.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ - 115

BÜTÖV, MƏNALI ÖMRÜN HƏQİQƏTLƏRİ


Sentyabr ayının 12-də Azərbaycan ədəbiyyatının böyük simalarından biri, milli realist nəsr və romançılığın inkişafında məxsusi xidmətləri olan yazıçı, alim-tədqiqatçı, folklorşünas və etnoqraf, eyni zamanda ictimai-siyasi və mədəniyyət xadimi Yusif Vəzir Çəmənzəminlinin doğum günündən 115 il ötür. Yubiley günü ərəfəsində müxbirimiz ədibin oğlu Fikrət Vəzirovla görüşüb söhbət etmişdir.

— Fikrət müəllim, ədəbi-mədəni ictimaiyyətin böyük ədibimiz Yusif Vəzir Çəmənzəminlinin 115 illiyini andığı bu günlərdə sizə üz tutmağı qərara aldıq. Hələ 1939-cu ildə, Yusif Vəzir Özbəkistanın Urkənc şəhərində pedaqoji institutda işlərkən, ailə üzvlərinin hər birinə olduğu kimi, sizə də məktub ünvanlamış və şerlə yazdığı bu məktubun hər bəndini belə bir nəqəratla bitirmişdir: “Özəm hər yerdə mən, könlüm sizdədir”. Bunu mən qardaşınız Orxan Vəzirovun 1997-ci ildə çapdan çıxmış “Atam Yusif Vəzir Çəmənzəminli haqqında” adlı kitabında oxumuşam. Kitabda Y.V.Çəmənzəminlinin həyatı ilə birgə həmin illərin xatirələri də təfərrüatlı işıqlandırılmışdır. Maraqlıdır, hələ uşaq olduğunuz o illərdə atanızın obrazı sizin xatırınızda necə qalıb?

— 1939-cu ildə atamı sonuncu dəfə görəndə mənim hələ heç on yaşım da yox idi, amma surəti xatirimizdə daim parlaq şəkildə yaşayıb. Ciddi, mədəni, millətçi bir insan kimi qalıb yadımda. Anam Bilqeyis xanımın da burda rolu böyük olub. Anam həmişə atam haqqında deyərdi ki, “padşah balası kimi bir adam idi”. Atam bizə nəyin bahasına olursa-olsun, oxumağı, bilik, savad qazanmağı tövsiyə edərdi. Özü dərslərimizə fikir verərdi. 1937-ci ildə birinci sinfə getmişəm. Bu zaman atamın işsiz qalıb evdə oturduğu illər idi, özü yoxlayardı tapşırıqlarımı. Vurma cədvəlini, əcnəbi dövlətlərin paytaxtlarını sual-cavab edərdi. Fransa xatirələrindən məhəbbətlə danışar, parisi təsvir edərdi. Evdə qaldığı illərdə çoxlu mütaliə edirdi. Şekspirin heyranı idi. Yadımdadır, biz soruşanda ki, ən böyük adam kimdir? Deyərdi, Şekspir. Cavidi bəyənirdi. Abdulla Şaiqlə yaxın idi. Tez-tez Abdulla Şaiqgildə yığışar, söhbətləşərdilər. Sonuncu dəfə atamı 1939-cu ildə gördük, nalçikdə ailəliklə istirahət edib Bakıya gəldikdən üç gün sonra Urkəncə yola düşdü; izinə düşüb həbs etmiş, sürgünə göndərmişdilər. 1949-cu ildə Daşkənddən aldığımız məktubda atamın 1943-cü il yanvarın 3-də Qorki vilayətindəki düşərgədə həlak olduğu xəbər verilirdi. Həmin illərdə bizim ailənin hansı məşəqqətləri çəkməsi barəsində qardaşımın kitabında yazılmışdır. Amma biz atamın əsas vəsiyyətinə əməl etdik, təhsil alıb onun adına layiq olmağa çalışdıq.

— Orxan Vəzirov kitabında belə maraqlı bir fakt verir. Yusif Vəzir 1887-ci il sentyabr ayının 12-də doğularkən atası Mirbaba Vəzirov İran təqviminə baxıb rəcəbəl-əl-mərəccəb ayında doğulanların ömrünün çətin keçəcəyini görür. Yusif Vəzirin yaşadığı çətin, lakin şərəfli ömür yolu bunu təsdiqləyir. Amma mən başqa məqama diqqət çəkmək istərdim. Bu tale sanki ədibin ölümündən sonra da davam edir. Bir zaman millətçilikdə ittiham olunub xalq düşməni obrazı yaradılan Yusif Vəzirin, 1956-cı il “bəraəti”ndən sonra bu dəfə Sovet yazıçısı obrazı yaradılır, əsərləri çap olunur, hətta üç cildlik külliyyatı buraxılır. O da maraqlıdır ki, 30-cu illərdə kəskin tənqidə məruz qalan “studentlər” romanı bu dəfə inqilabi romanlar sırasında sadalanır. Yaşadığımız müstəqillik illəri isə böyük ədibi bizə bir daha yenidən tanıtdırdı, onun universal bir şəxsiyyət olduğunu üzə çıxardı. Bətən bunların siz canlı şahidisiniz.

— Bəli. Atamdan ayrılanda biz hələ uşaq olsaq da, repressiya illərində əvvəllər çap olunan əsərlərindən xəbərimiz vardı. Amma Y.V.Çəmənzəminlinin bir yazıçı kimi geniş tanınması 1956-da arxivi açılandan sonra oldu. Əsərləri geniş oxucu kütlələrinə çatdırıldı. Əkbər Ağayev, Ənvər Məmmədxanlı, Cəfər Xəndan, Mehdi Hüseyn yazıçı haqqında yazılar yazdılar. Atamın arxivini siyahıya alan Ağaəmi İbrahimov 1957-ci ildə dərc etdirdiyi məqalədə yazırdı ki, yazıçının nəinki ancaq ədəbiyyat sahəsində işlədiyi, həmçinin universal bir alim kimi ədəbiyyat, tarix, etnoqrafiya, folklor və rəssamlıq yaradıcılığı ilə məşğul olduğu məlum olur. Daha sonra Kamran Məmmədov, Məryəm Axundova, Tofiq Həseynov, bir çox digər araşdırıcılar ədibin yaradıcılığını geniş tədqiq etdilər. Y.V.Çəmənzəminli irsi komissiyasının üzvü kimi qeyd edim ki, həmin iş bu gün də davam edir. Yusif Vəzir haqqında təzə əsərlər, dissertasiyalar yazılır. Ədibin nəsrindən, publisistikasından, yaradıcılığında etnoqrafiya və folklordan dissertasiyalar yazılıb-müdafiə olunub. Ölkəmizin Yuneskodakı təmsilçisi Ramiz Abutalıbov Yusif Vəzirin diplomatik fəaliyyəti barədə məqalə çap etdirib. Amma düşünürəm ki, bütün bunlar çoxtərəfli fəaliyyətə malik olan atamın gördüyü işləri hələ də tam əhatə etmir...

— Mən bayaq toxunduğum məqama təkrar qayıtmaq istəyirəm. Ölkəmiz on il əvvəl ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra geniş ictimaiyyətin Yusif Vəzir Çəmənzəminli haqqında təsəvvürləri daha da genişləndi, yəqin ki, bu dəfə əslində olduğuna daha çox yaxınlaşdı. Məlumdur ki, Yusif Vəzir müstəqil Azərbaycan Cümhuriyyətinin qurucularından biri olmuş, bu ölkənin əvvəlcə Ukraynada, sonra da Türkiyədə səfiri kimi çalışmış, eyni zamanda millətçilik hərəkatında fəal iştirak etmiş, bu yolda bilavasitə və yazıları ilə çalışmışdır.

— Bəli, sovet illərində, bizə məlum olsa da, atamın fəaliyyətinin böyük hissəsi işıqlandırılmamış, yaxud az işıqlandırılmışdı. Ümumən atam harda olmuşdursa, yaradıcılıqla da məşğul olmuş, qələmi bir an yerə qoymamışdır. 1926-cı ilə qədər Fransada olarkən burda qəzetlərlə sıx əməkdaşlıq etmiş, yazılar çap etdirmişdir. Türkiyə fəaliyyəti barədə özü məlumat verir ki, sonda materialları burda kitabxanaya təhvil vermişdir. Urkəncdə pedaqoji institutda müəllim kimi, eyni zamanda institut kitabxanasının müdiri kimi çalışarkən də ədəbi fəaliyyətini davam etdirmişdir, bu barədə biz hələ çox az bilirik. Hələ dənyaya səs salmış “Əli və Nino” romanını demirəm...

— İstər-istəməz belə bir sual doğur, Yusif Vəzir Çəmənzəminlinin latın qrafikasıyla külliyyatının nəşrinin hazırlanmasının vaxtı çatmamışmı? Üçcildliyinin çıxmasından düz iyirmi beş il ötməsindən əlavə, onun bir ədib, gözəl yazıçı, ictimai xadim, diplomat, alim-tədqiqatçı, etnoqraf, pedaqoq və s. Kimi hələ nə qədər də oxuculara məlum olmayan əsərləri var.

— Tamamilə doğrudur, 1989-cu ildə atamın vaxtilə Türkiyədə 1921-ci ildə, daha sonra tərcümə olunaraq 1922-ci ildə fransada çıxmış və əcnəbi tədqiqatçılar tərəfindən yüksək qiymətləndirilən “Azərbaycan ədəbiyyatına bir nəzər” əsəri “Azərbaycan” jurnalında dərc olundu, 1993-cü ildə Tofiq Həseynoğlunun çapa hazırladığı, Yusif Vəzirin diplomatik mövzularda əsərlərindən ibarət “Xarici siyasətimiz” adlı kitab da böyük maraq doğurdu. Lap təzəlikcə “Səda” nəşriyyatında atamın məşhur “İki od arasında” romanını çap etdirməyə nail olduq. Sovet dövründə Azərbaycanın işğalı məsələsini bir qədər pərdələmək niyyəti ilə əsər “Qan içində” adıyla çıxmışdı. Təzə nəşrə ön söz yazmış Yaşar Qarayevə, kitabın çıxmasında yardımına görə habelə “Folklor evi”nin müdiri Həseyn İsmayılova minnətdaram. Onu da qeyd edim ki, əsər birbaşa əlyazma əsasında tarix elmləri namizədi Aydın Xəlilov və Suma Ələkbərova tərəfindən nəşrə hazırlanmışdır. Əlyazmanı biz özümüzdə saxlamış və vaxtilə rus qrafikası ilə makinada yazdırmışdıq. İndi əlyazma Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır. Yusif Vəzirin 1936-cı ildə qələmə aldığı “Altunsaç” adlı əsərindən də oxucuların xəbəri yoxdur. Başqa bir “Həzrəti-Şəhriyar” adlı pyesi isə 1980-ci ildə “Qobustan” jurnalında çap olunmuşdur. “Azərbaycan neft təsərrəfatı” jurnalı yazır ki, Yusif Vəzirin hətta vaxtilə geoloqlara yardımçı olan neft haqqında əsəri də olmuşdur. Təbii ki, belə bir geniş diapozonlu yazıçının çoxcildliyini hazırlamağın vaxtı çatmışdır. Amma inanın ki, bizi bundan da çox atamın “Qurban Səid” imzası ilə çıxmış iki əsərinin “Əli və Nino” və “Halicli qız” romanlarının taleyi narahat edir. Xüsusən birinci əsərin, Yusif Vəzir Çəmənzəminlinin olduğu bizdə qəti şübhə doğurmayan “Əli və Nino”nun hələ də “Müəllifi məbahisəli əsər” kimi təqdim olunması çox qəribədir. Belə bir gündə mən bu barədə xüsusi danışmaq istəyirəm.

— Fikrət müəllim, “qəribə” deyirsiz, qəribəsi budur ki, “Əli və Nino” romanı ilk dəfə 1990-cı ildə “Azərbaycan” jurnalında, daha sonra 1993-cə ildə ayrıca kitab şəklində oxucularımıza çatdırılan gündən hər dəfə bu mövzu ortaya gələn kimi, ətrafında diskussiyalar da alovlanır. Çox da yeni faktlar üzə çıxmasa da, bu, əsərin daha da məşhurlaşmasına səbəb olur...

— Siz 90-cı illər deyirsiz, biz - Yusif Vəzirin ailəsi bu prosesləri otuz ildir ki, yaşayırıq. Əsər 70-ci illərin əvvəllərində Semih Yazıçıoğlu tərəfindən Türkcəyə çevrilib Türkiyədə çapdan çıxdıqdan bu günə qədər biz bunun şahidiyik. Həmin nəşrə ön sözdə Semih Yazıçıoğlu əsərin Yusif Vəzirə məxsus olduğunu yazır. Onu da deyim ki, bugünlərdə Əli Yavuz Akpinarın məktubları mətbuatda dərc olundu və məlum oldu ki, Əli Yavuz bəy hələ o zaman - 1972-ci ildə kitabı Azərbaycana da göndəribmiş, amma aydındır ki, anti-sovet ruhlu olduğuna görə əsəri burda üzə çıxarmamışdılar. Doğrudur, alman dilindən sonra əsər ingiliscə, italyanca, daha sonra amerikada çap olunub şöhrət tapdıqca bizə də tez-tez müraciət edib, belə bir əsərdən xəbərimiz olub-olmadığını soruşurdular. 1993-cə ildə “Əli və Nino” Azərbaycanca çap olunduqda biz onda nəşriyyata, daha sonra yazıçılar birliyinə müraciət edib, əsərin atamın adıyla çıxmasında təkid etdik. Çünki əldə olan bütün faktlar Qurban Səidin Yusif Vəzirin təxəllüslərindən biri olduğunu sübut edirdi. Yəqin ki, “Ədəbiyyat qəzeti”nin oxucularının roman ətrafındakı proseslərdən kifayət qədər xəbəri var. Çünki Yazıçılar Birliyi bu məsələyə dair üç dəfə müzakirə açıb, hər dəfə də əsərin məhz atama məxsus olduğu qərarına gəlinib. Bir sıra görkəmli yazıçılarımızın imzası ilə nəşriyyatlarımıza məktublar ünvanlanıb ki, bundan sonrakı nəşrlərdə əsər Yusif Vəzirin imzası göstərilməklə çap olunsun. Lap bu yaxınlarda “Stil” jurnalı 2001-ci ilin oktyabr sayından 2002-ci ilin avqustunacan Mirzə Həseynzadənin tərcüməsində əsəri rusca çap etdi. Məhz Yazıçılar Birliyinin sədri Anarın jurnala ünvanlanmış məktubundan sonra əsər burda Y.V.Çəmənzəminlinin imzasıyla çıxmağa başladı. Onu da qeyd edim ki, mütərcim bu çevirməni hələ on il əvvəl “Bakinski raboçi” qəzetində dərc etdirmiş, bu gün olduğu kimi, o zaman da oxucuların böyük marağına səbəb olmuşdu...

— Azərbaycan dilində necə, roman Yusif Vəzirin adıyla çap olunmuşdurmu?

— Məsələ də bundadır, Türkiyə təsdiq edir, İraq təsdiq edir: - hələ 1973-cü ildə İraqda çıxan “Qardaşlıq” jurnalı “Əli və Nino” romanının müəllifinin Azərbaycanlı Y.V.Çəmənzəminli olduğunu fərz edir, mən bu barədə Məntiqə Muradovanın “Bakı” qəzetinin 31 iyul 1973-cü il tarixli sayındakı “Ədəbi əlaqələr genişlənir” məqaləsində oxumuşam; o cümlədən Azərbaycanın bir çox görkəmli yazıçıları, alimləri də təsdiq edir ki, əsər Yusif Vəzir Çəmənzəminliyə məxsusdur, amma işə gəldikdə, nədənsə bunun əleyhdarı olan bəzi adamların çıxışları təsir göstərir; əsər Azərbaycan dilində atamın adı ilə hələ çap olunmamışdır. Axı əsərlə tanış olanlar yaxşı bilir ki, onun müəllifi yalnız Azərbaycanlı ola bilər. Professor Pənah Xəlilovun romanın Yusif Vəzirə məxsus olduğunu dəlillərlə sübut edən “Əli və Nino” problemləri adlı kitabçası çıxmışdır. Eyni mövqedə olan Abbas Abdullanın məqaləsi sizin qəzetinizdə dərc olunmuşdur. Filologiya elmləri doktoru Şamil Cəmşidovun atamın Bakıda oxuyarkən yazdığı gündəlikləri üzə çıxarması və “Əli və Nino” ilə aparılan müqayisələr də bizim haqlı olduğumuzu göstərdi. Qardaşım Orxanla birlikdə biz özümüz “Əli və Nino” ilə Yusif Vəzirin digər əsərləri - “Bir cavanın dəftəri”, romanları, “Gündəlikləri”, “Xarici siyasətimiz” və s. Arasında tekstoloji müqayisələr aparmışıq. Onu da deyim ki, roman dünyada maraq doğurduğundan tez-tez əcnəbi tədqiqatçılar da ölkəmizə gəlir, Amerikadan, Daniyadan gələnlər vardı, mövqeyimizlə tanış olub etiraz edə bilmirlər. Biz niyə gərək öz mənəvi sərvətimizə sahib durmayaq, onu özgələrinə verək? - bunu mən anlaya bilmirəm.

— Fikrət müəllim, bir həqiqət də var ki, bu gün xatirəsini andığımız Azərbaycan yazıçısı, ictimai və mədəniyyət xadimi Yusif Vəzir Çəmənzəminlinin böyükləyə bircə əsərlə deyil, bütövlükdə yaradıcılığı, fəaliyyəti ilə ölçülər; onun yaratdığı mənəvi irs yaşadığımız müstəqillik illərində daha artıq önəm kəsb edərək, yeni-yeni nəsillərin formalaşıb-yetişməsi, boya-başa çatmasında iştirak edir.

— Bəli. Atam bətöv, mənalı bir ömər yaşamışdır. Həyatının bütün mərhələlərində iz qoyub getmişdir. Azərbaycanda baş verən milli hərəkatın əvvəlini o, “Studentlər” romanında, inqilab hadisələrini “1917-ci ildə” əsərində qələmə almışdırsa, “Əli və Nino” romanı ölkəmizin işğalını əks etdirir. Yusif Vəzir yaradıcılığının mərhələlərindən danışan tədqiqatçılar da bunu təsdiq edir. Bu həqiqəti Azərbaycan yazıçısından başqa kimsə belə təsvir edə bilməzdi. Yusif Vəzir Çəmənzəminlinin “Əli və Nino” romanının təzədən, müəllifinin adıyla nəşri həqiqət naminə vacib olduğu kimi, həm də atamın ruhuna ehtiram olardı.

Söhbətləşdi: TEHRAN

"Ədəbiyyat" qəzeti, 6 sentyabr, 2002-ci il, N-36 (3317).

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz