yə`ni idi formasında, həm də şəkilçiləşmiş -dı4 formasında yazılır. Məs: gələcək idi, gələcəkdi, gələr idi, gələrdi.
İdi hissəciyi sonu saitlə bitən fe`llərdə ayrı yazılır və tələf-füzü ilə yazılışı arasında fərq olur. Məs: gəlməli idi (gəlməliydi), ya-zası idi (yazasıydı), bilsə idi (bilsəydi) və s. Fe`l şəkillərinin he-kayəsində şəxs şəkilçiləri idi hissəcəyinə və ya onun şəkilçiləşmiş formasına artırılır. Məs:

I oxu-malı idi-m gəl-ər-di-k yaz-malı idi-m
II oxu-malı idi-n gəl-ər-di-niz yaz-malı idi-n
III oxu malı idi gəl-ər-di-lər yaz-malı idi

Fe`l şəkillərinin hekayəsində işin üç zamandan (keçmiş, in-di-ki, gələcək) birinin daxilində görüldüyü (təsdiqdə) və ya gö-rül-mə-diyi (inkarda),bu barədəki mə`lumatın isə sonradan verildiyi bildirilir.
2) Fe`l şəkillərinin rəvayəti: Fe`l şəkillərinin rəvayəti sadə şə-kil-lərin üzərinə imiş hissəciyinin artırılması yolu ilə yaranır. İmiş hissəciyi sonu samitlə bitən fe`l şəkillərində iki cür, həm ayrı, həm də şəkilçiləşmiş -mış4 formasında yazılır. Məs: ged-əcək-miş, ged-əcək imiş, yaz-ar-mış, yaz-ar imiş və s.
Bu hissəcik (imiş) sonu saitlə bitən fe`l şəkillərinə qoşulduqda ayrı yazılır, amma bir yerdə tələffüz olunur. Məs: gəz-məli imiş (gəz-məliymiş), gül-əsi imiş (gül-əsiymiş) və s.
İmiş hissəciyi fe`lin əmr şəklinə və şühudi keçmiş zamana ar-tırıla bilməz.
Fe`l şəkillərinin hekayəsindən fərqli olaraq, rəvayətində imiş öz qısa variantında bə`zən şəxs şəkilçilərindən sonra da artırıla bilər. Məs:

I al-ır-mış-am al-ır-am-mış
II al-ır-mış-san al-ır-san-mış
III al-ır-mış al-ır-mış

Fe`l şəkillərinin rəvayətində III şəxsin təkində şəxs şəkilçi iştirak etmir.
3) Fe`l şəkillərinin şərti: Fe`l şəkillərinin şərti fe`lin əmr, ar-zu və şərt şəkilləri istisna olmaqla qalan sadə şəkillərinə isə hissə-ciyi artırmaqla düzəlir. Əsas xüsusiyyətləri aşağıdakılar-dır:
1. Hekayə və rəvayət şəkillərindən fərqli olaraq, şühudi keç-miş zamanda olan fe`l isə hissəciyi ilə işlənə bilir. Məs: al-dı-sa, yaz-dı-sa, bil-di-sə və s.
2. İsə hissəciyi şəkil və şəxs şəkilçilərindən sonra artırılır. Məs: al-mış-am-sa, gəl-miş-sən-sə və s.
3. İsə hissəciyi həm ayrı (al-mış isə), həm də bitişik (al-mış-sa) yazılır.
4. İsə hissəciyi bə`zən fe`l şəkillərinin hekayə və rəvayətindən sonra da işlənə bilir. Məs: gəl-ir-di-sə, öyrən-ir-miş-sə və s.
Qeyd: İdi, imiş, isə hissəciklərinin qısaldılmış, şəkilçiləşmiş for-maları olan -dı4, -mış4, -sa2 -nı şühudi keçmişin -dı4, nəqli keç-mişin -mış4, şərt şəklinin –sa2 şəkilçiləri ilə qarışdırmaq olmaz. Sadə şəkillərin (xəbər, şərt) şəkilçiləri olan -dı4,-mış4,-sa2 fe`l köklərinə və ya başlanğıc formasına artırıldığı halda, hissəc-ik-lərin qısaldılmış foraları fe`lin sadə şəkillərinə, bu şəkilləri düzəldən şəkilçilərdən sonraya artırılır. Məs: al-dı-m, al-mış-am, al-sa-m (sadə şəkillər); al-ır-dı-m, al-ır-mış-am, al-dı-m-sa (fe`lin mü-rək-kəb şəkilləri) və s.
4) İDI, IMIŞ, ISƏ HISSƏCIKLƏRININ FE`L OL-MAYAN NITQ HISSƏLƏRI ILƏ IŞLƏNMƏSI: Bu hissə-cik-lər başqa nitq hissələri ilə işləndikdə aşa-ğıdakılar baş verir:
1. İdi, imiş isim, sifət, say və əvəzliklə işləndikdə həmin nitq his-səsi cümlənin xəbəri olur. Məs: Əli idi, beş idi, yaxşı imiş, o idi və s. İdi, imiş sözlərdən ayrı yazılır, tələffüz zamanı ahəngə uy-ğun-laşır və bütöv dəyilir. Məs: Əli idi (Əliydi).
2. İsə isim, sifət, say və əvəzliklə işləndikdə həmin sözlər müs-təqil cümlənin yox, asılı cümlənin xəbərinə çevrilir. Məs: Əgər yaxşı isə, özün yaz.
İsə müstəqil xəbər əmələ gətirə bilmədiyindən xəbərlik şəkil-çisi qəbul edən sözlərdə həmin şəkilçidən sonra gəlir. Məs: yax-şı-dır-sa, fəhlə-sən-sə, şagird-dir-sə və s.

TƏSRİFLƏNMƏYƏN FE’LLƏR

1. FE'LIN TƏSRIFLƏNMƏYƏN FORMALARI. Şəxsə və kəmiyyətə görə də-yişməyən fe'l formalarına fe'lin təsriflənməyən formaları deyilir. Bu cür fe'llər fe'lin bə'zi əsas əlamətlərini (təsdiq-inkar, tə'sirli-tə'sirsiz, növ bildirmə) saxlayır, fe'llərlə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətini daşıyır. Belə formalar 3-dür: məsdər, fe'li sifət, fe'li bağlama.
a) Məsdər. Həm fe'lin, həm də ismin əlamətlərinə malik olan sözlərə məsdər deyilir. Məsdər fe'lin başlanğıc forması üzərinə –maq2 (bə'zən də –ma2) şəkilçisi artırmaqla düzəlir. Məs: bağla-maq, gəl-mək, gülümsə-mək və s. Məsdərin fe'lə aid əlamətləri aşağıdakılardır:
1. Fe'l və ondan əmələ gələn məsdər eyni leksik mə'na bildirir. Məs: oxu-oxumaq, yaz-yazmaq, gəl-gəlmək və s.
2. Məsdər də təsdiq və inkar olur. Məs: gülmək-gülməmək, get-mək-getməmək, oynamaq-oynamamaq və s.
3. Məsdər də fe'lin müəyyən qrammatik mə'na növündə olur. Məs: geyinmək (qayıdış növ), yazdırmaq (icbar növ) və s.
4. Məsdər də tə'sirli və tə'sirsiz olur. Məs: oxumaq (tə'sirli), bax-maq (tə'sirsiz) və s.
5. Məsdər də fe'l kimi ətrafına söz toplaya bilir. Məs: kitabı oxumaq, evə getmək, çəpəri sökmək və s.
Məsdərin ismə aid əlamətləri aşağıdakılardır:
1. İsim kimi hallanır və mənsubiyyətə görə dəyişir. Məs: oxu-maq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan (isim kimi hallanması); oxumağım, oxumağın, oxumağı, oxuma-ğı-nız, oxumaqları (mənsubiyyətə görə dəyişməsi).
2. III şəxsdə xəbərlik şəkilçisi (-dır4) qəbul edib cümlədə is-mi xəbər olur. Məs: Məqsədim yaxşı oxumaqdır.
3 Qoşmalarla işlənə bilir. Məs: yazmaq üçün, yatmaqdan öt-rü, baxmağa görə və s.
4 cümlənin mübtədası, tamamlığı və s. ola bilir. Məs: Çalışmaq baş ucalığıdır. Bu hadisədən sonra yazmağı ona yasaq etdilər.
Məsdər digər sözləri tabe edərək məsdər tərkibi əmələ gətirir və məsdər tərkibi bütövlükdə cümlənin mürəkkəb üzvü olur. Məs: Yaxşılıq etmək insanın xislətində olmalıdır.
b) Fe'li sifətlər. Həm fe'lin, həm də sifətin əlamətlərini daşıyan sözlərə fe'li sifət deyilir. Məs: deyilmiş söz, oxuyan uşaq və s.
Fe'li sifətin fe'lə məxsus cəhətləri aşağıdakılardır:
1. Zaman mə'nası bildirir. Məs: yazılmış məktub (keçmiş za-man), yazılacaq məktub (gələcək zaman), yazılan məktub (indi-ki zaman) və s.
2. Tə'sirli və ya tə'sirsiz olur. Məs: yazan uşaq (tə'sirli), gülən uşaq (tə'sirsiz)
3. Növ bildirir. Məs: çalınan zəng (məchul növ), savaşan qon-şular (qarşılıq növ) və s.
4. Təsdiq və ya inkar olur. Məs: yazılmış məktub (təsdiq), ya-zılmamış məktub (inkar).
5. Ətrafına sözlər toplaya bilir. Məs: İşinə vicdanla yanaşan mühəndis.
Fe'li sifətin sifətə məxsus cəhətləri aşağıdakılardır:
1. Əlamət bildirir
2. Necə? nə cür? hansı? suallarına cavab verir
3. Aid olduğu ismin əvvəlində gəlir
4. cümlədə tə'yin vəzifəsində işlənir
5. Xəbərlik şəkilçisi (-dır4) qəbul edərək ismi xəbər olur.
Fe'li sifət düzəldən şəkilçilər. Aşağıdakılar fe'li sifət düzəldən şəkilçilərdir.
1. –mış4. Məs: yazıl-mış məktub, quru-muş ağac (mış4 şəkilçisi keçmiş zaman mə'nalı fe'li sifət əmələ gətirir).
2. –dıq4. Bu şəkilçi mənsubiyyət şəkilçisi ilə işlənir və keçmiş zaman mə'nalı fe'li sifət əmələ gətirir. Məs: yaz-dığ-ım məktub, gör-dü-yüm iş, oxu-duğ-u mahnı.
3. –an2. Bu şəkilçi vasitəsilə indiki zaman mə'nalı fe'li sifətlər əmələ gəlir. Məs: qaç-an at, oxu-yan bülbül və s.
4. –acaq2, -ası2, -malı2. Bu şəkilçilərlə gələcək zaman mə'-na-lı fe'li sifətlər yaranır.Məs: deyil-əsi söz, gəl-əcək qonaq, yeyil-mə-li meyvə.
Qeyd. a) Fe'ldən düzələn sifətlər ancaq sifətin (gül-əyən uşaq, az-ğın düşmən, qorx-unc hadisə və s.), fe'li sifətlər isə həm si-fətin, həm də fe'lin əlamətlərini daşıyır (deyil-əcək söz, gül-ən adam, yeyil-məli çörək və s.)
c) –mış2, -acaq2 şəkilçisi qəbul etmiş sözlər şəxs şəkilçisi qəbul etdikdə fe'l (yaz-mış-am, yaz-acaq-san və s.), qəbul edə bilmədikdə fe'li sifət olur (yazıl-mış məktub, yazıl-acaq məktub və s.)
Fe'li sifət onunla əlaqəyə girən sözlə birlikdə fe'li sifət tərkibi əmələ gətirir. Bu cür birləşmələr fe'li birləşmələr adlanır və cüm-lənin mürəkkəb üzvü olur. Məs: Gündəlik dərsləri oxu-yan-lar imtahanda çətinlik çəkməzlər.
Sifət və saylar kimi, bə'zən fe'li sifətlər də isimləşə, substantivləşə bilir və bu zaman fe'li sifətlər sifətin suallarına deyil, ismin sual-larına cavab verir. Ən çox –acaq2, -mış2, -an2, -malı2 şəkilçisi ilə düzələn fe'li sifətlər isimləşir.
ç) Fe'li bağlamalar. Həm fe'lin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözlərə fe'li bağlama deyilir.
Fe'li bağlamanın fe'lə aid xüsusiyyətləri aşağıdakılardır:
1. Fe'llə eyni leksik mə'na daşıyır, leksik mə'na dəyişmir.
2. Tə'sirli və tə'sirsiz olur: al-ıb (tə'sirli), otur-anda (tə'sirsiz)
3. Təsdiq və ya inkar olur: al-dıqda, al-ma-dıqda
4. Mə'na növlərində (mə'lum, məchul, qayıdış və s.) olur
5. Ətrafına söz toplaya bilir (səni görəndə, məktubu alanda)
Zərfə aid olan xüsusiyyətləri aşağıdakılardır:
1. Hərəkətin tərzini, zamanını, səbəbini və s. bildirir.
2. Zərfin suallarına (necə? nə zaman? nəyə görə? və s.) cavab olur.
3. Əlaqəyə girdiyi sözlə birlikdə cümlənin zərfliyi olur.
Fe'li bağlama şəkilçiləri:
1. –ıb2. Bu şəkilçi ilə düzələn fe'li bağlamalar işin əsas fe'-l-də-ki işdən əvvəl icra olunduğunu, eyni zamanda hərəkətin tə-r-zini və səbəbini bildirir. Məs: Məmməd ali məktəbi bitirib, As-ta-ra və cəlilabad rayonlarında bir neçə il işləmişdi. O, bardaş qurub taxtda oturdu və s.
2. –araq2. Bu şəkilçi ilə düzələn fe'li bağlamalar mə'nasına görə –ıb4 şəkilçisi ilə düzələn fe'li bağlamalara oxşardır. Hirslən-ərək, gül-ərək, yan-araq və s.
3. –a2, -a2. Eyni formanın təkrarı ilə düzələn belə fe'li bağ-la-ma-lar daha çox tərz mə'nası bildirir. Məs: danış-a - danış-a, gör-ə - gör-ə və s.
4. –madan2. Bu şəkilçi ilə düzələn fe'li bağlamalr hərəkətin tər-zini bildirir. Məs: hazırlaş-madan, düşün-mədən və s.
5. –anda2. al-anda, oxu-yanda
6. –dıqda2. al-dıqda, gəl-dikdə
7. –arkən2. al-arkən, gəl-ərkən
8. –ınca2. al-ınca, gəl-incə
9. –dıqca2. Al-dıqca, gəl-dikcə
10. –ar, -maz2. Qoşa işlənən fe'lin biri –ar2 (təsdiq), digəri –maz2 (inkar) şəkilçisi ilə işlənmiş olur. Məs: oxu-yar – oxu-maz, yat-ar – yat-maz və s.
Fe'li bağlama və onunla əlaqəyə girən söz fe'li bağlama tərki-bi əmələ gətirərək cümlənin mürəkkəb üzvü olur. Məs: Sərvinaz da-yananda Murad otaqdan çıxmışdı.
Feli bağlama cümlənin həmcins xəbəri olduqda ondan sonra vergül qoyulmalıdır. Məs: Anam qapını açıb, həyəcanla içəri daxil oldu.

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz