.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Axısqa türklərinin dili öyrənilir

prof. TOFİQ HACIYEV

 

Bizim öz tarixi yükümüz var, biz onu daşımalıyıq. Azərbaycanın tarixi çəkisi – ədəbi, elmi, mədəni məzmunu onun coğrafiyasından çox-çox böyükdür. Tarixən belə olub, indi də Azərbaycan alimi yalnız öz tarixinə qapılmayıb, yardıma ehtiyacı olan qardaşını da öyrənməlidir. Bunu dövlətçiliyimizin səviyyəsi də tələb edir. İndi ictimai humanitar elmin öz qınına çəkilməli olduğu dövr deyil. İndi öz sözünü demək üçün daha «böyük qardaşın» icazəsinə ehtiyac yoxdur. Vaxtilə türkologiyanı türk dilçiliyinə çevirən rus siyasəti türklərin bir-birinin tarixinə bələd olmaq imkanından məhrum etmişdi. İndi həmin məhrumiyyət çərçivəsi sınıb, ancaq bu çərçivdən cəsarətlə çıxan filoloqlardır.

Babalarını, əcdadlarını heç kəs filoloqlar qədər tanımır. İqrar Əliyev Füzulini nə tanıyır? Tanısa da, belə tanıyır ki, Füzuli Məcnun adlı bir dəlidən və ata-anasının sözünə baxmayıb bu dəlini sevən Leyli adlı bir özbaşına qızdan danışır. Əslən tanısa, görərdi ki, Füzuli Nofəli türk sərkərdəsi kimi verib. Yəni Füzuli milli tarixini sevib. İqrar Nəsimini tanısa, bilərdi ki, dünya tarixində ilk dəfə şirvanlı Nəsimi ədəbiyyatı azadlıq bayrağına, ideya silahına çevirib. O bilmir ki, Nəsimi öz əqidəsi, məsləki yolunda qətl olunandan 25 il sonra Cordano Bruno anadan olacaqdı. İqrar M.Hadinin «Qoymuş meləl imzasını övraqi – həyata, yox millətimin xətti bu imzalar içində» misralarından xəbərsizdir. İqrar o Hüseynzadə Əlibəyi gözünün düşməni bilir ki, o, türklüyün imamı sayılır. O, «Füyuzat»ın 1-ci nömrəsində dünya memarlığının qaşı olan Tac mahalın şəklini verib dedi ki, onun memarı türkdür. Həmin 1-ci nömrədə «Faust»dan tərcümə verdi ki, Füzulinin nəvələri Avropadan xəbərsiz deyil. Namiq Kamalı L.Tolstoyla müqayisə etdi ki, Avropanın Tolstoyunu Şərqə tanıtsın və qərbə desin ki, bizim Tolstoy boyda Namiq Kamalımız var. Ancaq bunları bilən tarixçi bizim obyektiv elmi tariximizi yazar. Əvvəl olduğu kimi, yenə bizim elmimiz üçün deyilməmiş sözü filoloq deyir. Bu söz Kazımov İsmayıl Babaş oğlunun «Axısqa türklərinin dili» adlı doktorluq dissertasiyasıdır. Dissertant tədqiqatını təhlil edəcəyi dilin sahiblərinin tarixindən və tarixi coğrafiyasından məlumatla başlayır. Bu məlumat iki baxımdan gərəklidir. Birinci ona görə ki, dilin tarixi kateqoriya kimi inkişafı xalqın tarixi ilə bilavasitə bağlıdır və bu dilin məzmununu qavramaq üçün həmin tarix oxuyana yardım göstərir. Yəni deyək ki, axısqalıların özləri qıpçaqdırlar, ancaq onların dilində çoxlu oğuz ünsürlərinin olması nə ilə şərtlənir. Lüğət tərkibi, xüsusilə toponimlərinin mənzərəsini aydınlaşdırmaqda, ədəbi dilin ancaq folklor dili kimi mövcudluğu haqqında təsəvvürü əyaniləşdirmək üçün bu tarixi məlumat bizə bələdçilik edir. İkinci, bu xalq haqqında sistemli tədqiqatlar, tarix əsərləri azdır, onlar müxtəlif münasibətlərlə epizodlar şəklində yad olunmuşlar, başqa xalqların tarixindən danışarlarkən yeri gələndə onların barəsində iki gəlmə deyilmiş. İ.Kazımov həmin epizodları və «iki kəlmələri» yığıb bir yerə gətirmiş və axısqalılar haqqında az-çox sistemli məlumat vermişdir. Bununla yanaşı, bizim üçün bir aktuallığı da ondadır ki, bu tədqiqatın tarixi məlumatı dolayı şəkildə yox, məhz bilavasitə azərbaycanşünaslıqla bağlıdır. Çünki dissertant Zaqafqaziyanı qədim türk coğrafiyası kimi təhlil edir. Bu təhlil mənim, sənin, ya başqa bir azərbaycanlının yox, gürcünün, avropalının tədqiqatlarına söykənir. Gürcü öz tarixi coğrafiyasını havayıdan türkün ayağına yazarmı? Gör fakt nə qədər qaçılmazdır ki, gürcü bu qədim gürcü coğrafiyasında türkün məskunluğunu etiraf edir. Və deməli, bu tədqiqat göstərir ki, Azərbaycan da daxil olmaqla qədim Zaqafqaziya tarixi türk kontekstindən kənarda tarix deyil.

İ.Kazımov axısqalıların tarixi vətəni olan cənub-şərqi Gürcüstanda bu gün Xona və Xoni adlı kəndlərin, Xunan qalasının olduğunu aşkar edir. Bu toponimlər ciddi tarixi damğalardır. Bunlar hun etnoniminin gürcü tələffüzüdür. Bu, türk sözü deyil ki, deyəsən, Şah Abbasın istilası ilə bağlıdır, Oğuz deyil ki, 8-ci əsrdən sonraya aid edəsən. Məlumdur ki, hun dövrü Ü əsrdə qurtarır. Deməli, bu toponimlər axısqalıların və ümumiyyətlə, türklərin həmin ərazidəki yaşayışı tarixin dərinliyinə aparır. Axısqalıların quzey ərazisində Azqur kəndi var.Bunun a z (qədim türk tayfası, Orxon abidələrində adı keçən və Azərbaycan adındakı a z) və q u r (quz\\oqur\\uqur türk etnonimləri) hissələrindən ibarət olması göz qabağındadır.Axısqalıların Gürcüstanda yaşadıqları ərazilərdə hun-bulqar, qıpçaq tayfalarından olan q u l, ç o l, u d i, t o b a etnoslarının adları ilə ifadə olunan Ude,Ağ Qullar, Çol, Toba\\Tuba (həmçinin Sxaltuba, Xeltubani, Qurutuban toponimlərində tubi, tubani,tuban tərkib hissələrinə diqqət yetirin) yaşayış məntəqələri də öz qədim sakinlərindən xəbər verir.

Abastuman\\Abastuban toponimi də həmin qəbildəndir. Hesab etmək olar ki, toponimin abas hissəsi də avas qıpçaq tayfa adının fonetik təzahürüdür. Eyni dərəcədə müxtəlif tayfaların məskunlaşmasının nəticəsi kimi calaq etnotoponimlərin yaranması geniş yayılmış hadisədir . Abastuman \\ tuban avasların və tubaların yaşadıqları yeri ifadə etmişdir (yuxarıda Azqurun azlar və qurları bildirməsi kimi). Hətta ilk orta əsrlərdə Gürcüstanın Kartveloba (Kartvel\\Gürcü+oba) və Didi Türkoba (Böyük Türkoba – oba indiki –stan şəkilçisinin əvəzidir) adı ilə iki hissəyə ayrılması məlumdur. Dissertant mötəbər mənbələr əsasında, həm də məhz Gürcüşünaslıqda qəbul olunan elmi ədəbiyyatlardan çıxış edərək göstərir ki, eramızın VIII əsrində Gürcüstanda geniş dairədə xəzərcə danışırlarmış – yadımıza bu tarixi faktları salsaq ki, həmin əsrdə həqiqətən xəzər dövlətçiliyi çox yüksək inkişaf və nüfuz dövrünü yaşayırdı, məsələn, Bizans ərəblərə müqavimət üçün xəzər ordusundan istifadə edirdi, xəzər dilinin Zaqafqaziyadakı işləkliyini, ünsiyyət dairəsinin genişliyini təsdiq etmək gərəkdir. Yenə elmi mənbələr təsdiqləyir ki, eramızın XI-XII əsrlərində Kartlidə əhalinin ümumi balansında türklər üstünlük təşkil etmişdir. Bu ərazilərdə türkün məskunluğunun qədim tarixə malik olduğunu bildirən dissertant hələ e.ə. VI-IV əsrlərdə burada buntürk adlı etnosun varlığını təsdiqləyən elmi mənbələri göstərir. Prof. E.Əzizovun və bu sətirlərin müəllifinin etimologiyasına görə buntürk «qalıntürk» (qalın-gur, çox, böyük mənalarında) deməkdir. Bu qalın türklər o yerlərdə qeydə alınır ki, «Dədə-Qorqud kitabı»nda Qalın Oğuz dövləti həmin ərazidə təsvir olunur. Deməli, prinsipcə Qalın Oğuz Qalın Türkün (Bun Türkün) varisidir.

Zaqafqaziyada türk etnoslarının e.ə. başlayaraq mövcud olmuş olması ilə bağlı dissertantın gətirdiyi mənbələri bir xeyli də artırmaq olar. Ancaq bunlarla da inanmaq olur ki, Zaqafqaziyanın, bütövlükdə qafqazın etnik və siyasi coğrafiyasında çox-çox qədimlərdən türk fəal iştirak etmişdir. Bu, bir dilçi alimin mövcud faktlara dayanaraq gəldiyi nəticədir. Ancaq bizim Tarix İnstitutunun direktoru İqrar Əliyev vaxtilə Rus - Sovet imperiyasının sifarişi ilə e.ə. və ilk orta əsrlərdə Zaqafqaziyada türkün izi-tozu, əsər-əlaməti olmadığını deyir. Və qəribə deyilmi ki, bu gün müstəqil Azərbaycanın Tarix İnstitutunun rəhbəri kimi də həmin mövqeyindən əl çəkmir. Heç yuxarıdakı faktların hamısını demirəm, məktəblilərin də ,tələbələrin də bildiyi buntürk faktını İqrar Əliyev bilmirsə, nə tarixçidir, bilirsə, ancaq danırsa, onda o bu xalqın düşmənidir. Tarixi mənbələrdə türkün maddi mədəniyyəti, döyüş vasitələri, silahları və döyüş üslubu, geyimləri, süfrəsi (yeməyi, içməyi), adətləri və onunla bağlı davranışları (toy, yas mərasimləri), dövlətçiliyi, eləcə də coğrafiyası haqqında kifayət qədər məlumatlar var. Skiflər – saklar haqqında analoji təsvirləri əlaqələndirib də onların türklərlə etnik-genetik birliyini qavramayan adamın özünə taixçi deməyə nə haqqı var? Skifin at üstündə oturuşunun, at üstündə ox atmasının təsvirində türkü görməyən alimin düşüncəsində məntiq axtarmaq nə qədər məntiqə söykənir? Türklə skifdən başqa hansı etnosun atın südündən və ətindən qida kimi istifadə etməsini tarix qeydə alıb? Türkün tanrıçılıq inancında skifin teoloji təsəvvürünü oxuya bilməmək üçün tarixçi gözlərini qara ilə örtsün gərək. Uzaq Şərqdən, Yapon dənizindən Dunaya qədər torpaqlarda yollara at belində ancaq türk və skif adlanan etnoslar eyni dərəcədə bələddirsə, bunlar ya bir-birini təqib edən düşmənlərdir, ya da eyni etnoslardır. Avrasiyaya bu dərəcədə sahiblik edən iki yox, ancaq bir etnos var. Avrasiya anlayışı ancaq türkün adı ilə bağlıdır. Arxeoloji sənədlərin dili ilə Okladnikov təsdiq edir ki, Avropa Sibirdən başlanır. Sibiri Avropaya daşıyan türkdür. Deməli, həmin yolu eyni nəqliyyatla, eyni sür'ətlə eyni hərəkət üslubu ilə keçən skif elə həmin o özüdür. Bir yunan filosofu deyir ki, eyni suya iki dəfə düşmək olmaz. Eyni zaman kəsiyində, eyni coğrafiyada yaşayan etnosu bir ölkənin tarixçisi türk, başqa ölkəninki skif kimi təqdir edirsə, bu etnoslarda eyni tarixi subyekti görməmək o deməkdir ki, bir axar suya iki dəfə düşmək mümkündür – bizim Tarix İnstitutunun direktoru İqrar Əliyevin fəlsəfi -məntiqi idrakı belədir.

İsmayıl Kazımovun tədqiqatı həm qafqazşünaslığa, həm də türkologiyaya başqa bir aydınlıq da gətirir. Adətən tarixçilər hesab etmişlər ki, türkün Sibirdən – Altaydan Avropaya axını – hərəkəti iki məcra ilə getmişdir: Xəzərin şimalından, Qafqazın şimalı boyunca və Xəzərin cənubundan, Anadolu boyunca. Fikir belədir ki, şimaldan qıpçaqlar, cənubdan Oğuzlar axın etmişlər. Bunu təsdiqləyən göstəricilər də var: şimal yolu boyunca başqırdlar, qazan tatarları (əskidə bolqar adı ilə), qumuqlar, qaraçaylar, balkarlar, Ukrayna və Bolqarıstan türkləri; cənub yolu boyunca türkmənlər, Azərbaycan, Anadolu və Balkan türkləri.

Axısqa türklərinin dili qıpçaq mənşəlidir. Ancaq onların məskunlaşdığı coğrafiya oğuz yolunun üstüdür. Elmi mənbələrin təsdiqləməsinə görə Axısqa türklərinin cənub-qərbi Gürcüstanda məskunlaşması Altay-Dunay marşrutu üzrə hun dalğaları ilə bağlı olmuşdur. Axısqa bölgəsi «tayfalar qapısı» adlanıb. Bura Asiyadan Avropaya keçid məntəqədir; hər etnik dalğa çöküntü verir. Ən gur və ən sür'ətli dalğa hunların olub – axısqalılar da onların yadigarıdır. Buradan birinci o nəticə hasil olur ki, axısqalıların dili M.Kaşğarlının «Divan»ındakı türk tayfalarının klassifikasiyasına müvafiq gəlmir. Və ümumiyyətlə, «Divan»dakından əvvəlki türkcənin yaşanışıdır. Axısqalıların dilində oğuz-qıpçaq hibridi görünür. Əlbəttə, bunu müəyyən dərəcədə Anadolu oğuzcasının qonşuluğu ilə də əlaqələndirmək olar. Ancaq burada Anadolu – Səlcuq oğuzcasından daha qədim, deyək ki, Orxon-Yenisey kitabələrindəki oğuzcanın izləri özünü göstərir. Yəni Kaşqarlıdakı oğuz-qıpçaq diferensiallığı sonrakı hadisədir. Ondan çox-çox əvvəllər, görünür, oğuzca-qıpçaqcanın hun konsolidasiyası getmişdir. Axısqa türklərinin dili həmin konsolidasiya dövrünün yadigarıdır.

Axısqa coğafiyası vaxtilə uzun bir məsafə qət edən hun köçünün mütləq dayanacaq – yurdlarından olmuşdur. Bu, çox təbii baş vermişdir. Quru yolu ilə gələn böyük insan kütləsi dəniz ilə qarşılaşır onun burada dayanması yanlnız dincəlmək, nəfəsini dərmək üçün deyil, həm də, bəlkə də ən çox düşünmək, qərarlaşmaq üçündür. «Yolu necə davam etdirmək lazımdır?» sualına cavab axtarılır. Qara dənizin cənubu və Balkanların, şimalı və Azovətrafı coğrafiyanın tarixi – etnik mənzərəsi göstərir ki, burada hunlar bölünmüş, bir hissəsi Qara dənizin cənubu ilə yoluna davam etmiş, bir hissəsi də, bəlkə daha böyük kütləsi Qafqazın şimalına doğru hərəkət etmiş və Qara dənizin şimalı boyunca, Krımdan və Azovun üstündən, Dunay yolunu seçmişlər. Bura haçalanma məntəqəsi olmuşdur. Biz dissertantın Axısqa etnonimini «ağ saka» şəklində etimolojiləşdirməsinə şərik oluruq. Ümumiyyətlə, «ağ hun» (eftalitlər) anlayışı var. Beləliklə, həmin ayrılma məntəqəsi ağ sakaların (sonralar: axısqalılar) oturaq yerinə – vətəninə çevrilmişdir.

Bu aydın və zəruri tarixi məlumatlardan sonra və onun işığında dissertant Axısqa türklərinin dilinin monoqrafik təhlilini verir, Axısqa dilini fonetik, leksik, morfoloji, sintaktik yaruslarda tədqiq edir.

Axısqa türklərinin özünəməxsus dil xüsusiyyətləri, birinci, fonemlər sistemində görünür. Dissertant bu dilin vokal və konsonant sistemlərinin mənzərəsini bütöv canlandırmaqla bu məxsusilikləri əyani göstərir. Yuxarıda qeyd etdiyimiz daha uzaq qədimliyin əlamətləri, ilk növbədə, fonetik-tələffüz faktlarında qorunub saxlanmışdır. Qovuşuq nq\\ng, ts, dz səsləri bu baxımdan diqqəti xüsusi cəlb edir. Maraqlıdır ki, bu səslər Azərbaycan türkcəsinin dialektlərində də var. Məsələn, nq\\ng səsləri ilə Azərbaycan dialektlərində, ümumən, donquz və yengi, Cəbrayıl şivələrində sonqra sözləri işlənir. Göründüyü kimi, həmin qovuşuq səs, bizdə, ancaq konkret sözlərdə qalır, ancaq Axısqa türkcəsində onun işlənməsi sistem təşkil edir – müvafiq məxrəcdə istisnasız olaraq özünü büruzə verir. Bu da diqqəti çəkir ki, həmin qovuşuq səsin cilalanması ilə baş verən səs keçidi də həm Azərbaycan, həm də Axısqa türkcəsində müşahidə olunur. Axısqa türkcəsindəki könül əvəzinə kövül, donuz əvəzinə dovuz deyilişi bu qəbildəndir. Əslində burada n-v keçidi yox, daha mürəkkəb, çoxkeçidli mürəkkəb təkamül getmişdir: nq qovuşuq səsində (könqül) n yarımməxrəci itmiş, qalan q ünsürü iki sait arasında ğ səsinə, o da v səsinə keçmişdir.Göründüyü kimi, qədim mürəkkəb səsin ardıcıl sadələşmə prosesi gedir.

Axısqa türkcəsindəki ts və dz qovuşuq səslərinə Azərbaycan şivələrində də təsadüf olunması Qafqazın qədim türk etnik tərkibi ilə bağlıdır. Naxçıvan və Cəbrayıl (Sirik kəndi) şivələrində ç a y sözünün t s a y, çəmən sözünün t s i m ə n fonetikası ilə Axısqa türkcəsinə uyğunluğu nə axısqacanın azərbaycancaya, nə də azərbaycancanın axısqacaya təsiri sayıla bilər. Bu, qədim hun-qıpçaq dalğasının bütün Qafqazı əhatə etməsi faktının təzahürlərindəndir. Tarixçilər bunu tarixi-etnik, dil arxeologiyası faktı kimi qəbul etməli və əzizləməlidirlər. Yaxud, Cəbrayıl rayonunun Sirik kəndində c a n sözü dzan, ciyər sözü d z i y a r şəklində deyilir ki, bu eyni dərəcədə qədimliyin yadigarıdır. Axısqa türkcəsində, Azərbaycan dialektlərində, eləcə də başqa türkcələrdəki ts, dz (dj) səslərini türkoloqlar ç və c məxrəcləri ilə bağlayırlar. Yəni bu qovuşuq səslər ç və c afrikatlarının mənşəyi olmaq etibarilə daha qədim dil hadisələridir.

Axısqa türkcəsində nəfəsli və nəfəssiz səslərin fonem məzmunu daşıyaraq sözlərdə məna fərqi verməsi maraqlı fonetik hadisədir: t i k a n nəfəsli t ilə i y n ə, nəfəssizlə ç ə p i ş, oğlaq,;ç a ğ nəfəsli ç ilə vaxt, adi deyilişlə ş ə b ə k ə mənalarını bildirir. Düzdür, ümumən, ərəb və gürcü sözlərində olsa da, söz başında ğ səsinin işlənməsi, görünür, qədim boğaz səsi olmuş q-nın qalığıdır. Bu faktların hər ikisi, həm nəfəslilik, həm söz başında ğ çox qədim və əslində ibtidai dövrün tələffüz qalığıdır.

Məlum olduğu kimi, söz ortasında samitlərin qoşalaşması (geminatlar) türkcələrdə əlamət, kəmiyyət bildirən lüğət vahidlərində müşahidə olunur. Axısqa türkcəsində belə nümunələr qeydə alınır: d o x x u z (doqquz), o t t u z (otuz), h ə p p i m i z (hamımız), a ş ş a ğ ı və s. Bu hadisə samit qoşalaşmasının morfoloji məzmun daşıdığı dövrün faktı olmaqla, bizi dilin arxeoloji dərinliyinə aparır.

Tədqiqatda geniş nümunələrlə müşayiət olunan y- g (ögüd), s-ş istər-iştər), s-z ( sərxoş-zarxoş) ,c-j ( bonjuk- muncuq) ,m-b ( mənəmşə- bənövşə) Axısqa türkcəsinin fonetikasını səciyyələndirən xüsusiyyətlərdəndir.

Axısqa türkcəsinin leksikasının təhlilində tədqiqatçı dilin lüğət tərkibinin ümumi mənzərəsini canlandırmaqla həm də bu xalqın maddi mədəniyyəti, həyat tərzi, təsərrüfatı ilə bağlı təsəvvür yaradır. Terminoloji səciyyəli leksikanın məzmunu özlüyündə tarixi yük daşıyır. Kənd təsərrüfatı, əkin-biçin və heyvandarlıqla bağlı terminlər Axısqa türklərinin qədimdən oturaq əməklə məşğul olmasından xəbər verir. Bir tərəfdən, axısqalıların hun-qıpçaq əsilli olmaları, o biri tərəfdən, əkinçiliklə, oturaq təsərrüfatla məşğul olmaları bir daha dəlalət edir ki, hun köçləri didərginlik, təsərrüfatsızlıq, evsizlik-şinniksizlik nəticəsi deyil, əksinə, dolğun təsərrüfat üçün münbit torpaq axtarışı, quruculuq üçün sabit məkan qazanmaq istəkləridir.Bu leksikada Türkiyə türcəsi ilə səsləşmələr və ya oradan mənimsəmələr (çocux,nerə,nasıl və s.), Azərbaycan oğuzcasındakı ilə eynən səsləşən nümunələr (qurd, yorğan, yarpuz, pəncər və s.) ilə yanaşı, çox əski semantikası və fonetikası ilə seçilən lüğət materialı diqqəti cəlb edir (güz, tüy, kuşak, qızılcux «zoğal», buğday, arpay, hağıl «ağıl», boncux və s.). Məsələn, bu, çox maraqlıdır ki, bir qonşu türkcədə o r m a n (Türkiyə türkcəsi), o biri qonşu Türkcədə m e ş ə (Azərb. türkcəsi) kimi işlənən leksik vahid Axısqa türkcəsində Z. Yampolskinin «Avesta»nın dilində aşkar etdiyi fonetika ilə m e ş a şəklində özünü göstərir.

Axısqa türkcəsinin müstəqil dil kimi göstəriciləri sırasında başqa dillərdən alınan sözlərin öz yeri vardır.Təbii ki, burada canlı əhatə öz işini görür: ərəb, fars, rus- Avropa sözləri ilə bir sırada qonşu gürcü dilindən mənimsəmələr müəyyən yer tutur.Maraqlı odur ki, bu alınmaları axısqalılar türk fonetikasına uyğunlaşdırırlar: kırış (krışa-rusca),iliktir (elektrik), kuartal (kvartal) və s. Yuxarıda dediyimiz kimi, Axısqa türkcəsinin leksikasında toponimlər tarixi semantikası ilə diqqəti xüsusi çəkir. Məsələn, Xoni,Başıaçuk, Xalxal (indi:kənd adı;tarixən hun hökmdarının iqamətgahı), Sığnak, Ak-sıka, Azqur, Karaçuk və s. kimi onlarla kənd, şəhər, qala adlarından hər biri əslində bu gün bizim üçün bir tarixi kitabə- abidə sayıla bilər.Bununla belə bu günkü Axısqa onomastikasında dissertantın qeydə aldığı Zakir Tutadze, Sariya Lomidze, Xəlil Quzalaşvili, Lətifşah Barataşvili və s. soy adları leksik material yox, xalqın tarixi müsibətlərinin göstəricisi olan dil faciəsidir.

Tədqiqatın qrammatika bəhsində Axısqa türkcəsinin morfoloji və sintaktik kateqoriyalarının mənzərəsi əks olunur və elmi şərhini tapır. Morfologiya bəhsində hər nitq hissəsinin söz yaradıcılığından özündə bəhs olunur. Yəni ayrıca söz yaradıcılığı bəhsi açılmır, isim düzəldən sözdüzəldici şəkilçilərdən isim, sifət düzəldəndən sifət bəhslərində və s. danışılır ki, monoqrafik tədqiqat üçün bu qəlib qənaətbəxşdir. Təbiidir ki, türk dilləri üçün səciyyəvi olan leksik şəkilçilər burada da özünü göstərir. Maraqlı bir cəhət odur ki, axısqacada bu leksik şəkilçilər əski morfologiyası ilə çıxış edir: -ğac (tutğac - «əlcək», yaslanğac - «yastıq» və s.). Bu yol Azərbaycan türkcəsi üçün orta əsrlərə qədər keçilmişdir. İkinci tərəfdən, bəzi şəkilçilər Azərbaycan türkcəsində arxaikləşdiyi halda, Axısqa türkcəsində məhsuldar şəkilçi kimi fəaliyyət göstərir. Məsələn, -mac, -gək, -nax və s. Tədqiqatçı dilin müasir mənzərəsini olduğu kimi verir. Bəzi qrammatik şəkilçilərin paralelliyini görürük. Məsələn, ismin yönlük halından danışarkən həm –a, həm də –ğa şəkilçisi göstərilir və belə bir qeyd verilir ki, -ğa şəkilçisi ümumən yaşlı nəslin dilində işlənir. Əslində hun-qıpçaq dili olmaq etibarilə burada –ğa sistem təşkil etməli idi. Deməli, bu dil deformasiyaya məruz qalıb. Görünür, axısqalılar öz vətənlərindən- Gürcüstanın cənub-qərbində yerləşən Mesxeti diyarından didərgin düşəndən sonra gənclər yerli türkcələrin təsiri altına düşüblər. Bu xüsusiyyət hal kateqoriyasında da, mənsubiyyətdə də, felin forma şəkilçilərində də görünür – gah Türkiyə, gah Azərbaycan, gah da özbək türkcələri ilə səsləşmələr var. Maraqlıdır ki, əvəzliklərdə Azərbaycan türkcəsinin Şəki dialekti ilə uyğunluqlar diqqəti cəlb edir. Halbuki axısqalılar Şəki bölgəsi ilə canlı əlaqədə olmayıblar. Deməli, bu, tarixi faktdır. Yəni Şəki dialektində Azərbaycanın başqa şivələri və ədəbi dil ilə müqayisədə daha qədim nümunələr işlənir. Axısqa türkcəsində də əski hun-qıpçaq əvəzlik formaları saxlanır. Bütövlükdə tədqiqatda Axısqa türkcəsinin morfoloji mənzərəsi haqqında tam təsəvvür yaradılır.

Məlum olduğu kimi, yüksək abstraksiya xarakterinə görə, ümumiyyətlə, türkcələrin sintaktik quruluşunda diqqəti çəkən fərqli cəhətlər yoxdur. Dissertant söz birləşmələri, sadə cümlə tipləri, tabeli və tabesiz mürəkkəb cümlələrinin təsviri və tədqiqi ilə Axısqa türkcəsinin sintaktik quruluşu haqqında yaratdığı təsəvvürlə həmin fikri bir daha təsdiqləmiş olur. Aydın olur ki, axısqalıların azlıq təşkil etməsinə və pərakəndə halda yaşamasına baxmayaraq dillərinin mükəmməl sintaksisi var. Məhz bu sintaksisin kamilliyi ilə Axısqa manilərinin dilindəki bədii-emosional məzmun və təsir qədim və zəngin ədəbi dil olan Azərbaycan türkcəsindəki bayatıların səviyyəsində görünür. Bu nümunələrə diqqət yetirək:

Yeşilli çit səndədur,

Bir uci də bəndədür.

Cənnətdən huri çıxsa,

Gənə meylüm səndədür.

Yaxud:

Bu tağlar neçə tağlar,

Baş-başa vurur, ağlar.

Yari səndə buldisəm,

Yuz bin yaş yaşa, tağlar.

Eyni dil mükəmməlliyi məsəl və ata sözlərində də görünür – bu nümunələrdə atalar sözlərinə məxsus müdriklik, yığcamlıq göz önündədür: Yaxşı niyyat yarım dəvlətdür. Köti hava düzəlir, köti insan düzəlməz. İki kövül bir olsa, samanluq da saraydur. Yoxsulun bayla na qardaşı, eşşək atın na yoldaşı. Tiğ yarası eylanur, dil yarası eylanmaz və s. Bunlardan hər biri müəyyən leksik kəlamdır ki, axısqaların min illər boyu gələn həyat müşahidələrinin fəlsəfi ifadəsidir. Buradakı məcazlar, ümumiləşdirmələr yetkin bir dilin enerjisini göstərir. Çox sadə görünən adi məişət faktına bənzəyən bir məsəl: «Çobansız tavari böri yiyar». Halbuki çox ibrətli bir siyasi-tarixi ayindir ki, aydınca deyir: bir xalqın, bir etnik kollektivin fərasətli başçısı, istedadlı rəhbəri olmasa, gölə vəziyyətinə düşər, əsarətdə yaşayar. Axısqalılar Metoni, Atillanı yada salıb, bu sözü deyiblər. Dilin kamilliyi nəticəsində belə dərin məna çox sadə şəkildə ifadə olunur. Bu aforistik dil vahidlərinin tarixiliyini «Dədə Qorqud kitabı» ilə müqayisə edərdim. Axısqa türkü deyir: Anası nəsil isə, danası də elə olur». Dədə Qorqud deyir: «Qız anadan görməyincə öyüd almaz». Axısqa türkü deyir: «Türk sögdüxca qızar, durduxca bezər». «Dədə Qorqud»da bəylər bəyi Qazan xan Oğuz bəylərinə belə deyir: «Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu, yürüyəlim, a bəylər!» Sanki Axısqa türkünün türkün xarakteri haqqında ümumi şəkildə dediyi bu sözün məzmununu Qazan xan əyani şəkildə açıb göstərir. Dissertant Axısqa türkcəsinin sintaksisinin bu gücdə olduğunu açıb göstərir.

Bu dəyərli tədqiqat işində müəllifin bəzi mülahizələri ilə mübahisə etmək olar. 1. Biz tədqiqatçının «türkdilli hunlar» ifadəsi ilə razılaşmırıq. Bu, sovet ideologiyasından gələn bir təyinatdır. Sovet dövründə türk xalqlarına «türkdilli xalqlar»deyilirdi. Mənası bu idi ki, bu xalqlar etnik cəhətdən türk deyillər, zorakılıqla türkcəni qəbul ediblər. 2.Müəllif deyir ki, yeni eranın IV əsrindən hunların Qafqaza geniş miqyaslı axını başlayır.Halbuki hunların sürəkli axınları eradan əvvələ aiddir,eranın IV əsrindən səngiməyə başlayır və V əsrdən dayanır. 3. Deyilir ki, Axısqa türkləri həm antropologiyasına, həm də dil və mədəniyyətinə görə tatarlardan fərqlənirlər. Axısqalıları ağ hunlar, ağ sakalar sayan dissertant antropoloji əlamətdə haqlı ola bilər, ancaq tatarlar da, axısqalılar da qıpçaq sayılırlarsa, bu fərqlərin niyəliyi əsaslandırılmalı idi. 4. Şəkilçilərin bir variantda işlənməsini dissertant dilin təşəkkül səviyyəsinin nisbətən zəifliyi ilə izah edir. Halbuki, bu, türkcələrin qədim xüsusiyyətlərindədir və deməli, Axısqa türkcəsi əski morfologiyasını saxlayır. Məsələn, Füzuli dövrü ədəbi dilimizdə dörd variantlı –çı, -çi, -çu, -çü şəkilçisi bir variantda işlənib: ovçi, gözçi, başçi, bələdçi. Təbii ki, Füzulinin və dövrünün Azərbaycan türkcəsinin səviyyəsi məlumdur. 5. Axısqa türkcəsində ismin 9 halı göstərilir. Yəqin ki, bu kəmiyyət canlı, bugünkü Axısqa türkcəsinin hal sistemindən yox, bu dilə aid ədəbiyyatlardan gəlir. Təsadüfi deyil ki, əvəzliklərin hallanmasında məhz 6 hal göstərilir.

Əlbəttə, həmin qeydlər bu ciddi tədqiqatın səviyyəsinə xələl gətirmir. Bu fikirdəyəm ki, İsmayıl Babaş oğlu Kazımovun «Axısqa türklərinin dili» adlı tədqiqatı doktorluq dissertasiyasi tələblərinə tamamilə cavab verir. Bu əsər həm də müqayisəli dilçiliyin tələbləri ilə yazılmışdır. Tədqiqatda ümumtürk konteksti nəzərə alınmaqla yanaşı, Türkiyə və Azərbaycan türkcələri, gürcü dili ilə bağlı müntəzən müqayisələr aparılır ki, həmin mövzu məhz bu metodla işlənməli idi. Həmin tədqiqat elmimizin böhran keçirdiyi bir dövrdə Azərbaycan dilçiliyinin öz səviyyəsində davam etdiyini göstərir. Eyni zamanda bu iş müsibətli tarixlər yaşamış Axısqa türklərinə, ümumiyyətlə, axısqaşünaslığa qardaş Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin bir hədiyyəsidir.

"Yeni Azərbaycan" qəzeti, 23 fevral 2003-cü il, N43(1523), s. 5.

www.yeniAzerbaycan.com

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz