.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
 TÜRK SÖZLƏRİ RUS DİLİNİN LEKSİK QATINDA

 

(Minaxanım Təkləli. Rus dilində türk sözləri. Bakı, Elm, 2001).

Müxtəlifsistemli dillərin bir-birilə əlaqəsi tarixi bir proses olub, tarixi-mədəni əlaqələr və dövlətlərarası münasibətlərlə, elmi-texniki tərəqqi, elmi bilik sahələrinin inkişafı və sairə ilə bağlıdır. Dillərin bir-birinə təsiri tarixi-mədəni, siyasi -sosioloji prosesin tərkib hissəsidir. Tarixi faktlar göstərir ki, türk xalqları təşəkkül dövründən ta bu günə kimi şərqi Slavyan xalqları ilə birgə yaşamış, isti əlaqə və münasibətlər qurmuş və bir-birinin söz ehtiyatından faydalanaraq istifadə etmişlər. X1X əsrdə çar rusiyası Qara dənizə çıxmış və bu dəniz boyunca türk torpaqları ilə canlı təmas qurmuş, Qafqazın, Azərbaycanın türkcəsi ilə ünsiyyət qurmuşlar. Ona görə də slavyan xalqları ilə zaman-zaman əlaqə qurmuş türklər ictimai-mədəni inkişaf səviyyəsinə görə yetkin xalqlardan olmuşdur. Türk dili hələ qədim zamanlardan slavyan dillərilə yaxın coğrafi münasibətlərdə olmuşdur. Mədəni-kültür, inzibati, hərbi və dövlətçilik əlaqələri ilə bağlı leksika türkizmlərin slavyan dillərinə keçməsi üçün mənbə rolunu oynamışdır. Həmin leksika ictimai-iqtisadi və siyasi həyatın bir çox sahələrini əhatə edir, rus dilindəki ümumtürk leksik vahidlərinin qədim və zəngin bir tarixə malik olduğunu sübüt edir. Türk sözlərinin rus dilində varlığının bir neçə yüz illik tarixi var. Bu məsələnin türkologiyada öyrənilməsinin tarixi 17-ci əsrdən üzü bəridir. Bir sıra məsələlərin öyrənilməsinə baxmayaraq, hələ də türk dilləri ilə rus dilinin əlaqəsi tarixi az tədqiq edilmişdir; əksər türk sözlərinin rus dilinə keçmə vaxtı dəqiqləşdirilməmiş, bir çox hallarda rus dilindəki türkizmlərin tematik və leksik-semantik qruplardakı yeri aydınlaşdırılmamışdır.

Filologiya elmləri namizədi, APU-nun dosenti M. Təkləlinin kitabı 3 fəsildən ibarətdir. I fəsildə türk mənşəli sözlərin rus dilində əmələ gəlmə tarixi və mövqeyi məsələləri təhlil olunur. Müəllif türklərin ruslarla əlaqə, münasibət tarixindən, Qafqaz mövzusunda olan əsərlərdə türk sözlərinin, ekzotizmlərin işlənmə məqamlarını, türk mənşəli sözlərin rus dilində mövqeyini açıqlayır, türkizmlərin rus dilində semantik dəyişikliyə məruz qalma səbəblərini göstərir.

M. Təkləli türk sözlərini bədii əsərlərdən- böyük rus yazıçılarındanA. Puşkinin, L. Tolstoyun, A. Tolstoyun, A. Qriboyedovun, M. Lermontovun, N. Qoqolun, İ. Turgenevin, A. Çexovun, M. Qorkinin və başqalarının əsərlərindən böyük zəhmət hesabına seçib toplamış və tədqiqata cəlb etmişdir. Məsələn, A. Pukinin əsərlərində "başmak", "kabluk", "kaftan"; M. Lermontovun əsərlərində "paşa" "talan"; A. Tolstoyun əsərlərində "patlican", "şalvar", "xabar", "karqa", "Nabatov"; L.Tolsyoy " üzüm", "durman" (dərman); Çexovun əsərlərində "nabat" (növbə mənasında); Ostrovskinin əsərlərində "biryuk" (türk sözü börüdən) özlər müəyyən üslubi mətləblərin meydana çıxarılması üçün istifadə olunmuşdur.

Müəllif yeni-yeni materiallar əsasında türk sözlərinin rus dilində dəqiqləşdirmiş, həmin sözlərin rus dilindəki hərtərəfli mövqe və rolunu aşkarlamış, əvvəlki araşdırmalardan fərqli olaraq, ruslarla çoxəsrlik əlaqələrə malik olan türklərin uzun tarix boyunca bu xalqlara mədəni-siyasi təsirinin və üstünlüklərinin tarixi gerçəkliklə səsləşən faktlarını dil görüntüləri üzrə təsdiqləmişdir.

M. Təkləli kitabda türk mənşəli sözlərin rus dilində tarixini və onun lüğət tərkibində mövqeyini müəyyənləşdirmiş, rus bədii dilində bu leksik vahidlərin funksional imkanlarını aşkarlamışdır. Beləliklə, rus dilinə türk mənşəli sözlərin keçməsi prosesini bu iki xalqın tarixən birikmiş mədəni, iqtisadi, sosial və siyasi əlaqələri kontekstində izləmiş; türk mənşəli sözlərin rus dilində fonetik və qrammatik cəhətdən mənimsənilməsini və sözyaratma imkanlarını aşkar etmiş, rus dilində işlənən türk mənşəli sözlərin leksik-semantik mənzərəsini müəyyənləşdirmiş; rus dilinin lüğət tərkibində əhəmiyyətli mövqe qazanmış ümumişlək türk mənşəli sözlərlə yanaşı, rus bədii ədəbiyyatında işlənən türk onomastik vahidlərin üslubi məqamlarını da tədqiq etmişdir.

Monoqrafiyanın 2-ci fəsli rus dilində işlənən türk mənşəli sözlərin leksik-semantik xüsusiyyətlərinə həsr edilmişdir. Türk mənşəli sözlər geniş rus mühitinin ictimai, siyasi, iqtisadi, mədəni, elmi həyatının bir çox sahələrini əhatə edir. Ona görə də monoqrafiya müəllifi əhatə dairəsinə görə rus dilindəki türk mənşəli sözlərin təbii hadisələr və coğrafi anlayışları (yayla, buran, tifan, sırt, basalık, sel və s.), yaşayış və məskunlaşma ərazilərini (yurt, çerdak, yama, saray, karvansayray, kirpiç, kişlak və s.); maddi- mədəni əşyaların adlarını (divan, torba, utyuk, sunduk, bardak, çemodan, kisa, çubuk, kendır, burunduk və s.); inzibati, hüquqi, sosial-iqtisadi həyatın mənzərəsini (yarlık, bazar, kazna, batman, karavan, ambar, tamqa, katorqa, çaban, bek, şax, mirza və s.); geyim və geyimlə bağlı əşyaların adlarını (arxaluk, kofta, xalat, terlik, çapan, cilet, şuba, papax, liçak, ata, başmak, postol, çulki və s.) ; hərbi sahələri (karaul, tabor, baraban, mişen, nabat, bunçuk, kurqan, esir,, kinjal, ataman, saçak, sultan və s.); müxtəlif bitki adlarını (aqaç, arbuz, tut, kamış, kizil. Çinar, funduk, kişmiş, ayva, limon, çovdar, şax və s.) ; heyvan və quş adlarını (karqa, şakal, kaban, sazan, samur, djeyran, mış); təbii mineral adları, faydalı qazıntı və qiymətli daş-qaş adlarını (almaz, izumurd,, mramor, jemçuk, mazut və s.) ; yemək və içki adlarını (balık, şaşlık,, kebab, xalva, bekmes və s.) ifadə etdiyini zəngin və maraqlı nümunələr əsasında izah etmişdir.. Müəllif mədəni terminlər adı altında denqa, yarlık, tarif, tamqa, prğokol, kabala, basma, monet, çuqun, bronza, karandaş, utyuk, bazar, kirpiç, altın, arişin və s. tipli türk sözlərinin rus dilinin lüğət tərkibində möhkəm yer tutduğunu və bədii əsərlərin dilində zəngin üslubi məqamlarda işləndiyini də fakt və dəlillər əsasında aydınlaşdırmışdır. Üslubi məqamlarla bağlı müəllif belə bir nəticəyə gəlir ki, türk mənşəli sözlərin böyük əksəriyyətinin məcazlaşması, çoxmənalılıq yaratması, nəhayət metoforik keyfiyyətlərinin üstünlüyü onların bu dildə geniş məna zənginliyi yarada bilmə səviyyəsinin yüksəkliyini və onların bu dil üçün zəruri dil vahidlərindən olması faktını təsdiqləyir.

Monoqrafiyanın 3-cü fəslində türk mənşəli onomastik vahidlərin rus bədii dilində işlənmə xüsusiyyətlərindən danışılır. Rus bədii ədəbiyyatında türk tarixi şəxsiyyətləri (Atilla, Mamay xan, Cingiz xan, Batı, Axmat, Tamerlan-Teymurləng, Məhəmməd və s.), türk mənşəli familiyalar, ləqəblər, təxəllüslər, titullar (Berkutov, Çeprakov, Tolmaçev, Karaulov, Bazarov, Başmakov, Boqatırov, Kabanov, Karamazov, Jemçujnikov, Almazov, Kumaçev, Kolpakov, Maydanov, Tuqan, Kurqanov, Koçevoy, Yarsev, Epança, Xalatov, Xanov, Çekmar, Arbuzov), türk etnos adları (mirza, skif, peçeneqlər, qırğız-qaysaq, çuvaş, başkir, kalmık, monqol, kizilbaş, və s.), türk mənşəli toponimik vahidlər (Karatuban, Qala, Karasu Bazar, Ak Meçet, Akkerman, Xuc, Tərtər, Kov, Karabörk, Kaymak, Enderi, Kurqan, Aktıyar (Sevastobol, hamamlı, Bozabdal, Gərgər, Niyazabad, Alagöz, Sundır, Qarabağ, Stanbul və s.) təhlil süzgəcindən keçirilir, hər birinin struktur-semantik əlamətləri üzərində dayanılır. Bu məsələnin araşdırılması göstərir ki, onomastik vahidlər rus ictimai mühitində türk sivilizasiyasının güclü təsirini, qüvvətli mövqeyini və eləcə də bədii mühitdə üslubi vasitə rolunun nə qədər əhəmiyyətli və bu cəhətlərin öyrənilməsinin faydalı olduğunu təsdiqləyir. Çox böyük zəhmət hesabına ərsəyə gəlmiş bu tədqiqat işi türk- slavyan ədəbi-mədəni əlaqələrinin, dil, tarix və kültür mühitinin geniş planda öyrənilməsi üçün də xeyli material verir.

İsmayıl Kazımov.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz