(İsmayıl
Vəli Öməroğlu. Ədəbi
- bədii və uşaq kitablarının
redaktəsi. Ali məktəb tələbələri
üçün dərslik. Azərbaycan
Milli Ensiklopediyası Nəşriyyatı,
Bakı-2002. Elmi redaktorları. Prof. B.Allahverdiyev;
p.e.n., Z.Abdullayev).
Cəmiyyətin inkişaf
qanunauyğunluqlarından, insanların
mənəvi ehtiyac və tələbatından,
ictimai həyatın məzmunudakı
sosial problemlərdən doğan bədii
ədəbiyyatın kamil, yetkin və
mükəmməlliyi təkcə onun
müəllifinin bilik və istedadından
asılı deyil, həm də onunla birgə
zəhmətə qatlaşan, ikinci müəllif
statusu qazanan nəşriyyat redaktorunun səriştə
və təcrübəsindən də
çox asılıdır.
Nəşriyyat redaktoru. Ciddi
və mürəkkəb yaradıcılıq
prosesinin iştirakçısı. Bu ixtisasın
aktuallığı harasındadır
və həmin sahədə mütəxəssis
hazırlığı respublikamızda
nə səviyyədədir? Əvvəllər
bu işlər nəşriyyatlarda tanınmış
şair və yazıçılara tapşırılırdı,
etibar edilirdi. Azərbaycanda bu gərəkli
və maraqlı ixtisası hazırlayan
fakültələr də yox idi. Milli proqram,
dərsliklər, dərs vəsaitlərimiz
də yox dərəcəsində idi.
Təqdirolunmalı haldır ki, son illər
BDU-d «nəşriyyat
işi və redaktəetmə»ixtisasının
mühüm əhəmiyyəti nəzərə
alınmış, mütəxəssis
hazırlığına ciddi önəm
verilmişdir. Azərbaycan dilində bu
sahədə dərslik və dərs
vəsaitlərinin olmaması da tələbələr
üçün müəyyən çətinlik
yaradırdı. Filologiya elmləri doktoru,
professor İsmayıl Vəli Öməroğlunun
«Ədəbi-bədii və uşaq
kitablarının redaktəsi» kitabı,
zənnimizcə, həmin boşluğu
doldurmaq, tələbatı ödəmək
baxımından böyük əhəmiyyət
kəsb edir.
Dərslik müəllifin özünün
tərtib etdiyi «Ədəbi - bədii
və uşaq kitablarının redaktəsi»
fənnindən dərs proqramı əsasında
yazılmışdır. Həmin proqramın
dərsliyin sonunda verilməsini ilk təşəbbüs
kimi qiymətləndirmək lazımdır.
Proqramda fənnin məqsəd və vəzifələri,
tələbələrin bilik və
bacarıqları ilə bağlı
tələblər, digər yaxın
fənlərlə əlaqə, fənnin
məzmunu, ədəbi-bədii əsərlərin
redaktəsi, nəşrlərin tipoloji
xüsusiyyətləri, müxtəlif
ədəbi növlər üzrə
redaktə işinin əlamətləri;
uşaq ədəbiyyatının redaktəsi
və s. məsələlər öz
əksini tpmışdır.
«Ədəbi-bədii
və uşaq kitablarının redaktəsi»
fənni «Ədəbiyyatın ayrı-ayrı
növlərinin (elmi-texniki, siyasi-kütləvi
və s.) redaktəsi» fənninin bir
hissəsidir. Bu fənnin adını
sadəcə olaraq «Bədii əsərlərin
redaktəsi» də qoymaq olardı.
Çünki burada həm böyüklər,
həm də uşaqlar üçün
yazılan bədii əsərlər
nəzərdə tutulur.
Müəllif redaktə işinin
ciddiliyi, özünəməxsusluğu
(xüsusi bilik, təcrübə və
səriştə tələb etdiyini)
üzərində dayanaraq göstərir
ki, tələbələr-redaktorlar ilk
öncə bədii ədəbiyyatın
qanunauyğunluqlarınından baş
çıxarmalıdır. Çünki
bu qanunauyğunluqları (ədəbiyyat
nəzəriyyəsi, ədəbiyyat
tarixi, müasir ədəbi proses) bilmədən
yaxşı redaktor olmaq çətindir.
İ.Vəli kursun vəzifələrini
ümumiləşdirir. Fənnin məzmununun
xarakterini açır. Bu vəzifələr
ədəbi - bədii əsərlərin
tipologiyası sahzəsindəki bilikləri
dərinləşdirməkdən; ədəbiyyatın
tiplərinə və növlərinə
verilən tələbləri müəyyənləşdirməkdən
və s.- dən ibarətdir.
Dərslik iki böyük hissədən
ibarətdir: I hissə «Ədəbi-
bədii əsərlərin redaktəsi»,
II hissə isə «Uşaq kitablarının
redaktəsi» adlanır.
I hissənin üç bölümündə-
paraqrafında bədii ədəbiyyatın
mahiyyəti açılır, mədəniyyətin
mühüm bir sahəsi olduğu göstərilir,
ədəbi- bədii əsərlər
məzmununa , oxucu təyinatına və
marağına (kütləvi oxucu marağı,
yüksək oxucu marağı, peşəkar
marağı, tədqiqatçı marağı)
görə müxtəlif tiplərə
bölünür, əsərin müəllif
redaksiyası anlayışı açıqlanır,
redaktorun əsər üzərində
işi (mətnə yanaşma, onun qiymətləndirilməsinin
xüsusiyyətləri, analitik təhlil
və onun metodikası), redaktorun müəlliflə
əlaqəli yaradıcılıq işi,
redaktorun təşkilatçılıq
işi kimi mühüm nəşriyyat
problemləri elmi cəhətdən təhlil
olunur.
I hissənin növbəti paraqrafı
ədəbi- bədii əsərin təhlili,
dəyərləndirilməsi qiymətləndirilməsi
və onun əhəmiyyətinin müəyyənləşdirilməsi,
oxucu üçün nə dərəcədə
gərəkli olduğunu üzə çıxamaq
kimi maraqlı məsələlərə
həsr olunmuşdur. Redaktor üçün
vacib olan elmi biliklər və təcrübi
keyfiyyətlər, redaktorun ədəbi-
bədii əsərin analizi və dəyərləndirilməsinə
yanaşma metodu maraqlı faktlara söykənərək
izah olunur. Məsələn, incəsənətin
əsasını təşkil edən,
əsərin ümumi ideyasının
ifadəçisi olan bədii obrazın
bütün keyfiyyətini bilmədən
redaktor qiymət vermək istədiyi əsərə
gerçəkdən yanaşa bilməz.Halbuki
bədii obrazın mahiyyətini, təbiətini
təşkil edən ümumi xüsusiyyətlər
redaktor analizinin kriterilərinin, metodikaların,
priyomların spesifikliyini əhəmiyyətli
dərəcədə şərtləndirir,
başqa sözlə desək, redaktorun
mətn üzərində işinin əsas
xüsusiyyətlərini şərtləndirir
(s. 19).
Məlumdur ki, bədii əsər
üzərində redaktə işi kor-koranə
şəkildə aparılmır, bu
mühüm işin müəyyən qayda-qanunlarla
təsbitlənən mərəhələləri
mövcuddur.Bu mərhələlərdə
bədii mətnin dəyərləndirmə
meyarları üzə çıxır.Dərslik
müəllifi ilkin mərhələdən
(əlyazmanın dəyərləndirilməsi
mərhələsi-İ.K) başlamış
sonuncu mərhələyə qədər
olan redaktə işinin çətinlik
və mürəkkəbliyini, spesifikliyini,
əhəmiyyətli cəhətlərini
saf - çürük edir, bu da həmin sənəti
öyrənən tələbələrə,
fikrimizcə, çox şey öyrədir.
Redaktor- müəllif münasibətinin
subyektiv və obyektivliyindən asılı
olmayaraq, redaktə edən mütəxəssis,
bir tərəfdən müəllifi dərindən
«hiss» etməyi bacarmağa, əlyazmasında
bədiilik fenomenini görməyə borcludur,
digər tərəfdən öz təcrübəsinə
əsaslanaraq əsərin gələcək
oxucuya göstərəciyi təsiri qabaqcadan
görməlidir. Bu cür qavramanın tamlığı
redaktorun biliyindən, bədii zövqündən,
ümumi mədəniyyətindən və
təcrübəsindən çox asılıdır
(s.20). Çıxarılan bu cür nəticə
çox düzgündür, düşündürücüdür.
İ.Vəli redaktorun tənqidçilik
fəaliyyətini, tənqidi təfəkkür
prosesini ənənəvi bölgülərə
əsaslanaraq 4 mərhələyə
ayırır: bədii əsərin
qavranılması mərhələsi
(1), əsərin oxunuşu ilə bağlı
mərhələ (2), redaktorun əsər
haqqında müşahidə və mülahizələrinin
ümumiləşdirilməsi mərhələsi
(3), əsər üzərində redaktorun
yekun fikrini rəsmiləşdirilməsi
mərhələsi (4). Dərslikdə
bu mərhələlərin hər birinin
bütöv izahı verilir, redaktə işinin
ardıcıllığı göstərilir.
Redaktor tərəfindən
bədii əsərin təhlili müəyyən
prinsiplərə əsaslanır. Araşdırıcının
nöqteyi-nəzərincə, redaktor təhlilinin
ən əsas cəhətlərindən
biri əsəri ədəbi prosesə
görə təhil etməkdir. Redaktor
əsərə qiymət verərkən
ədəbi prosesdəki məsuliyyətini
dərk etməlidir. Bununla yanaşı,
dərslik müəllifi ədəbi-
bədii prosesdə istifadə olunan digər
təhlil prinsipləri (tematikaya görə
təhlil prinsipi; janr xüsusiyyətlərinə
görə təhlil prinsipi; dil - üslub
xüsusiyyətlərinə görə
təhlil prinsipi) üzərində də
müfəssəl dayanır, onların
bir sıra məsələlərin
müəyyənləşməsindəki
rolu, dəyərləndirmədə
hansının üstün mövqe tutduğu
qeyd olunur, əsərin bədii, fərdi
özünəməxsusluğunun müəyyən
olunmasında əhəmiyyəti göstərilir.
Redaktor təhlilinin özünəməxsus
tələbləri var. Bu əsas tələbləri
müəllif aşağıdakı
kimi müəyyənləşdirir: 1.
Müasir estetik tələblər; 2. Ədəbiyyatşünaslıq
tənqidinin tələbləri. 3. Müasir
dilçiliyin tələbləri (s.26).
Bunlar redaktor dəyərləndirməsinin
istiqamətləridir.
Dərslikdə redaktorun qarşısında
duran vəzifələr hər bir mövzunun
izahı prosesində göstərilir. Məsələn,
əsərin məzmun və formasının
vəhdətindən danışan müəllif
yazır ki, redaktorun ən vacib vəzifəsi
ondadır ki, ideya-bədii cəhətdən
az qiymətli əsərlər işıq
üzü görməsin. Və yaxud, bədii
həqiqət ölçülərindən
bəhs olunanda redaktor öz vəzifəsini
bu və ya digər faktların, təsvirlərin
dəqiqliyinin, həqiqətə uyğunluğunun
yoxlanması ilə məhdudlaşdırmır.
O, müəllifin təsvir etdiyi hadisələri
öz estetik təsir gücü ilə inandıran
obrazlara diqqət yetirir, hadisənin obrazda
ümumiləşdirilən xüsusiyyətlərini
dəqiqləşdirməyə çalışır
(s.28).
Yazıçının fərdi
yaradıcılıq üslubuna diqqət
yetirmək redaktə işində mühüm
yer tutur. Bu baxımdan redaktorun üzərinə
düşən əsas vəzifələrdən
biri müəllifi anlamaq, onun istedadını,
özünəməxsusluğunu müəyyənləşdirmək,
əsərə yaradıcı şəkildə
yanaşmaqdan ibarətdir.İ.Vəli,
demək olar ki, redaktor təhlilinin bütün
qiymətləndirmə məqamlarını
(personajları qiymətləndirmək,
obrazın bütövlüyünü qorumaqla
qiymətləndirmək, müəllif
ideyasını qiymətləndirmək,
mövzu və hadisənin xarakterikliyini,
tipikliyini dəyərləndirmək,
yazıçının fakt seçmə
bacarığını, faktların
dəqiqliyini qiymətləndirmək,
lirik qəhrəmanı dəyərləndirmək),
əsərin dəyərləndirilməsinin
vacib ölçülərini (bədii dəqiqlik,
həyati təsvirlərin, obraz təsvirinin
dəqiqliyi, təhkiyədə dəqiqlik,
daxili- hissi düşüncələrin
təqdimində dəqiqlik) müəyyənləşdirmişdir.
İ.Vəlinin fikrinə görə,
redaktorun iş metodikası bədii mətnin
poetik qavranışını və
onun elmi tədqiqini özündə cəmləşdirməkdir.
Mətn üzərində redaktor işi
iki mərhələdə həyata
keçirilir. Bu mərhələlərdə
mətnin dəyərləndirilməsi
s u b y e k t i v- ilkin təəssürat əsasında,
o b y e k t i v- mətni əsaslı, elmi
təhlillə mümkün olur. Sonuncu dəyərləndirmə
çox vacibdir. «Mətnin qavranılmasının
əsasında ədəbiyyatşünaslığın
xüsusi kateqoriya və anlayışlarda
təsbit etdiyi obyektiv qanunauyğunluqlar durur.
Bu qanunauyğunluqlar redaktora peşəkar
elmi mülahizələrlə əsaslandırılmış
fikir söyləməyə əsas verir,
yəni mətnin araşdırılması
metodikasının səviyyəsini, redaktorun
analitik təhlil ustalığını
şərtləndirir» (s.64). Bu baxımdan
tələbələr ədəbiyyatşünaslığı
dərindən bilməli, onun nəzəri
aspektlərini qavramalı, ədəbiyyatşünaslığın
təcrübəsinə əsaslanmalı,
onların tənqid və təhlillərindən
istifadə etməli, peşəkarlıq
qabiliyyətini artırmalıdırlar.
Bundan sonra öz üzərlərinə
düşən vəzifələri
- konkret işin strukturunun özünəməxsusluğunu
hiss etməli və obrazların, vəziyyətlərin
həllinin yazıçının ideyasına,
yaradıcılıq üslubuna, əsərin
ümumi quruluşuna uyğun-gəlib-
gəlmədiyini göstərməlidir.
İ.Vəlinin redaktorun bədii
əsərin bütün komponentləri
(əsərin süjeti və kompozisiyası,
bədii detalı və s.) üzrə
redaktə işinin, təhlilinin ümumi
məzmunu, qiymətləndirmənin vacib
aspektləri, əsərin növ və
janr xüsusiyyətləri və s. haqqındakı
fikirləri də düzgün və inandırıcıdır.
Ümumiyyətlə, redaktor təhlil,
qiymətləndirmə zamanı nə
etməlidir, nəyi aşkarlamağı,
müəyyənləşdirməyi
bacarmalıdır? sualına bu əsərdə
ətraflı və geniş, dolğun
cavablar tapmaq mümkündür. Bu cəhətdən
dərsliyin dəyəri əvəzsizdir.
Dərslikdə epik, bədii- publisistik,
dramatik və lirik əsərlərin
(təmsil, hekayə,oçerk, roman və
s.) redaktəsi, həmin növ əsərlərə
verilən tələblərin nədən
ibarət olduğu, redaktə zamanı
hansı cəhətlərə redaktorun
üstünlük verməsi (mövzunun aktuallığının
müəyyənləşdirilməsi,
müəllifə edəcəyi təkliflər,
hansı məqamlara xüsusi diqqət
yetirməsi, nəzərə alması),
təhlilin aspektləri və s. kimi mühüm
məsələlər təhlil edilmiş,
müəyyən tövsiyyələr
verilmişdir.
Əsərdə redaktor - müəllif
münasibətləri, müəlliflərlə
işin təşkili və onun xüsusiyyətləri,
redaktorun təşkilatçılıq
işinin xüsusiyyətləri, redaksiya
işçilərinin apardığı
yaradıcılıq axtarışının
istiqamət və formaları, redaktor təklifi
və təşəbbüsü, müəllif
fəallarının yaradılması,
mətnşünaslıq və redaktorun
işində onun yeri, nəşrlərin
janr və tipləri kimi məsələlər
də yığcam, dolğun və
elmi şəkildə işıqlandırılmış,
həlli vacib olan cəhətlər üzə
çıxarılmışdır.
Dərsliyin «Uşaq kitablarının
redaktəsi» hissəsi də məzmun
yeniliyi ilə seçilir; belə əsərlərin
redaktəsi daha ciddi məsuliyyət tələb
edir. İlk öncə, dərslik müəllifi
uşaq ədəbiyyatının spesifik
xüsusiyyətlərindən, həmçinin
özünəməxsus mövzu, ideya, dil-
üslub xüsusiyyətlərindən,
onun əxlaqi-pedaqoji- tərbiyəvi yön
və vəzifələrindən, bədii
mətnin uşaqlar tərəfindən
qavranılmasının özünəməxsusluğundan,
bunların redaktor üçün vacib şərt
sayıldığından bəhs etmişdir.
Dərslikdə folklor yaradıcılığından
başlayaraq ayrı-ayrı dövrlərin
qısa icmalı, uşaq ədəbiyyatının
əsas xüsusiyyətləri, tərbiyəedici
və təhsilvericilik xüsusiyyətləri,
uşaq kitablarının tip və yarımtipləri
(siyasi- tərbiyəvi, əyləncəli,
bədii kitablar), uşaq kitablarının
təsnifatı, uşaq ədəbiyyatının
janr və formaları, uşaq əsərlərinin
redaktəsi və qiymətləndirilməsi
zamanı vacib sayılan, nəzərə
alınan faktorlar, uşaq ədəbiyyatına
dair olan nəşrlərin tarixi və
müasir vəziyyəti, uşaq dramaturgiyası,
redaktəsi və nəşri məsələləri
və nəhayət müasir uşaq
ədəbiyyatının bir sıra
problemləri qısa şəkildə
şərh olunmuşdur.
Dərslik Azərbaycan dilində
ilk təşəbbüs (sınaq nəşri)
olduğundan bəzi qüsurlardan da xali deyildir.
Bəzən ehtiyac olmadan bədii ədəbiyyatın,
ədəbiyyatşünaslığın
nəzərəri məsələlərinə
ifrat dərəcədə aludəçilik,
nəşriyyat, redaktə işi ilə
bağlı çoxcəhətli problemlərin
yığcam təhlilinə gətirib
çıxarmışdır. Dərsliyin
gələcək nəşrlərində
bu cəhət, yəqin ki, müəllif
tərəfindən nəzərə
alınacaqdır.
Beləliklə, təhlilə
cəlb etdiyimiz, məziyyətlərindən
danışdığımız dərslikdən
- «Ədəbi-bədii və uşaq
kitablarının redaktəsi» kitabından
da nəşriyyat işçiləri,
redaktorlar, jurnalistlər, dil-ədəbiyyat
müəllimləri, tələbələr
öz elmi və təcrübi biliklərini
artıra biləcək, səriştəli
və peşəkar mütəxəssis
kimi yetişəcəklər.
İsmayıl
KAZIMOV, filologiya elmləri namizədi, AMEA-
Nəsimi adına Dilçilik İnstitutunun
baş elmi işçisi.