.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

 Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Kazımov İsmayıl Babaş oğlunun "Axısqa türklərinin dili" adlı doktorluq dissertasiyasına

R Ə Y

 

Axısqa türkləri bir neçə dəfə deportasiyalara məruz qalmış, hələ də öz əzəli torpaqlarına qayıda bilməyən didərgin xalqlardandır. Taleyi kimi, adı da zaman-zaman müxtəlifləşmiş, "Buntürklər", "Axısqa türkləri", "Adıgün türkləri", "Azqur türkləri", "Qazaxıstan türkləri", "Gürcü müsəlmanları", "Mesxeti türkləri", "Anadolu türkləri" adı altına tanınmışlar. Soyadları da zorla dəyişdirilmiş-gürcüləşdirilmiş, lakin öz milli mentalitetlərini göz-bəbəyi kimi qoruyub saxlamışlar. Dili assimilyasiya uğramış, yad dillərin təsiri altına düşmüş, ədəbi dil səviyyəsinə yüksəlmək üçün əlverişli zəmin olmamış, tayfa dili qalıqlarını mühafizə etmişlər. Lakin buna baxmayaraq, «Axısqa türklərinin dili» adlı doktorluq dissertasiyasının müəllifinin axtarışları göstərir ki, axısqalıların dili gürcü mühitində vaxtı ilə çox işlək olmuş, hətta Gürcüstanın türkləşməsi qorxusu (Şengeliyanın fikridir-M.Y.) yaranmışdır. Bu dildə folklor nümunələri yazıya alınmış, qoşqular qoşulmuş, türkülər oxunmuşdur. Teatr əsərləri bu dildə tamaşaya qoyulmuş, bir sıra qəzetlər nəşr edilmişdir. Bu faktlar barədə N.Y.Marrın, S.Cikiyanın qeyd və gündəliklərində də müəyyən işarələr vardır.

Fikrimimzcə, dissertant böyük zəhmət çəkmiş, çox iş görmüş, əvvəlcə ağrı-acılı bir tale yaşayan axısqalıların folklor nümunələrini toplamış, el şairləri və yazıçılarının əsərlərini, bu xalqa məxsus dövri mətbuatı əldə etmiş, dil faktlarını qruplaşdırmış, müxtəlif dil səviyyələri üzrə təhlillər aparmışdır.

Müəllif, doğru olaraq, əvvəlcə bu xalqın tarixən məskunlaşdığı Axısqa bölgəsinin geostrateji cəhətlərini, "tayfalar qapısı" olmasını, türk axınlarının-qıpçaqların, hunların, oğuzların bu bölgədən keçib getdiyini, indi həmin etnosların Axısqa toponimlərində izlərinin qaldığını tarixi mənbələrə və faktlara əsaslanaraq göstərmişdir. Axısqa türklərinin dil və etnik tarixi bir neçə dövrə bölünərək (dissertasiyanın I fəslində) (1-ci dövr-II-VIII əsrlər; 2-ci dövr - IX-XIII əsrlər; 3-cü dövr - osmanlı imperiyası dövrü; sonuncu dövr - XIX-XX əsrlər) şərh olunmuş, həmin dövrlərdə müxtəlif türk tayfalarının, məsələn, basil, onoqur, hun, tuba, avar, xəzər, bozal, iskit, sak, bulqar, suvar və s. etnosların cənub-qərbi Qafqazda ciddi qüvvəyə çevrildiyini, həmin tayfa adlarının yerli toponimlərdə, o cümlədən Mesxetidə mövcud olan coğrafi adlarda təsbit olunduğunu qeyd etmişdir. Tədqiqatın nəticələri göstərir ki, axısqalıların ən qədim coğrafi adlarının əsəriyyəti etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə, əsasən də, qeyd edilən tayfaların adları ilə bağlı əmələ gəlmişdir. Məsələn: Xona kəndi, Xoni kəndi, Xunan qalası, Ude kəndi, Samqur kəndi, Abari kəndi, Toba kəndi, Çol kəndi, Saloğlı, Balacaur, Çortan, Edincə, Oral kənd və s.

Dissertant Axısqa türklərinin mənşəyi üzərində dayanmış, mövcud fikirləri açıqlamış, həmin məsələ haqqında düşünərkən üç faktoru (istifadə olunan dil, mədəniyyət və fiziki-antropoloji əlamət) əsas götürərək axısqalıların buntürkləri olmadığını, gürcülərə, Osmanlı türklərinə bənzəmədiyini, dil cəhətdən oğuzlardan bəzi fərqli cəhətlərə malik olmasını, fiziki baxımdan onların daha çox qıpçaqlara oxşadığını göstərmişdir.

Dissertant Axısqa türklərinin dil xüsusiyyətlərindən vaxtı ilə bəhs etmiş N.Marrın, S.Cikiyanın, R.Şorun, F.Əliyevin, F.Kırzıoğlunun, A.Ercilasunun, S.Cəlilovun əsərlərindən də elmi mənbə kimi istifadə etmiş, onlara öz münasibətini bildirmişdir.

Dissertasiyanın II fəsli axısqalıların dilinin fonetik sistemi ilə bağlıdır. Müəllif, ilk növbədə, axısqalıların dilində özünü göstərən qədim səslərə (bizim dilimizin tarixi inkişafı prosesində uğursuz bir yol keçmiş, işqlənmə yeri olduqca məhdud olan n -sağır nunun, onun iki növünün- velyarın n-nın və qovuşuq "nq" (n+q) ətraflı fizioloji- akustik təhlil verməyi lazım bilmiş, axısqalıların dilində təzahür formalarını (ng\nq\nğ) və fərqləndirici əlamətlərini göstərmişdir. Tədqiqat göstərir digər türk dilləri kimi, axısqalıların dili də spesifik qanun daxilində inkişaf edərək, bir çox ortaq cəhətləri qoruyub saxlamışdır. Demək olar ki, həmin qədim səslər heç bir iz buraxmamış, öz yerini "n" foneminə verməmişdir. Tədqiqatdan məlum olur ki, Azərbaycan dilində çox məhdud dairədə müşahidə olunan nəfəsləşmə (abruptivləşmə) hadisəsi axısqalıların dilində işlənmə intensivliyi ilə səciyyələnir. Axısqa türklərinin dilində sadə və abruptiv (nəfəsli) samitlər vardır ki, bu səslər omonimləşmiş sözlərdə fonematik məna əmələ gətirir (məsələn, kav-lovğa, kav-qarmaq;çağ- yaş, çağ-əlcək və s.) İkinci bölmədə qeyd olunan abruptiv samitlərin törəmə yolları və mənşəyi məsələsindən danışılır, həmin fonemlərin fizioloji- akustik xüsusiyyətləri ayrı- ayrılıqda təsvir olunur və onların fonematik mənaya görə sadə samitlərdən ayrılan oppozisiya təşkiletmə əlamətləri izah olunur. Müəllif R.Şorun, N.Marrın fikirlərinə istinadən abruptiv samitlərin mənşəyini İber-Qafqaz və Dağıstan dilləri ilə əlaqələndirir. Həmin qalıqlara Azərbaycanın Zaqatala və Qax şivələrində də rast gəlindiyini göstərir.

Tədqiqatın nəticələri göstərir ki, bu etnosun dilində fonetik hadisələr geniş yayılıb. Həmin hadisələr (ts-laşma, i-ləşmə, abruptivləşmə-nəfəsləşmə, h-laşma, zəif cingiltiləşmə, labiallaşma və s.) qədim tayfa dilinin xüsusiyyətlərini qoruyub saxlayıb. Bu fonetik hadisələr arasında iltisaqiliyi pozan - i-ləşmə hadisəsi, demək olar ki, heç bir türk dillində müşahidə edilmir. Müəllif ahəng qanununun bu hadisə nəticəsində türkmənşəli sözlərdə pozulması səbəblərini göstərir, saitlərin ahəngi, samitlərin məxrəcləri ilə bağlı keçid istiqamətlərində "güclü-zəif" iyerarxiyasının aparıcı rolunu əsaslandırır və həmin ahəngin Azərbaycan dilində təzahürolunma imikanlarını qeyd edir. Dissertant səslərin bir-birilə əvəz olunması istiqamətində bu etnosun dilinin özümlü cəhətləri üzərində dayanır, digər türk dilləri ilə müqayisələr aparır və sait keçidlərindəki ləngimənin əsas səbəblərini göstərək, belə güman edir ki, nə vaxtsa həmin proses o biri türk dillərində olduğu kimi, bu xalqın dilində də baş verə bilər. Beləliklə, müxtəlif və çoxsaylı fonetik hadisələrin bu etnosun dilində fonetik sistemin təkamülü ilə bağlı meydana çıxdığı tədqiqatda əsaslandırılır ki, bu da müasir türk dillərinin (azsaylı, az öyrənilmiş və s.) müqayisəli fonetikasının gələcəkdə hərtərəfli şəkildə öyrənilməsinə çığır açmış olur.

Müəllif, təkcə Azərbaycanda yaşayan axısqalıların dil xüsusiyyətlərini öyrənməyib, o eyni zamanda Anadoluda, Qazaxıstanda, Özbəgistanda, Qırğızıstanda, Rusiyanın müxtəlif bölgələrində (Krasnodar) məskunlaşmış axısqalıların dillərini də müqayisəli şəkildə araşdırmış, dialekt fərqlərini aydınlaşdırmışdır.

Fonetik hadisələrin, xüsusilə də səslərin yanaşma sərhəddində baş verən yerdəyişmə hadisəsinin təhlilində Anadolu ağızları ilə aparılan müqayisələr və ümumi, fərqli əlamətlərin tapılması yerinə düşmüşdür. Fonetik sistemlə bağlı aparılmış təhlillər, bizim fikrimizcə, axısqalıların dilinin fonosemantik quruluşunun müəyyən olunmasında, formalaşmasında əsaslı rol oynaya bilər.

Əsərin III fəslində tədqiq olunan dilin leksik xüsusiyyətlərindən bəhs olunur. Leksik layın öyrənilməsində sözün, ifadənin mənşəcə mənzərəsi rəngarəng olmuşdur: türkmənşəli sözlər, alınmalar və substratlar. Tədqiqat göstərir ki, bu etnosun dilinin lüğət tərkibinin əsasını fonomorfoloji quruluşa uyğun olan ümumtürk sözləri təşkil edir. Bununla yanaşı, özünəməxsus leksik təbəqə də zəngindir. Həmin söz və ifadələrin mənaları konservləşmiş formada bu toplumun şifahi xalq nümunələrində daha çox qorunub saxlanmışdır.

İ.Kazımov bu gün ən çox təsərrüfatla bağlı mövqeyini qoruyub saxlayan əsas leksik təbəqəni 5 qrupa bölmüş (məişət leksikası, etnoqrafik leksika, maddi- mədəniyyət leksikası, terminoloji leksika, onomastik leksika) və hər birinə aid zəngin söz və ifadə ehtiyatını toplamış, sistemləşdirmiş, Azərbaycan dilində mənasını, qarşılığını vermişdir. Məişət leksikası (ev, tikinti işləri və ev əşyaları, mətbəx avadanlıqlarının adları; geyim adları; xörək və şirniyyat adları və s.); etnoqrafik leksika (toy mərasimi ilə bağlı söz və ifadələr, qadın bəzək əşyalarının adları; musiqi alətləri və oyunların adları); maddi- mədəniyyət leksikası (əkinçilik leksikası, kənd təsərrüfatı və bostançılıq leksikası, heyvandarlıq leksikası və s.) leksik-semantik baxımdan göstərilən sahələr üzrə qruplaşdırılmış, təhil edilmişdir ki, bu da bütün hallarda leksik vahidlərin milliliyi və fonoloji quruluşda özünəməxsusluğun təzahürü kimi çıxış edir. Məsələn, "dirqən" (yaba), tırpan (kərənti), laxana (kələm), patlican (pomidor), çancur (gavalı), yazlux (şüşəbənd), kəpçə (çömçə), kufə (sırğa), boyunlux (şarf) və s. sözlər də müəllifin fikirlərinin şərhi üçün üçün kifayət edə bilərdi, lakin bu örnəklərin sayı həddən artıq çoxdur.

Bu fəsildə dissertant "Terminoloji leksika" adı altında qohumluq-əqrabalıq terminlərini; bədən üzvlərinin adlarını; ay, gün, həftə və astronomik adları; xalq təbabəti terminlərini; qədim çəki, ölçü və zaman adlarını tədqiqata cəlb etmiş, həmin leksik vahidlərin əsasını fonomorfoloji quruluşa uyğun olan ümumtürk sözlərinin təşkil etdiyini göstərmişdir. Maraqlı cəhətlərdən biri budur ki, qaqauzlarda olduğu kimi (böök ayı, qücük ayı, çiçek ayı, xarman ayı və s.), axısqalıların da dədə-babadan qalma ay adları (zəmhəri, qüçüq, girəz, oraq, xarman, böqrüm, şarap, koç, karakış) vardır, bu da yazısı və ədəbi dilləri o qədər də inkişaf etməmiş dillərin yaxınlığını göstərən faktlardandır.

Bu hissədəki faktların bir çoxu (məsələn, qoyun sözü əvəzinə "k o y", dayça sözü yerinə "t a y ", boğaz sözü əvəzinə "b o ğ o z " və s.) axısqalıların mənşəyinin qıpçaqlar olduğunu sübut edir.

"Onomastik leksika" bu etnosun keçməkeşli və mübarizələrlə dolu tarixini əks etdirən dəyərli bir fakt kimi öyrənilmişdir. Onomastikaya (familiya və toponimlər) gürcü və qazax dillərinin təsiri, gürcüləşmənin məqsədyönlü faktorları, ad əvəzinə ləqəblərlə müraciət, etnotoponimlərin çoxluğu (Axısqa etnotoponimlərini əks etdirən cədvələ bax) və s. bu hissədə ətraflı təhlil edilmişdir. Dissertant bölgə və kənd adlarının tayfa adları ilə bağlılığını axısqalıların tarixən etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə yaşamaları ilə əlaqələndirməkdə həqiqəti açıqlayıb.

Əsərin "Alınma leksika» hissəsində regional təsirlər, kənara çıxmalar nəticəsində interferensiya hadisəsinə məruz qalmış, müxtəlif sahələri əhatə edən sözlərin quruluş və mənaları ilə, eləcə də mənimsəmə imkanları ilə tanış oluruq. Müəllifin araşdırmaları göstərir ki, lüğət tərkibinə əlaqə və münasibətdə olduğu gürcü dilindən (karaki-kərə yağı, satxi- qoyun pendiri, kurka- meyvə, soko- göbələk və s.); qazax dilindən (kəsmə- əriştə, toxaç -bağırsaq, taxya- araqçın və s.); özbək dilindən (çamaşır, paxta, kisla-qışlaq və s.); yunan dilindən (kiramet- kərpiç, laxana- kələm, tırpan- dəryaz və s. ); rus dilindən (eşelon,iskam, maşinə, iliktir və s.); ərəb -fars dillərindən (yəməni- ayaqqabı, maxaç- qayçı, kəpçə- çömçə və s.) xeyli sözlər keçmişdir.

Təqdir olunası bir cəhətdir ki, müəllif bizim "Dədə Qorqud"umuzla axısqalıların dilində leksik, morfoloji, sintaktik uyğunluqları da müəyyənləşdirmiş və bu dil uyğunluqlarının dilin bütün səviyyələrini əhatə etdiyini göstərmişdir. Bu fakt göstərir ki, «Kitabi Dədə Qorqud» eposu axısqalıların tarixi torpaqlarında- Qafqazda meydana gəlmişdir.

İ.Kazımov "Leksika" bölməsində axısqalıların dilində bir sıra şivələrin (Zeqan, Savelya, Axalsıx, Sur-Boqa, Aspindz, Axalkələk və keçid şivələri) varlığını göstərmiş və bu şivələrin Anadolu şivələri (Qars, Ərdahan-Posov) fonetik cəhətdən (i-ləşmə hadisəsi) yaxınlığını şərtləndirən xüsusiyyətləri qarşılaşdırmış və fonetik hadisələrdə açıq-aşkar qıpçaq təsirinin aydın hiss olunduğunu göstərmişdir.

Bu bölmədə axısqalıların dilində gürcü substratlarının (kuç- mədə, tuç-dodaq, tət- pəncə və s.) struktur- semantik inkişafı da izlənilir. Müəlifin nöqteyi- nəzəricə, leksik substratlar gələcəkdə türk-gürcü dil- təsərrüfat əlaqələrinin hərtərəfli şəkildə öyrənilməsində böyük rol oynayacaq. Tədqiqatçı belə bir təklif edir ki, hər iki dildə substratların izahlı lüğətini yaratmaq türkologiya üçün faydalı ola bilər. Müəllif, həmçinin gürcü dilinə vaxtı ilə axısqalılara məxsus olan müxtəlif sahələrlə bağlı sözlərin (cildo-mükafat; bani- yüksək, dam; qosani-ozan; bağa- heyvan yemi; xav- incə dəri; kabalak-papaq; cübbe- kaftan və s.) indi işləndiyini də müəyyənləşdirmiş və belə bir qənaətə gəlmişdir ki, türk dili yad bir ölkədə nə qədər dərin iz buraxmışdır. Türklüyün izləri soyadlarda, məişət əşyaları, maddi-mədəniyyət varlıqlarının adlarında və s.-də ən çox qorunub saxlanmışdır. Bu leksik vahidlər, şübhəsiz, gürcü dili ilə axısqalıların dili arasında olan əlaqələrin ətraflı tədqiqini tələb edir.

Əsərin IV fəsli axısqalıların dilinin morfoloji əlamətlərinə həsr edilmişdir. Morfoloji quruluşda digər türk dillərindən ayrılan cəhətlərə (morfoloji quruluşun zəif inkişafı, şəkilçilərin (-çi, -ci, -li, -lux) birvariantda qalması, -lux (-nux) şəkilçisinin kəmiyyət kateqoriyasının maddi göstəricisi kimi çıxış etməsi; asemantik şəkilçilərin qalıqları (köçməxçilux), hal kateqoriyasının qədim (birgəlik və müraciət halları) və özünəməxsus tipləri (yönlük halın xüsusi forması), halların bir- birini əvəz etməsi, mənsubiyyət kateqoriyasında özünəməxsusluq; bölgü saylarının intensivliyi; bizim üçün arxaik görünən fellərin dəyişməz mənaları (tut bişdi), qədim şəkilçilərdən (-iyer- indiki zaman şəkilçisi), -alım, -əlim (şəxs şəkilçisi); ı, i, u, ü; ibən,-übən (feli bağlama şəkilçiləri) hazırda istifadə və s. cəhətlərə müəllif diqqəti daha çox yönəltmişdir.

Dissertasiyanın V fəslində sözügedən toplumun dilinin sintaktik quruluşdan söhbət gedir. Maraqlı cəhətlərdən biri budur ki, İ.Kazımov qrammatik quruluşları az öyrənilmiş dillərin, o cümlədən axısqalıların dilinin sintaktik quruluşundakı n i s b i s ə r b ə s t l i y i Hind-Avropa dilləri ilə əlaqələndirənlərin əksinə olaraq, sərbətliyi yaradan inversiya hadisəsini qədim türk dilindən, ondakı güclü informasiyavericiliklə bağlı olan analitizmdən irəli gəldiyi fikrini müdafiə etmişdir. Müəllif, bizim «Dədə Qorqud»da işlənmiş köhnə cümlə formalarının axısqalıların dilində də indi işlək olduğunu (məsələn, Etmə bizi qürbətlərdə padişah, Vətənimdə torba t a x d a (taxıb) diləndur (İ.İdrisov) göstərmişdir.

Müəllifin gəldiyi nəticələrdə ümumiləşdirmə çox güclüdür. Dilin bütün səviyyələrində müəyyən nəticələr əldə olunmuş, yeni tədqiqatlar üçün əlverişli mövzuların həlli yolları da göstərilmişdir.

Dissertasiya bəzi qüsurlardan da xali deyildir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

1.Əsərdə "Mesxet" və "Axısqa" adları eyni köklü türkmənşəli söz kimi izah olunur. Bu nə dərəcədə inandırıcıdır?

2.Doğu Anadolu bölgəsində yaşayan türklərin dili ilə Axısqa türklərinin danışdığı dil eyniləşdirilir. Bu eynilik hansı amillərlə əlaqədardır?

3.Dissertant bu toplumun dilində abruptiv-nəfəsli səslərin (p,k,t,ç) mənşəyini, onların haradan gəldiyini, hansı proseslərlə və ya hansı tayfa dilləri ilə bağlı olduğunu öyrənməyə nədənsə fikir verməmişdir.

4.Qovuşuq ts və x samitlərinin Qafqaz dillərinin təsiri nəticəsi kimi izah olunması ağlasığan deyil.

5.Velyar (sağır n) və qovuşuq nq səslərinin axısqalıların dilində indi də işlənməsi nə üçün fonetik quruluşun zəif inkişafı ilə əlaqələndirilir? Bu xüsusiyyət fonetik quruluşun sabitliyi ilə bağlı şərh olunsaydı, daha inandırıcı görünərdi.

6. Müəllifin fikirlərində bir-birinin ziddini təşkil edən məqamlar da var. Bir tərəfdən axısqalıların buntürklər olmadığını dissertasiyanın əvvəlinci hissələrində qeyd edir, digər tərəfdən isə işin "Terminoloji leksika" hissəsində internet səhifəsindən belə bir cümlə verir ki, "Bun Türklerinin dilinde akrabalık adlarının sonunda "a n a y", "b a b a y", "n e n e y" örneklerinde görüldüyü qibi – y türetilir". Belə çıxır ki, axısqalılar elə buntürkləridir.

Qeyd edilən nöqsanlar İ. Kazımovun doktorluq dissertasiyasının elmi-nəzəri dəyərini qətiyyən aşağı salmır. İşin elmi-nəzəri səviyyəsi çox yüksəkdir. Avtoreferat da dissertasiyanın məzmununu tam şəkildə əhatə edir. Fikrimizcə, əhatə dairəsinə, dərin elmi təhilinə və AAK-ın tələblərinə uyğun yazıldığına görə, "Axısqa türklərinin dili" adlı dissertasiyanın müəllifi İsmayıl Babaş oğlu Kazımov filologiya elmləri doktoru alimlik dərəcəsi almağa tamamilə layiqdir.

RƏSMİ OPPONENT: M.İ.YUSİFOV, filologiya elmləri doktoru, professor.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz