.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
GİRİŞ

Mövzunun aktuallığı. 90-cı illərdə, yəni SSRİ dağılandan sonra BMT çərçivəsində azsaylı və dəfələrlə deportasiyalara məruz qalmış türk xalqlarının siyasi və etnik tarixinin, mədəniyyəti və folklorunun, həmçinin dil xüsusiyyətlərinin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir.
Axısqa türkləri də iki dəfə deportasiya olunmuş kiçik xalqlardandır; hələ də öz əzəli topraqlarına qayıda bilməmişlər. Onların qat-qat çox olan problemlərinin bütün mürəkkəb kompleksini öyrənib dərk etmək üçün həmin toplumun dilinin indiki vəziyyətini də dərindən təhlil edib öyrənmək lazım gəlir. Təəssüf ki, keçən dövr ərzində bu sahədə əsaslı tədqiqatlar aparılmamış, bu xalqa və onun dilinə maraq göstərilməmişdir.
Sovet dövründə axısqalıların dilinin araşdırılmasına imkan və şərait yaradılmamış, həmin mövzu bir növ yasaq olmuşdur. Yalnız 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətində qanlı toqquşmadan sonra Axısqa türklərinin varlığı yada düşmüşdür.
Biz bu dissertasiya işi ilə Axısqa türklərinin dil xüsusiyyətlərinin kompleks şəkildə öyrənilməsinə ilk addım atmış oluruq.
Bu gün Axısqa türkləri öz tarixi torpaqlarında yaşayan və siyasi təşəkkülü olan bir xalq deyildir. Axısqa türkləri kimi tanınan həmin xalqın bu gün öz əzəli bölgəsində, demək olar ki, heç bir təmsilçisi yoxdur. Axısqadan Orta Asiyaya sürgün edildikdən sonra mədəniyyət, dil və siyasi yöndən bir azlıq təşkil edərək, təbii ki, tamamən məchul və unudulmuş bir vəziyyətə düşmüşlər.
Müxtəlif ərazilərdə məskunlaşmasına, müxtəlif sistemli dillərin əhatə və təsiri altında olmasına baxmayaraq, bu xalqın dili milli və orijinal xüsusiyyətlərini qorumuş, uzun bir mübarizə yolu keçərək başqa dillərin assimilyativ təsirindən özünü xilas edə bilmişdir. Əksəriyyət etibarilə öz varlığını qorumaqla bəzi yad dillərin təsirlərinə də məruz qalmışdır.
Axısqa türkləri lap qədim dövrlərdən başqa dillərinin əhatəsinə düşsə də, tarixən əldə etdiyi orijinal milli keyfiyyətləri dilin bütün səviyyələrində qoruyub saxlamışdır. Həmin xüsusiyyətlərin aşkara çıxarılıb elmi şəkildə öyrənilməsi və bu dilin ilk qrammatikasının yazılması axısqalıların həyatında tarixi hadisə hesab oluna bilər.
Mövzunun aktuallığını şərtləndirən digər başlıca xüsusiyyətlər bunlardır: Dəfələrlə köçürmələrə məruz qalmış kiçik bir xalqın üzləşdiyi çətinlikləri, yad mühitdə, müxtəlif dillərin əhatəsində istifadə olunan dilin inkişafdan geri qalma səbəblərini, ana dilinə ögey münasibəti aydınlaşdırmaq, xalqın və onun dilinin mənşəyini öyrənmək, etnik tarixini dövrləşdirmək, axısqalıların tarixi təşəkkülündə aborigen və gəlmə türklərin rolunu müəyyənləşdirmək, etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə müxtəlif türk tayfa izlərinin Axısqa toponimlərində qorunub saxlanması qanunauyğunluqlarını müəyyən etmək, Türkiyə türkcəsi, Azərbaycan dili ilə axısqalıların dili arasındakı oxşar və fərqli cəhətləri dəqiqləşdirmək, müxtəlif dil hadisələrinin spesifikliyini ortaya çıxarmaq, onomastikanın tipikliyi və onun dəyişdirilməsinə təsir edən faktorları qeyd etmək və bunu məkrli və məqsədyönlü siyasətin nəticəsi kimi açıqlamaq (soykökdə gürcü və qazax elementləri, kənd adlarının zorla gürcüləşdirilməsi və s.) danışıq dilində özünü göstərən gürcü substratlarını, həmçinin gürcü dilində axısqalılara məxsus dil vahidlərinin işlənmə səbəblərini göstərmək zərurəti sözügedən mövzunun nə qədər aktual olduğunu şərtləndirən mühüm cəhətlərdəndir.
Axısqalıların dilinin səs sistemi, lüğət tərkibi və qrammatik quruluşunun geniş və aydın mənzərəsini, özünəməxsus əlamətlərini araşdırıb üzə çıxarmaq, qədim praforma və derivatları müəyyən etmək, asemantik və «artıq» elementlərin varlığını göstərmək, dildə analitikliyin üstünlüyünü müəyyənləşdirmək, sintaktik quruluşda özünü göstərən nisbi sərbəstliyin, köhnə cümlə formalarının qalma səbəblərini öyrənmək, «Kitabi-Dədə Qorqud»la bağlı uyğunluqları meydana çıxarmaq, Gürcü-Axısqa-Azərbaycan dil paralellərini dəqiqləşdirmək; leksik layın milli orijinal xüsusiyyətlərini müəyyənləşdirmək və s. bu kimi məsələlərin tədqiqi zərurəti ortaya çıxır. Həmin cəhətlər də mövzunun aktuallığı və tədqiqinin zəruriliyini şərtləndirir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işinin əsas məqsədi Axısqa türklərinin dilini, bu dilin fonetik, leksik-semantik, onomastik, morfoloji, sintaktik və xüsusiyyətlərini öyrənməkdir. Bunun üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:
- etnosun dil və etnik tarixinə sistemli şəkildə nəzər yetirmək, axısqalıların min illərlə yaşadığı, lakin hazırda aralı düşdükləri Axısqa ərazisinin etnotoponimlərini tədqiqata cəlb etmək;
- ana dilini bu xalqın milli varlığını şərtləndirən, onları birləşdirən əlaqə və ən əsas amil kimi nəzərdən keçirmək;
- axısqalıların tarixi təşəkkülündə aborigen və gəlmə türklərin rolunu müəyyənləşdirmək;
- yazılı və şifahi ədəbi dilin inkişafı üçün əlverişli zəmin olmadığından axısqalıların dilində qədim tayfa dillərindən gələn arxaik formaları araşdırmaq;
- Mesxett-cavaxeti ərazisindəki tarixi toponimlər fonunda ən qədim coğrafi adların meydana gəlməsində etnik müxtəlifliyin mövcud olduğu situasiyanı aydınlaşdırmaq;
- axısqalıların dili ilə Azərbaycan və Türkiyə türkcəsi arasında olan oxşar və fərqli cəhətləri müəyyənləşdirmək;
- tədqiq olunan dilin səs sisteminin, lüğət tərkibi və qrammatik quruluşunun geniş və aydın mənzərisini yaratmaq;
- Axısqalıların dilində qıpçaq və oğuz elementlərini müəyyənləşdirmək; qədim xüsusiyyətlərin qalma səbəblərini aydınlaşdırmaq;
- müxtəlif dil mühitində inkişafı ləngiyən qrammatik kateqoriyalara aydınlıq gətirmək.
Tədqiqatın mənbələri. Tədqiqatda istifadə edilən mənbələr xarakterinə görə bir neçə qrupa bölünür: Axısqa türk folkloru: folklor nümunələri axısqalıların yaşadığı ərazilərdən və Asif Hacılının «Qəribəm bu vətəndə» (1992); «Bir ulusun söz sənəti»ndən (1993), müxtəlif əlyazmalardan, «Vətən eşqi» qəzetindən (1991, 1992, 1993), S. cikiyanın çap etdirdiyi bədii mətn nümunələrindən, ayrı-ayrı axısqalı yazıçı və şairlərinin (Ş.Adıgünlü, G.Şahin, c.Xalidov, İ.Şahzadəoğlu, M.Paşalioğlu, L.Sağrızeli və b.) əsərlərindən, Axısqa türkləri ilə aparılmış söhbətlərdən (Söhbətlər maqnitafon lentinə yazılmışdır) alınmış və yazıya köçürülmüş, tədqiqata cəlb olunmuşdur. Ömər Faiq Nemanzadənin xatirə və məqalələrindən də bir mənbə kimi istifadə edilmişdir. Bundan əlavə, dövrü mətbuatda, xarici ölkələrdə axısqalılar haqqında çapdan çıxmış yazılardan da (Məsələn, Meskhetian turks. Solutions and Human, Sejurity the Forjed Migration procejts of the open sojiety institute. - 1998 by the open sojiety institute (ingilis dilində), Ahiska türkleri. Hazırlayan Kiyas Aslan. Ankara, 1995; M. Fahrettin Kırzıoğlu. Ahıska'lı 14 halk şairimizdən birer parça. - Türk kültürü, sayı 47, yıl IV, Eylül, 1996; yenə onun; Gürcistan'da eski-türk inanç və geleneklerinin izleri, I Uluslararası türk Folklor Konqresi (İstanbul, 23-30, VI. 1975), Bildirileri və s. (türk dilində) və s. əsərlər də mənbə rolunu oynamışdır.
Tədqiqatın metodu. Araşdırmanın nəzəri-metodoloji əsasını problemə kompleks yanaşma, tarixilik və məntiqilik prinsipi təşkil edir. Araşdırmada ən çox təsviri və tarixi - müqayisəli metodlardan istifadə olunmuşdur. Tədqiqatın yönü diaxron və sinxron istiqamətlərdədir.
Tədqiqatın elmi yenilikləri. Axısqa türklərinin dil və etnik tarixi Gürcüstanın türk dünyası ilə uzunmüddətli əlaqə və münasibətləri çərçivəsində araşdırılmışdır. Tədqiqat qədim tarixə malik olan Axısqa türklərinin etnik tarixi, mədəniyyəti, dilinin fonetik, leksik, onomastik, semantik, qrammatik xüsusiyyətlərinin sistemli tədqiqindən ibarətdir. İlk dəfə olaraq bu dilin səs sistemi, lüğət tərkibi, qrammatik quruluşunun geniş və aydın mənzərəsi yaradılmış, əsərdə xalqın dil və etnik tarixinə nəzər yetirilmiş, xalqın milli varlığını, birliyini şərtləndirən əsas amil kimi onun dili, axısqalıların tarixi təşəkkülündə aborigen və gəlmə türklərin rolu öyrənilmiş, bu dilin təşəkkülündə hansı tayfaların aparıcı rol oynadığı üzə çıxarılmış, onların yazılı və şifahi dilində qədim tayfa dillərindən gələn arxaik formaların qalma səbəbləri aydınlaşdırılmış, ən qədim coğrafi adların meydana gəlməsində etnik müxtəlifliyin mövcud olduğu şərait müəyyənləşdirilmiş, etnosun təşəkkülündə qıpçaq və oğuzların hansının üstün mövqeyi müəyyənləşdirilmiş, bütün dil yaruslarının tədqiqində Azərbaycan və digər türk dilləri ilə müqayisələr aparmaqla onların dilindəki milli və orijinal keyfiyyətlər üzə çıxarılmış, digər dillərlə müqayisədə bu dilin «qaba və sərt cizgiləri» dəqiqləşdirilmiş, müxtəlif dil mühiti və əhatəsində ləngiyən xüsusiyyətlər aydınlaşdırılmışdır. Müxtəlif dil səviyyələrində axısqalıların dilinin özünəməxsus cəhətləri, qədimliyini qoruyub saxlama səbəbləri, başqa türk dillərindən seçilən əlamətləri də kompleks halda, bütün genişliyi ilə təhlil edilmişdir ki, bunlar da işin əsas elmi yeniliklərindən sayıla bilər.
Dissertasiyanın əsas elmi yeniliklərindən biri də budur ki, bir çox mübahisəli məsələlərə (Qafqazın tarixən türkdilli xalqlar olması fikri, türk dillərinin müstəqilliyini şərtləndirən amillər və s.) bu işlə də müəllif mövqeyindən aydınlıq gətirilmişdir.
Tədqiqatın praktik əhəmiyyəti. Dissertasiyada qoyulan məsələlərin tarixi- linqvistik təhlili bir çox hallarda öz tətbiqini və köməyini göstərə bilər. Tədqiqat sırf elmi-nəzəri mahiyyət daşısa da, burada praktik əhəmiyyət kəsb edən cəhətlər də çoxdur. Əslində bu tədqiqat axısqalıların dilini öyrənməyin praktik yolları, üsulları, ana dilinin tədrisi, bu dili məktəblərdə öyrətmək məqsədilə proqramlar və dərsliklər haqqında məlumatlar da verilmiş, türk dili dərslərinin keçirilməsi, ayrı-ayrı mövzuların öyrədilməsi qaydaları da göstərilmişdir ki, bu da dilin təbliği üçün mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, axısqalıların yaşadığı kəndlərdə türk dili aşağı siniflərdə (I-IV siniflərdə) həftədə iki saat tədris olunur. Bu iki saata uyğun olaraq proqram və dərslik də hazırlanmışdır. Fikrimizcə, bu tədqiqat türk şagirdlərinin həmin dilin öyrənilməsindəki maraqlarını artıracaq, dilin elmi şəkildə mənimsənilməsində yardımçı rolunu oynayacaq, tədrisdə dərslik və ya dərs vəsaiti kimi istifadə oluna biləcəkdir.
------------------------------
Qeyd: Axısqalıların dili nəzərdə tutulur - (İ. K.).

Dissertasiya ali məktəblərin filologiya fakültəsinin tələbələri üçün dərs vəsaiti rolunu oynaya bilər. Tədqiqatın əsas praktik əhəmiyyətindən biri də türk dillərinin tarixi, türk dillərinin dialektologiyası, türk dillərinin müqayisəli qrammatikası fənlərindən seminar və mühazirələrin, xüsusi kursların keçirilməsində istifadə oluna bilər.
Tədqiqatın elmi-nəzəri əhəmiyyəti. Dissertasiyadan çıxan müddəa və nəticələr digər azsaylı, sürgün və deportasiyalara məruz qalan xalqların-krımlıların, kalmıkların, Volqa almanlarının, karaçay-balkarların, çeçen-inquşların, eləcə də yazısı və ədəbi dili o qədər də inkişaf etməmiş dillərin - qaqauz, xələc, qaşqay, karaim və s. dillərin əhatəli və geniş səpkidə, dilin bütün səviyyələrində öyrənilməsinə imkan və şərait yaradır.
Bu sahədə ilk tədqiqat olduğu üçün izah və şərhi geniş, əhatəli təhlil tələb edən məsələlərə (məsələn, Anadolu bölgəsində yaşayan axısqalıların dil xüsusiyyətləri; qıpçaq dili elementləri; gürcü substratları fonunda Axısqa- gürcü dil əlaqələri; Axısqa bölgəsində qədim türkmənşəli toponimlər və s.) yenidən baxılmasında bu işin nəzəri əhəmiyyət kəsb edəcəyi şəksizdir.
Türkoloji dilçiliyə dair dərs və dərs vəsaitlərinin yazılmasında da bu iş nəzəri cəhətdən müəyyən əhəmiyyət kəsb edə bilər.
Tədqiqatın aprobasiyası. Dissertasiya AMEA, Nəsimi adına Dilçilik İnstitutunun «Türk dilləri» şöbəsində yerinə yetirilmişdir. Araşdırmanın əsas məzmun və nəticələri «Axısqa türklərinin dili» (Bakı, Elm, 1999, 278 s.); Axısqa toponimləri. ("Nurlan" nəşriyyatı, Bakı, 2001, 48 s.) adlı kitablarda; 27 məqalədə əks olunmuşdur. İşin əsas nəticələri barədə Qırğızıstanda (1990), Maxaçkalada (1991), Türk litseylərində (1997), Azərbaycanda keçirilən elmi-praktik konfraslarda məruzələr edilmiş, radio və televizorda çıxışlar, müsahibələr aparılmışdır.
Tədqiqatın quruluşu. Dissertasiya giriş, beş fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından və əlavədən ibarətdir.
Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz