.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
NƏTICƏ

1. Axısqa türklərinin dilinin fonetik sisteminin tədqiqi göstərir ki, burada tayfa dilindən qalan bir sıra qədim səslər (ң - sağır nun, nq-qovuşuq sə ts) işlənir, abruptiv səslər (k, p, t, ç) mövcuddur. Abruptiv (nəfəsli) samitlər partlayan burun səsləri ilə (k, p, t, ç) omonimləşmiş sözlərdə fonematiik məna yaradır. Qovuşuq nq səsi bu dildə müxtəlif formalarda (ng\\nq\\nğ) təzahür edir. Söz əvvəlində ğ səsinin işlənməsi qədim xüsusiyyətdir və bu toplumun dilində işləkliyini saxlamışdır.

Ahəng qanununun pozulması halları müşahidə olunur ki, bu da, əsasən, "i"-ləşmə hadisəsi ilə bağlıdır. Zəif səslərin güclü səsləri izləməsi halları fonetik sistemdə əsas yerlərdən birini tutur. Labiallaşma, cingiltiləşmə hadisələri qədim dil xüsusiyyətləridir. Səs keçidlərinin əksəriyyəti özünəməxsusdur. Burada cingiltiləşmə hadisəsi Axısqa türklərinin dilində nisbətən zəifdir. Ona görə ki, bu xalqın dili qeyri-adekvat inkişaf prosesi keçirmiş, kar samitlərin cingiltiləşməsi təmin olunmamışdır.

Fonetik qanun və hadisələrin meydana çıxmasında nitq və dilin diferensiallaşması nəzərə alınmamış, başqa dillərdən fərqli fonetik tərəddüdlər özünü göstərməkdədir.

Fiziki, fizioloji və etnik-psixoloji kökləri dərinə gedən abruptiv-nəfəsli səslərin mənşəyi, samit keçidləri: n-v (könül- kövül); q-x (eşq-aşx); y-q (söqüt, iqnə), s-z (zarxoş, zanki), ç-j (janavar, jamuş), samit qoşalıqları (doxxuz, ottuzon, aşşaği), qonşu türk dillərində cingiltili d ilə tələffüz edilən bir çox sözlərin "KDQ"-da olduğu kimi t ilə tələffüzü və yazılışı (tağ-dağ, taş- daş), aydın nəzərə çarpan h- laşma (harx), bizim üçün arxaikləşmiş olan söz önündə y səsi (yigit, yuca), bir sıra sözlərdə labiallaşma (xoroz, av, avci), oğuz qrupunda sonralar o- laşmaqda olan bir çox sözlərdə əks prosesin- qədim formanın saxlanması, sağır ң və qovuşuq nq\\ng səslərinin dildə sabitliyi, söz əvvəlində ğ samitinin bol- bol işlənməsi, x səsinin intensivliyi, ahəng qanununun pozulması halları, - i-ləşmə, cingiltiləşmə hadisələri, fonetik hadisələrin tipikliyi- bütün bunlar axısqalıların dilinin fonosemantik sisteminin müəyyənləşməsində, təşəkkülündə həlledici rol oynamışdır.

2. Tədqiqat göstərir ki, leksik şəkilçilər bu əhalinin dilində, əsasən, birvariantlıdır. Bu, dildə zəif şəkilçiləşmə ilə bağlıdır. Adlardan isim düzəldən -çi, lux (nux), li (ni), ci, nax, lax, çaq, ğaç, çuk, ciy, çə, t, mac, taş, diş, kuç, qaq və s. şəkilçilər həm birvariantlı, həm də qədimdir.

Bu əhalinin dilini digər türk dillərindən fərqləndirən bir xüsusiyyət də bəzi hallarda -lux, -nux şəkilçisinin kəmiyyət kateqoriyasının morfoloji göstəricisi kimi işlədilməsidir.

Axısqa türklərinin dilində kök c xəbərlik kateqoriyası c kəmiyyət kateqoriyası sırası yerlərini dəyişir. Belə bir vəziyyətdə cəm şəkilçisi xəbər kateqoriyasından əvvələ keçir. Onlar elçilardur (elçidurlar).

Axısqa türklərinin dilində hal kateqoriyasının digər türk dillərindən fərqli xüsusiyyətləri özünü göstərir. Yönlük halın qədim forması (-ğa, -gə) işlədilir. Təsirlik halın əsas göstəricisi -y şəkilçisidir. Birgəlik halı (-inən, -nan) geniş yazılmışdır. Müraciət halından (şəkilçiləri "ay" və "li") istifadə edilir. Yönlük halda olan söz hallanarkən türk dilləri üçün qanun olan kök c mənsubiyyət şəkilçisi c hal şəkilçisi forması dəyişilib kök c hal şəkilçisi c mənsubiyyət şəkilçisi formasına keçir. Müqayisə et: başına - başan.

Qədim bölüşdürmə sayları (birər, beşər, onar, ikişər) öz işləkliyini qoruyub saxlaya bilmişdir.

Dilin inkişafı analitik formaların öz yerini sintetik formalara verilməsi ilə də səciyyələnir. Lakin tədqiqat göstərir ki, bu əhalinin dilində sintetizmə meyl zəif olduğundan analitik formalar hələ də saxlanılmışdır.

3. Axısqa türklərinin dilinin lüğət tərkibi bu əhalinin tarixi inkişafına, mədəni səviyyəsinə, maddi və mənəvi tələblərinə, istehsalat münasibətlərinin dəyişməsinə müvafiq olaraq inkişaf etmişdir. Bu leksikanın əsasında, əsasən, ümumtürk mənşəli sözlər durur. Yad mühitdə, müxtəlif dillərin əhatəsində uzun bir inkişaf yolu keçmiş Axısqa türklərinin dilinin leksikası bu gün daha çox təsərrüfatla bağlı mövqeyini mühafizə etmişdir. Bu leksikanın işlənmə sahələri genişdir: əkinçilikdə, kənd təsərrüfatı və bostançılıqda, heyvandarlıqda, məişətdə, maddi-mədəniyyət sahələrində və s.

Alınma leksikanın xeyli hissəsi interferensiya hadisəsinə məruz qalmışdır.

Bu əhalinin dilində gürcü substratlarına rast gəlirik ki, məsələn, kuç (mədə), tuç (dodaq), tün (beyin), naxülə (öd), kud (quyruq), pexi (ayaq), tot (ləpir, iz), bibilo (pipik), kakal (göz qarası), nikart (dimdik) və s. bu kimi leksik substratların həmin əhalinin dilinə gürcü dilindən keçidi lap qədimlərə gedib çıxır. Belə gürcü sözləri ümumkartvel epoxasını yaşadır. XVI yüzillikdə keçid prosesinin intensivliyi sübut edir ki, indi belə sözləri alınma hesab etmək doğru deyil, bunlar substrat leksemlərdir. Kökləri çox dərinlərə gedib çıxır. Bu kimi substratlar gələcəkdə türk-gürcü dil əlaqələrinin hərtərəfli şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyacaq.

Terminoloji leksikanın əsasını fono-morfoloji quruluşa uyğun olan ümumtürk sözləri təşkil edir. Ay, gün, həftə, planet və digər adların formalaşmasında xalqın dünyagörüşü, inam və müdrikliyi əsas rol oynamışdır.

Tədqiqat göstərir ki, eyni dil müxtəlif regionlarda diferensial əlamətlər qazana bilər. Təbiidir ki, çox işlənən dilin az işlənən dilə təsiri güclü olur. Dillərin təsiri dəyişən nəticədir və kontaktda olan dillər arasında münasibətin bilavasitə uzun sürən davamıdır.

Dilxarici amillər dillərin bir-birinə qarşılıqlı təsirinə, müxtəlif dil elementlərinin bir dildən digər bir dilə keçməsinə real şərait yaratmışdır.

Onomastik leksika bu elin tarixini əks etdirən dəyərli bir fakt (T.Hacıyev) kimi onların orijinal tarixi coğrafiyasını, həmçinin insan obrazını, Vətən məfhumunu yaşadır. Bir sıra regionlarda məskunlaşmaları bu əhalinin onomastikasına da öz təsirini göstərmişdir.

Tipik olmayan familiyalar ekstralinqvistik və regional təsirlərin nəticəsidir. Məlumdur ki 20-30-cu illərdə Axısqa türklərinin familiyaları məkrli siyasət nəticəsində zorla gürcüləşdirilmişdir.

Yaşayış ərazilərinin, digər oykonim və oronimlərin qıpçaq tayfaları ilə bağlılığı axısqalıların mənşəcə qıpçaqlar olduğunu sübut edən dəlillərdəndir.

4. cümlə sintaksisində adi danışıq dilindən əldə olunan nisbi sərbəstlik özünü göstərir. Tədqiqat göstərir ki, istər sadə, istərsə də mürəkkəb cümlə sintaksisində cümlə üzvləri və komponentlərin yerləşməsinin sərbəstliyi qədim türk dilindən, ondakı güclü informasiyavericiliklə bağlı olan analitizmdən irəli gəlir.

5. Beləliklə, tədqiqatda xeyli praformalar üzə çıxarılmış, indi həmin dildə bu qalıqların səbəbləri aydınlaşdırılmış, axısqalıların dilinin yad mühitdə sıxılma, başqa dillərin əhatəsində olma və həmin dillərdən mənimsəmə xüsusiyyətləri aşkar edilmişdir.

Dillərin inkişafındakı proses və mərhələlər çoxcəhətliliyi və mürəkkəbliyi ilə xarakterizə edilir. Bu, dillərin hər birinin eyni səviyyədə inkişaf etməməsi ilə bağlıdır. Axısqalıların dilinin müstəqilliyini təsdiqləyən vahid bir meyarın olmaması (məsələn, Çin dilinin Pekin və Şanxay dialektlərinin daşıyıcıları bir - birini başa düşmür, lakin buna baxmayaraq həmin dialektləri müstəqil dil saymırlar; Amma azərbacanlılarla qaqauzlar bir-birini çox asan başa düşdüyü halda, onların dillərini müstəqil hesab edirik) bu işi çətinləşdirir. Bütün bunlar onu göstərir ki, dünya dillərinin hamısı öyrənilməyincə onların bir sıra problemləri də qaranlıq qalacaqdır.

-------------------

Babayev Adil. Dilçiliyə giriş. Bakı, 1992, s. 198.

Tədqiqatdan son olaraq belə bir nəticə də çıxarmaq olar ki, Axısqa türklərinin dilini nə Türkiyə türkcəsinin, nə də Azərbaycan dilinin dialektlərindən biri hesab etmək olmaz. Diferensiallığın - fərqli cəhətlərin çoxluğu dillərin müstəqilliyini şərtləndirən amillərdən olsa da, şifahi və yazılı ədəbi dilin inkişafı üçün əlverişli zəmin olmaması, "qaba və sərt cizgilərə"rin, qədim əlamətlərin daha çox saxlanması ona, müstəqil dil kimi yanaşmağı yox, məhz tayfa dili kimi öyrənmək imkanı vermişdir. Ümumi kökü- ana kökü qıpçaqlardan olan bu dil çağdaş dövrdə hər iki dil arasında orta (keçid) mövqedə dayanan özünəməxsus dil qrupudur. Çünki hələ çox qədimlərdən Qafqaz və sonralar Orta Asiya mühiti belə bir spesifik tayfa dilinin qalmasına şərait yaratmışdır.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz