.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

«TƏSDİQ EDİRƏM»

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Slavyan Universitetinin rektoru

______________ prof. K.M.Abdullayev

4 yanvar 2003-cü il

cavablar >>>

Azərbaycan MEA-nın əməkdaşı, filologiya elmləri namizədi Kazımov İsmayıl Babaş oğlunun filologiya elmləri doktoru dərəcəsi almaq üçün təqdim etdiyi «Axısqa türklərinin dili» mövzusunda (10.02.06-Türk dilləri) dissertasiya işinə aparıcı müəssisə tərəfindən verilmiş

R Ə Y

İ.B.Kazımov tədqiqat işinin aktuallığı, elmi yeniliyi, məqsəd və vəzifələri haqqında məlumat verərək bildirdi ki, Axısqa türklərinin dil və etnik tarixi Gürcüstanın türk dünyası ilə uzunmüddətli əlaqə və münasibətləri çərçivəsində araşdırılmışdır. Araşdırma qədim tarixə malik olan Axısqa türklərinin etnik tarixi, mədəniyyəti, dilinin fonetik, leksik, onomastik, semantik və qrammatik xüsusiyyətlərinin sistemli tədqiqindən ibarətdir.

Dissertantın məlumatından sonra iclas iştirakçıları (Türkologiya kafedrası- prof N.T.Məmmədov, dos. H.O.Orucov, dos. Q.H.Cəfərov, dos. B.A.Musayev, dos. E.R.Piriyev, f.e.n., baş müəllim V.M.Adilov, f.e.n., baş müəllimlər A.M.Nəzərova, E.İ.Gərayzadə, müəllimlər S.H.Qafarova, F.M.Məmmədov; müzakirəyə dəvət olunmuşlar: - BSU-nun rektoru, professor K.M.Abdullayev, BSU-nun elmi işlər üzrə prorektoru, Leksikologiya kafedrasının professoru A.M.Məmmədli, BSU-nun tədris işləri üzrə prorektoru, professor A.A.Hacıyev, Azərbaycan dili kafedrasının müdiri, professor B.A.Əhmədov) çıxış edərək dissertasiya haqqında fikirlərini söylədilər.

Onlar bildirdilər ki, Axısqa türkləri dünyanın azsaylı xalqlarından olub, 1944-cü ilə qədər Gürcüstanın Mesxeti vilayətində yaşamış, sonra Orta Asiyaya sürgün edilmişlər. 80-ci illərin sonunda yenidən deportasiyaya məruz qalan bu xalq Rusiyanın müxtəlif vilayətlərinə və Azərbaycana pənah gətirmişdir.Hazırda onlar Saatlı, Sabirabad, Xaçmaz, Beyləqan, Abşeron kimi rayonlarda yaşayırlar.

Həyatda müxtəlif problemlərlə qarşılaşan Axısqa türklərinin arzularından biri də özlərinin tarixi vətənlərinə qayıtmaq, öz dillərini yad təsirlərdən qorumaq və inkişaf etdirməkdir.

İ.B.Kazımov həm xeyirxahlıq məqsədilə, həm də dil məhəbbətini üstün tuta- tuta, böyük həvəslə həmin xalqın zəngin folklorunu, el şairləri və yazıçılarının əsərlərini, mətbuat materiallarını toplayaraq onların dil xüsusiyyətlərini əks etdirən maraqlı bir tədqiqat əsəri yaza bilmişdir.

Dissertasiyanın «Giriş» hissəsində axısqalıların dil və etnik tarixinə bir nəzər yetirən müəllif Axısqa bölgəsinin tarixən «tayfalar qapısı» olduğunu, zaman- zaman bu əraziyə müxtəlif türk tayfalarının mütəmadi axınını, bir sıra etnosların (basil, onoqur, tuba,avar, xəzər, bozal, iskit, qul, suvar və s.) cənub-qərbi Qafqazda ciddi qüvvəyə çevrildiyini, hazırda Mesxeti vilayətindəki coğrafi adların tərkibində həmin tayfa adlarının izlərinin qaldığını (məsələn, Azqur, Onoqur, Toba, Tobaxçi, Ude, Xona və s.) göstərərək belə nəticə çıxarır ki, axısqalıların toponmlərində bir sıra coğrafi adlar uzun tarixi təkamül yolu keçməklə yanaşı, aid olduğu etnosun və mövcud olduğu ərazinin, tarixən bu yerlərdə baş vermiş ictimai və siyasi hadisələrin bir çox cəhətlərini əks etdirmiş və bu faktorlar da toponimlərin formalaşmasını şərtləndirmişdir.

Axısqa türklərinin mənşəyi barədə müxtəlif nöqteyi-nəzərlərə öz fikrini bildirən İ.Kazımov onların etruskların- tursakların varisi olduğunu göstərir və tamamilə bir-birindən seçilən Axısqa və Mosox-Mesx sözlərinin eyni kökdən olduğunu və hər ikisinin əsasında sak sözü durduğunu qeyd edir. Bununla əlaqədar türkiyəli tarixçi və dilçilərin - F.Kırzıoğlunun, A.Ercilasunun, M.Kalkanın və digərlərinin xidmətlərini qiymətləndirir.

Tədqiqatçının axısqalıların dilinin fonetik quruluşu ilə bağlı axtarışları göstərir ki, müxtəlif sistemli dillərin əhatə və təsiri altında olmasına baxmayaraq, bu dil milli və orijinal əlamətlərini qorumuş, uzun bir mübarizə yolu keçərək, digər dillərin assimilyativ təsirindən özünü xilas edə bilmişdir.

Dissertasiya işinin «Leksika» bölməsində leksik layın sahələr üzrə qruplaşması əsas yer tutur. Əsas leksik fond bir neçə istiqamətdə-məişət, etnoqrafik, maddi-mədəniyyət, terminoloji və onomoloji istiqamətlərdə tədqiq edilmişdir. Müəllif topladığı leksik material əsasında məişətdə, xalqın mərasimlərində, məşğuliyyət sahələrində (kənd təsərrüfatı və heyvandarlıqda) işlənən sözlərin leksik-semantik xüsusiyyətlərini dərindən izah etmişdir. «Terminoloji leksika» bölməsində qohumluq terminlərini, insanın bədən üzvlərinin adlarını, ay, gün, həftə və astronomik adları, xalq təbabətinə aid olan sözləri, qədim çəki, ölçü və zaman adlarını qruplara bölmüş və Azərbaycan dilində qarşılıqlarını da axtarıb tapmışdır. Əsərin «Onomastik leksika» hissəsində bu etnosa məxsus şəxs adlarından, ləqəblərdən, familiyalardan və coğrafi adlardan geniş bəhs olunur.Məlum olur ki, Axısqa türklərinin familiyalarını «ürəklərdən türklük duyğusunu çıxarmaq» (Ö.F. Nemanzadə) üçün gürcüləşdirmişlər. «Axısqa türkləri arasında zamanın bu ağır millətçilik təzyiqinə, tələbinə boyun əyənlər də oldu, familiyalarını dəyişdirənlər də… Əhali arasında belə bir ictimai fikir yaratmağa çalışdılar ki, guya Axısqa türkləri mənşə etibarilə gürcüdürlər, yəni gurcüdən dönmədirlər».Axısqa türklərinin soy- kökündə olan məcburi dəyişiklik onların mənəviyyatını sarsıtmadı. Onlar türk adını yüksək şəkildə qorudular. Toponimik vahidlərin ayrı-ayrı bölgələr üzrə tədqiqi göstərir ki, həmin adlar ilk növbədə aşıq şerlərində, el şarkıları və türkülərində böyük məhəbbətlə tərənnüm olunmuşdur (Aşıq Məmməd Səfilinin qoşmalarında).Maraqlıdır ki, türklər doğma yer adlarını konkretləşdirmirlər, sadəcə olaraq Vətən deyirlər. Tədqiqatda toponimlərin formaları variantları ilə diqqəti cəlb edir. Məsələn, Adıgeni/Ədigön, Aspindza/Aspinza, Axalkalaki/ Axarkələk və s. Əsərdə Axısqa toponimləri mənşəcə qruplaşırılır: a) türk mənşəli toponimlər; b) gürcü mənşəli toponimlər. Buradan əldə olunan elmi nəticələr türkoloji dilçilik üçün çox zəngin və maraqlı materiallar verir.

Morfoloji quruluşun tədqiqi göstərir ki, sözdüzəldici şəkilçilər birvariantlıdır, dildə şəkilçiləşmə zəif inkişaf etmişdir. Hal şəkilçilərinin fərqli formalarına rast gəlmək olur. Sintetizmə meyl bu dildə qüvvətlidir, ancaq analitik formalar da geniş yayılıb.

Sintaktik quruluşda qohum türk dilləri ilə oxşar əlamətlər daha çoxdur. Ancaq cümlə sintaksisində sərbəstlik adi danışıq dili əlamətidir, digər bir tərəfdən də komponentlərin inversiyası qədim türk dilinin qanunauyğunluqla-rından irəli gəlir.

Göründüyü kimi, dissertant öz qarşısında çox mürəkkəb və yerinə yetirilməsi çətin olan bir vəzifə qoymuşdur. Buna baxmayaraq, dissertasiyanın məzmun və mövzusu çap olunmuş 2 monoqrafiyada və 24 adda elmi məqalədə öz əksini tapmışdır. Onlardan birincisi 1990- cı, axırıncısı isə 2001-ci ilə aiddir. Bu, o deməkdir ki, dissertant ömrünün 10 ildən çoxunu bu məsələnin öyrənilməsi işinə həsr etmişdir. Həmin müddətdə Axısqa türklərinin dili və mədəniyyəti istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda da öyrənilmişdir. Fikrimizcə, İ.B.Kazımovun bu tədqiqatı və həmin tədqiqatla əlaqədar olaraq çap etdirdiyi işlər sayəsində Azərbaycan dilçiliyi ön cərgəyə çıxmışdır.

Tədqiqatçı dilçilik elminin, Azərbaycan dilçiliyinin əldə etdiyi nailiyyətlərə arxalanaraq, özünün ana dili olmayan bir dilin tədqiqi işinə girişmiş, öz zəhmət və qabiliyyətinin imkan verdiyi dərəcədə bu işin öhdəsindən gəlmişdir. Dissertant mövzu ilə bağlı olan əksər elmi ədəbiyyatı, Axısqa türklərinin dili, tarixi, ədəbiyyat və folkloruna dair materialları vicdanla, inadla öyrənmiş, əldə etdiyi bilikləri sadə, emosional bir dillə, ürəkdən gələn sözlərlə ifadə etmişdir.Bizcə, «Axısqa türklərinin dili» əsəri təkcə bu müəllifin yox, ümumiyyətlə, Azərbaycan dilçiliyinin səviyyəsini büruzə verir. Ona görə də inanırıq ki, onun müdafiəsi dilçi mütəxəssislərimiz tərəfindən mühüm bir hadiə kimi qarşılanacaq. İ.Kazımov Nəsimi adına Dilçilik İnstitutunun «Türk dilləri» şöbəsinin elmi əməkdaşıdır və onun bu işində dolayısı ilə həmin şöbənin öz fəaliyyəti ərzində nəyə nail olduğu da öz əksini tapmışdır. Bütün bu kimi müsbət cəhətlərlə yanaşı, dissertasiyada nəzərə çarpan bəzi iradları da dissertantın və Müdafiə Şurasının nəzərinə çatdırmağı lazım bilirik.

1. Dissertasiyanın I fəsli «Axısqa türklərinin dil və etnik tarixinə dair» adlanır. Fəslin kiçik bölmələrində bir-birini təkrar edən mətləblərlə yanaşı, mətləbdən kənar çıxan mövzular da vardır («Dilin keşiyində. Müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair»). Burada, ümumiyyətlə, Azərbaycan tarixçiliyində özünü tez- tez göstərən belə bir səhv təmayül yer tapmışdır ki, bu da müxtəlif dövrlərə aid məlumatlar əsasında müasir xalqlar, millətlər, dil və mədəniyyətlər haqqında mühakimə yürütmək, fikir söyləmək meylidir. Bu cür gəlişi gözəl mülahizələr əvəzinə, Axısqa xalqı (etnosu) və dili haqqında daha konkret, daha tutarlı faktlara əsaslanan fikirlər söyləmək yerinə düşərdi.

2. Həmin fəsildə bir məsələnin qoyuluşu öz səhvliyi və səhlənkarlığı ilə diqqəti cəlb edir.Burada Ö.F.Nemanzadənin «Dilimiz və imlamız» məqaləsində «bizim türkcəmiz» ifadəsi ilə əlaqədar olaraq belə bir izahat verilir: «Axısqa türklərinin dili nəzərdə tutulur» (s.31). Biz bilirik ki,böyük mollanəsrəddinçi Ömər Faiq Nemanzadə Axısqa türklərindən olmasına baxmayaraq, Azərbaycanın görkəmli siyasi və ictimai xadimi olmuş, burada bir çox məsul vəzifələrdə çalışmışdır. «Dilimiz və imlamız» məqaləsində də o heç də hələ formalaşmamış Axısqa ədəbi dilini deyil, əsasən, Azərbaycan dilini, bəlkə də o dövrə aid olan rusiya türkləri üçün işlənib hazırlanmış türk dilini nəzərdə tutmuşdur. Həmin dövrlərin mətbuatında bunların hər ikisi öz ifadəsini tapmışdır.

3. Dissertasiyanın «Fonetika» adlanan II fəslində aşağıdakı bölmələrə rast gəlirik: «Fonemlər sistemi», «Abruptiv fonemlər», «Tayfa dilinin qalıqları», «Ahəng qanunu», «Fonetik hadisələr». Birinci mövzu «Fonemlər sistemsi» adlanır. Bildiyimiz kimi, fonetika və fonologiyanın iki mühüm bəhsi vardır: vokalizm və konsonantizm, başqa sözlə, saitlər sistemi və samitlər sistemi. Burada nə saitlər, nə də samitlər sistemli şəkildə nəzərdən keçirilməmişdir; hətta təxmini olsa belə, axısqalıların dilində neçə sait, neçə samit səs olduğunu da bilmək olmur.Dissertasiyada bunun əvəzinə bəzi saitlər və bəzi samitlərdən bəhs olunur. «Abruptiv fonemlər» bəhsində səslərin «abruptivliyi» qeyd olunmamışdır. Məsələn: k a v (lovğa) – k a v (qarmaq). Buradan həmin sözlərin omonim olduğunu bilmək olar, amma onların hamısında samitin abruptiv, hansında isə «qeyri-abruptiv» olduğunu yox.

4. Dissertasiyanın 45-ci səhifəsində «tayfa dilinin qalıqları»na misal olaraq ts səsi verilir. Amma nə bu səs, nə də onun çox bağlı olduğu c səsi türk dillərinə məxsus olan qədim səsələrdən deyil və həmişə də yad dil təsiri ilə meydana çıxmışdır.

5. Dissertasiyanın 56-cı səhifəsində «cingiltiləşmə hadisəsi» adı altında bu dildə kar samitlərin cingiltiləşməsindən bəhs edilir və buna aid misallar da verilir. Tədqiq olunan dildə belə bir fonetik hadisə yoxdursa, ondan danışmamaq da olardı.

6. Sonra «labiallaşma hadisəsi» bəhsi gəlir (s. 57). Bu hadisənin mahiyyəti belədir ki, sözdə olan dodaq samitinin təsiri ilə a>o əvəzlənməsi (analoji olaraq ə-ö əvəzlənməsi də) baş verir. Məs.: av>ov, qavırğa-qovurqa və s. Axısqa türklərinin dilində bu hadisə baş verməmişdir və dissertant bunu həmin dilin inkişafıında ləngiyən kimi qiymətləndirir. Belə bir fikir doğru deyil, üstəlik dildə olmayan hadisədən bəhs etmək də düzgün deyil.

7. Dissertasiyanın “Leksika” bəhsində sözlərin tematik qruplar üzrə nəzərdən keçirilməsi diqqətəlayiqdir. ”Əsas semantik proseslər” adı ilə verilən isə (s. 154-155) artıqdır. Axısqalıların dilinə aid lüğətin olmaması bir çatışmazlıq kimi qiymətləndirilə bilər. Gələcəkdə belə bir lüğət tərtib etmək vacibdir.

İşin “Morfologiya” və “Sintaksis” bölmələrində dissertant materialın imkan verdiyi çərçivədə bu dilin özünəməxsus xüsusiyyətlərini Azərbaycan dili ilə və digər qohum dillərlə müqayisədə açıb göstərmişdir.

Beləliklə, İ.B.Kazımovun “Axısqa türklərinin dili” dissertasiyası nəzərə çarpan bəzi iradlara baxmayaraq, Ali Attestasiya Komissiyasının doktorluq dissertasiyalarına verilən tələblərinə müvafiq bir əsər hesab edilə bilər. Ona görə də belə hesab edirik ki, onun müəllifi filologiya elmləri doktoru alimlik dərəcəsi almağa tamamilə layiqdir.

Rəy BSU-nun Türkologiya kafedrasıının iclasında (30 dekabr 2002-ci il, protokol № 8) müzakirə və təsdiq edilir.

Bakı Slavyan Universiteti

Türkologiya kafedrasının müdir əvəzi, b\m E.İ.Gərayzadə

cavablar >>>

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz