.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

 Görünən dağa nə bələdçi?!.

Məmməd Aslan

05 iyul, 2002, Bakı.

 

Azərnəşrin baş redaktoru Əlövsət Ağalarovdan zəng gəldi:

- Danışmağa üç-beş dəqiqəlik vaxtın varmı?

- Nə qədər istəsən! Ömrüm boyu vaxt öldüməmişəmmi?

- Elə isə qulaq as, - dedi. - Həm də diqqətlə! Çünki oxuyacağım bir bəndlik şerin arxasınca səndən xahişim var.

Və başladı ağır-ağır oxumağa:

Dünya: qonaq evi, gəlib-gedərik…

Gəlib bağrımızı dəlib gedirik.

Deyirəm, yaxşı ki ölüb gedirik;

Yaşasaq, qırılıb-batarıq, vallah...

Dedim:

- Hələ dayan bir az sözün vazehinə çatım!

Sözə bax, sözün gətirdiyi qəfləti ovqata bax!

Ona görə ölürmüşük ki yaşasaq, qırılıb-batarıq. Yaşaya-yaşaya qırılıb-batmaqdan birəddi ölüb qurtarmaq çox urvatlı, çox karlı bir işdir, sən demə. Müəllif qənaətini həm də elə-belə demir, gözəgörünməzliyə and içərək deyir: "Vallah!…"

- Kimindir bu söz axı?

- Hələ bir az da toxta! - deyə intizarımı daha da artırdı. Dərhal da mənim üçün məchul şairin başqa bir şerinə keçdi:

Ömür seçə birmədim, uduzdum hər seçimdə

Həsrətim dağdan ağır, dərdim dünya biçimdə,

Bəlkə də sarvan mənəm, dünyanın qəm köçündə

"Tanış olaq, oxucum, tanış olaq: Bu mənəm".

Baş redaktor tütəyin dilini çəkmək istədi.

- Cavam et! - dedim.

Davam etdi:

Qalan bircə paramdı, itirmişəm yarımı

İtirmişəm yurdumu, itirmişəm yarımı.

Sarıyan tapılmadı Vətən adlı yaramı -

"Tanış olaq, oxucum, tanış olaq: Bu mənəm".

O, "Avtoportret" adlı bu şeri axıra qədər olduqca ifadəli şəkildə oxuyub, səsinin ahəngini dəyişdi:

- Bu şairin ilk kitabını nəşrə hazırlayırıq. Bu kitaba uğurlu yol əvəzi bir şey yazarsanmı?

- Qətiyyən!

Əlövsət müəllim anidən bikeflədi:

- Nə olardı ki?! Bir qaçqın balamızı sevindirə bilərdin…

- Əlövsət, - dedim. - Uğurlu yolu özünü tanıtmağa gücü-qüvvəti çatmayan müəllifə yazarlar. Bu adam anadan şair doğulmuşlardandı, özü də zalım balası oxuduğum şerində avtoportretini elə uçtalıqla rəsm eləyib ki, bu qabiliyyətə heç bir yaşlı şairin yançılıq eləyib, tanıtma yazısı yazması, həqiqətət, lüzumsuz zəhmətdir. Eləcə bir təklifim var: o "Avtoportret" şerini kitabın əvvəlinə gətirin, qoyun o gözəl şerin müəllifi oxucularına özü özünü təqdim etsin! Bəs bu cavan oğlanın adı nə oldu?

- Ələmdar! - dedi.

"Ələmdar" məna etibarı ilə bayraqdan deməkdir. Bu alovlu təblə, bu odlu sinə ilə, poeziyamızı bu dərin bələdçiliklə şerimizin bayraqdarı olmaq olar! Sadəcə olaraq Rəbbimizin verdiyini Ələmdar ciddi-cəhdlə, yorulmaz zəhmətlə davam etdirsə, öz-özünü püxtələşdirsə, ondan əlbəttə böyük gələcək gözləyirik!…

Dedim ki, Ələmdarın şerlərinin gerisinə qulaq tutmadım. Qorxdum ki, xəyalqırıqlığına uğraya bilərəm.

Bir xalq inancı da var ki: döyülən xırmandan bir ovuc dən götürüb baxarlar - bütün məhsulun keyfiyyətinin qızıl ölçüsü bu bir ovuc dən olar.

Mən "ovcumda" o "dənləri" dipdiri gördüm; ümidli və bərəkətli olduğuna inandım.

Hələlik, bu qədər!

Qalanı qalsın kitabın nəşrindən sonraya…

İnşallah, zənnim məni aldatmaz!…

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz