.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
AXISQA TÜRKLƏRİ: DÜNƏNDƏN BUGÜNƏ

 

Müsahibim, Azərbaycan MEA-ın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi İSMAYIL Kazımovdur.

Həmsöhbətim və həmyerlim İ.Kazımov hələ Şahvəlli kənd orta məktəbində birliklə çalışdığımız 80-ci illərdə türk dillərinin tədqiqi ilə məşğul olurdu. Orta məktəbdə çalışa- çalışa "Oğuz qrupu türk dillərində yarımçıq cümlə" (1987) mövzusunda navmizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi Bundan sonra, Bakıya- Nəsimi adına Dilçilik İnstitutuna dəvət olundu. İnstitutun ən böyük və nüfuzlu şöbəsində - "Türk dilləri"ndə fəaliyyətə başladı. Bu o zaman idi ki, Axısqa türkləri mövzusu gündəliyə gəlmişdi. Günün aktual probleminə çevrilmişdi. 1944- cü ildə Gürcüstanın Axısqa bölgəsindən Orta Asiyaya və 1957-ci ildən oradan Azərbaycana sürgün olunmuş və 1989-cu ildə Fərqanə hadisələrindən sonra yenidən didərgin düşmüş bu etnosun bütün problemləri Azərbaycanı da narahat etməyə başladı. Və beləliklə, axısqalıların etnik tarixi, etnik mədəniyyəti, folklor və dili maraq doğurmağa başladı. Dil xüsusiyyətlərini öyrənmək həmyerlimizə tapşırıldı, etibar edildi. İndi o gündən 13 il keçir. İ.Kazımov axısqalılar haqqında iki kitabın (Axısqa türklərinin dili. Bakı, Elm, 1999; Axısqa toponimləri. Bakı, "Nurlan", 2000) və 50- -ə qədər məqalənin müəllifidir. Bir neçə gün bundan əvvəl isə Azərbaycan ALİ Attestasiya Komissiyasının Eksperti və Kollegiyası İ. Kazımovun Axısqa türklərinin dilindənq bəhs olunan doktorluq dissertasiasının müdafiə olunmasına icazə vermişdir. Daha ətraflı məlumat almaq üçün həmyerlimizə bir neçə sualla müraciət etməli olduq.

-İsmayıl müəlim, Axısqa türkləri haqqında çox yazılsa da, çox deyilsə də, hələ də bir çoxlarımız bu qədim türklərin tarixi keçmişi, mübarizəli həyat yolu və s. haqqında hələ də ziddiyyətli fikirlərə rast gəlirik və bunlar barədə az informasiyaya malikik.

-Sahib müəllim, mənimlə canlı dialoq qurduğunuz üçün təşəkkür edirəm. O ki qaldı Axısqa türkləri məsələsinə, bu xalqın - öz kimliyini hər an qoruyub saxlamış bu xalqın hamı tərəfindən tanınması məlum Özbəkistanın Fərqanə vilayətindəki hadisələrdən sonra mümkün oldu.

Axısqalılar türkün keçmişinin bir parçasıdır. Onlar tarixən çoxmillətli bir struktur daxilində təşəkkül tapmışdır. Çox təəssüf ki, bu gün Axısqa torpaqlarında heç bir türk qalmamış, qeyd etdiyiniz kimi, 1944-cü ildə bütün türk bu bölgədən sürgün edilmiş, indi 50-ildən çoxdur ki, dağınıq halda, vətənsiz və sahibsiz yaşamaqdadırlar.

Axısqa türklərinin tarixi ilə bağlı ziddiyyətli fikirlər çoxdur. Bəzi tarixçilər onları ən qədim türk tayfalarından olan BUNlarla əlaqələndir. Qədim dövrün tədqiqatçı alimləri axısqalıları s a k, m a s s a g e t tayfaları ilə də əlaqəndirirlər. Ancaq axısqalıların bun türkləri ilə bağlılığı düz fikir deyil, onlar A k - s a k a lardır. Dədə Qorqud da da AK-SAKA çox əski Oğuz bölgəsi olan Ahıskanın yerinə işlənmişdir. 1578-ci ildə Axısqa bölgəsi Osmanlı imperiyasının idarəsi altına keçir. 250 il boyunca Axısqa əyaləti Anadolunun bir parçasına çevrilir, xalqı, milli kimliyi, tarixi, mədəniyyət və mənəvi dəyərləri ilə Türkiyə ilə sıx şəkildə bağlanır. Bölgə 1828- ci ildə Rusiya tərəfindən işğal edilir, bir neçə ərazi (Adıgün, Ahıska, Aspinza, Ahılkələk, Baqdonovka) Gürcüstanın tərkibində qalır.

Axısqanın- "tayfalar qapısı"nın işğalı haqqında axısqalıların haqsızlıq dünyasına nifrət edən təsirli və ibrətamiz şerləri var. Onlardan biri belədir:

Ahıska gül idi kitti

Bir ehli dil idi gitti

Söyleyin Sultan Mahmuda

İstanbul kilidi gitti (Pasovlu Fakiri).

1944- cü ildən Orta Asiyanın ilan mələyən çöllərinə sürgün olunurlar.

Bu gün Axısqa türkləri öz tarixi torpaqlarında yaşayan və siyasi təşəkkülü olan bir xalq deyildir. Axısqa türkləri kimi tanınan bu toplumun bu gün həmin bölgədə heç bir təmsilçisi yoxdur. Axısqadan Orta Asiyaya sürgün edildikdən sonra mədəniyyət, dil və siyasi yöndən bir azlıq təşkil edərək, təbii ki, tamamən məchul və unudulmuş bir vəziyyətə düşmüşlər.

-Bir sual da bu toplumun dil xüsusiyyətləri haqqında vermək istəyirəm. Necə baxırsınız, Axısqa türklərinin ayrıca dili var, ya yox? Bu dilin müstəqilliyini şərtləndirən amillər varmı?Türkiyə türkcəsindən və Azərbaycan dilindən fərqləndirən cəhətlər özünü nədə göstərir?

-Sahib müəllim, azsaylı, dəfələrlə haqsızlıqlarla üzləşmiş, deportasiyalara məruz qalmış xalqların dil xüsusiyyətlərini də öyrənmək filoloji axtarışlar və xeyirxahlıq baxımından son dərəcə faydalıdır. "Hələ keçən əsrin 90- cı illərində və əsrimizin əvvəllərində böyük ərazilərdə yayılmış türk xalqlarının dilinin, qədim abidələrinin, tarix və mədəniyyətinin öyrənilməsi ilə rus misionerləri məşğul olmuşlar" (Q. Kazımov). Dil xalqın varlığını şərtləndirən ən əsas amildir. Dil və Vətən kimi bu xalqın yüzilliklər boyu mənəvi dünyası olmuş, savadlı da, savadsız da bu dilin keşiyində dayanmış, onu sevmiş, yad təsirlərdən qorumağa çalışmışlar. Təbiidir ki, öz dillərini inkişaf etmiş ədəbi dillərdən saymış, həmişə bu dilin varlığı uğrunda əzmlə mübarizə aparmışlar. Dil bu xalqın öyüdlərində, nəsihətlərində xatırlanır: "Bən qocaldım, gedər oldum, sen dilini q o r i oğul! Vətəndədür hər insanın həyat adli nuri, oğul" (Güləhməd Şahin); "Hər xalqın varluğunun birinci göstəricisi onun doğma dili- ana dilidur. Dünya işığına göz açan gündən eşitduğumuz, anamızın tatli- tatli nənniləriynən canımıza, qanımıza keçmiş, bizdən ötri dünya dillərinin həpsindən əziz, doğma, gözəl olan ana dilidur". Ana dili, bu xalqın başbilənlərinin fikrincə, indiki mürəkkəb və çətin dövrdə xalqı birləşdirən bağdır. Vaxt olub ki, bu dilin Gürcüstanda intişar və işlək dairəsi çox olub. Akademik N. Marrın fikrincə, bu dildə gürcülər, firənglər və digər millətlər danışır, mahnı oxuyur və qoşqular qoşurdular. Bu dildə folklor nümunələri yazıya alınırdı. Ancaq bu gün yad mühitdə, müxtəlif dillərin əhatəsində uzun bir inkişaf yolu keçmiş axısqalıların dili təsərrüfatla bağlı mövqeyini qoruyub saxlamışdır.

Axısqalıların dili Türkiyə türkcəsi və Azərbaycan dili kimi ədəbi dil səviyyəsinə, şübhəsiz, yüksələ bilməmişdir. Onun normaları sabitləşməmişdir. Türkiyəli alimi Mustafa Kalkan bu dilin xüsusiyyətlərini nəzərə alaraq və Azərbaycan dilindən fərqləndirərək onu " qaba və sərt cizgilərə" sahib olan bir dil kimi səciyyələndirmişdir. Bu bir qədər kobud səslənsə də, dilləri bir-birindən ayırmaq üçün epitetdir. Bu, o deməkdir ki, dil inkişafı üçün şərait yaranmamış, orfoqrafiyası sabitləşməmiş, şəkilçilərdə variantlar yaranmamış, bir sözlə, qədim əlamətlər- qədim oğuz-qıpçaq elementləri hələ də saxlanılmışdır ki, elə, bu dilin gözəlliyi, təravəti də orasındadır. Ölməz "Dədə Qorqud"un dili bu dilə çox yaxındır. Heç olmasa, "Dədə Qorqud"un xatirinə bu dili məhv olmaqdan qorumaq lazımdır. Müasir Azərbaycan dilindən fərqli olaraq , bu dildə qədim səslər (sağır nun, nq -qovuşuq səs) və abruptiv səslər mövcuddur, "i"-ləşmə hadisəsi geniş yayılıb, cingiltiləşmə hadisəsi zəifdir, leksik şəkilçilər, əsasən, birvariantlıdır, bu, dildə zəif şəkilçiləşmə ilə əlaqədardır; -lux, -nux şəkilçisi kəmiyyət kateqoriyasının morfoloji göstəricisi kimi çıxış edir; kök- xəbərlik kateqoriyası- kəmiyyət kateqoriyası sırası yerlərini dəyişir; yönlük halın qədim forması (ğa, - gə) işlədilir; birgəlik hal (inən, -nan), müraciət halı (ay, -li) geniş yayılıb; yönlük halda olan söz hallanarkən türk dilləri üçün qanun olan kök- mənsubiyyət şəkilçisi- hal şəkilçisi forması dəyişilib kök- hal şəkilçisi- mənsubiyyət şəkilçisi formasına keçir. Müqayisə et: başına- başan; qədim bölüşdürmə saylrı (beşər, onar, ikişər) öz işləkliyini qoruyub saxlaya bilmişdir. Dilin nkişafı analitik formaların öz yerini sintetik formalara verməsi ilə də səciyyələnir. Lakin axısqalıların dilində sintetizmə meyl zəif olduğundan analitik formalar hələ də saxlanılmışdır. Yad mühitdə, müxtəlif dillərin əhatəsində uzun bir inkişaf yolu keçmiş axısqalıların dilinin leksikası bu gün daha çox təsərrüfatla bağlı mövqeyini mühafizə etmişdir. Alınmaların xeyli hissəsi interferensiya hadisəsinə məruz qalmışdır. Bu dildə türk və Azərbaycan dillərindən fərqli olaraq gürcü substartları çox işlənir. Ay adları özünəməxsusdur, bunların formalaşmasında xalqın inam və müdrikliyi əsas sayılır (zəmhəri-yanvar, qücük- fevral, kirəz- iyun, oraq-iyul, xarman- avqust, bögrüm- sentyabr, şarap- oxtyabr, koç- noyabr, karakış-dekabr); ləqəblərlə müraciət çox yayılıb, familiya və yer adlarının bəziləri zorla gürcüləşdirilmişdir;toponimlərdə (Azqur, Qurqeli, Xona, Xunan qalası, Salieti, Ude, Çurtoba, Çortan, Edincə, İncebla, Abatxevi və s. qıpçaq izləri çoxdur; Axısqalıların ən qədim çoğrafi adlarının əksəriyyəti etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə, əsasən də, ayrı-ayrı etnosların (barsil, onoqur, udi, abdal, sabir, tubal, abar, bun, bozal və s.) adları ilə əlaqədar formalaşmışdır;cümlə sintaksisində adi danışıq dilindən gələn nisbi sərbəstlik özünü göstərir və s.

- Sonuncu sualım axısqalıların Vətənə, doğma yurda dönmək probleminin həlli yolları ilə bağlıdır. Onlar öz ana torpaqlarına qayıda biləcəklərmi?

- Axısqalılarda belə bir ifadə var: "Ümidə bel bağlamaq". Lakin onlar Vətənə dönmək üçün təkcə ümidə bel bağlamırlar, həmçinin bütün varlıqları ilə mübarizə aparırlar. Ayrı- ayrı ölkələrdə fəaliyyət göstərən "Vətən Cəmiyyətləri"bu mübarizədə böyük işlər görürlər.

Axısqa türklərinin kəşməkeşli tarixini, mübarizələrlə dolu tarixini vərəqləyərkən onların bir əski kəlamı da yada düşür: Bizə də bir gün doğar. Bu müdrik kəlamda ömrü boyu deportasiyalara sinə gərən didərgin bir xalqın sabaha böyük ümidi, inamı, arzusu ifadə olunmuşdur. O gün tez gəlsin, yeni nəsil acılı, ağrılı, nisgilli günləri bir daha görməsin.

Müsahibəni apardı, SAHİB ABDULLAYEV

"Xüdafərin" qəzeti.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz