.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

ƏVƏZLİK

1. ƏVƏZLIK. İsim, sifət, say və digər nitq hissələri yerində iş-lənən sözlərə əvəzlik deyilir. Əvəzliklər cümlədə mübtəda, xəbər, tamamlıq, tə`yin və zərflik yerində çıxış edə bilir. Əvəzliyin mə`na növləri aşağıdakılardır:
1. Şəxs əvəzlikləri: İsmin yerində işlədilən, kim? nə? sual-larından birinə cavab verən əvəzliklərə şəxs əvəzlikləri deyilir. Şəxs əvəzlikləri bunlardır:
a) Birinci şəxs: mən (tək), biz (cəm)
b) İkinci şəxs: sən (tək), siz (cəm)
c) Üçüncü şəxs: o (tək), onlar (cəm)
Birinci və ikinci şəxsi bildirən əvəzliklər həmişə insana aid olur və kim? sualına cavab verir. Üçüncü şəxsi bildirən əvəzliklər isə həm insana, həm də cansız əşya və heyvanlara aid ola bilir. İnsana aid olanda kim?, cansız əşya və heyvana aid olanda nə? sualına cavab olurlar. Məs: O, ağıllı oğlandır.(kim ağıllı oğlandır? - O; İtə daş atdım. O zingildədi. (nə zingildədi? – O:) və s.
Bütün şəxs əvəzlikləri isim kimi hallanır. Məs: mən, mənim, mə-ni, məndə, məndən və s.
Şəxs əvəlzikləri mənsubiyyət şəkilçisi qəbul etmir.
Nəzakət əlaməti olaraq danışıqda, adətən, sən əvəzliyi əvəzi-nə siz işlədilir. Məs: Siz (sən) düz demirsiniz və s. Nəzakət əlaməti olaraq "sən" əvəzliyinin "siz" şəklində işlənməsi ilə ikinci şəxsin cəmi olan "siz" əvəzliyini qarışdırmayın.
Qeyd: İsimlər yiyəlik halda - ın4 şəkilçisi qəbul etdiyi halda, mən və biz əvəzlikləri yiyəlik halda -im şəkilçisi ilə işlənir. Məs: mən-im, biz-im.
2. Qeyri-müəyyən əvəzliklər: İsimlərin yerində işlənən, qeyri-müəyyən şəxsi (qeyri-müəyyən əşyanı) bildirən əvəzliklərə qeyri-müəyyən əvəzliklər deyilir. Qeyri-müəyyən əvəzliklər bunlardır: biri (birisi), kimi (kimisi), kimsə (kim isə), nə isə, hamı, bə`zi (bə`ziləri, bə`zisi), hərə, hər kəs, hər şey və s. Bu əvəzliklər ismin suallarına cavab olur. Bu əvəzliklərin bir qrupu quruluşca sadə (ki-mi, hamı, bə`zi və s.), bir qrupu isə mürəkkəb-tərkibi əvəz-lik-lər (kim isə, nə isə, bir neçəsi və s.) hesab olunur.
Kim isə, nə isə qeyri-müəyyən əvəzliklərindən başqa yerdə qa-lan qeyri-müəyyən əvəzliklər hallanır.
Qeyri-müəyyən əvəzliklərin bir qismi mənsubiyyət şəkilçisi qə-bul edərək dəyişir. Məs: hamımız, biriniz və s.
3. İnkar əvəzlikləri: İnkar əvəzlikləri də isim yerində işlənir, is-min suallarına cavab verir. Bu əvəzliklərin əksəriyyəti "heç" sö-zü-nün köməyi ilə əmələ gəlir. Məs: heç kim, heç nə, heç kəs, kim-sə (heç kim mə`nasında).
4. İşarə əvəzlikləri: İşarə məqsədilə işlədilən əvəzliklərə işa-rə əvəzlikləri deyilir. İşarə əvəzlikləri bunlardır: o, bu, elə, belə, hə-min. O, bu, həmin işarə əvəzlikləri, adətən, sifətin yerində işlənir, sifətin suallarına cavab olur. Məs: Bu kitab (hansı kitab?) ma-raqlıdır. Həmin şəxs (hansı şəxs?) düz danışmır. O uşaq (hansı uşaq?) savadlıdır və s.
Elə, belə işarə əvəzlikləri həm sifətin, həm də zərfin yerində iş-lənir. Məs: Belə (elə) adamdan kim inciyər (sifət); İşi elə (belə) gör ki, axırda xəcalət çəkməyəsən.(zərf).
Elə, belə əvəzlikləri sifət yerində işlənəndə isimlə, zərf yerin-də işlənəndə fe`llə, hərəkətlə bağlı olur.
O, bu əvəzlikləri omonimdir. İşarə bildirdiyi kimi, əşyanı gös-tərmək üçün də işlədilir və bu zaman isim yerində işlənir. Məs: Bu, yaxşıdır və s.
Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra, adə-tən vergül işarəsi qoyulur. Məs: Bu, maraqlı kitabdır. O, quşdur və s.
Qeyd: Mübtəda vəzifəsində işlənən o, bu əvəzliklərindən son-ra fe`l və köməkçi nitq hissəsi gələrsə, əvəzliklərdən (o, bu) son-ra vergül işarəsi işlənməz. Məs: O qaçır. Bu da maraqlıdır və s.
5. Sual əvəzlikləri: Sual bildirən sözlərə sual əvəzlikləri de-yi-lir.Sual əvəzlikləri əvəz etdiyi nitq hissəsinin qrammatik əlamə-tini daşıyır və həmin nitq hissəsinin suallarına cavab verir. İsmin sualını əvəz edəndə (məs: kim?) isim kimi hallanır, cəmlənir və mənsubiyyətə görə dəyişir. Digər nitq hissələrini əvəz etdikdə isə onların əlamətlərini daşıyır.
6. Tə`yini əvəzliklər: Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərə tə`yini əvəzliklər deyilir. Tə`yini əvəzliklər aşağıdakılardır: hər, bütün, filan, öz. Bu əvəzliklər sifəti əvəz edir və sintaktik təhlil zamanı tə'yin yerində işlənir.
7. Qayıdış əvəzliyi: Öz əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etdikdə tə`yini əvəzlik olmaq xüsusiyyətini itirir və qayıdış əvəzliyi adlanır. Öz - özüm, özün, özü. Qayıdış əvəzliyi isim yerində işlənir və isim kimi hallanır. Məs:
A. özüm özün özü
Y. özümün özünün özünün
Yön. özümə özünə özünə
T. özümü özünü özünü
Yer. özümdə özündə özündə
Ç. özümdən özündən özündən

Qeyd: Mən, sən, o və qayıdış əvəzliklərinin qəbul etdikləri çıxışlıq hal şəkilçisi ədəbi dildə –nan2 kimi tələffüz olunur. Məs:
məndən (mənnən)
səndən (sənnən)
ondan (onnan)
özümdən (özümnən)

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz