.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
"XUDAFƏRİN" QƏZETİNİN DİLİ VƏ ÜSLUBU

 

Həmyerlilərimiz filologiya elmləri namizədi İsmayıl Kazımov və Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Cahid İsmayıloğlu «Xudafərin» qəzetinin dil və üslub xüsusiyyətlərindən bəhs edən kitab üzərində işləyirlər. Həmin kitabdan bir parçanı hörmətli oxucularımıza təqdim edirik.

"Xudafərin harayından qalan mən!…" ideyasına daim sadiq qalmış cəbrayıl rayonunun "Xudafərin" qəzeti işğal dövründə də çox zəngin və şərəfli inkişaf yolu keçmiş, cəbrayıllıların həyatının bütün sahələrini, onların arzu və amallarını həmişə öz səhifələrində inikas etdirmiş, milli şüurun, mənəviyyatın, mədəniyyətin, milli dəyərlərimizin hərtərəfli şəkildə formalaşmasına və inkişafına güclü təkan vermişdir. Söz və fikir azadlığı, siyasi plüralizm prinsiplərini "Xudafərin»çilər də əldə əsas tutmuş, ideya istiqamətini zamanın nəbzinə uyğun dəyişmiş, yeni, faydalı və problematik mövzularla səhifələrini zənginləşdirmişdir. Ölkə daxilində baş vermiş köklü ictimai- siyasi dəyişkliklər bu qəzetin dilinə təsir göstərmiş, üslubda milli ənənə bərqərar olmuşdur. Qəzetin dili təsərrüfatçılıq ideologiyasından xilas olmuş, azad, sərbəst düşüncə yazıların əsas leytmotivini təşkil etmişdir.

"Xudafərin"çilərin fikir, ideya işığı onun dili vasitəsilə də şölələnir, ətrafa qığılcım salır. Özünəməxsus formada və üslubda çap olunan qəzet oxucuların qəlbində həmişəlik yer tapır.

Rayon qəzeti olsa da, bu mətbu orqan işğal dövründə də ədəbi dilimizin yardımçısı olmuş, onun funksional və struktur inkişafına və lüğət tərkibinin yeniləşməsinə, zənginləşməsinə müəyyən təsir göstərmişdir.

"Xudafərin" qəzetinin işğal dövrünün dil və üslubu mühüm dil göstəriciləri, prosesləri ilə səciyyələnir: bir çox qədim sözlər yenidən qəzetin dilinə gətirilmiş; söz və ifadə yaradıcılığının yeni modelləri, yeni mənaları formalaşmış; bu modellərin əsas məğzini xalq ifadələri təşkil etmiş; yeni həyat tərzi, ictimai- siyasi durumla bağlı leksika yaradılmış; özləşmə meyli artmış, sosial həyatda baş vermiş köklü və əsaslı dəyişikliklər birbaşa qəzetin dil və üslubuna təsir göstərmiş; yeni söz və ifadələr cəmiyyətin mövcud durumuna aid olan anlayışları, gerçəklikləri daha dolğun əks etdirmək iqtidarına malik olmuşdur."Xudafərin" el- obamızın məhəlli- dialekt sözlərindən bir çox hallarda müvəfəqiyyətlə istifadə etmişdir.

"Xudafərin"in dilində xalqdan gələn ifadələr obrazlılığı, bədii tutumu ilə seçilir. Məsələn, elin kisəsi (O, elin kisəsindən getdi); ümidin ətəyi (ümidin ətəyindən yapışan həyat aşiqləri).

Qəzetin dilində işğal dövründən sonra soydaşlarımızın, həmyerlilərmizin həyatı, məişəti, ağrı-açıları, arzu və istəkləri və s. ilə bağlı yeni söz birləşmələri yaradılmışdır. Məs.: məcburi köçkünlük, müvəqqəti sığınacaq, çadır şəhərçiyi, köçkün məktəbi, çadır əhalisi, itirilmiş yurd, didərginlik həsrəti, zamanın küləkləri,vətənə qovuşmaq duyğuları, cəbrayıllıların arzu və istəkləri, cəbrayılın müharibə dövrü, "Xudafərin"in qürbət sayları, "Xudafərin"in yazarları, həyat qatarı, "Xudafərin"çilərin fikir işığı, Aranda qar həsrəti və s.

"Həsrət tribunsı"adlanan qəzetin Vətən məhəbbəti, torpaq istəyi ilə dolu olan yazılarında düşmənə nifrət, doğma torpaqları tezliklə almaq ideyaları ifadə olunur. "Xudafərin"in yazarları köhnə adət- ənənələrimizə, el- obamızın etnoqrafik mədəniyyətinə, mənəviyyatımıza, milli dəyərlərimizə hörmət və etiramın əlaməti olaraq qəzetin dilinə köhnə sözləri müvəffəqiyyətlə gətirmişlər.

"Xudafəri"dilində etnoqrafik səciyyəli dialektizmləri işlətməkdə düz yol tutub. Bu bizə təsərrüfat həyatımızın unundulmuz sahələrini (məsələn, baramaçılıq) xatırladır. Müxtəlif sahələrlə bağlı toxmaçar, kümdər, talaşa, oymağ, ocaq (nəsil), görklü (gözəl, mübarək), ağırlamaq (hörmək etmək və s.) sözləri uğurludur. "Xudafərin"qəzetinin dilindəki bu uğuru tədqiqatçı Sevinc Həbibova da "Mətbuatda gedən dil prosesləri- leksika" adlı araşdırmasında xüsusi olaraq qiymətləndirmişdir (Həbibova S.Y. Mətbuatda gedən dil prosesləri- leksika (1970- 1990- cı illərin qəzet materialları əsasında), Bakı, 1993, s.10-11).

Dərin məzmunlu publisistik yazıları və poeziyası ilə könül oxşayan, xüsusi istedad sahibi olan Əlirza Xələflinin qəzetin dilinə gətirdiyi «muraz» (murad, arzu, istək), "barxana"( tay, yük) sözü (Altmış beş illik ömür… Bar- bəhrəni barxana bağlamış bir ağsaqqal ömrü, bir müdriklik zirvəsidir bu aşırım) bizə ulu aşığımız olan Qurbaninin "Xublar küçəsinə güzar eylədim, Muraz bağçasının barı göründü; Nə ola, bir şadlıq xəbəri gələ, Yüklənə b a r x a n a m ellərə doğru! " misralarını xatırladır. Qəzetin dilindəki ayrı- ayrı məqalələrdə işlənmiş "ərməğan", "azman", "yağı", "oymağ", "tirə", "mahal", "növrağ" sözləri də uğurlu poetik məqamlarda işlənmişdir. Qəzetin dilində tez- tez işlənmiş "öləzimək" ("sönməmək" feli yerində) sözünün məqamlarını alqışlamaq olar:Qürbətdə yaranan həsrət poeziyasından tutmuş rəsmi yazılaracan hər bir yazının son amacı olan yurdu- cəbrayıla dönmək, babaların yadigar qoyub getdiyi yerləri əvvəlki növrağına qaytarmaq üçün "Xudafərin"in yaradıcı kollektivi cəbrayıllıların ürəyindəki ümid işığını ö l ə z i m ə y ə qoymur, onlara mənəvi arxa durur").

Publisistik yazıların sintaksisi də yeni keyfiyyəti ilə diqqəti cəlb edir. S.Əliyevin, Ə.Xələflinin, S. Abdullayevin, B.Zeynalovun, Y.Dirilinin və başqalarının yazılarında yeni sintaktik konstruksiyalara meyl güclüdür. Qoşulma konstruksiya adlanan belə sintaktik vahidlərin respublikanın mətbuatında da işlənməsi son vaxtlar daha da intensivləşmişdir. "Xudafərin"dən verilmiş aşağıdakı cümlələrə diqqət yetirək: Demək olar ki, qəzet Azərbaycanın hər yerində yayılır. Onun yolunu gözləyənlərə ərməğan olunur, pulsuz paylanır. Əlbəttə, qəlbi tarixi Xudafərin yanğılı soydaşların sayəsində. Sabirabad- Bakı yolunun kənarında bir qovaq ağacı var. Tənha, qol- budaqlı, azman bir qovaq (B.Zeynalov). Bir yuva var sığındığımız sinif otağının divarında. Qaranquş yuvası (B. Zeynalov).

"Xudafərin"in rubrikaları göz oxşayandır, zamanın nəbzini tuta bilib: "Acı talelər","Göz- bəbəyimiz","Qədim diyarın yetişdirməsi","Eşitsin, bilsin dünya", "Uzaq, yaxın keçmişim, tariximiz","Möcüzə, uşaq dünyası, qayğı","Necə dözsün ürək? Sərrast deyimlər, göz yaşları", "Musiqi, poeziya, ürəkdən gələn söz, ağsaqqal yaradıcılığı", "Ot kökü əstə bitər","Mənəvi sərvətimiz", "Yurd- yuva arzusu", "Kəndimiz- kədərimiz","Vətən yanğısı", "Böyük ailədə", "Həmyerlilərimizin yeni kitabları", "Mədəniyyət", "Olmayaydı didərginlik", "Sözümüzdə, yuxumuzda cəbrayıl" və s.

Boşaldılmış kəndlərimiz, yiyəsiz qalan ocaqlarımız, qərib məzarlarımız, insan taleləri, mənəvi dünyamız və s. haqqında olan publisistik qeydləri həyəcansız oxumaq mümkün deyil.Həmin yazılarda sonsuz arzuların beşiyi olan kəndlərimizə həsrət, əliuzalı qalan müasirlərimizin emosiyaları ifadə olunmuşdur.

Bu rubrikalar adı altında verilmiş yazıların dili məzmunu ilə uyğun gəlir, erməni əsrliyində qalmış el- obalarımıza qayıtmaq istəyimizi hər an gerçəkləşdirir.Vətən, torpaq sevgimizi artırır, torpaq yanğımızı azaldır.

Qəzetdə dərc edilmiş publisistik yazılar demokratiya dövrünün ab- havasını canlı şəkildə əks etdirir.Bu yazılar soydaşlarımızın milli şüurunun, milli ləyaqətinin saflaşmasına inkişafına, şübhəsiz, kömək edir, hər bir kəsin vətənə, torpağa bağlı hisslərini əks etdirir, insanın hərəkət və davranışına, düşüncə tərzinə, baxışlarına güclü təsir göstərir. Milli olan tarixi dərketməni, adət- ənənələri, əxlaqi dəyərləri özündə ehtiva edən milli şüur qaçqın və köçkünlərimizi soy-kökə qaytarır, onların Vətən əxlaqını yeni tərzdə formalaşdırır.

Son illərin acı gerçəkliylərini əks etdirən qəzetdə çap edilmiş poetik nümunələrdə Vətənçün yanıb- yaxılan, sızıldayan, yurd həsrəti sinəsində qövr eləyən qaçqın şairlərimizin hiss və duyğuları dilə gəlib, el-oba yanğısını misralarla soyudur, həm özləri ,həm də torpaq həsrəti ilə qovrulanlar az da olsa təskinlik tapırlar, ürəklərini boşaldır və yüngülləşirlər. İndi qərib şəhərlərdə, kimsəsiz kəndlərdə Ziyarətə, Diriyə tərəf boylanırlar. Dərdlərini dağlara deyirlər. Dağdan ümid gözləyirlər. Axı dağ arxadır. Əsrlikdə qalan torpaq adamlarımızı çəkir, insanların içindəki ağrılar misralara çevrilir. Vətən yanğısı həmin şerlərin əsasını təşkil edir: İstedadlı şairimiz İsmayıl İmanzadə getdiyimiz yolun çətinliklərindən yazır: "Bu çay niyə dəhnəsindən qurudu, İstəyimiz dən tutmamış qarıdı, Dar ayaqda bircə atım barıtıq. - Bu yol bizi qiyamətə aparır"; Əlirza Xələflinin əsirlikdə qalan kəndi son vaxtlar tez-tez yuxusuna girir: «Bağışla, ay kəndim, səndən xəciləm, Bağışla, borcunu verə bilmirəm, Bağışla, ay kəndim, vallah acizəm, Dərdini sinəmdə sərə bilmirəm»; Şövkət Horovlunun baharı olubdu qış, O yerlər yağıya qalmış, söylə, bizə kim qarğamış, bizim ellər yerindəmi"; Əhməd Fərhad ulu tanrıdan yurda qonmaq üçün imdad diləyir: "Hər tər çiçək yaddaşımı oyadar, Solan bağım yuxularda boy atar. Ulu Tanrım, bizi yurda çək apar, Qərib- qərib yanıb içim, sönər hey"; Nəsir Xankişiyev babasının yuxusuna girmədiyinə təəssüflənir: Yollarım kəsilib, gələ bilmirəm, Vətəndə Vətənə dönə bilmirəm, Mən sənin yuxuna girə bilmirəm, Niyə yuxularıma gəlmirsən, babam?« və s.

Qaçqın qəzet yeni sözləri işlətməyə can atır və buna müvəffəq olur. "İclas" əvəzinə"toplantı", "hadisə "əvəzinə "olay", "məqsəd" əvəzinə "amac", "müxbir" əvəzinə "yazar" kimi yeni sözlər yeniliyi ilə diqqəti cəlb edir.

Qəzetin dil və üslubunda bəzi qüsurlar da özünü göstərir. Məsələn, Fəridə İsfəndiyarqızının "Ərik ağacının işığı" adlı yazısı dil və üslub tərzi baxımından oxucuya xoş ovqat bağışlayır. Lakin belə gözəl üslubda təqdim olunan yazıda "şlank" ekzotizminin işlənməsi bədiiliyi xeyli aşağı salır. "Qadın" sözü əvəzinə bir foto-şəklin altında "zənən" sözünün işlənməsi fikrimizcə, vulqar təsiri bağışlayır. Yol çəkən zənən gözlər necə də intizardaydı cəbrayılımızın işğalı ərəfəsində- № 8-9-10 (6573), 23 avqust 2001)."Köçkün həyatı" əvəzinə "köçkünlük həyatı" yazmaq da morfoloji "artıq"lıqdır. "Köçkünlük" sözündəki "lük" şəkilçisi artıqdır. Danışıq dilinin təsiri çox duyulur. Bəzən bu təsir vulqarlaşır. "Oğraş" tipli sözlərin işləməsi məqamında. Bu xırda dil qüsurları qəzetin təsir gücünü aşağı salmır.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz