.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

 Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi İsmayıl Babaş oğlu Kazımovun "Axısqa türklərinin dili" mövzusunda doktorluq dissertasiyasına

R Ə Y

 

Axısqa türklərinin çoxəsrlik, heç bir azsaylı xalqlara bənzəməyən keşməkeşli bir tarixi var. "Alınlarına qara yazı yazılan" həmin türkün taleyi sürgün və deportasiyalarla səciyyələnir. Qədim yurddan qəfil və amansızcasına qoparılmış, yalquzaq səhralara atılmış bu xalqı Stalin - Beriya irticasına dayanan milli şovinizm əzablı məhvə düçar etmişdi. Buna baxmayaraq, zəhmətsevər, müdrik xalq təhqir və əzablara sinə gərdi, sınmadı, əzilmədi, yad torpaqlara səpələnib ərimədi, öz faciəsini üzüntülü emosional kabusdan gerçək ictimai problemə çevirdi, ruhunu və mənəvi bütövlüyünü qoruya bildi.

Bu gün Axısqa türklərinin ən böyük arzusu həmvətənlərinin bir xalq kimi öz doğma yurdlarına qayıtması, həmin xalqın dili, folkloru, etnoqrafiyası və s. haqqında kitabların nəşr olunmasıdır. Artıq bu arzular inama çevrilmiş, vaxtı ilə mənim tələbəm olmuş İsmayıl Kazımov onlarının dilinin, demək olar ki, bütün xüsusiyyətlərini əks etdirən doktorluq dissertasiyası yazmışdır.

İ.Kazımovun 5 fəsildə tədqiq etdiyi bu mövzu mənim diqqətimi bir neçə cəhətdən cəlb etdi:

1) xeyirxahlıq və filoloji axtarışlar baxımından;

2) deportasiyaya dəfələrlə məruz qalmış kiçik bir türk etnosunun mübahisəli tarixini, mənşəyini öyrənmək baxımından;

3) axısqalıların tarixi təşəkkülündə aborigen və gəlmə türklərin rolunu müəyyənləşdirmək baxımından;

4) etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə müxtəlif etnosların Axısqa toponimlərində qorunub saxlanması qanunauyğunluğunun aşkar olunması baxımından;

5) dilin fonosemantik sisteminin müəyyənləşməsində, təşəkkülündə fonetik qanun və hadisələrin həlledici rolunu üzə çıxarmaq baxımından;

6) leksikanın daha çox təsərrüfatla bağlı mövqeyinin aydınlaşdırılması baxımından;

7) interferensiya hadisəsinin alınma leksikada təzahür imkanlarının öyrənilməsi baxımından;

8) gürcü substratlarının müxtəlif sistemli dillər arasında olan tarixi əlaqənin tədqiqini şərtləndirən fakt kimi öyrənilməsi baxımından;

9) regional təsirlərin, kənara çıxmaların ekstralinqvistik faktorlarının meydana çıxarılması baxımından;

10) qrammatik quruluşda özünü göstərən qədim xüsüsiyyətlərin aşkar olunub aydınlaşdırılması baxımından;

11) cümlə sintaksisində nisbi sərbəstliyin varlığını qədim türk dilindən, ondakı güclü informasiyavericiliklə bağlanması baxımından və s.

Dissertant sözünü Axısqa türklərinin etnik tarixindən başlamış, onun dilinin sintaksisində qurtarmışdır. Hiss olunur ki, o, axısqalıların etnik tarixini, geocoğrafi və geosiyasi vəziyyətlərini mövcud mənbələrdən dəqiq öyrənə bilib. Türk tayfalarının Qafqaza axını, həmin boyların indi toponimik vahidlərin tərkibində qaldığını tarixi faktlar əsasında araşdırıb. Məsələn, əsərin I fəslində basil, qur, onoqur, hun, tuba, avar, xəzər, bozal, incə, bulqar, suvar və s. etnosların Gürcüstan torpaqlarında məskunlaşmaları tarixi verilir və həmin tayfaların «Yazqur», «Azqur», «Qaratuban», «Zeduban», «Adıgün», «Tobaxçi», «Kortuban», «Sxaltuba», «Xoni kəndi», «Xunan qalası», «Edincə», «İncebla», «Aral» və s. yer adlarında qaldığını misallar əsasında göstərir.

Dissertant axısqalıların mənşəyini araşdırarkən antropoloji, dil və mədəni yaxınlıq faktorlarını doğru olaraq əsas tutub; Onların kökünün qıpçaqlar olduğunu bir sıra mənbələrə əsasən müəyyənləşdirə bilib.

Dissertant özündən əvvəl həmin türklərin dil xüsusiyyətləri haqqında əsərlər yazmış N.Marrın, S.Cikiyanın, R.Şorun, Fəzli Əliyevin, Fəxrəddin Kırzıoğlunun, Ə.Bican Ercilasunun, Sabircan Cəlilovun əsərləri ilə ətraflı tanış olub, onlardan istifadə edib və dəyərləndirib. Həmin alimlərdən fərqli olaraq, İ.Kazımov problemə kompleks şəkildə yanaşıb, həmin türkcəni dilin bütün səviyyələrində öyrənib. Axısqa türklərinin dili üçün ən əsas xarakterik cəhətləri açıb göstərib (məsələn, x samitinin çoxişləkliyini, s- ş keçidi, intervokal mövqedə h- nın düşməsi, yönlük halın xüsusi forması və s.).

Dissertant əsərin «Fonetik sistem» hissəsində uzun- uzadı məsələləri şərh etməmiş, diqqəti daha çox cəlb edən, qohum dillərdən, əsasən, fərqlənən cəhətlərə aydınlıq gətirmişdir. Bu baxımdan «abruptiv-nəfəsli samitər», «qədim səslər», «fonetik quruluşda tayfa dilinin qalıqları», «ahəng qanununun türkmənşəli sözlərdə pozulması səbəbləri», «zəif cingiltiləşmə», «labiallaşma hadisəsinin ləngliyi», «müxtəlif səs keçidi istiqamətində özünəməxsus cəhətlər», «müxtəlif səslərin yanaşma sərhəddində baş verən yerdəyişmə», «adi danışıq dilindən irəli gələn səsfərqləşməsi» və s. tədqiq olunan dilin fonosemantik sisteminin formalaşmasını şərtləndirir.

Dissertasiyanın «Leksika» bölməsi əsas lüğət fondunun müxtəlifliyi və məna zənginliyi ilə diqqəti çəkir. Dissertant məişət, etnoqrafik, maddi- mədəniyyət, terminoloji və onomastik leksikanın daxili bölgüləri əsasında xeyli leksik- terminoloji vahidin struktur və leksik- semantik inkişaf prosesi keçirdiyini aydınlaşdırıb. Həmin sahələrlə əlaqədar təhlilə cəlb edilmiş leksik vahidlərin axısqalılara daha çox məxsusluğu üzə çıxarılıb. Məsələn, havli (dəhliz), koşat (tir), alaca (palaz), sahan (kasa), ləngər (sini), tavşal (baş örtüyü), pəstil (lavaş), tırpan (dəryaz), kufə (sırğa) və s. Bu kimi sözlərin mənşə mənzərəsi dissertasiyada geniş izahını tapa bilmişdir.

İ.Kazımovun tədqiqatı göstərir ki, Axısqa türklərinin özlərinə məxsus ay adları vardır: zəmhəri (yanvar), qücüq (fevral), girəz (iyun), oraq (iyul), xarman (avqust), böqrüm (sentyabr), şarap (oktyabr), koç (noyabr), karakış (dekabr) və s. Bu adların formalaşmasında xalqın müşahidəsi əsasdır. Maraqlıdır ki, əsərdə həmin adların qohum türk dilləri ilə oxşar və fərqli cəhətləri qeyd edilmişdir.

Əsərin «Onomastik leksika» hissəsi də maraqla oxunur. Məlum olur ki, vaxtı ilə bu etnosun Gürcüstanda məqsədli siyasət nəticəsində familiyaları gürcüləşdirilib. Əslən axısqalı olan aşıq Mahmudun (Yaralaşvili), aşıq Muradın (İsparaşvili), Yetim Gürcünün, aşıq İşvanın və onlarla başqa sənətkarların familiyaları zorla gürcüləşdirilib. Tədqiqatdan məlum olur ki, onlar ad əvəzinə bir-birinə ləqəblərlə müraciət edirlər. Bu, ad yasağının, magig təsəvvürün nəticəsidir. Tədqiqat göstərir ki, axısqalılar yaşayan bölgələrdə 300-dən çox türk mənşəli kənd olub: Axısqa, Adıgün, Azqur, Abastuban, Qorqul, Samqur, Kobileti, Tuğ, Bazarxana, Damğalı və s. Bu və ya digər toponimlərin tərkibində qədim tayfa adlarının izləri vardır. Tədqiqatçı toponimlərin komponentlərində bu faktları dəqiq ayırd etmiş, Axısqa etnotoponimlərini əks etdirən cədvəldə bunları vermişdir. Müəllifin nöqteyi- nəzərincə, oykonimlərin əksəriyyəti etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə, əsasən də, tayfa adları ilə əlaqədar formalaşmışdır. Qədim türk tayfalarının adının coğrafi adda- yaşayış məntəqələrinin adında inikas olunması etnonimik qanunauyğunluqla əlaqədar olub, bilavasitə etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə toponimə, xüsusən də oykonimə çevarilmişdir. Məhz axısqalıların toponimlər sistemində coğrafi adların bir hissəsinin və qədim təbəqəsinin etnonimlərdən əmələ gəlməsi bu faktorun nəticəsi ola bilər (s. 34).

İ.Kazımov axısqalıların dilinə müəyyən dövrlərdə daxil olmuş alınma leksikanı (ərəb və fars və rus-Avropa dillərindən) qruplaşdırıb və onun interferensiya formalarını orijinalı ilə qarşılaşdırıb; regional təsirlər nəticəsində gürcü, qazax, özbək dillərindən nitq prosesində keçən leksik vahidlərin mənasını da verib. Məsələn, karaki- kərə yağı, satxi- qoyun pendiri (gürcü dilindən); kəsmə- əriştə,toxaç -bağırsaq, taxya –araqçın (qazax dilindən) və s.

Tədqiqatın «Dədə Qorqud» və Axısqa dil uyğunluqları», «Dilin şivələri», «Axısqalıların dilində gürcü substratları», «Gürcü dilində Axısqa türklərinin dil elementləri» hissələri də yeni deyim tərzi ilə diqqəti cəlb edir.

Dissertasiyanın IV fəslində tədqiqata cəlb edilmiş dilin morfoloji, V fəslində isə sintaktik xüsusiyyətlərindən danışılır. Müəllif sözün, söz birləşmələri və cümlələrin struktur- semantik imkanlarını əldə etdiyi faktlar əsasında öyrənmiş, qrammatik quruluşda digər türk dillərindən fərqli qədim xüsusiyyətlərin olduğunu aşkar etmişdir.

Dissertasiyanın məzmunu və təhlil olunan məsələlərin aktuallığı göstərir ki, gələcək tədqiqatlar aparmaq üçün burada xeyli materiallar var və müəllifin yenidən bu mövzuya qayıdacağı ehtimalı da ola bilər. Həmin mövzuları, biz təxmini də olsa, belə müyyənləşdirmişik: 1) Axısqa etnotoponimləri; 2) Gürcü substratları fonunda Axısqa-gürcü dil əlaqələri; 3) Anadolu bölgəsində yaşayan axısqalıların dil xüsusiyyətləri; 4) Sözlərin izahlı lüğəti və s.

Sözsüz ki, İ.Kazımov bu dissertasiya ilə kiçik bir xalqın dil xüsusiyyətlərini tam və axıra qədər öyrənə bilməmiş, həmin əsər axısqalıların dilinin elmi arenaya çıxarılması, onun fonetik, leksik və qrammatik əlamətlərinin kompleks tədqiqi baxımından dəyərlidir.

Dissertasiyada bizi razı salmayan, diqqətimizi özünə cəlb edən bir sıra qüsurlar da vardır:

1. Maraqlıdır ki, əksər qrammatik kateqoriyaların təhlində qədim əlamətlər göstərilib. Axısqalılara məxsus manilərdən, əski sözlərdən, aşıq şerlərindən nümunələr gətirilib. Bunlar müasir Azərbaycan dilinin faktları ilə müqayisə edilib, lakin Azərbaycan ədəbi dili abidələri, klassik əsərlərin dili müqayisəyə, demək olar ki, az cəlb olunub. Eləcə də dodaq saitlərinin ahəngindən bəhs edərkən müqayisə olunan türk dilləri arasında müasir Azərbaycan dilinə üstünlük verilir. Digər oğuz dilləri kənarda qalır. Ümumiyyətlə, müqayisələr-qarşılaşdırmalar ən çox Azərbaycan dili ilə aparılır. Bizcə, oğuz dillərinin hər biri eyni səviyyədə tutuşdurulmalı idi, bu zaman müxtəlif istiqamətdə olan müqayisələr maraqlı nəticələr əldə olunması üçün şərait yarada bilərdi.

2. Bizə məlum olduğuna görə, Türkiyə Respublikasında axısqalıların tarixi, ədəbiyyat və dil xüsusiyyətləri ilə məşğul olan Yunus Zeyrək, Əhməd Cəfəroğlu, Turqut Günay, Turqut Acar və başqa alimlər vardır. Dissertasiyada həmin müəlliflərin əsərlərindən istifadə olunmayıb.

3. Dissertasiyanın "Əlavələr" hissəsində maraqlı folklor materialları var, ancaq nədənsə danışıq dili ilə bağlı mətnlərdən istifadə edilməyib. Yaxşı olardı ki, axısqalıların dilinin lüğəti də yaradılaydı və Azərbaycan dilində izahı, qarşılığı göstəriləydi.

4. Müəyyən səhifələrdə imla xətalarına rast gəlmək olur. Məsələn, "səsdüşümü", «fonomorfoloji» terminləri bəzi yerdə ayrı, bəzi səhifədə isə bitişik yazılıb.

5. Bütün dil səviyyələrinin təhlilində Azərbaycan ədəbi dilinin müəyyən mərhələləri ilə uyğunluq təşkil edən cəhətlər çoxdur. Dissertant isə bu etnosun qıpçaqlardan olduğunu, dilinin isə qıpçaq elementləri ilə çox yükləndiyini göstərir. Ancaq nədənsə, qıpçaq qrupu türk dilləri ilə müqayisələr aparılmayıb.

6. Fikrimizcə, indiki zamanın göstəricisi –i y e r; qədim feli bağlama şəkilçisi –ı,-i,- u, -ü; yönlük hal şəkilçisi -ğa, -gə və s. şəkilçilər haqqında geniş bəhs olunsaydı, yaxşı olardı.

Bu qüsurlar İ.Kazımovun dissertasiya işinin dəyərini heç də azaltmır. Dissertasiyanın avtoreferatı onun məzmununu tam əhatə edir. Tədqiqatçının «Axısqa türklərinin dili» adlı doktorluq dissertasiyası Ali Attestasiya Komissiyasının tələblərinə uyğun yazılmışdır. Onun müəllifi Kazımov İsmayıl Babaş oğlu filologiya elmləri doktoru alimlik dərəcəsi almağa tamamilə layiqdir.

RƏSMİ OPPONENT:

filologiya elmləri doktoru, professor N.M.XUDİYEV

3 yanvar 2003-cü il

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz