.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

 ÖZÜNÜDƏRK VƏ LƏYAQƏT POEZİYASI

İBRAHİM GÖYÇAYLI-65

 

Mürəkkəb gerçəkliyin poetik ifadə tərzini tapıb insanın hiss-həyəcanlarının, əsrarlı duyğularının təlatümünü ifadə etmək hər sənətkara nəsib olmur. Tanınmış sənətkar İbrahim Göyçaylının lirik poeziyası öz spesifik, gizli görüntüləri ilə zərif, incə yaradıcılıq nümunəsi olub, qüvvətli təsir gücünə malikdir. İnsan özü haqqında, öz mənəvi dünyası haqqında poetik nümunələrdən bir şeyi əkz edəndə, şübhəsiz ruhən saflaşır, rahatlanır və təmiz duyğularla ömür sürür.

İbrahim Göyçaylının poeziyası, hər şeydən əvvəl, onun özünəməxsus üslubu, deyim tərzi, mövzulara orjinal yanaşma metodu ilə diqqəti cəlb edir.

Yüksək təbii hiss bu poeziyanın canındadır. Onun poeziyasından qəbul olunan hiss və duyğular bu günün insanını yaramaz, harınlamış vəzifə düşkünləri yanında alçalmağa, əyilməyə qoymur. Yalnız öz mənliyini, ləyaqətini qorumağa, mübarizə aparmağa səsləyir.

Alçaldıq, di bəsdi,

Qalxaq ayağa,

İrəli,

Mənsizin mənzili yoxdu

Mənsizin haqqı da yox yaşamağa.

Məni olmayanın heç nəyi yoxdu.

Müasirlərinin ağrı-acıları, sevinc və kədəri, nifrəti İbrahim Göyçaylı şe'rlərinin mayasını təşkil edir. Şair üçün nifrətlə sevginin əks qütblər kimi bizi öz girdabına çəkdiyi bu zamanədə yaşamaq, fəaliyyət göstərmək nə qədər çətindir. Şair iradəsi bu mürəkkəb aləmin çətinliklərini dəf edir, sözün, sənətin gücü ilə bu zəmanənin eybəcərliklərini altüst edir, insan "mən"ini, "eqo"sunu üstün tutur, hər bir şəxsi mən olmağa çağırır.

Vətən! Ümumən poeziyamızın baş mövzusudur. Vətən müxtəlif prizmalardan poetikləşib. Bu gün isə "dörd yerə, beş yerə bölünən Vətən"in ağır dərdləri vətənpərvər şair İ.Göyçaylını ilk önçə narahat edir. Heç vaxt Vətənə bu günkü qədər xəyanət olmamışdı. Vətənsiz naxələflər, xainlər, satqınlar gözgörəti nə etdilər? Vətənin halalığına, təmizliyinə, ülvülüyünə, bakirliyinə toxundular və bütün bunlar şair ürəyinin iztirablarına çevrilir:

Sənin halalına xain çıxana,

Qoynunda niyə yer verirsən, Vətən!

"Özünə xəyanət edən millətin" düçar olduğu bu bəlaların, bu ağrıların səbəbini şair haqlı olaraq düşüncə mədəniyyətimizin çatışmamazlığında, milli şüurumuzun geriliyində, naqisliyində görür.

Şair bu gün düşdüyümüz, düçar olduğumuz bəlaların kökünün dərinlərə gedib çıxdığını, düşmənlə düşmənçilik edə bilməməyimizi acı və təəssüf hissi ilə göstərir. Millətimizin, xalqımızın unutqanlığını qınayır:

Unutduq düşmənin düşmənliyini,

Unutduq hər şeyi,

Unutduq, ata.

Unutduq cavanşir, Babək olmağı,

Unutduq Koroğlu harayını da!

Bu ağır bəlanın kökü dərindir,

Əsrin o üzündən baş alıb gəlir.

Gəlir 1905-ci ildən,

Gəlir 18-dən, 20-ci ildən,

Bizim səbrimizə tuş olub gəlir

"Bizdəki daş qəlbləri", dəvə dözümünü, ölüm səbrini neylərdin, ilahi!? Şe'rdən çıxan qayə budur ki, özümüzə, öz kökümüzə qayıda və dönə bilmirik. Ancaq bu bəlalardan öz kökümüzə, kökənimizə-türklüyümüzə qayıtmaqla xilas ola bilərik.

İbrahim Göyçaylının "Dünya" silsiləsindən olan şe'rlərini oxuyursan və düşünürsən, xəyal səni çox da uzaqlara aparmır, taleyimizin bu gününə, acılı-ağrılı, niskilli, nə edim, nə etməyim analarına aparıb çıxarır. İnsan düşüncəsi bu ağrılar içərisində azıb, aşıq demişkən, yaxşılar azalıb, mürvət gödəlib, dünya dəyişib, bu dolaşıq, qarışıq zamanda insan rahatlığı pozulub, həyatımız, ruhumuz nazik bir teldən asılı qalıb. İnsandır ki, bu çətinliklərə dözür, dözür... Lakin ruhi əzablar içərisində çabalaya-çabalaya...

Yaxşılar azalır...

Dünya dəyişir...

Mənmi qocalıram, yermi qarıyır?

Dolaşıq, qarışıq bu vaxt içində

Həyatım ağrıyır, ruhum ağrıyır.

Düzlüklə yalanın qarışıq duşdüyü bu dunyada hamının könlündən ağalıq keçir. Ürəyindən allahlıq keçənlərin yaşadığı bu dünyada hiss və duyğularımız gümanlar içərisində itib-batır. Rahatlığımız əlimizdən alınıb, ümidlərimiz qırılıb, belə bir zamanda insanın qədri-qiyməti bilinmir. Şairin gəldiyi qənaət budur ki, burada dünyanın heç bir günahı yoxdur. Həmin nurlu, təmiz dünyanı ancaq qara kölgələr bu günə salıb.

Səni olduğun tək anlayan hanı?

Başına gələcək nələr, ay nələr?

Bu nurlu dünyanı, təmiz dünyanı

Qoyub kölgəsində qara kölgələr.

İbrahim Göyçaylı "Hanı" adla şe'rində "yaxşı yaman üzərində qurulan dünya"nın haqqı və nahaqqını qarşılaşdırır, yalan, şirnikdirici və vədlər verənlərin iç-üzünü açır, ən axırda insani ümidsizliyə düçar edənlərin- nakəslərin, allahsızların, imansızların çirkin əməllərini ifşa edir.

Təskinli vədlər yordu insanı,

Ümidə sığındı, töküldü qanı

Min ildi deyirlər gələr zamanı,

Dünyanın gül çağı,

O anı hanı?

Səs yetmir, ün yetmir, Allah yanına,

Hərə dua deyir məttah canına.

İnanma dinsizin din - imanına,

Allahsız nakəsin imanı hanı?

Şair bu bezdirici həyatda yorulub yarı yolda qalmır, ümidsizliyə qapılmır, mürəkkəb və çətin zamanda ömrü mənalı keçirməyi, vəzifəli şəxslərin qarşısında əyilməməyi təlqin edir. Şairin ümidi qırılan, əlləri qoynunda qalan həyatı, zamanın sərt çətinliklərinə tap gətirir, baş əymir, yalanlar içində çaşıb qalmır:

De, nədən üstünə düşübdür kölgə,

Kölgədə yaşamaq ölümdür türkə

Nə verib insana, axı, bu "bəlkə"

Yaşıl budağında yanan həyatın.

Şairi bu günkü həyatın möcüzələri, qəribəlikləri düşündürür. Dünyanın əşrəfi sayılan insan da həyatın özü tək bir möcüzədir. Zaman axarında insanları sınağa çəkir, çörək itirənlər, əhdə xilaf çıxanlar min cür dona, min qiyafəyə girir. Nə yaxşı ki, bu ulu dunyada pislərlə yanaşı, yaxşılar da var.

İbrahim Göyçaylını son illər xalqımızın başına açılan müsibətlər daha çox ağrıdır. Xəyanət yolu ilə alınmış, işğal olunmuş torpaqlarımız, soydaşlarımızın doğma el-obalarından didərgin taleyi onun şe'rlərində dəhşətli qəm yükünə çevrilir.

Torpağı satırlar,

Arı satırlar,

Kişilik bir qara qəpiyə dönür.

Vicdan sümük tək itə atılır,

Dağlar xəcalətdən təpəyə dönür.

Xəyanət hər yerə açıb dayaq,

Bunu alnımıza yazıbmı Allah.

İctimai, siyasi, mə'nəvi, əxlaqi dərdlərimiz, bu yurddan o yurda köçən qaçqın əzabları, torpağı düşmənlərə satanların çirkin əməlləri bir də, bir də son dövrlərin hadisələri... şairin saçlarına dağların qarını ələyib, onu ozana döndərib...

Hər kəsin öz yaşamaq, mübarizə etmək haqqı var. Bütün zamanlar ərzində sadə insanların haqqı, hüququ daha çox tapdalanıb. Son dövrdə isə insan haqları dözülməz dərəcədə tapdalanıb. Onun el-obası əlindən alınıb, çadırlarda, vaqonlarda yaşamağa məcbur edilib. Mübarizə etmək əzmi qəsdən kütləşdirilib. Keçəl həmzələrin oynatdığı bu "dəyişmiş zaman" da "gürzələr təzədən oynanıb". İbrahim Göyçaylının "Heç kəsin haqqını tapdalamadan" şe'rində bu ideyalara üstünlük verilir, dövrün qalmaqallı, ağır çağında bu haqq dünyadan haqlarımızı almağımızı, tərəddüd etmədən kişi kimi çalışmaq, fəaliyyət göstərmək tövsiyyə olunur.

Heç kəsin haqqını tapdalamadan

Alaq haqqımızı bu haqq dünyadan

İbrahim Göyçaylı poeziyası müasirlərinə əsil vətəndaş kimi ulu torpaqlarımıza bağlı olmağı, onu sevməyi, düşməndən azad etməyi, bu elin - obanın dərdini - sərini çəkməyi arzulayır.

Sevgi olmayanda torpağa, daşa,

Sevgi olmayanda yara, yoldaşa,

İnsan yazıqlaşır, gün yazıqlaşır

İbrahim Göyçaylı poeziyasında dəyişən dünyanın rəngləri, onun həyatla, insanın dünyagörüşü ilə bağlılığı anaforik şəkildə mənalandırılır:

Dəyişir zamanın hər ötən anı,

Dəyişir dünyanın gün-güzəranı,

Dəyişir insanın xasiyyəti də,

Dəyişir insanın məhəbbəti də

Əgər olmasaydı ,bu dəyişmələr,

Olmazdı bu həyat, olmsazdı insan.

Şairin poeziyasında yaşayıb-yaratdığı onilliklərin ictimai-siyasi atmosferinin ab-havası duyulur. Bu fərdi-subyektiv reallıqda ətraf aləmin ictimai-obyektiv əks-sədası canlanır. Bu yaradıcılığın bədii dəyər qazanması obyektiv amillərlə əlaqədardır, zehinlərə, hisslərə yol tapması isə şairin nisbətən, daha çox fərdi-üslubi sənətkarlığı ilə bağlıdır.

Şairin toxunduğu mövzularla bağlı e'tirafları da çox səmimidir. Seçdiyi mövzular həyatiliyi ilə seçilir. Müasirlərimizin dərdləri, kədərləri, düçar olduqları çətinliklər və qayğılar onu hər an düşündürür. Ağrı- acıları göstərmək, insanların dərdinə şərik çıxmaq onun və şe'rinin əsas qayəsinə çevrilir və düşünürsən ki, poeziyanın çəkdiyi yükü, dərdi heç kəs çəkmək iqtidarına malik deyil.

Lakin şe'r də əvvəlki şe'r deyil. Onun tə'sir gücü deyəsən, öləziyib. Pullu və zəngin adamlar, yalanlar içində şe'r heç nədir. Bu günün şe'r xiridarı-şair yaltaqlar, alçaqlar, rüşvətxorlar dünyasında kölgədə qalıb.

Şe'r işləməyir daha dərinə,

Siyasi yalanlı günlərə yazıq,

Yazıq bu günlərin şairlərinə

Yazıq... yazdıqları şe'rə yazıq

Bu mə'nada İbrahim Göyçaylının şe'rləri ləyaqətini qətiyyət itirmir. Zəngin həyat müşaidələrini insana, həyata münasibətini həmin şe'rlərin dili ilə xalqa çatdırır, qoy, harınlamışlar şe'r oxumasın, onsuz da bunların mənəviyyatı dayaz, düşüncəsi məhduddur. Lakin Azərbaycan poeziyası, o cümlədən, haqqında bəhs etdiyimiz İbrahim Göyçaylı lirikası heç vaxt öz dəyərini itirmir, mənəviyyatı zəngin olan insanların haqq yolunda bunların imdadına çatır:

İtirmə adını, ləyaqətini,

Ulu şöhrətini itirmə şe'rim,

İtirmə odunu, dəyanətini

Ulu qüdrətini itirmə, şe'rim.

Bəli, şairin şerləri öz ulu dəyərini hər an qoruyur, bugünün igtimai-siyasi ruhunu həssas bir sim kimi mövcud ictimai şəraitə uyğun kökləyir, ətraf aləmdəki hər bir dəyişikliklərdən ehtizaza gəlir.

İbrahim Göyçaylı şe'rlərində təzə söz, təzə fikir deməyə can atır. Onun poetik dili kövrək və həzin duyğular yaradır. Şair təbi hadisələrin mahiyyətinə uyğun ən zərif, ən incə ifadələri seçir. Şair təzə söz və ifadələrə ən ümdəsi, bir poetik ehtiyac kimi baxır. Onun təzə ifadələr aclığı oxucusunun zövqünə böyük hörmət və qayğısının təzahürüdür, əsil, dönməz yaradıcılıq işidir, Azərbaycan ədəbi dilinə hörmət və qayğıdır...

Yeni söz və ifadələrə hörmətli oxucuların diqqətini cəlb eləyirəm: Ay həyatım, A yaşdaşım, ...sədaqətli ömürdaşım, Ümid yolum bir upuzun gecə idi, Yolağı, yolları gözümdən keçir, Qayğılı, qayğısız ürəkdaşlarım, Səpilər sözlərə payız sözlərim və s

Şairin sevgi şe'rləri "Apar ürəyində məni sabaha" başlığı altında toplanmış poetik nümunələrdə gerçəkləşmişdir. Bu nümunələrdə əli uzalı, gözü yolda qalan aşiq və məşuqənin həsrəti, sevgiləri, istəkləri, yolunda çəkdiyi əzab əziyyətlər, xoş anlar, alın yazısı, insan taleyi kimi mühüm məsələlər öz poetik əksini tapır:

Əliboş yollarda qalıb gözlərim,

hanı qaranquşlu, həsrətli günüm?

Səpilər yollara payız sözlərim,

Sənin ayağına döşənmək üçün

Şairin sonuncu kitablarından birinə - "Ümiddən uzun gecə" kitabına olduqca əhatəli və məzmunlu ön söz yazan, şairin ədəbi-estetik yaradıcılıq yolunun mahiyyətini bacarıqla açan tənqidçi - ədəbiyyatşunas, filologiya elmləri namizədi Qurban Bayramov şairin məhəbbət lirikasından söhbət açarkən göstərir ki, məhəbbət, sevgi insanın özünüdərk yolunda ən dəyərli məqamlardan biridir. Biz isə bu fikrə onu da əlavə edirik ki, müdriklik yaşına - 65 illik şair ömrünə çatan İbrahim Göyçaylı poeziyası bütünlükdə müasirlərimizin milli özünüdərki prosesində və milli şüurunun inkişafında əlverişli rol oynayacaq, eyni zamanda oxucuların bədii-estetik zövqünü zənginləşdirəcək. Bu çətin, şərəfli yolda hörmətli sənətkarımıza uzun ömür və yaradıcılıq uğurları arzulayırıq!...

İSMAYIL KAZIMOV.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz