.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

MÜSTƏQİL MƏTBUATIN DİLİNDƏ GEDƏN PROSESLƏR

İsmayıl Kazımov

 

Sovet Birliyinin dağılmasından sonra MDB deyilən bir qurum yeni əsaslarla yarandı, ölkə daxilində radikal addımlar atıldı, ictimai-siyasi platformada dəyişkənliklər əmələ gəldi, o cümlədən milli respublikalarda, Azərbaycanda da milli mətbuatın landşaftı genişlənməyə başladı.

Bu illərin çoxsaylı müstəqil mətbuatı da yaranır, müstəqillik qazanmış respublikamızın, onun zəngin dilinin əsas leksik - frazeoloji layını və sintaktik quruluşunun yeni və əsas qanunauyğunluqlarını əks etdirir.

Kütləvi informasiya vasitələrindən biri kimi mətbuat mühüm informasiya mənbəyidir. Onun səhifələrində olan mətnlər ictimai problematikliyi ilə-tarixi, siyasi, iqtisadi, mədəni və s. məsələləri hərtərəfli şəkildə əks etdirməsi ilə aktualdır. Qəzet ölkə həyatını konkret faktlarla-iqtisadi, siyasi, ideoloji, mədəni və s. faktlarla təhlil süzgəcindən keçirir, sosial problemləri həll edir.

Müstəqil mətbuat da xronikal-informasiyaları, bugünkü gercəklikləri, baş verən hadisələri, daxili və xalqlararası həyatı ən sadə, ən asan bir dildə və üslubda təqdim edir.

Son zamanlar ölkəmizin ictimai fikrində çox da sadə olmayan proseslər gedir. Son illərin mətbuatı da ictimai fikrin sferasında dinamik meyllərlə inkişaf edir. Kəmiyyət etibarı ilə daha çox müşahidə olunan mətbuatımız keyfiyyət baxımından bəzən "axsayır". Azərbaycanda demokratiyanın inkişafı, söz azadlığının bərqərar olması mətbuatın bir sıra əsas meyarlarını sanki arxa plana keçirmişdir. Bəzi nümunələr istisna olmaqla, əksər qəzet yazılarında profesionallıq aşağı səviyyədədir, bəzən də heç yoxdur. Ayrı-ayrı müstəqil qəzetlərdə ədəbi dilimizin ən adi normalarına (orfoqrafik, qrammatik) belə əməl olunmur, baş redaktorun baş məqalə yerində verdiyi yazıda cümlənin harada başlayıb harada qurtardığını müəyyənləşdirmək çətin olur.

Ancaq bununla belə, bu gün Azərbaycan mətbuatı milli köklər və milli zəmin üzərində qurulub, Azərbaycan deyilən bir məmləkətin qayğı və problemlərinin həllinə kömək məqsədini üstün tutur. 90- cı illərin və yeni yüzilliyin başlanğıcının xaotik hadisələri, ölkənin gələcək perspektivləri azad sözün, demokratik fikrin, yeni üsluba keçid mərhələsinin işığında təhlil olunur.

Qəzet ən aktiv şəkildə Azərbaycan ədəbi dilini moderniləşdirir: leksik (yeni söz və terminlərin yaranması və işlənməsi, alınmaların dilə daxil olması və mənimsənilməsi və s.) və sintaktik (söz birləşməsi və cümlə sintaksisi) səviyyələrdə. Yeni dil hadisələri və prosesləri qəzet səhifələrində meydana çıxır. Bugünkü qəzetin dili yeni, ümumi dil normaları və onun demokratikləşməsi,yəni xəlqiləşməsi ilə xarakterizə oluna bilər.

Müstəqil mətbuat da ölkədə baş verən bütün yeniliklərə biganə qalmır, yeni ictimai quruluşu, siyasi mühiti, iqtisadi şəraiti hərtərəfli işıqlandırmağa çalışır. Təbii ki, dilimizin lüğət tərkibində baş verən dəyişmələr müxtəlif ictimai- siyasi təsirlərdən məhrum deyildir. Lüğət tərkibində özünü göstərən dəyişmələr daim eyni xarakter daşımamış, cəmiyyətin müxtəlif inkişafı dövrlərində özünəməxsus xüsusiyyətləri ilə fərqlənmişdir. Prof. A.Axundov dilimizə dövlətimizin qayğı göstərməsi məsələsindən danışarkən göstərir ki, yeni ictimai quruluş, siyasi mühit, iqtisadi şərait 70 ildə vərdiş etdiyimiz ictimai- siyasi- iqtisadi şəraitdən fərqləndiyinə görə dilimizin ictimai funksiyasında da bir sıra yeniliklər yarandı, dəyişikliklər baş verdi. 60 il dilimizin yazı vasitəsi olan kiril qrafikalı əlifba latın qrafikalı yeni yazılı və şifahi növləri əvvəlki dövrlərlə müqayisədə sayca olduqca çox olan kütləvi informasiya vasitələrində- qəzet və jurnallarda, dövlət və özəl televiziya kanallarında, radioda yeni dövrün məhsulu olan təşkilat aə müəssisələrin adlarında təzə xüsüsiyyətlər qazanmağa başladı. Yeni ictimai-siyasi övqata, demokratik şəraitə sürətlə uyğunlaşmağa başlayan dilimizin inkişafında böyük uğurlarla bərabər, müəyyən problemlər də meydana çıxdı. Bu vəziyyət hələ də davam edir və özünü bu gün də aydın göstərməkdədir.1

---------

1. Axundov A. Dilimizə dövlət qayğısı.- "Azərbaycan dili və ədəbiyyatı tədrisi", № 3, 2001, s.9.

Müstəqil qəzetlərin dilində özünü göstərən ictimai- siyasi leksika respublikamızın siyasi həyatını, cəmiyyətin siyasi dünyagörüşünü, məfkurəsini hərtərəfli şəkildə əks etdirir.

Mətbutın dili göstərir ki, dilimizdə istifadə olunan bir sıra rus mənşəli ictimai- siyasi alınmalar müəyyən zaman çərçivəsində ictimai mühitin dəyişməsi ilə semantik diferensiasiyaya uğrayıb. Gercək fakt və hadisələrin şərhinə, onlar arasında olan əlaqə və münasibətlərə siyasi mövqedən yanaşılır. Yeni ideoloji mühitə uyğun ictimai-siyasi terminologiya inkişaf prosesi keçirir.

İctimai-siyasi leksika bütün dillərin leksik layında aparıcı yerlərdən birini tutur. Çünki ciddi və mürəkkəb ictimai-siyasi hadisələr, ziddiyyətli situasiyalar, bir sözlə ölkə daxilində baş verən ictimai-siyasi durum və s. mətbuatın səhifələrində bu olayları özündə əks etdirən söz və terminlərlə, terminoloji ifadələrlə intişarını tapır. Müəyyən zaman kəsiyində ictimai- siyasi leksika ən çox alınma xarakteri daşıdığı üçün tərcümə mətnləri ilə milli dillərə daxil olmuşdur. O cümlədən də, Azərbaycan dilinə. Məs.: klan, respondent, geopolitik, paranormal, killer, mafiya, sprut, revanş, preventiv, korrupsioner, reputaş, kuluar, presedent, piket, funksioner, komromat, xaos, xaotik, xarizma, konfidensial, konfliktoloq, media, kollaps, brifinq və s.

Bu alınmalar, fikrimizcə, müstəqil mətbuatın dilinə bəzi hallarda ağırlıq gətirir, bunların qarşılıqları tapılmalıdır.Əks –təqdirdə mətnlərdə anlaşılmazlıq meydana gələr. Qeyd etmək lazımdır ki, Türkiyə türkcəsində «Dilimize sahip çıkıyoruz», «Yabançı kelmelere karşılıklar» başlıqlarında verilən bu tipli alınmaların (məsələn: sempati (təklif olunan qarşılığı yakınlıq), prezante etmek (tanıtmak), mantalite (zihniyyet, anlayış), departman (bölüm), sponsor (destekleyici) ekvivalentləri mətbuatda təklif olunur. Bu ənənədən bizdə də istifadə olunmalıdır.1

-------------------

1. Türk dili. Dil ve edebiyat dergisi. Sayı: 509/mayıs, 1994, s. 344-346; Türk dili. Dil ve edebiyat dergisi. Sayı: 516/aralık, 1994, s. 476-477. Türk dili. Dil ve edebiyat dergisi. Sayı 518/şubat, 1995, s. 154-155.

Müstəqil mətbuatda sosial-iqtisadi həyatın bütün sahələri canlandırılır. Müstəqil qəzetlərin dilində işlənən sosial-iqtisadi terminlər ictimai- siyasi və iqtisadi elmlərin vəziyyətini, ictimai- siyasi durumu, cəmiyyətin hazırkı inkişaf səviyyəsini, Azərbaycan xalqının siyasi məfkurəsini, ideologiyasını, müxtəlif ideya və baxışları, insan fəaliyyətinin növlərini, fəaliyyətin nəticələrini və s. əks etdirir.

"İqtisadiyyat" qəzetində, »İqtisadiyyat və həyat» jurnalının səhifələrində sosial-iqtisadi həyatın müxtəlif sahələri ilə bağlı işlənmiş terminoloji vahidlərin əksəriyyəti kalka üsulu ilə formalaşmışdır. Bu terminoloji vahidlərin çoxu söz birləşməsi şəklindədir. Məs.: investisiya mühiti, investisiya yardımı, iqtisadi inteqrasiya, azad ticarət, milli istehsal, kütləvi bazar, istehsal xərcləri, milli aqrar siyasət, vahid kənd təsərrüfatı məhsulları, "ümumi bazar", iqtisadi artım, Avropadaxili ticarət, iqtisadi maraq (MDB iqtisadi maraqları), iqtisadi-siyasi maraq, iqtisadi işin təkmilləşdirilməsi, iqtisadi forum, sosial həyat, fermer təsərrüfatı, iqtisadi islahat, kiçik sahibkarlıq, daxili borcun ödənilməsi, özəl bölmə, azad istehlakçı və s. ("İqtisadiyyat", 11-17 yanvar 2002-ci il, № 1,157); 18- 24 yanvar 20002- ci il, № 2,158); 24- 31 yanvar 2002- ci il, № 3, 159).

Sosial- iqtisadi terminlərin mühüm bir qismini m a l i y y ə sazhəsində mətbuatda yeni işlənən termin və terminoloji vahidlər təşkil edir. Bu vahidlər ölkə daxilində maliyyə sisteminin yeni quruluşa uyğun kəsb etdiyi anlayış və məvhumlarla əlaqədardır. Müstəqil qəzetlərin dilindən seçilmiş aşağıdakı nümunələrə diqqət yetirək: valyuta bazarları, xarici valyuta, dolların məzənnəsi, valyutaların devalvasiyası, valyutadəyişmə məntəqəsi, markanın məzənnəsi, sabit saxlanılma, iqtisadi həyatın dinamikası, inflyasiyanın səviyyəsi, iyena səviyyəsi, maliyyə böhranı, faiz dərəcələri, sərmayə qoyan, iqtisadi siyasət, maliyyə islahatı, bazarda qiymətlər, kredit bazarı, səhm, kredit faizləri, maliyyə defisiti, qısamüddətli borc, investesiya bankı, xarici valyuta, investesiya bazarı, fond bazarları, xarici investorlar, beynəlxalq maliyyə təsisatları, maliyyə paketi, milli pul vahidi, struktur islahatlar, vahid valyuta markası, milli referendum, vahid Ümumavropa valyutası, özəl bank, özəl şirkət və s.

Son illərdə dilimizin öz sözləri, həmçinin vaxtilə digər dillərdən həmin dilin leksikasına daxil olub vətəndaşlıq statusu qazanmış leksik vahidlər əsasında ö d ə n c, a ş k a r l a m a, a ç ı q l a m a, a ş k a l a m a, qarşıdurma, anlam, köçkün, qaçqın, şəhidlik, tərəfdaş, dövlətçilik və s. terminlər yaradılmışdır və həmin tipli sözlər hazırda müstəqil mətbuatın dilində işlənməkdlədir.

Alınma proqressiv proses olub bir dilin lüğət tərkibi başqa bir dilin lüğət tərkibi hesabına zənginləşir. Alınma sözlər və terminlər isə ilk dəfə mətbuat səhifələrində görünür. Alınma prosesi də dövrün ictimai- siqasi, iqtisadi- mədəni və s. dəyişkənlikləri ilə yeniləşir və sürətlənir, köhnəlmiş alınmalar dildən çıxmağa başlayır, yeni anlayış və məfhumlar yeni neologizmləri başqa dildən alır.

Son illərdə vəziyyət dəyişdiyindən, xüsusən Türkiyə türkcəsindən «canlı yayım», «iqtidar» (bu söz ərəb mənşəlidir- İ.K), «cizgi filmi», «özəlləşdirmə», «iş adamı», «durum», «yetərsay», «Anayasa», «düzən» kimi söz və terminlərin dilimizə gətirildiyi, kütləvi informasiya vasitələrində, rəsmi sənədlərdə müvəffəqiyyətlə işədildiyi müşahidə olunur. Hər halda, bu işdə də müəyyən bir prinsip gözlənilməlidir.»Zaman» və «Azadlıq»qəzetlərində bu cür sözlərin mətnlərdə gen- bol işlənməsi,fikrimizcə,çox da yaxşı hal deyil.

Mətbuat dilində Türkiyə türkcəsində işlənən bir sıra terminlərin ərəb-fars mənşəli sözləri sıxışdırmasını isə alqışlamaq olar : önəm- əhəmiyyət, olay- hadisə,uçak- təyyarə və s.

Bəzən alınmalar milli sözləri özünə qoşub mürəkkəb söz yarada bilir: supergüc, atəşkəs və s.

Alınma ünsür kimi fars mənşəli «pərəst», «daş» şəkilçilərinin sözyaratma funksiyası genişlənmişdir. Məs.: Moskvapərəst, Türkiyəpərəst, qərbpərəst; tərəfdaş, məsləkdaş və s.

Müstəqil mətbuatın dilində ekzotizmlərin bəziləri də ictimai- siyasi quruluşun təbiəti ilə bilavasitə əlaqədardır. Məs.: spiker, ratifikasiya, funksioner, divident, speklüyasiya, brifinq, totalitar, investisiya, stereotip, unitar, legitim, kuluar və s. Spiker M. Ələsgərov da prezidentin səlahiyyət müddətinin artırılmasını dəstəklədi ("Şərq" qəz., 2 fevral 2002-ci il, 23 (843); MM-in birinci iş günü bir sıra sazişlərin ratifikasiya edilməsi ilə başa çatdı (Yenə orada); İndi deyirlər, partiya funksioneri, partiya funksioneri. Bu adamların böyük əksəriyyəti heç funksioner də deyilər (Yenə orada); AXCP-yə hər hansısa dividentlər dətirirsə, mən o dividentləri eşitmək istəyərdim (Yenə orada); Avropa Şurası məsələsində hakimiyyətin ən böyük speklüyasiyası nə idi? (Yenə orada), …Yeri gəlmişkən, Rusiyanın «yeni təşəbbüsü»nə cavab olaraq Qafqazda alternativ alyansın- siyasi k u l u a r larda çoxdan intensiv şəkildə müzakirə obyektinə çevrilmiş «Türkiyə-Azərbaycan - Gürcüstan üçlüyü»nün yaradılması da istisna edilmir… («Günay», № 10, 10.03.2002).

Frazeologizmlər qəzet dilində üslubi resursları işıqlandırır. Qəzet səhifələrində istifadə olunan frazeoloji ifadələr yeni əsrin xalq dilini əks etdirir. Müəlliflər frazeoloji ifadələrdən müəyyən mətləbləri ifadə etmək üçün istifadə edirlər. Onlar mühüm ictimai- siyasi durumu bu vahidlərdən istifdə etməklə canlandırırlar. Məsələn, Bir vaxtlar sovet şairi Süleyman Rüstəm h a r a y ç ə k i r d i ki, cənnət görmək istəyən Azərbaycana gəlsin ("Şərq" qəzeti, 9 fevral 2002- ci il). Müəllif "haray çəkmək" frazeoloji ifadəsini "yazmaq" felinin əvəzinə işlətmiş və bu yolla Şəkinin Dərəcənnət kəndinin iqtisadi problemlərini oxucuya ifadəli,obrazlı şəkildə çatdırmışdır. Və yaxud "Daşlar Şəkinin Dərəcənnət kəndinə tökülməyindədi", "Dərəkəndə daş tökülür"- cümlələrində "daş tökülmək" feli frazeologizmdir.

Danışıq dilinə məxsus sözlər bəzən qəzet mətnlərində üslubi manevrləri əks etdirir, müəyyən mətləblər üçün istifadə edilir. Xüsusən də, kinayə məqsədilə. Məsələn, belə mətnlərdə «ikinci», «üçüncü» sıra sayları ironik məqamı yaratmaq üçün «ikiminci», «üçümüncü» şəklində istifadə olunur: İkimincisi, bu «Viaqro» Azərbaycana necə gəlir? Üçümüncüsü də hanı bu işə nəzarət edən əlaqədar orqanlar? Və nəhayət, məndən sizə bir axır əmanət! Erməni ki var, sizin düşməninizdir, onunla alver-zad eləməyin. Çünki erməni bir gün sizə a t a c a q! («Günay», № 10, 10.03.2002).

Son illər danışıq dilində "atmaq" feli öz semantik inkişafını dəyişmiş, «aldatmaq» mənasında işlənməkdədir.Bu söz müstəqil mətbuatın dilində də özünə yer etmiş, komik vəziyyətlərin təsvirində istifadə olunur. Məs.: Kimə gəldi atmışıq, atanşik adını bəzilərimiz almışıq ("Şərq" qəzeti, 9 fevral 2002- ci il).

Mətbuat dilinə termin axını güclü şəkildə müşahidə olunur. Hər bir yeni söz və terminlər yeni sosial həyatın mənzərəsini əks etdirir. Bunların bir qismi leksik şəkilçilərin köməyilə formalaşmışdır:

- çı4, -cı4: cəbhəçi, cilalayıcı, daşıyıcı (dilin daşıyıcısı), qazıyıcı, aparıcı müxalifətçi və s.

- lıq4: birlik, əyanilik, mənlik (mənlik şüuru), dəyişkənlik və s.

- ma2: sapma, ödəmə, və s.

- ış4: davranış, dönüş, açılış, qurtuluş, ödəniş, çevriliş və s.

Müstəqil mətbuatın dilində ədəbi d i l n o r m a l a r ı n ı n p o z u l m a s ı halları ,yuxarıda göstərdiyimiz kimi, tez-tez müşahidə olunmaqdadır.

A) Orfoqrafik normanın pozulması. «İş adamları» ifadəsi bəzi qəzetlərdə bitişik, bəzilərində isə ayrı yazılır: «Üzümü iş adamlarına tuturam» («Yeni müsavat», № 98 (1673) 15 aprel 2002); «Adı çəkilən», «sözü gedən» sözləri də gah ayrı, gah da bitişik yazılır. Fikrimizcə, belə sözlər bitişik yazılmalıdır. «Dünyagörüşü» sözü bitişik yazılır. Lakin «Günay» qəzetində bu sözün ayrı yazıldığı hallara təsadüf edilir. Məs.: Biz siyasi d ü n y a g ö r ü ş ü n, əqidənin dəyişilməsinin əleyhinə deyilik (№10,10.03.2002); Dərman insan orqanizmi ü ç n (üçün-olmalıdır) yad elementdir («Yeni müsavat», № 98 (1673) 15 aprel 2002); Söz sətirdən-sətirə düzgün keçirilmir: Bir çox ada m l a- rda bu keyfiyyət çatışmır (yenə orada).

B) Qrammatik normanın pozulması. Bir çox hallarda müstəqil mətbuatın dilində morfoloji norma pozulur. A s e m a n t i k şəkilçilərdən istifadə məqamında. Məs.: «Bölgədə tam s a k i t ç i l i k d i r» (sakitlikdir- olmalıdır), -çi –şəkilçisi artıqdır. Bu əlamət dil pleonazmdır.Bu hal «öhdəçilik- öhdəlik sözlərində də özünü göstərir»; Ermənistan elə bir ölkədir ki, Qaf q a z l a r d a yerləşir… («Günay», № 10, 10.03.2002). Fikrimizcə, -lar- cəm şəkilçisi Qafqaz toponimik vahidində artıqdan işlənmişdir, beləliklə, qrammatik norma gözlənilməmişdir.Bu cür norma pozuntularına aid çox misal göstərmək olar.

Müstəqil mətbuatın dilində eyni mənalı terminlərin paralel- müvazi işlənməsi prosesi gedir. Qərblə münasibətlərin geniş miqyas aldığı bir zamanda həmin kontekstlə bağlı leksika ərəb- fars , bəzən də milli leksikanı üstələyir. Məs.: region- bölgə, kredo - əqidə, kompromis - güzəşt, faktor - amil, geosiyasi- geopolitik və s.

Milli sözlərin mətbuat dilinə gətirilməsi. 80 -ci illərin sonundan etibarən ölkə həyatında hər bir sahədə milliləşmə prosesi gedir. Bu proses ilk öncə mətbuatda işıqlandırılır. Milliləşmə prosesi soyadlarımızın, milli adət-ənənələrimizin, milli dəyərlərimizin, milli mentalitetimizin, milli şüur və ləyaqətimizin, milli sərvətlərimizin və s.nin canlandırılması və üzə çıxarılması ilə bağlıdır.

Mətbuat dilində soyadlarımızın milliləşdirilməsi ilə bağlı leksika formalaşmışdır. Məs.: soyad, kimlikləşmə,özümlük, soykök, soykökə qayıtma və s.

Müstəqil mətbuat dilinin sintaksisində də yeniləşmə halları həm söz birləşmələrin semantik çalarlarında və həm də yeni sintaktik konstruksiyalarda özünü göstərir.Qoşulma əlaqəsi ilə meydana çıxan konstruksiyalar belələrinə nümunə ola bilər, bunlar bədii publisistik mətnləri cana gətirir. Qoşulma konstruksiyalar sanki bu və ya digər cümlə üzvünün (və ya cümlə üzvünün həmcinsinin, əlavəsinin) cümlədəki öz yerindən kənara çıxarılmasıdır. Ona görə də qoşulmalar müxtəlif cümlə üzvlərinə uyğun gəlir, adətən, müxtəlif cümlə üzvlərindən ibarət olur.1

---------

1. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. "Ünsiyyət", Bakı, 2000, s. 238 .

Aşağıdakı cümlələrə nəzər yetirsək, həmin konstruksiyaların işlənmə məqamları ilə ətraflı tanış olmaq mümkündür : Əvəzində evimizi dövrləyən yaxşı daş hasarlarımız var. H ü n d ü r , m ö h k ə m ("Şərq" qəzeti, 9 fevral 2002- ci il, 28 (843); Azərbaycan məmurları həmişə eyni sifətdə olub. İstər sövet dövründə, istərsə də indi ("Xalq qəzeti", 7 fevral 2002-ci il, №26(56).

Beləliklə, nəticə olaraq göstərmək olar ki, müstəqil mətbuatın dili bu gün publisistik dilimizin yeni mərhələsini təşkil edir, yeni dil proseslərinin meydana çıxmasına imkan və şərait yaradır. Bu müxtəlif proseslərin daha geniş şəkildə öyrənilməsi dilçiliyimizin qarşısında duran ümdə vəzifələrdəndir.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz