.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

ÖMRÜ SÖZÜN İÇİNDƏ…

CAHİD KAZIMOV

 

Ələmdar Qəmbər oğlu Cabbarlı

1980-cı il avqust ayının 4-də Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. 1987-ci ildə Ağcakənd orta məktəbinə getmiş, 1997-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. Məktəbi bitirən il Bakı Dövlət Unversitetinə daxil olmuşdur. 2001-ci ildə BDU-nu kitabşünas-nəşriyyat redaktoru ixtisası üzrə bitirmişdir. Hazırda Universitetin maqistrantıdır. Şer yazmağa 6 yaşından başlayıb. Şerləri çoxlu sayda almanax, jurnal və qəzetlərdə dərc edilib.

2000-ci ildə "Azərbaycanım mənim" adlı ilk şerlər kitabı çap olunub. "Özümlə bir ətək daş gəzdirirəm" kitabı şairin oxucularla ikinci görüşüdür.

(Ələmdar Cabbarlı. Özümlə bir ətək daş gəzdirirəm. Bakı, Azərnəşr, 2002).

Bu günlərdə "Azərnəşr" gənc şair Ələmdar Cabbarlının "Özümlə bir ətək daş gəzdirirəm" adlı şer kitabını çap etmişdir. Kitabın ön sözündə görkəmli şairimiz Məmməd Aslan onun şerlərindən aldığı təəssüratları çox maraqlı bir təqdimatla oxucu ilə bölüşür. M.Aslan yazır: "Mən "ovcumda" o "dənləri" dipdiri gördüm, ümidli və bərəkətli olduğuna inandım". M.Aslan Ələmdar Cabbarlının bu yeni kitabındakı şerlərin ümidverici və bərəkətli olduğuna inanamını qısa və lakonik fikirlərlə ifadə etmişdir. Kitabın redaktoru "Azərnəşrin" baş redaktoru Əlövsət Ağalarovdur.

Kitabdakı şerlər 5 bölmədə toplanmışdır. "Özümlə bir ətək daş gəzdirirəm" adlı bölmə bu misralarla başlanır:

Dünya - qonaq evi, gəlib-gedərik

Gəlib bağrımızı dəlib gedirik.

Deyirəm, yaxşı ki ölüb gedirik -

Yaşasaq - qırılıb batarıq, vallah.

Özü ilə bir ətək daş gəzdirən yurdunu itirən gənc Vətən adlı yaranı sağalda bilmir, onun həsrəti dağdan ağır, dərdi dünya biçimdədir. Zamanın həsrət yükünü digər müasirləri kimi çiynində çəkir, bu gərdişi öz avtobioqrafiyası ilə əlaqələndirir. Bu dərd içində oxucusu ilə tanış olur, özünü təqdim edir. Payızı da, qışı da sərt gələn şairə bu gen dünya dar gəlib, hələ on yeddi yaşında:

Sənə bu gen dünya hələ dar olub,

Yolunda çən olub, boran, qar olub.

Xətai bu yaşda hökmdar olub

Daş üstə durmayıb hələ bir daşım,

On yeddi yaşım!

Şerlərlə tanışlıq göstərir ki, şairi bu günümüzün təzadları, ağrı- acıları, mürəkkəblik və çətinlikləri, qaçqınlıq dərdi daha çox narahat edir, "salamı rüşvət dünya"da söz də qiymətdən düşüb, qədir-qiymət də, insana münasibət də…

Çadırda qaçqın var- torpağa möhtac,

Ölü var - kəfənə, bir ağa möhtac.

Millətin ac qarnı xoş çağa möhtac-

Bu boyda keçidmi, döngəmi olar?

İkinci bölmədə - "Çürüdüm, atam, çürüdüm"də, ulularımıza, ata- analarımıza məhəbbət hissi Vətən hissi ilə birgə təqdim olunur. "Dünyanın bu fağır uşağı" görün hansı dərdlər çəkir: bu dönük dünyanın faniliyini, ata yoxluğunu, qayğısız yaşamağı, sabahkı əndişələri, bu gün təlim - tərbiyənin aşağı səviyyədə olduğunu, həyatda inamın itdiyini, qohum-əqrabanın, dostların biganəliyini, etibarsızlığını soyuqluğu… daha nələrin, nələrin dərdini…

Könlüm yanar ocaq kimi

Dağ tapılmaz bu dağ kimi.

Susuz qalan bulaq kimi -

Çürüdüm, atam çürüdüm.

"Qəribliyə daha dözə bilmirəm" adlı bölmədə toplanmış şerlərdə düşmən əlində qalmış Vətənin - Qarabağın, Kəlbəcərin dərdi, kədəri, üzüntüləri öz əksini tapmışdır. "Bir vaxtlar dünyanın bəxtəvəri" olan şair yurd- yuvasına xeyli vaxtdır həsrət qalıb. O, ən yaxşı şerlərini Vətən üçün yazır və yazacaq. Şairin gözlərində bir dünyalıq kədər var. Onun könlü bulud kimi dolub, yadına obası, yuvası düşür. Kəndi tez- tez yuxusuna girir. Qəribliyə dözə bilmir. Qarabağ biganəliyini, unutqanlığını heç kəsə bağışlamır:

Könlüm Kəlbəcərə köçüb yuxumda

Özünə yurd- yuva seçib yuxuda.

Dağların suyundan içib yuxuda

Səhər dururam ki, dişim göynəyir və yaxud:

Başımız açılmır sınaqdan bizim,

Yükümüz tutulub günahdan bizim.

Əlimiz soyuyub silahdan bizim

Qarabağ davasın unutmuşuq biz.

"Ay Allah, bu boyda örkənmi olar?!" bölməsində olan şerlərdə üzü qara dünyanın harınları, rüşvətxor məmurları tənqid olunur. Haqsızlıq dünyasından şikayət, narazılıq həmin şerlərin başlıca qayəsini təşkil edir. Ümidsizliyə qismən də olsa qapılan şair əyrilik, böhtan, yaltaqlıq, ikiüzlülük, riyakarlıq, yalançılıq kimi qeyri- əxlaqi keyfiyyətləri lənətləyir, yalan vədlər verən məmurların iç- üzünü açıb göstərir.

Sonuncu bölmə "Sevgi nəğmələri" adlanır. Burada Ələmdar Cabbarlı eşqin ucalığından, sevgiyə sadiq qalmaqdan bir Füzuli ədası tək danışır, eşqin portretini şerlərində bacarıqla cızmağa çalışır.

Ələmdarın sevgi şerlərində, məhəbbət nəğmələrində obraza etdiyi müraciət yeni görünür, təsvirlər, müqayisələr, təşbehlər inandırıcıdır, xoş təsir bağışlayır. Bu şerlərdə sevgilisindən giley-güzar, etiraf əsas yer tutur. Həmin şerlərdə təmiz və saf sevgi hissləri tərənnüm olunur.

Fürsət ver sənə bir şer- yazım- özümü öldürüm.

Saçlarından bir tel göndər-Asım özümü öldürüm.

"Özümlə bir ətək daş gəzdirirəm" şerlər kitabının uğurlu məqamlarından çox danışmaq olar. Məncə, ömrü sözün içində keçən tələbə yoldaşımın bu yaşda bədii sözə və fikrə dərin etiramı, həyata baxışı, xalq yaradıcılığına söykəyi onun düşüncə tərzinin heç kəsə bənzəməyən orijinal cəhətlərini meydana çıxarır. Və onun bu istedadına, uğuruna biz tələbə dostları da ürəkdən sevinir, onu təbrik edir.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz