.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

 İ. B. Kazımovun «Axısqa türklərinin dili» mövzusunda doktorluq dissertasiyasının avtoreferatına

R Ə Y

 

Avtoreferatda bir neçə dəfə sürgün və deportasiyalara məruz qalmış türk xalqlarından olan axısqalıların dil xüsusiyyətləri ümumiləşdirilmişdir. Avtoreferatla tanışlıq göstərir ki, müəllif Axısqa türklərinin dilinin təkcə fonetik, leksik və qrammatik səviyyələrini deyil, eyni zamanda həmin xalqın etnik tarixini, mənşəyini, etnosiyasi və etnoçoğrafi istiqamətlərini də tədqiqata cəlb etmiş, dərin məzmunlu bir əsər yazmışdır ki, bu da digər azsaylı, haqsızlıqlarla üzləşmiş kiçik xalqların hərtərəfli öyrənilməsində istifadə oluna bilər. İşin əsas məzmunu 5 fəsildə öz əksini tapmışdır: Axısqalıların dil və etnik tarixi (I fəsil), Fonetika (II fəsil), Leksika (III fəsil), Morfologiya (IV fəsil) və Sintaksis (V fəsil).

I fəsildə Axısqa türklərinin dil və etnik tarixi, müxtəlif türk tayfalarının Axısqa toponimlərində əksi, Axısqa türklərinin mənşəyi məsələsi, bu əhalinin dilinin tədqiqi tarixi öyrənilmişdir.

II fəsildə bu toplumun dilinin fonetik qanunauyğunluqları (qədim səslərin qalması, özünəməxsus səslər, fonetik qanun və hadisələr, türkmənşəli sözlərdə ahəng qanununun pozulma səbəbləri, səs keçidlərində spesifik əlamətlər, tayfa dilinin qalıqları və s. ) tədqiq edilmişdir.

Dissertasiyanın III fəslində bu etnosun dilinin əsas leksik fondu (s. 24) tematik cəhətdən müvafiq bölgülər (məişət leksikası, etnoqrafik leksika, maddi-mədəniyyət leksikası, terminoloji leksika və onomastik leksika) daxilində şərh edilmişdir ki, bu da prinsipcə düzgündür; leksik- terminoloji vahidlərin təhlili prosesindəki ardıcıllıq tamamilə gözlənilmişdir.

Əsərin IV və V fəsillərində bu xalqın dilinin qrammatik və sintaktik xüsusiyyətləri təhlil süzgəcindən keçirilmişdir. Təhlil nəticəsində ən çox qədim qrammatik faktlar aşkar edilmişdir ki, bu da axısqalıların dilinin inkişaf prosesinin ləng getdiyini təsdiqləyən amillərdəndir.

Ümumiyyətlə, işin avtoreferatı, onun müəllifinin böyük zəhmət çəkdiyini, ciddi və məsuliyyətli bir mövzunun öhdəsindən layiqincə gəldiyini göstərir. Ona görə də, biz, pedaqoq-tədqiqatçılar bu avtoreferatın müəllifinə-filologiya elmləri namizədi İ. Kazımova filologiya elmləri doktoru alimlik dərəcəsinin verilməsinin tərəfdarıyıq.

Naxçıvan Pedaqoji Universitetinin alimləri:

YAVUZ AXUNDOV, filologiya elmləri doktoru, professor.

ƏBÜLFƏZ QULİYEV, filologiya elmləri namizədi, dosent.

2 yanvar 2003-cü il

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz