.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

EL NƏĞMƏKARI VƏ YAXUD ÜZÜ VƏTƏNƏ SARI…

İsmayıl Kazımov

 

Nəcim ulu Tumasın sinəsində dünyaya göz açıb, o, Tumas dağının təmiz havasından udub, diş göynədən suyundan içib. Tanrı gənc yaşından ona istedad verib; nə qoşursa birbaşa sinədən gəlir. Ona görə də rəhmətlik Seyfəddin Əliyev ona «Sinə» təxəllüsünü vermişdir. Sovet dövründə Cəbrayılın bütün kəndlərinin inkişafında, dirçəlişində bir mexanizator kimi Nəcimin zəhməti böyük olmuşdur.

Nəcimin şer və poemaları ilə tanışlıq məndə belə bir fikir yaratdı ki, o, bir elin nəğməkarı kimi «tikan üstə yatan şair»lərimizdəndir. «Kim elədi ötən bu talanları?» sualına cavab axtaran Nəcim Sinə narahat dünyamızın ağrı-acılarından, xüsusən də torpaqlarımızın düşmən tapdağı altında qalmasından həddən ziyadə əndişəlidir. Elə Vətən, Torpaq, doğma el-oba deyir, şerini hansı mövzuda yazırsa, sonu bu müdirik kəlmələrlə bitir. Həmin anlayışlar Nəcimin yuxusuna tez-tez girir. Vətəndən əlini üzmür, lakin davam edən süstlük, düşmənə layiqincə cavab verə bilməməyimiz Nəcimin inamını qırır. Əvvəllər qail, seyil, zail, cahil, mail olan Sinə başımıza açılan bu bəlalardan sonra özü dediyi kimi:

Ay Sinə! Qarabağ yaddan çıxanda

Dözməyib dərdinə, şair olmuşam.

Vətənimi verən olsa əlimə,

Onun ayağına düşüb ağlaram və yaxud;

Atalar deyibdi, tökülən dolmaz,

Varından pay verən, naumud qalmaz

Anadan, torpaqdan pay vermək olmaz

Ürəyim od tutub yanar, ağlaram.

Düz deyirsən, Nəcim kişi, Anadan, Torpaqdan pay olmaz. Ana da, Torpaq da bizim xalqımızın başucalığı olmalıdır, and yerimiz, qibləgahımız olmalıdır. Nəcimin «Niyə ağlaram» şerini bu baxımdan həyəcansız oxumaq mümkün deyil. Şair Qarabağ torpaqlarının düşmən çaynağına keçməsində, ilk növbədə özümüzü günahlandırır; sapı özümüzdən olan baltaların namərdliyini, satqınlığını açıb göstərir:

Sapı bizdən olan, baltanın özü,

Gördünmü çıxartdı, «neçə min gözü»?

Düşmənə verildi, Gəyənin düzü,

Ceyranları yada düşür, ağlaram.

Puç oldu «ümidim», beş il cağbacağ.

İndi «tamam gedir» Vətən, Qarabağ.

Nəcim Sinənin dərdi köçkün dərdidir, özümüzə ərkin dərdidir, dərdimizi dərkin dərdidir, ən başlıcası isə dünya boyda türkün dərdidir.Nəcim bu dərdləri yaşaya- yaşaya:

Bu «yeni körpüdə möhkəm olsa tağ»

Sevinər Nəcim, yenidən Qarabağ. Və yaxud:

Ayıl, millət!Torpağını özün al!

Gücü göstər, düşmənləri başa sal;

Əbəcdaddan bizə qalıb bu torpaq,

Şahiddi, həm tariximiz, bir də haqq.

«Səbri gen» şair Vətənin bütövlüyünü arzulayır. «Taleh gözləməkdədir» şerində özü-özünə sual verir, bu suallarda yüksək insani keyfiyyətlər ifadə olunur. Şair ədalətli adamlardan umur, zəhməti itəndə kədərlənir, ancaq ümidə bel bağlayır, nişanlı qızların, ağbirçək nənələrin, oğul itirmiş anaların göz yaşlarını görüb ürəyi sızlayır:

Arzu nə qədər çoxsa,

Taleh gözləməkdədir.

Nəcimin şerlərində günümüzün reallıqları (qaçqıqlıq, işsizlik,gün-güzəran, xalqın ağır həyatı vədinə xilaf çıxanların yalançılığı, riyakarlığı, qəbirstanlıqda torpaqların satılması və s. problemlər) və bunları doğuran səbəblər açılıb göstərilir. Haqsızlıq, qohumbazlıq, regionçuluq, ədalətsizlik, rüşvətxorluq, məmurların özbaşınalığı və s. bir bəla kimi qeyd olunur.

Dedim ki, gizlətmən dinsizləri siz,

Bura onları siz gətiribsiniz.

Dedilər:» Ay xəsis, bəs siz kimsiniz?»

«Qaçqın»- dedimə bərkdən güldülər.

Nəcim, de ki, Vətənim var, soyum var,

Bizdə buna həm hünər var, cözüm var,

Heç gülməyin, alınacaq torpaqlar-

İgid Nəbim, Həcərimə güldülər.

Nəcimin bu şeri («Güldülər») M.Füzulinin «Şikayətnamə»sini ideya- məzmun baxımından xatırladır.

Nəcim şerlərində rüşvətxorluğun ifşasına geniş yer ayırıb: «Keçmişdən mirasdı», bax bu aqibət,

Xalqı qarət edib, «indiki rüşvət».

Şair doğma Cəbrayılı «qəhrəmanlar yurdu» adlandırır, ulu elin igidləri, şəhidləri ilə öyünür:

Gəzdim kainatı, olmadı tayın,

Dünyaya çatıbdı, əsrlik hayın,

Azalıb, düşmənlər alacaq «payın»,

Çoxdu mərd övladın, əmr ver «ayıl»!

Bu dardan qurtarsın, səni Cəbrayıl!

Nəcimin şerlərində yeni fikir, yeni söz deyimlərinə tez- tez rast gəlmək olur.Hiss olunur ki, Nəcim Sinə elin müdirik kəlamlarını hələ kiçik yaşlarından ata- babasından öyrənmişdir. Bunların əksəriyyəti etnoqrafik səciyyəli ifadələrdir. «Yüz t a p ı n başını bir dərə kəsər»; Düşmən girib ürəyimi t e y l ə y i b; Güzəranlar günü- gündən yey idi; Quyuda su yoxsa, tökməklə dolmaz; Dünyadan sulu köçmək; - üzü sulu; «torpaq götürməz töhmət»; «qışdan yaza çıxa bilməmək», «qaçqınlıq donu biçmək», «üstünə şələ düşmək», «düşmən dilini kəsmək», və s.

Şair bu gün dilimizin yad ünsürlərlə həddən artıq yükləndiyinin əleyhinə çıxış edir. «Babalı öz boynuna» şeri başdan- başa Azərbaycan dilinin təmizliyini, saflığını tərənnüm edir, bu yolda özümüzü, biz dilçiləri də qınayır:

Bir çox «sözlər» dilimizi edib «yad»

Bəs dilimiz kimdən gözləsin imdad?

Vaxt gələcək, ediləcəkdi «fəryad»

İnciyənin babalı öz boynuna.

Şairin şerlərində Gəyən düzü,Tumas, «Köhnə qala», «Tumas ata», «İrəzgə», «Hacı Qaraman», «Başı kəsik» künbəz, «Qurdlu quzey», «Üç təpə», «Sarı yoxuş», «Dərə məhlən», «Dərə surçan», «Dul-dul», «Dizgə dağı», «Sulu küfül», «Ballı qaya», «Söyüdlü», «Yel quyusu», «Divlər sarayı», «Çay dərəsi», «Sal qaya», «Qurd yolu», «Bazavız meşəsi», «Xanağa bulaq», «Qazan zəmi», «Böyük dağ», «Ocaq qala», «Ayaz görməz», «Ənsər suyu», «Uzuncaqoşunlar», «Kordaş», «Qajırlı qaya», «Kəmərə», «Qamışca», Soltanlının «İlanca», «Topçaq düzü», «Sulu Qobu», «Yantəpə», Qılıclı, «Yellicə», «Kəpirtəpə», «Qaşqamış» «Diridağı», «Ağoğlan», «Dəlidağ», «Pəriçınqıl», «Ziyarətdağı», «Bazarçay», «Sorsor», «Üçağaç», «Kirs dağı» və s. təsvir obyektinə çevrilmişdir. Bu toponmik vahidlərin təsviri şairin el-oba adlarına dərindən məhəbbət bəslədiyini bir daha açıqlayır.

Şair Dağ Tumasın, Soltanlının, Keçəl Məmmədlinin təbii mənzərələrini, toponimik aləmini vəsf etməkdən heç olmasa təskinlik tapır:

Dolmuşam, yaza bilmirəm,

Qəribəm, dözə bilmirəm

Sənsizəm, gəzə bilmirəm,

Yıxıb qəmin, Tumas sənin.

Vətənində vətənsiz olan Nəcimin Vətən həsrətli bayatılarında həsrətini, intizarını çəkdiyi Cəbrayılın müqəddəs ocaqları tərənnüm olunur:

Buludların indi batıb,

Çünki səni xain satıb,

«Köhnə qala»n çox pis yatıb

Bəlan çoxdu, Tumas sənin.

Dünya ümidlə yeyilir,

Adım, səninlə deyilir,

Həsrətin belimi əyir,

Dərdin sənin, Tumas sənin.

Nəcimin bayatıları «Yer-göyüm haray», «Vətən dərdi çəkənlər», «Vətən sarı», «A qaçqınlı günlərim» başlıqları altında toplanmışdır. Bu bayatılar Vətənin azadlığı üçün elimizə-obamıza haray çəkir, onları köməyə səsləyir:

Nəcim, dedin mən varam,

Həm namısam, həm aram.

Səndə qisas qoymaram,

A qaçqınlı günlərim.

Səbir kasası dolan şairi bu zəmanədə əsir torpaqları, incik kəndi, «qaçqınlıq», «yardım» adları, cavabsız suallar, ədalətsizlik vaxtından əvvəl qocaldır; düşmənin yersiz kələyi qarşısına aciz qaldığımızı görüb heyfslənir, acı- acı təəssüflənir:

Əyrini düz görən, öz «özümdədi»,

Mənə xain olan «öz-özümdədi»,

Vədi yalan çıxan, öz sözümdədi,

Onu siz qoymayın, qocaldır məni!

Gör, nə böyük dağıq, dözür səbrimiz.

Heyf Ana torpaq, heyf kəndimiz.

Yaxşı cəhətlərdən biri Nəcimin ulu sənətkarlarımızı yad etməsidir; Sabir, X.R.Ulutürk, qəzəlxan Ə.Vahid («Sən ürəkdəsən») haqqında yazılmış poetik nümunələr keçmiş irsimizə böyük etiramın ifadəsi kimi səslənir. Nəcim Sinə böyük satirik şairimiz Sabir kimi yazır: düzü-düz, əyrini-əyri. «Düzü-düz yazmasam, bil ki, məzaram», Özünə ustad seçdiyi X.R.Ulutürkə həsr etdiyi «Yazmasam, məzaram» şerində görkəmli azadlıq carçısı ilə fikir və məsləkcə birləşir; ölkənin daxili «intizamından» yazır, münasibətini bildirir.Şairin «Vətən yaxşıdı» şerində yüksək mənəvi keyfiyyətlər, «Qolum yanıma düşübdü»də əlacsız bir şairin Vətən dərdi; ağı qara edən zəmanə ittiham olunur («Bizim zəmanə»).

Mən də günü keçmiş yoxsul xocayam,

Vətəndən uzağa düşmüş qocayam,

Orada «dam»idim, indi «baca»yam,

Bunu sən etmisən, bizim zəmanə.

Məlumdur ki, «baş bilənlər» torpağın veriləcəyini qabaqcadan bilib, xalqdan xəlvət, öz «var-dövlətlərini» əvvəlcədən təhlükəsiz yerlərə köçürüblər. Nəcimin «Həyan olmadı» şerində həmin məsələlərə toxunulur:

«Duman, çən çiskinlə gəldi üstümə,

Onun gəldiyini deyən olmadı.

Boğulurdum, bürünmüşdüm tüstümə»

Hərə öz hayında, görən olmadı.

«Cavabını bilmirəm»də həyatı ümidlə yaşamaq eşqi, «Ürək-dirək»də qəribçilik, Vətənə dönmək arzusu(Vətən üçün həyat boyu yanmalı); «Vəfasız dünya»da sonu bilinməyən, Süleymana qalmayan qəliz, zalım, qoca dünyanın işləkləri; «Pis nəzər, pis söz»də (Sinəyəm, ilahamı aldım gözəldən, Yaradan saxlasın, o bədnəzərdən); «Bizim dağlar»da bizə quyu qazanlar, Vətənə, onun dağlarına qovuşmaq istəyi (Yol aç qucaqlaşaq dağlar), şair dağlarla insanların dərdini- sərini eyniləşdirir (Biz səninlə bir dərdliyik, Biləsiniz nə çəkirik); «Dinlə, gənc əsgər»də gənclərə nəsihət əsas yer tutur, toprağı qorumağın sirrləri öyrədilir; «Yadıma düşüb»də sağlamlıq ocağı Cəbrayıl elləri,_Hacı Qaraman, Mazan Nənə ocaqlarının insana verdiyi xoş ovqat tərənnüm olunur, «Lager»in təmiz havası, «Ayı bulağı»nın saf suyu yada düşür» (Aşıq Ələsgərin qoşmalarını xatırladır, elat, dağ, aran, üzlü pendir, sapsarı yağ, motal tutma, «Oba» yurdu). «Bihuş olaydım» şerinin təsir gücü adamı mat qoyur, heyran edir, arzudan istək doğar deyiblər,- babalarımız, arzuların çin olsun Nəcim kişi,bu arzu fərdi keyfiyyət daşımır, bu arzu yer üzündə öz əzəli torpaqlarına həsrət qalan, bu bəlaları sadə xalqın başına açan oyunbazlara, torpaq alverçilərinə lənətlər oxuyur (Dağtumasda daş olaydım; Kirs dağında qaş olaydım; Hələ xeyir şəri kəsir,Birlik yoxdu edə təsir,Torpaqlarım qalıb əsir, Ağoğlanda «döş» olaydım»; Ağlayanda yaş olaydım», «Qubadlıda qış olaydım»,»Kaş bu anda quş olaydım»,Vətən azad olan zaman,Kəsiləcək çoxlu qurban,Sinə, onda «nuş «olaydım. Arzuya bax, bu, ürəkdən gələn, torpağa əzəldən bağlı olan bir insanın ən ali arzularıdır.Kaş o gün tez gəlsin, sən də, bütün köçkün və qaçqınlarımız da arzularına çatsın, Nəcim kişi!!!.

Nəcimin şerlərində xalqdan gələn ifadələr həddən artıq çoxdur: «Hörmçəkdən can almaq», «ley vuran kəklik tək», «ömrə möhtac olmaq», «baş dəbərtmək» və s.

Nəcimin kitabda xeyli qoşması toplanmışdır. Bu qoşmalar ənənəvi olaraq saf və təmiz məhəbbəti tərənnüm edir («Yara qurban», «Yar imiş», «Sevən mənəm», «İkimizindi», «Qarğış», «Sevgilim», «Hicran», «Ala gözlər» və s.).

Nəcim Sinənin «Bu qaçqınlı günlərim» kitabında bir sıra poemaları da toplanmışdır. Yaşadığımız dövrün təzadları, iqtidar-müxalifət münasibətləri «Dünən geri dönməyəcək» və «Dövran qan ələyir» poemalarının mövzusunu təşkil edir.

«Günahkar kimsə» poemasında Böyük Vətən Müharibəsi illərində baş vermiş qeyri-adi hadisələr, müharibənin insan mənəviyyatına, heysiyyətinə, əxlaqına vurduğu yaralar və s. təsvir olunur.

«Kimdi şərbəndə?» peması İran azərbaycanlıları ilə bizim aramıza olan soyuqluq hisslərinin tərənnümünə və eləcə də düşmən toxumu səpənlərin ifşasına həsr olunmuşdur:

Aramıza girən, bu qədər şərin,

Günahı kimdəsə, o şərbəndədi;

Əzəldən bir olub, ata-babamız,

Bir olub anamız, Vətən, Qalamız

Bir-birinə can deyibdi balamız.

Sonrakı soy uqluq, görək nədədi?

Günah kimdədirsə, o şərbəndədi.

Nəcim Sinənin şerlərində bəzən dilin zəruri normaları pozulsa da, fikir yeniliyi, ifadə gözəlliyi onu üstələyir, ona görə də biz onun şerlərinin dili, qrammatik norması üzərində heç bir əməliyyat aparmaq fikrində olmadıq; çünki üsluba toxunmaq, bizcə, şeri alt-üst edə bilərdi.

Türklərdə belə bir kəlam var: Bizə də bir gün doğar. Bu fikri Nəcim Sinə bu cür poetikləşdirib:

Bu acılı günün sonu bitəcək,

Üstən qara bulud uçub itəcək.

Sinə qaçqınlarla kəndə dönəcək,

Edəcək özünü sipər Vətənə!

Biz inanırıq ki, tez bir zamanda qaçqınlıq günlərinin sonu olacaq, ağ günlər başlanacaq, xalqımız öz doğma dədə- baba torpaqlarına qayıdacaq, onda Nəcim Sinə öz nəğmələrini daha ağrılı-acılı, qəmli- kədərli günlərə deyil, xoş, firavan gələcəyə oxuyacaq Bu yolda Nəcim kişiyə möhkəm can sağlığı, dözüm və dəyanət arzu edirəm.

İsmayıl KAZIMOV, filologiya elmləri doktoru (Kitaba ön söz - 23 yanvar 2003-cü il).

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz