.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

AVTOPORTRET

Bir şer

Ələmdar Cabbarlı

 

İntizar sardı məni, vüsal məndən gen düşdü,

Həsrət yağdı ömrümə, bir deyil ki, min düşdü.

Saçıma dən düşməmiş, ürəyimə dən düşdü

"Tanış olaq, oxucum, tanış olaq: Bu mənəm".

Ömür seçə birmədim, ulduzdum hər seçimdə

Həmrətim dağdan ağır, dərdim dünya biçimdə.

Bəlkə də sarvan mənəm dünyanın qəm köçündə

"Tanış olaq, oxucum, tanış olaq: Bu mənəm".

Qalan bircə paramdı, itirmişəm yarımı

İtirmişəm yurdumu, itirmişəm yarımı.

Sarıyan tapılmadı Vətən adlı yaramı -

"Tanış olaq, oxucum, tanış olaq: Bu mənəm".

Çox gözlədim, doğsun dan - bir sabahım açılsın,

Çox gözlədim, bu dünya mənə də bir acısın.

Çox çəkməmişəm sevginin, məhəbbətin acısın

"Tanış olaq, oxucum, tanış olaq: Bu mənəm".

Köçmüşəm sözlərimə, ömrüm sözün içində,

Qalmayıbdı bir azca təpər, dözüm içimdə.

Bir qıza ürək verdim, qoydu hüzn içində

"Tanış olaq, oxucum, tanış olaq: Bu mənəm".

Çox söylədim, kimsələr elin başına bəla,

Əlimdə kağız, qələm - əlim başıma bəla.

Dilimi dinc qoymadım, dilim başıma bəla

"Tanış olaq, oxucum, tanış olaq: Bu mənəm".

Çiynimdə həsrət yükü, boğub hicran, qəm, qəhər,

Bu həsrətin yükünə dözəcəyəm birtəhər.

Ələmdar Cabbarlıyam, yurdum-yuvam - Kəlbəcər,

"Tanış olaq, oxucum, tanış olaq: Bu mənəm".

25.01.2000.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz