.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

AZƏRBAYCANDA LATIN QRAFİKALI ƏLİFBAYA KEçİDİN PEDAQOJİ-PSİXOLOJİ ASPEKTLƏRİ HAQQINDA

ARZU Yolçuyeva, pedaqoji elmlər namizəd

 

Tarixi keçmişimizdən indiyə kimi Azərbaycan xalqının bütövlüyü onun ərazisinin, dilinin, əlifbasının və bir çox maddi - mənəvi dəyərlərinin dəyişikliklərə məruz qalması heç də təsadüfi olmamışdır. Böyük ziddiyyətlərlə dolu olan həmin olayların dərin kökləri müharibələrin, qırğınların, itkilərin baş verməsinə səbəb olmuşdur. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərini təşkil edən əsas atributlarını qoruyub saxlamağa, nəsildən-nəsil ötürməyə müvəffəq olmuşdur.
Dil və əlifba hər bir xalqın varlığını, mövcudluğunu təsdiq edən faktorlardandır. Əlifba bu və ya digər dilin yazısında işlədilən, həmin dil üçün qəbul edilmiş qaydada düzülmüş qrafik işarələr toplusudur. Ədəbi dilin inkişafında əlifbanın çox əməli əhəmiyyət kəsb etməsi əksəriyyətə yaxşı məlumdur.
Əlifba məsələsi hər bir dövrün mədəni inkişafı və tərəqqisi üçün zəruri sayılmışdır. Bununla belə, tarixdə Azərbaycanın mədəni inkişafına, tərəqqisinə, eləcə də ədəbi dilin inkişafına maneçilik törədən əlifbalar da olmuşdur. Belə əlifbalardan biri ərəb əlifbasıdır. 1929-cu il tarixinə kimi azərbaycanlılar tərəfindən istifadə edilmiş bu əlifba dilimizin fonetik təbiətinə yad olduğundan orfoqrafiyamızda müəyyən çətinliklər yaratmışdır. Haqlı olaraq Azərbaycanın tərəqqipərvər ziyalıları dilimizin fonetik xüsusiyyətlərini əks etdirmək iqtidarında olmayan bu əlifbanın yeni əlifba ilə əvəz olunması uğrunda illərlə və müntəzəm mübarizə aparmışlar. Əski əlifbanın dəyişdirilməsi prosesi 1922-ci ildən başlanmış, 1929-cu ildə latın qrafikalı əlifbaya keçirilmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan bir əsrdə 4 əlifba dəyişikliyinə məruz qalmışdır.
Hələ ötən əsrin 21-ci ilində Azərbaycanda latın qrafikasına keçid üçün müəyyən tədbirlər görülmüşdü. 1924-cü ildə bu iş başa çatdırılır. Lakin imperiya siyasəti yenidən - 1939-cu ildə latını kirillə əvəz etdi. Beləliklə də, xalqımızın mənəvi sərvətlərinə xəyanət əli uzadıldı. Yaradılmış minlərlə mənəvi sərvət xəzinəsi istifadəsiz qaldı. Bu, həm də xalqımızın psixologiyasına, mənəviyyatına vurulan böyük zərbə idi. Dilimiz və əlifbamıza qarşı vaxtilə edilmiş haqsızlıq, təzyiq və təhriflərin nəticələri bu gün aradan qaldırılır.
Yeni əlifba müstəqil Azərbaycan dövlətinin mühüm atributlarından biridir. Latın əlifbasına keçid xalqımızın keçmişini bir daha özünə qaytardı. Milliözünüdərki formalaşdırdı. Milli şüurumuzun parametrlərini genişləndirdi. Dilimizin türk dilləri arasında yer və mövqeyini, onun qədim bir tarixə malik olmasını bir daha sübut etdi. Xalqın bəziləri bundan qürur duyur, bəziləri isə həyəcan və təlaş hissi keçirir.
Əvvəlki illərdə əlifba dəyişiklikləri Azərbaycan xalqının iradəsindən asılı olmayıb. Bu haqda xalqla heç bir məsləhətləşmələr aparılmayıb. Yeni əlifbaya keçid isə xalqın seçimi və arzusudur.
Ötən 10 il göstərdi ki, pərakəndə şəkildə və mərhələli qaydada latın qrafikasına keçmək özünü doğrultmur. Belə olan surətdə əhalinin az yaşlı təbəqəsi məktəblərdə bu əlifbanı öyrənib mənimsəyir, orta və yaşlı nəsil isə həmin işdən kənarda qalır.
Əlifba və orfoqrafiya bir-birindən ayrılmazdır. Orfoqrafiya dil normalarının sabitliyini təmin edən qaydalar sistemidir. Orfoqrafiya dil vahidlərinin yazılışını tənzimləyir, yazılı nitq normalarını qanuniləşdirir. Əlifba kimi orfoqrafiya da sosial problemlərdəndir. Hər bir ölkənin, o cümlədən müstəqilliyini qazanmış Azərbaycanın iqtisadi-mədəni yüksəlişində təkmilləşmiş orfoqrafiyanın və yeniləşdirilmiş milli əlifbanın rolu inkaredilməzdir. Orfoqrafiyaların tarixi əlifbaların tarixi ilə sıx şəkildə bağlıdır. Müxtəlif xalqların tarixində yad əlifbalardan istifadə istər-istəməz onların orfoqrafiyasına da bu və ya digər dərəcədə mənfi tə'sir göstərmiş, müəyyən təbəddülatlar baş vermişdir. Əlifbaların tətbiqi zamanı müxtəlif prinsiplər, qanunauyğunluqlar hər dövrün özünəməxsus orfoqrafiyasında aparıcı sayılmışdır. Məsələn, türk xalqlarının tarixində bir zamanlar ərəb əlifbasından istifadə müəyyən orfoqrafik çətinliklər yaratmışdır. Bu əlifbadan istifadə güclü psixoloji manelər törətmiş, ondan istifadə edənlərin əsəb sistemini demək olar ki, pozmuşdur. Məlumdur ki, hər hansı bir nöqtə işarəsi əlifbanın qüsuru hesab olunur. Ərəb əlifbasındakı saysız-hesabsız nöqtələr də onu oxuyana psixi təsir göstərmiş, müəyyən uyğunsuzluqlar yaratmışdır. Xeyli sayda faktlar vardır ki, nöqtələrin yerini dəyişik salmaqla və qarışdırmaqla bağışlanmaz anlaşıqlıqlar meydana gəlmişdir. Ərəb əlifbasında və orfoqrafiyamızda bu çətinliyə qarşı tərəqqipərvər ziyalılarımız, məsələn, M.F.Axundov ciddi mübarizə aparmışdır. O, Azərbaycan yazısındakı uyğunsuzluğu aradan qaldırmaq üçün hələ keçən əsrin ortalarında ərəb əlifbasını dəyişmək ideyasını irəli sürmüşdür. M.F.Axundov digər təkliflər də irəli sürmüşdür ki, bunların arasında dilimizin orfoqrafiyasını sadələşdirmək, onu canlı xalq dilinə yaxınlaşdırmaq və ərəb-fars sözlərini dilimizdə deyildiyi formada yazmaq və s.
1929-cu ildən başlayaraq Ümumittifaq MK-nın rəhbərliyi altında digər türk xalqları da yeni əlifbaya - latına keçirlər. Həmin ildə qazax, tatar, özbək dillərində standart orfoqrafiyalar yaradılır və istifadəyə buraxılır. 30-cu illərdən türkmən, başqırd, qaraqalpaq dillərinin əlifbası və orfoqrafiyası formalaşır. Beləliklə, türk ədəbi dillərinin orfoqrafiya bazaları yaradılır.
I Ümumittifaq MK-nın I Beynəlxalq plenumunda elmi şurada milli ədəbi dillərin orfoqrafiyasının yeni əlifbalar əsasında sabitləşdirilməsi məsələsi qoyulur.
1925-ci il tarixdən etibarən Azərbaycanda S.Ağamalıoğlunun təşəbbüsü ilə latın qrafikalı əlifbaya keçidin tərəfdarları müxtəlif tədbirlər keçirir, yeni əlifbanı kütlələrə tanıtmaqla məşğul olur, yeni əlibfaya tam şəkildə keçmək üçün maddi-mənəvi stimul yaratmaq uğrunda əzmlə mübarizə aparırdılar. Görülən mühüm işləri N.Nərimanov o zaman yüksək qiymətləndirirdi: "Mən artıq əminəm ki, yeni əlifba sözsüz həyata keçəcəkdir" [Bax: F.Aqazade, K.Karakaşlı, Ocerk po istorii razvitiə dvijeniə novoqo alfavita i eqo dostijeniə. İzd. VÜKNTA, Kazanç, 1928, s. 88].
Ərəb əlifbasından latına ilk keçid prosesini o vaxt yüksək dəyərləndirənlər onu "Şərqdə mədəni inqilab" adlandırırdılar. Türkiyə naziri Səbri bəy Moskvada olarkən demişdir ki, latın əlifbasının Şuralar İttifaqında yaşayan türk-tatar xalqları arasında həyata keçməsi başqa türk xalqları üçün də nümunə ola bilər ["Yeni yol" qəzeti, 7 yanvar 1926-cı il].
Əsrin 20-ci illərində latın əlifbasının qəbulu sahəsində sonuncu dönüş ili 1 Türkoloji Qurultayın çağrıldığı (1926-cı il 6 fevral) ərəfəyə təsadüf edir. Bu qurultayda latın əlifbasının sözügedən dövrün mədəni inkişafındakı rolu, azərbaycanlıların həyatındakı əhəmiyyəti və s. üzərində geniş dayanılmışdır.
Onu da qeyd etmək yerinə düşər ki, Türkiyədə ərəb əlifbası əvəzinə latın əlifbasının qəbul edilməsinə Azərbaycanda yeni əlifba ideyasının qələbəsi də xeyli təsir göstərmişdir. Kamal inqilabından sonra əlifba islahatı uğrunda mübarizə yenidən başlandı və mübarizə kəskin siyasi xarakter aldı. ciddi mübarizə nəticəsində latın əlifbası tərəfdarları qalib gəldilər. Buna Azərbaycanda və keçmiş ittifatın digər respublikalarında latın qrafikalı əlifbanın qəbulu yardım etdi.
Tarixi proses müstəqillik yolunda mətanətlə çarpışan türkdilli respublikalarda kiril əlifbasının latın qrafikalı əlifba ilə əvəz olunması şəraitini zəruriləşdirdi. 1939-cu ildən 1991-ci ilədək kiril əlifbasından istifadə edən Azərbaycan xalqı 1991-ci ilin dekabrında Ali Sovetin Milli Şurasının qərarı ilə yeni latın qrafikalı əlifbaya keçidi təsdiq etdi.
1991-ci ildən 2001-ci ilədək olan dövrü Azərbaycanda latın qrafikalı əlifbadan istifadənin pərakəndə dövrü adlandırmaq olar. çünki bu dövr ərzində respublikada latın qrafikalı Azərbaycan əlifbasından tam və məcburi şəkildə istifadə olunmamış, (əslində əlifbadan istifadə könüllülük prinsipinə əsaslanmalıdır - A.Y.) həm kiril, həm də yeni əlifba tədbiq olunmuşdur.
Görünür, bu müddət (10 il) latın qrafikalı əlifbaya keçid üçün həm də hazırlıq mərhələsi olub. Bu mərhələdə orta məktəblərin, litseylərin və digər ümumtəhsil məktəblərinin işini müsbət qiymətləndirmək olar. Məktəblilər və pedaqoji kollektiv çox böyük həvəslə latın qrafikalı Azərbaycan əlifbasını öyrənmiş, məktəb pedaqoji sahədə sənədləşmə işləri həmin əlifba ilə aparılmışdır. Təlim-tərbiyə işçiləri 10 il müddətində latın qrafikalı əlifbadan istifadə etməklə pedaqoji mühiti sağlamlaşdırmışlar. Bir sözlə, pedaqoji arenada latın qrafikasına keçidi və ondan istifadəni müsbət hal kimi dəyərləndirməmək haqsızlıq olardı.
Azərbaycanın universitet, institutut və orta ixtisas kolleclərində isə vəziyyət başqa cür olmuşdur. Kim necə istəyir, o cür də hərəkət etmiş, kiril və latın qrafikalı əlifbadan birgə istifadə edilmişdir.
Nazirliklərdə, təşkilat və idarələrdə latın qrafikalı əlifbaya, əslində maraq göstərilməmiş, rəsmi sənədləşmə işləri kirillə və çox hallarda isə rus dilində aparılmışdır. çünki həmin sahələrdə çalışanların demək olar ki, əksəriyyəti rusdilli mütəxəssislər olmuş, onlar ana dilindən istifadə edə bilməmiş və heç marağında da olmamışlar. Aparılmış statistik yoxlamalar bizi bu qənaətə gətirib çıxarmışdır.
Məlum qərar 10 il bundan öncə qəbul olunmuşdur. Lakin həmin qərar obyektiv və subyektiv amillərlə əlaqədar olaraq yerinə yetirilmirdi. Düzünə qalsa, xalqın başı başqa şeylərə qarışdığı üçün dilimizə, əlifbamıza biganə, laqeyd münasibət yaranmış və bunun nəticəsində adamlarda maraq sönmüşdü. Bəzi adamlar isə böyük demokrat Mirzə cəlilin dediyi kimi "bəlkə də qaytardılar" prinsipi ilə hərəkət edirdilər.
10 il ərzində latın qrafikalı əlifbaya keçid məsələləri demək olar ki, mətbuatda ciddi müzakirə obyektinə də çevrilməmişdir. Ara-sıra mətbuat orqanlarında narazılıq dolu məktublar dərc edilmiş, gileylər eşidilmişdir. Ümumiləşdirilmiş şəkildə göstərsək, həmin narazılıqlar bundan ibarət olmuşdur:
­ Nə üçün bir əsrdə Azərbaycanda əlifba dörd dəfə dəyişdirilmişdir?
­ Əlifbanın respublikada tez-tez dəyişdirilməsi siyasi məqsədlər güdür.
­ Əlifbanın dəyişdirilməsi kütləvi savadsızlığa gətirib çıxara bilər.
­ Latın qrafikalı əlifbada oxuyub-yazmağı bacaran məktəblilər kiril əlifbası ilə çap olunmuş ədəbi-mədəni, klassik irsi öyrənə bilməyəcəklər.
­ Azərbaycan dilində çap olunan mətbuat orqanları çətin problemlərlə üzləşəcək. Mətbuat istər-istəməz maliyyə çətinlikləri ilə qarşılaşacaq.
­ Azərbaycanda beş yüzdən çox çap edilən qəzet və jurnallar latın qrafikalı əlifbadan istifadə etdikdə həmin mətbuat orqanları satıla bilməyəcək.
­ Əhalinin böyük əksəriyyətini təşkil edən yaşlı və orta nəslin nümayəndələri latın qrafikasını öyrənməyə çətin alışacaqlar.
­ Ən azı göz və əl öyrənməlidir ki, əvvəlki surətlə oxuyub-yaza biləsən.
­ Əlifba dəyişmək xüsusən kitab nəşri ilə bağlı problem yaradacaq. Kiril əlifbası ilə yazılmış minlərlə ədəbiyyat istifadəsiz qalacaq.
Bu və ya digər çətinliklər ölkə mətbuatında müzakirə obyekti olsa da, 2001-ci ilin avqustun 1-dən etibarən bütün Azərbaycanın latın qrafikalı əlifbaya birdəfəlik keçməsi məsələsi haqqında prezidentin fərmanı çoxlarını çaş-baş saldı. Bu fərman, hər şeydən öncə, dövrün ən zəruri hadisəsi kimi qiymətləndirilir. Prezident Heydər Əliyevin bu gözləniləz fərmanı, ilk öncə, mətbuat işçilərini" çətinliklər" qarşısında qoydu. Müxalifət mətbuatları indiyə kimi ölkə prezidentini qınayırdılar ki, niyə latın qrafikalı əlifbaya birbaşa keçirilmir. Prezidentin bu haqda fərmanı dərc ediləndən sonra müxalifətçilər verilən fərmanın tez olduğunu, guya respublikanın bu işə hələ hazır olmadığını israrla təbliğ edirdilər. İş burasındadır ki, "millət-millət" deyən, xalqın mənafeyini sözdə müdafiə edən bəzi mətbuat orqanları Azərbaycanda latın qrafikasının tətbiq olunmasına qarşı çıxış etdilər. Bu işin müxalifət mətbuatına qarşı təxribat olduğunu bəyan edənlər də tapıldı. Görünür, latın qrafikalı əlifbaya keçidin müxalifət mətbuatına, onların satışına mənfi təsiri olacaqdır. Halbuki belə deyildir.
Ölkə rəhbərinin latın qrafikalı əlifbaya keçmək barədəki imzaladığı sənəd bəzi nihilistləri narahat etdi. Bu məsələdə ağız büzənlər hələ müstəqilliyimizin ilk illərində əvvəlki prezidentlərin imzaladıqları sənədlərə də öz etirazlarını bildirmişdilər. Hələ o zaman sabiq prezident Ə.Elçibəy (Allah rəhmət eləsin!) jurnalistlərə deyəndə ki, mənim müsahibəmi latın qrafikası ilə çap etməyincə mən sizə müsahibə vermirəm-fikri çoxlarına qəribə görünmüşdü.
H.Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamaqla Azərbaycan müstəqilliyini əbədiləşdirmək üçün sonuncu əməliyyatı həyata keçirdi. Məlum fərman respublikamızda az qala 2 yüz il hegemonluq etmiş rus imperiyasının, 62 il dilimizə, ədəbiyyatımıza "nüfuz eləmiş" kiril qrafikalı əlifbanın son zəncirlərini qırdı.
Politoloq Səbuhi Məmmədov haqlı olaraq demişdir ki, bütün Avropa və Amerikanın, dünyanın əksər aparıcı dövlətlərinin və xüsusən də Azərbaycanın böyük dayağı olan qardaş Türkiyənin istifadə etdiyi qrafikaya keçid artıq Azərbaycanın həqiqi müstəqilliyinin başlanğıcıdır.
Artıq Azərbaycanda latın qrafikalı əlifbaya keçidin son mərhələsi də başa çatdı. Müstəqilliyimizin 10 illiyi ərəfəsində yaşayan məmləkətin dövlət dili, əlifbası öz statusunu de-fakto bərpa etdi. Latın qrafikalı əlifbaya keçməklə imperiyanın son bağlantısından da yaxa qurtardıq. Ona görə də Prezident tərəfindən verilən fərman mühüm tarixi əhəmiyyət daşıyan zəruri sənətdir. Ölkə prezidenti H.Əliyev jurnalistlərlə görüşündə demişdir ki, avqust ayının 1-dən Azərbaycan öz doğma, latın qrafikasına keçibdir. Bu, böyük bayramdır. Güman edirəm ki, bundan sonra Azərbaycan müstəqil dövlət olaraq bir daha öz əlifbasını dəyişdirməyəcək. Fərman ölkə ictimaiyyəti tərəfindən yekdilliklə qəbul olundu. Şəhərin müxtəlif yerlərində, yol kənarlarında əcnəbi dillərdə asılmış plakatlar, reklamlar az müddət ərzində dəyişdirildi və doğma ana dilində yazıldı, mətbuat orqanlarının böyük əksəriyyəti həmin əlifba ilə çap edilməyə başlandı.
Fərmandan sonra əlifbanı boykot etmək istəyənlər də, çox təəssüf ki, tapıldı. Bəzi qəzet redaktorları: "Mən sabahdan qəzeti rus dilində çıxardacağam".Məsələn, "İmpuls" adlı qəzet hələlik bu fərmana əməl etmir və kiril qrafikalı əlifba ilə hələ çap edilir.
Azərbaycanda 1 avqust 2001-ci il tarixli qəzetlər "Əlvida kiril, salam, latın" rubrikaları altında materiallar dərc etmişdir.
Avqustun 1-dən etibarən idarə və təşkilatlarda, nazirliklərdə kiril əlifbalı makinalar yığışdırılmağa başlanmışdır. Artıq həmin təşkilatlar kompüterləşdirilir. Makina ustaları kompüterdə yazmağı öyrənirlər. Lakin kompüterlərin alınmasında nisbi çətinliklər də mövcuddur.
Dil və əlifba bir-birilə bağlı məsələlərdir. Təsadüfi deyildir ki, ölkə başçısı latın qrafikalı əlifbaya keçidlə əlaqədar, həm də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli fərman da imzalamışdır. Bu fərmandan irəli gələn vəzifələr müvafiq orqanlar tərəfindən yerinə yetirilir, dövlət dili müxtəlif təşkilat, idarə və nazirliklərdə tətbiq olunmağa başlanır.
Müstəqilliyimizin 10 illiyi dövründə ana dilinin tətbiqinə, işlənilməsinə, xüsusilə reklamlardan istifadə olunmasına lazımi diqqət yetirilməyib. Özbaşınalıq, başlı-başınalıq hökm sürüb. Müxtəlif idarələrin, ofislərin adları ingiliscə, rus və s. xarici dillərdə yazılıb. Afişalara, reklamlara baxanda adama elə gəlirdi ki, hansısa xarici bir ölkədəsən, əcnəbi bir şəhərdəsən. Televiziya kanalları əcnəbi adlarla (məsələn, ANS, SPAJE və s.) adlandırılmışdır. Öz milli sözlərimizə biganəlik baş alıb gedirdi.
70 illik totalitar bir zamanda azərbaycanlılar arasında öz ana dilinə biganə yanaşan, öz övladlarını rus dilində oxudan, təhsil verən adamlar çox idi və indinin özündə də vardır. Bu, bizcə, ana dilinə hörmətsizliklə, milli qürur hissinin az olması ilə bağlıdır.
Yeni qərar dilimizin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Və rus dilində təhsil alan azərbaycanlıları sanki silkələdi, yuxudan oyatdı.
Biz əcnəbi dildə təhsil alıb sonradan milli qürurünu itirmişlər haqqında bir sıra tanınmış şəxsiyyətlərin, pedaqoqların, politoloqların fikir və mülahizələrini bu məqalədə xatırlatmaq istəyirik: "Bu uşaqlar böyüyüb məmur olandan sonra üzərlərinə nə qədər vətənpərvərlik maskası taxsalar da, onlar ana vətənlərinə deyil, dillərində təhsil aldıqları millətə qulluq edəcəklər " (Böyük rus pedaqoqu Uşinski).
"Bakıda bir çox adamlar rus dilində danışır. Bu isə respublikanın müstəqilliyi üçün zərərdir" (Azərbaycanşünas, ABŞ alimi, professor Tadeuş Svyataxovski).
"Azərbaycanlının öz ana dilində danışmaması milli faciədir. Bu cür şəxslərə azərbaycanlı deməyə adamın dili gəlmir. Halbuki, onların bəyənmədikləri dilinə hətta düşmənləri də həsəd aparır" (ABŞ alimi Odra Olmayd).
"Biz çox dil bilməyi alqışlayırıq. Azərbaycanlı kimi doğma dilini bilməmək faciədir. Bu, övladın ata və anasını inkar edib tanımaması kimidir" (Azərbaycan prezidenti H.Əliyev).
Bütün bunları nəzərə alaraq, "Dövlət dilinin tətbiqi…" adlı fərmanda haqlı olaraq göstərilir ki, dövlət dilimiz həyatın bütün sahələrində işlənməlidir.
Fərmanda daha sonra deyilir ki, Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin".
İndi Azərbaycanda məlum fərmanın icrası ilə bağlı olaraq müvafiq tədbirlər görülməkdədir:
Nazirlər Kabinetinin 2001-ci il 28 iyul tarixli sərəncamı ilə latın qrafikasında Azərbaycan əlifbasının müasir kompüterlərdə istifadə edilməsi üçün vahid standartların təsdiq olunması bu tədbirlər sırasında mühüm yer tutur. Bu, uzun illərdən bəri mövcud olan problemi aradan qaldırmış və Azərbaycan dilində informasiya resurslarının formalaşdırılmasına, onların mübadiləsinə şərait yaratmışdır.
Fərmanın və sərəncamın həyata keçirilməsini təmin etmək üçün yerli mütəxəssislər tərəfindən xüsusi proqram vasitələri və internetdə informasiya toplusu hazırlanmışdır.
Qəbul olunmuş standartlara hər bir dövlət strukturunda, özəl qurumda, fərdi istifadəçilər tərəfindən riayət edilməsi tövsiyə olunur (Bu haqda bax: "Xalq qəzeti", 1 avqust 2001-ci il, № 172).
Azərbaycanda belə bir atalar deyimi var: Özünü sevən dilini sevər. Hər bir azərbaycanlı öz dilinin, əlifbasının saflığını göz-bəbəyi kimi qorumalıdır. Tarix boyu Azərbaycan əlifba dəyişməyə məcbur olsa da, bu yəqin ki, sonucu keçiddir. Yeniləşdirilmiş latın qrafikalı əlifba millətini və müstəqilliyini sevənlərin təzə əlifbası-qardaş Türkiyənin əlifbasıdır. Onu sevməli, öyrənməli, öyrətməli, təbliğ etməli və gələcək nəsillərə bir ərməğan qoymalıyıq.
Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz