.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

 AXISQA TÜRKLƏRİNİN DİLİNİ İLK DƏFƏ İSMAYIL KAZIMOV ÖYRƏNİB

 

Cəbrayıl hər zaman insanlarının mənəvi aləmi ilə qürrələnməyə haqqı çatan Azərbaycan diyarıdır: halal zəhməti, doğru sözü, saf qəlbi, düz niyyəti, dərin zəkası, körpə məsusluğu ilə… Bu, Cəbrayıl torpağında doğulub boy atmış insanların xarakteridir. Bəli, bizdə yarımçıqlığı sevmirlər. Ona görə də cəmi Azərbaycanda Cəbrayıl camaatının adı ən yaxşı mənalarda hallandırılıb. Sağ olun, doğma ocağın övladları! Başımız sizlərin hesabına çiyinlərimiz üstündə dik dayanır. Üzümüzdən yağan nur, gözlərimizdən süzülən şəfəq onillik yurd ayrılığından nişanə qalan bakirəliyimizin əlamətidir. Cəbrayıllılıq bakirəliliyini, ziyalılığını, insanlığını qorumağı şərəf bilən el oğullarım, el qızlarım eşq olsun sizlərə!

Cəbrayıl bölgəsi elmi mühitin həmişə səlahiyyətli «nümunəsi» olub. Mehdi Mehdizadəni, Əşrəf Hüseynovu, Allahverdi Verdizadəni,Tofiq Hacıyevi, Qəzənfər Kazımovu, Arif Həsənovu, Novruz Quliyevi,Kamil Vəliyevi və yüzlərlə elm aydınlarını yetirib.

İç üzü həqiqət olan bu şirin xəyallar içərisində ikən eloğlumuz İsmayıl Babaş oğlu Kazımovun filologiya elmləri doktoru alimlik dərəcəsi üzrə dissertasiya işinin müdafiəsi zamanı hələ o vaxtacan çoxları üçün «gizli,qapalı qalan» keyfiyyətlərinə bu elmi məclis iştirakçılarının heyranlığı eynimə gəldi. Cəbrayıllıq xarakteri özünü bir daha təsdiqlədi- elmi bacarığı, etikası, bir sözlə, nümunəvi insan xarakteri ilə çulğalaşaraq İsmayıl müəllimə «təmiz qələbə» qazandırdı. Respublikanın tanınmış Elmi Şura üzvlərinin-dilçilərinin hamısı tərəddüdsüz bu cəbrayıllı balasına səs verdi. Doktorluq işi üzrə apardığı tədqiqat yüksək səviyyədə öz qiymətini aldı.

İsmayıl Kazımov dilçi alimlərimizdəndir, filologiya elmləri namizədidir. Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisidir. Sadə, təvazökar, səmimi olduğu qədər işıqlı, aydın düşüncəli adamdır İsmayıl müəllim. Zəhmətkeş tədqiqatçı kimi türkün bir parçası olan,Hun dövrünün yadigarı olan Axısqa türklərinin dil xüsusiyyətlərini öyrənib. Bu mövzuda «Axısqa türklərinin dili» (Bakı, 1999), «Axısqa toponimləri» (Bakı, 2001) monoqrafiyalarını və 30-dan çox məqalə yazıb və çap etdirib.

15 yanvar 2003-cü il. Bu tarixdə Bakı Dövlət Universitetində AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun sədrliyilə İ.Kazımovun «Axısqa türklərinin dili» mövzusunda doktorluq dissertasiyasının açıq müdafiəsi keçirildi. İlk söz dissertanta verildi. İ.Kazımov bir neçə dəfə sürgün və deportasiyalara məruz qalmış Axısqa türklərinin qat-qat çox olan problemlərinin bütün mürəkkəb kompleksini öyrənib dərk etmək üçün həmin xalqın dilinin indiki vəziyyətini də dərindən təhlil edib öyrənməyin çox vacib olduğunu məzmunlu nitqində əsaslandırdı. Mövzunun aktuallığını, məqsəd və vəzifələrini, mənbələrini, tədqiqat metodlarını, tədqiqatın elmi yeniliyini, nəzəri və praktik əhəmiyyətini, çıxarılan nəticələri, əldə olunan təklifləri və s. Elmi Şura üzvlərinin diqqətinə çatdırdı.

İ.Kazımovun rəsmi opponentləri, qeyd olunduğu kimi, «dilçiliyimizin ağır artileriyaları»ndan - AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev, Teleradio Verilişləri Şirkətinin sədri, filologiya elmləri doktoru, professor Nizami Xudiyev və Gəncə Dövlət Pedaqoji Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Mübariz Yusifov idi.

Tofiq Hacıyevin çıxışından bəzi sətirlər: Dissertant öz dili ilə yanaşı, digər bir dili də mükəmməl öyrənib. İşin axısqalıların tarixi təşəkkülü ilə bağlı məsələləri məndə qəribə təəssürat yaradıb. Bu tədqiqat vasitəsil bizim xalqın mənəvi sərvət tarixini də öyrənib. İ.Kazımovun tədqiqatı hun dövrünün etnik-dil əlamətlərini əks etdirir. Axısqa hun qalığıdır. Bu, təmiz dildir. Axısqalılar hun dövrünün türkləridir. Mahmud Kaşğariyə məlum olmayan bir dildir. Bu tədqiqat bilavasitə Azərbaycançılıqla bağlıdır. İndiyədək Axısqa türklərinin dilinin tədqiqi ilə bir neçə nəfər məşğul olub. Məsələn, F.Əliyev (Orta Asiya), N.Marr və S.Cikiya (Gürcüstan) habelə, Azərbaycanda məskunlaşan Axısqa türklərindən Sabircan Cəlilov. Lakin bunların heç biri problemə bu səviyyədə yanaşmayıb. Uzaqbaşı 1-2 məqalə ilə kifayətləniblər. Professor T.Hacıyev problemin Azərbaycanda, məhz İsmayıl müəllim tərəfindən mükəmməl öyrənildiyini söylədi. Digər opponentlər də həmin fikirlə həmrəy oldular.

Rəsmi opponent, professor Nizami Xudiyevin çıxışından: İ.Kazımovun 5 fəsildə tədqiq etdiyi bu mövzu mənim diqqətimi xeyirxahlıq və filoloji axtarışlar, deportasiyalara dəfələrlə məruz qalmış kiçik bir türk etnosunun mübahisəli tarixini, etnik mədəiyyətini öyrənmək, axısqalıların tarixi təşəkkülündə aborigen və gəlmə türklərin rolunu müəyyənləşdirmək və s. baxımından özünə cəlb etdi. Şübhəsiz, İ.Kazımov bu dissertasiya ilə kiçik bir xalqın dil xüsusiyyətlərini tam və sona qədər öyrənə bilməmiş, həmin əsər axısqalıların dilinin elmi arenaya çıxarılması, onun fonetik, leksik və qrammatik əlamətlərinin kompleks tədqiqi baxımından əhəmiyyətlidir».

Rəsmi opponent, professor Mübariz Yusifov: «Axısqa türklərinin dili» adlı doktorluq dissertasiyasının müəllifinin axarışları göstərir ki, axısqalıların dili gürcü mühitində vaxtı ilə çox işlək olmuşdur. Bu dildə folklor nümunələri yazıya alınmış, qoşqular qoşulmuş, türkülər oxunmuşdur».

Müzakirə zamanı ortaya belə bir sual çıxdı, niyə məhz dil, dialekt yox?

İ.Kazımov sualı özünəməxsus məntiqlə cavablandırdı. Filologiya elmləri doktoru professor Qəzənfər Kazımov da çıxış edərək həmin məsələyə qayıdaraq problemin dialekt yox, dil kimi öyrənilməsinin daha düzgün, elmi olduğunu bildirdi. Q. Kazımovun bu tədqiqatın müəllifini L.Pokrovskaya (qaqauz dilini öyrənmiş), N.K.Dmitriyev (başqırt dilini öyrənib), A.Baskakov (qaraqalpaq dilini öyrənib) kimi görkəmli türkoloqlarla bir sırada çəkiləcəyini vurğulayaraq, əsərə yüksək qiymət verdi. Digər çıxış edən dilçilərdən, professorlar Rəhilə Məhərrəmova, Türkan Əfəndiyeva, Bayram Əhmədov, Əbülfəz Rəcəbov, Aydın Ələkbərov, Elbrus Əzizov, Həsrət Həsənov və başqaları da mövzunun işlənmə səviyyəsini, elmi yeniliyini, əhəmiyyətini və tədqiqi vacibliyini qeyd etdilər. Milli məclis üzvü, görkəmli türkoloq alim Nizami Cəfərov Elmi Şuranın yağıncağına yekun vuraraq ümumiləşdirilmiş fikri ifadə etdi: Mən güman edirəm ki, bu iş etnolinqvistik xarakterli bir araşdırmadır, bu əsər prososial problemlərlə bağlı bir dili təqdim edir; bütün səviyyələrilə, tarixi ilə, mübahisələri ilə. Bu işin mən hələ siyasi əhəmiyyətini demirəm; qeyri-adi dərəcədə böyükdür. Bu işin həm də siyasi əhəmiyyəti qeyri-adi dərəcədə böyükdür. Elə buna görə də bu əsərin sambalı var. Mən də bu fikirdəyəm ki, bu dil müstəqil bir dildir. Müstəqilliyi də bunun daha çox, bəlkə də linqvistik təbiətində deyil, bu dilin daşıyıcısı olan xalqın düşüncəsində, xarakterində, coğrafiyasında, özünəməxsus düşüncə tərzində, tarixi maraqlarında və hələ də həlli mümkün olmamış bugünkü problemslərindədir. Əslində İ.Kazımovun doktorluq işinin müdafiəsində ortaya qoyulan bir həqiqət hamı tərəfindən qəbul olundu. «Axısqa türkləri tarixin acı sınaqlarından mətanətlə çıxaraq öz dillərini qoruya bilmişlər. Bu dil ilk dəfə əhatəli şəkildə məhz məşhur türk ölkəsində - Azərbaycanda öyrənilmişdir. Bizcə, uzun illər boyu tədqiqat obyektinə çevrilmiş və uğurlu sonluq qazanmış İsmayıl Kazımovun bu xidməti nəinki Azərbaycan-Türk elminin, habelə Axısqa türklərinin də tarixində dərin bir iz qoyacaqdır.

P.S. AMEA, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi İsmayıl Kazımovun «Axısqa türklərinin dili» mövzusunda doktorluq işini uğurla müdafiə etməsi münasibətilə onu təbrik edir, elmi yaradıcılıq fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz