.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
APARICI MÜƏSSİSƏNİN RƏYİ - SUALL CAVAB PROSESİ

     

1. Dissertasiyanın I fəsli «Axısqa türkləri-nin dil və etnik tarixinə dair» adlanır. Fəslin kiçik bölmələrində bir-birini təkrar edən mətləblərlə yanaşı, mətləbdən kənar çıxan mövzular da vardır («Dilin keşiyində. Müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair»). Burada, ümumiyyətlə, Azərbaycan tarixçiliyində özünü tez- tez göstərən belə bir səhv təmayül yer tapmışdır ki, bu da müxtəlif dövrlərə aid məlumatlar əsasında müasir xalqlar, millətlər, dil və mədəniyyətlər haqqında mühakimə yürütmək, fikir söyləmək meylidir. Bu cür gəlişi gözəl mülahizələr əvəzinə, Axısqa xalqı (etnosu) və dili haqqında daha konkret, daha tutarlı faktlara əsaslanan fikirlər söyləmək yerinə düşərdi.

C a v a b: Dissertasiyanın I fəsli «Axısqa türklərinin dil və etnik tarixinə bir nəzər» adlanır. Aparıcı müəssisənin göstərdiyi kimi, buradakı 4 bölmə heç də bir-birini təkrar etmir, mətləbdən kənar mövzular da bu fəsildə yoxdur. Belə ki, I bölmədə «Axısqa türklərinin etnik tarixindən», II bölmədə «Müxtəlif türk tayfalarının Axısqa toponimlərində əksi»ndən, III bölmədə «Axısqa türklərinin mənşəyi»ndən, IV bölmədə isə «Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsi məsələlərindən danışılır. Aparıcı müəssisə 4 –cü bölməni artıq sayır, mətləbdən kənar mövzu sayır. Niyəsi göstərilmir. Konkret olaraq «mətləbdən kənar» hesab edilən bu bölmədə axısqalıların dil yanğısı, ana dili haqqında yüksək fikirləri, öz dillərini ədəbi dillər səviyyəsində görmək istəyi («Vətən eşqi» adlanan qəzetdə bu haray öz əksini tapmışdır-İ.K); eyni zamanda axısqalıların dil xüsusiyyətlərinin öyrənilməsi tarixi və bu sahədə akademik N.Marrın, S.Cikiyanın, Orta Asiya və Türkiyə alimlərin tədqiqatları təhlil edilir.

2. Həmin fəsildə bir məsələnin qoyuluşu öz səhvliyi və səhlənkarlığı ilə diqqəti cəlb edir. Burada Ö.F.Nemanzadənin «Dilimiz və imlamız» məqaləsində «bizim türkcəmiz» ifadəsi ilə əlaqədar olaraq belə bir izahat verilir: «Axısqa türklərinin dili nəzərdə tutulur» (s.31). Biz bilirik ki, böyük mollanəsrəddinçi Ömər Faiq Nemanzadə Axısqa türklərindən olmasına baxmayaraq, Azərbaycanın görkəmli siyasi və ictimai xadimi olmuş, burada bir çox məsul vəzifələrdə çalışmışdır. «Dilimiz və imlamız» məqaləsində də o heç də hələ formalaşmamış Axısqa ədəbi dilini deyil, əsasən, Azərbaycan dilini, bəlkə də o dövrə aid olan Rusiya türkləri üçün işlənib hazırlanmış türk dilini nəzərdə tutmuşdur. Həmin dövrlərin mətbuatında bunların hər ikisi öz ifadəsini tapmışdır.

C a v a b: Aparıcı müəssisənin bu iradı ilə də razılaşmaq mümkün deyil.Ona görə ki, görkəmli mollanəsrəddinçi Ö.F.Nemanzadə «Dilimiz və imlamız» adlı məqaləsində Axısqa türklərinin adını çəkməsə də, məqalədə «ədəbiyyatı olmayan bir millət», «yazısı, imlası, ədəbiyyatı yox» kəlmələrinə rast gəlirik. Sual oluna bilər, Ömər Faiq «ədəbiyyatı olmayan bir millət» deyərkən necə azərbaycanlıları və yaxud Azəri türkcəsini nəzərdə tuta bilərdi? Şübhəsiz, həmin illərdə ədəbiyyatı olmayan millət yalnız Axısqa türkləri ola bilərdi.İkinci bir tərəfdən də, axısqalı türk kimi, Ö.F.Nemanzadənin dil haqqındakı fikir--lə--rindən istifadə etmək (Məhəbbətimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Nədən gözəl, dadlı dilimizi bəyənmirik? Dil məhəbbətini millət məhəbbətinin başlanğıcı bilək və s. Bax: «Yeni iqbal» qəzeti, 2 iyul 1915, № 17) nə vaxtdan «səhv» və «səhlənkarlıq»dır?

3. Dissertasiyanın «Fonetika» adlanan II fəslində aşağıdakı bölmələrə rast gəlirik: «Fonemlər sistemi», «Abruptiv fonemlər», «Tayfa dilinin qalıqları», «Ahəng qanunu», «Fonetik hadisələr». Birinci mövzu «Fonemlər sistemsi» adlanır. Bildiyimiz kimi, fonetika və fonologiyanın iki mühüm bəhsi vardır: vokalizm və konsonantizm, başqa sözlə, saitlər sistemi və samitlər sistemi. Burada nə saitlər, nə də samitlər sistemli şəkildə nəzərdən keçirilmə-mişdir; hətta təxmini olsa belə, axısqalıların dilində neçə sait, neçə samit səs olduğunu da bilmək olmur. Dissertasiyada bunun əvəzinə bəzi saitlər və bəzi samitlərdən bəhs olunur. «Abruptiv fonemlər» bəhsində səslərin «abruptivliyi» qeyd olunmamışdır. Məsələn: k a v (lovğa) – k a v (qarmaq). Buradan həmin sözlərin omonim olduğunu bilmək olar, amma onların hamısında samitin abruptiv, hansında isə «qeyri-abruptiv» olduğunu yox.

C a v a b: Bizim məqsədimiz t i p i k fonetik əlamətləri öyrənmək olmuşdur. Ancaq bununla belə, dissertasiyadan çıxarılsa da, «Axısqa türklərinin dili» adlı mnoqrafiyada (Bakı, «Elm», 1999, s.50-51) axısqalıların dilində 10 sait və 24 samitin olduğu qeyd edilib. Hətta sait və samitlərin bu dildə növləri də göstərilmişdir. «Abruptiv fonemlər» bölməsində isə belə bir qeyd var ki, altında nöqtə olan səslər abruptiv səslərdir (bax: dissertasiya, s. 41; avtoreferatda* oxuyuruq: Abruptiv samitləri fərqləndirmək üçün hərfin altında nöqtə qoyulur. s.14). Altında nöqtə işarəsi, demək, samit səsin abruptivliyini bildirir.

4. Dissertasiyanın 45-ci səhifəsində «tayfa dilinin qalıqları»na misal olaraq ts səsi verilir. Amma nə bu səs, nə də onun çox bağlı olduğu c səsi türk dillərinə məxsus olan qədim səsələrdən deyil və həmişə də yad dil təsiri ilə meydana çıxmışdır.

C a v a b: Bu irada professor E.Əzizovun «Azərbaycan dilinin tarixi dialektologiyası» (Bakı, 1999, s.64) monoqrafiyasından gətirilmiş aşağıdakı sitatla cavab vermək istəyirəm:» ts-laşma (ç-ts) hadisəsi sabir- xəzər ittifaqına daxil olmuş tayfaların dili üçün səciyyəvi olmuşdur (s.64);… xalqın etnik tarixi ilə bağlı olan, etnolinqvistik səciyyəli olan ts-laşma hadisəsini xalq dilinin formalaşmasında iştirak etmiş tayfa dili elementi kimi qiymətləndirmək mümkündür (s. 91).

5. Dissertasiyanın 56-cı səhifəsində «cingiltiləşmə hadisəsi» adı altında bu dildə kar samitlərin cingiltiləşməsindən bəhs edilir və buna aid misallar da verilir. Tədqiq olunan dildə belə bir fonetik hadisə yoxdursa, ondan danışmamaq da olardı.

C a v a b: Dissertasiyada cingiltiləşmə hadisəsindən ona görə bəhs etmişik ki, bu etnosun dilində ignə, ögüd, degirman, gögərçin, sögüd tipli sözlərin tərkibində «g» cingiltili samiti işlənmişdir. Bu, əvvala qədim əlamətdir, bir sıra müasir türk dillərində (qıpçaq rupunda) hələ də qalmışdır. İkincisi, bu xüsusiyyət, Azərbaycan dili ilə müqayisədə zəif cingiltiləşmədir.Hələ güclü cingiltiləşməyə (iynə, öyüd, dəyirman, göyərçin, söyüd) meyl yaranmamışdır.56-cı səhifədə göstərmişik ki, bu hadisə (yəni, cingiltiləşmə hadisəsi) Axısqa türklərinin dilində qeyri- bərabər inkişaf prosesi keçirmiş, zəif cingiltiləşmə nəticəsində samit səslər söz daxilində keyfiyyətcə dəyişməmiş, məsələn, g samitinin y samiti ilə əvəzlənməsi müasir Azərbaycan dilində olduğu kimi görünmür.Tədqiq olunan dildə isə belə hadisə mövcuddur, lakin hadisə hələ güclü şəkil almamışdır.

6. Sonra «labiallaşma hadisəsi» bəhsi gəlir (s. 57). Bu hadisənin mahiyyəti belədir ki, sözdə olan dodaq samitinin təsiri ilə a>o əvəzlənməsi (analoji olaraq ə-ö əvəzlənməsi də) baş verir. Məs.: av>ov, qavırğa-qovurqa və s. Axısqa türklərinin dilində bu hadisə baş verməmişdir və dissertant bunu həmin dilin inkişafıında ləngiyən kimi qiymətləndirir. Belə bir fikir doğru deyil, üstəlik dildə olmayan hadisədən bəhs etmək də düzgün deyil.

C a v a b: Bu iradla da razılaşmaq olmur. Bu irad da məzmunca 6-cı irada oxşayır. Yəni göstərmək istəmişik ki, digər türk dillərindən fərqli olaraq bu etnosun dilində a- dan o-ya keçid baş verməmiş, ilkin forma mühafizə edilmiş, a v, a v ç i, s a v u x, t a v u x, a l a v, a v u ç, q a u n tipli sözlərdə inkişaf ləngimiş və labiallaşma hadisəsi baş verməmişdir. Bizcə, bu quruluşda olan sözlərdən bəhs edərkən labiallaşma hadisəsini qeyd etməmək mümkün deyil. Xüsusilə də, Azərbaycan dili ilə müqayisədə.

7. Dissertasiyanın “Leksika” bəhsində sözlə-rin tematik qruplar üzrə nəzərdən keçiril-məsi diqqətəlayiqdir. ”Əsas semantik proseslər” adı ilə verilən isə (s. 154-155) artıqdır. Axısqalıların dilinə aid lüğətin olmaması bir çatışmazlıq kimi qiymətləndirilə bilər. Gələcəkdə belə bir lüğət tərtib etmək vacibdir.

C a v a b: İşin “Leksika” fəslinin sonunda “Sözün semantik strukturu: əsas semantik proseslər” (s.154-156) hissəsi gəlir. Aparıcı müəssisə bu hissəni artıq sayır. Səbəbi bilinmir. Doğrudan da, axısqalıların dilinə aid lüğətin olmaması əsərin çatışmazlığıdır. Gələcəkdə belə bir lüğətin tərtib olunması nəzərdə tutulmuşdur. Onu da qeyd edək ki, belə bir lüğət (izahlı) axısqalı aşıq Məmməd Səfilinin şerləri əsasında hazılanmışdır. Çap olunması planlaşdırılıb.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz