.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr.

     

Tabesiz mürəkkəb cümlə. Axısqa türklərinin dilində mürəkkəb cümlənin tabesiz və tabeli növləri işləkdir. Lakin tabeli mürəkkəb cümlələr tabesiz mürəkkəb cümlələrlə müqayisədə çox yayılmışdır.
Tabesiz mürəkkəb cümlələr, demək olar ki, bu dildə sadə cümlələrlə ifadə olunur. Yəni, tabesiz mürəkkəb cümlənin tərkib hissələrini təşkil edən sadə cümlələr mürəkkəb strukturda özünü az göstərir. Bununla belə, tabesiz mürəkkəb cümlələrin müxtəlif struktur - semantik tiplərinə də bu dildə rast gəlmək olur.
Tərkib hissələri sadə cümlələrdən ibarət olan tabesiz mürəkkəb cümlələr nisbətən çoxdur. Məs.: Ölən öldi, qalan qaldi (G.Şahin). Bu cümlədə iki tərkib hissə vardır. Tərkib hissələr sadə cümlələrdən qurulmuşdur. Bu tərkib hissələrdə mübtəda substantivləşmiş feli sifətdən ibarətdir.
Axısqa türklərinin dilində dörd sadə cümləli tabesiz mürəkkəb cümlələr də vardır. Məsələn: Maşinlər uğuldaşiyerdi, itlər uliyerdi, tavux-çuçullar səs-səsə vermişdi, mal-qara uzun-uzadi mələşiyerdi (Ş.Adıgünli). Dörd sadə cümləli tabesiz mürəkkəb cümlələrin əsas xüsusiyyəti bundan ibarətdir ki, onlarda daha çox zaman əlaqəsi özünü göstərir. Bu fərqi prof. A.Axundov belə göstərir: Dörd sadə cümləli tabesiz mürəkkəb cümlələr öz xüsusiyyətlərinə görə üç sadə cümləli tabesiz mürəkkəb cümlələrdən o qədər də fərqlənmir. Onların arasında əsas fərq bundan ibarətdir ki, üç sadə cümləli tabesiz mürəkkəb cümlələrdə ən çoxu iki məna əlaqəsi özünü göstərə bildiyi halda, dörd sadə cümləli tabesiz mürəkkəb cümlələrdə üç məna əlaqəsi də özünü göstərə bilir [1, s. 337].
Axısqa türklərinin dilində tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında aşağıdakı məna əlaqələri özünü göstərir:
Zaman əlaqəsi. Bu əlaqədə işlədilən cümlələrdə əhvalat, hadisə eyni zaman daxilində baş verir: Maşin ehmalca yırğalanur, babam mürgiliyerdi (G.Şahin); Zulum qatarlari adresi bəlli olmiyan tərəfə gediyer, vaqonların içindəkilər tövşüyürdilər (Ş.Adıgünli); Savuğa dözmiyan çocux anasının qucağında tir-tir əsiyer, bir gürci gəlini qarda yıxıla-yıxıla əviyerdi (Ş.Adıgünli); Maşinlər uğuldaşiyerdi, itlər uliyerdi, tavux-çuçullar səs-səsə vermişdi, mal-qara uzun-uzadi mələşiyerdi (Ş.Adıgünli).
Ardıcıllıq əlaqəsi. Bu əlaqədə baş verən hərəkət ardıcıl icra olunur, tərkib hissələri arasında sistematiklik özünü göstərir. Məsələn: Bişmişə həsrət qalan adamlar lazudi, lobyay, arpay cik-cik, yiya-yiya gediyer, Əzrayıl də onlardan əl çəkmiyer (Ş.Adıgünli); Kəsildi gədüklər, bağlandi yollar (Laçın Sağrızeli).
Səbəb-nəticə əlaqəsi. Məna əlaqəsinin bu növündə birinci cümlə - komponent səbəb, ikinci gələn komponent isə nəticədir: Birdən-birə motor susdi, maşin Axısqa dəmüryoli stansiyasında durdi (danışıqdan).
Aydınlaşdırma əlaqəsi. Məlumdur ki, aydınlaşdırma cümlə üzvlərinə - mübtədaya, xəbərə və tamamlığa görə müəyyənləşir: cəməhətin ahi-naləsi dağda-daşda əks-səda verdi: Bizi sürgün ediyermişlər; Məndüf maraqlı şeylərdən danişiyerdi: 37-ci yildə onun babasini Orta Asiyanın yilan məliyan çöllərinə sürmüşdilər. Qar üstündə qan ləkələri yarandi; qarilər haray-həşir qopardi (danışıq dilində).
Ziddiyyət əlaqəsi. Bu məna əlaqəsi ziddiyyət, qarşılaşdırma və fərqləndirmə meyarına görə müəyyənləşir: Zurnaçi zurnasını səsləndüriyerdi, cəməhət nələr çəkiyerdi (Ş.Adıgünli), Artux kiminsə qapısından bir maşin tərpəndi, öləni son mənzilə götürən kimi hönkürdülər, saç yoldilər, yaxa cırdilər, çocuxlar da onlara qoşulub dad-fəryad qopariyerdilər (Ş.Adıgünli), Məndüf qapının möhürüni qırdi, əsgər də avtomatın qundağiynan onun başıni yardi (Ş.Adıgünli).
Birləşdirmə əlaqəsi. İkinci tərkib hissə (komponent) birinciyə əlavə kimi qoşulur. Belə cümlələri parselyat - qoşulma mürəkkəb cümlələr adlandıranlar da vardır. Axısqa türklərinin dilində belə cümlələr də geniş yayılmışdır: Tise eyi bir köy idi, özü də Türkiyə sərhəddinə çox yaxındur.
Axısqa türklərinin dilində bağlayıcılı tabesiz mürəkkəb cümlələr nisbətən azlıq təşkil edir. Buna baxmayaraq, ama, lakin qarşılıq bildirən bağlayıcılı mürəkkəb cümlələrə rast gəlmək olur. Məs.: Fərqana hadisələri yuxuli gözlərimizi açdı, ama tam açmadi, tam oyanmadux! (F.Şəhriyev), Bütün gecay yatmiyan babam, maşin ehmalca yırğaladuxca mürgileyirdi, lakin o tez-tez gözünü açıb: - hələ çoxmi var? (G.Şahin).
Tabeli mürəkkəb cümlə. Yuxarıda qeyd etdiyimiz kimi, Axısqa türklərinin dilində tabeli mürəkkəb cümlələr çox geniş yayılmışdır. Demək olar ki, budaq cümlələrin hamısına bu dildə rast gəlmək olur. Bu dildə işlənən tabeli mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirməkdə əvəzliklərin, intonasiyanın mühüm rolu vardır.
1. Tərkib hissələrini əlaqələndirməkdə əvəzliklərin rolu.
Oni-əvəzliyi tamamlıq budaq cümləsini baş cümlə ilə əlaqələndirir: Stalinizm siyasətindən başliyan və yenidənqurma perestroyka ilə qurtaran bu yüzdən irax "siyasət"in nəticələri oni göstəriyer ki, indiyəcən yarımız özbək, yarımız qazax, yarımız qırğız, yarımız kabardin- balkar olmişdux (İ.Səfil).
Bağlayıcı sözün rolu: Kim bu yolda perspektiv yol biliyersə, buyurub öz fikirlərini qazet arxali diya bilur (İ.Səfil).
Kim bağlayıcı sözü mübtəda budaq cümləsinin komponentlərini bir-birinə bağlamışdır.
İntonasiyanın rolu: Uli babalarımız gözəl demişlər: "Balım olsun pətəgi Bağdadan gəlür" (İ.Səfil).
Göründüyü kimi, tamamlıq budaq cümləsinin tərkib hissələri bir-birinə intonasiya ilə bağlanmışdır.
Şəkilçilərin rolu:
sa, -sə: Əgər fəallarımız belə işləyersə, başxalarından nə omax? (S.Toroman). Qarşılaşdırma budaq cümləsinin tərkib hissələri sə ədatı ilə əlaqələndirilmişdir.
Axısqa türklərinin dilində budaq cümlənin aşağıdakı növləri işlədilir.
Mübtəda budaq cümləsi. Axısqa türklərinin dilinin sintaktik quruluşu öyrənilmədiyi üçün həmin dildə budaq cümlələrin təsnifi də aparılmamışdır.
Bədii dildən müəyyənləşdirilmiş nümunələr göstərir ki, bu dildə də digər türk dillərində olduğu kimi, iki tip mübtəda budaq cümləsi işlədilir. Tədqiq edilən dil vahidlərinin analitik, sintetik, habelə analitik-sintetik üsullarla baş cümləyə bağlanan və funksional baxımdan fərqləndirilən hər iki tipinin bu və ya digər şəkildə işlənməsi türk dillərində mürəkkəb cümlə sisteminin əsas sintaktik oxşarlıqlarındandır.
I tip. a) Baş cümlədə mübtəda buraxılır; baş cümlə kontekstual "yarımçıq" cümlələrdən ibarət olur, budaq cümlə onun buraxılmış mübtədasını əvəz edir. Budaq cümlə baş cümləyə daha çox "ki" bağlayıcısı, bəzən də -sa2, -mı4 formaları ilə bağlanır. Məs.: Yaxşi olur ki, imkanli adamlar, idara, kolxoz rəhbəri olan sözi, hörməti geçan adamlarımız bu işdə "Vətən" cəmiyyətinə yardım etsinlər (S.Toraman); Məktübdə deyiliyer ki, iştər SSRİ-nin, iştərsə də respublikaların konstitusiyalarında millətindən və irqindən asılı olmiyarax bütün adamların hüquq bərabərluği nəzərdə dutiliyer [70, 27.III.1992]; Məktübdə daha sonra göstəriliyer ki, Salsk mebel kombinatının işçiləri Mesxet türklərinin taleyində dərindən qəmləniyerlər [70, 27.III.1992]; Dini rəvayətlərdə söyləniyer ki, allah insana zulum edanda əvvəl onun malıni, sora haxlıni, axırda da canıni aliyer (Xalid Taştanov); Bu yaxınlarda "Vətən" cəmiyyəti Mərkəzi Şurasından alduğumuz bir sənəddə göstəriliyer ki, ilk təşkilatlar ham da kendiların ən əsas işi olan təşkilatçilux işini da zayıf təşkil ediyerlar (S.Toraman), Həppimizə bəllidür ki, çox şennikimiz uçux yapilərdə, əski binalarda, məktəblərdə, kulublarda, çadırlarda ağır vəziyyətdə yaşayir (Firidun Şəhriyev); Nəzərdə dutiliyer ki, ilk zamanlar 150 ailə Ardahan və İldır vilayətlərinə alsınlar [70, VIII.1992].
Bu cümlələrdə budaq cümlə baş cümləyə yalnız "ki" bağlayıcısı ilə bağlanmışdır.
II tip. Bu tipli budaq cümlə baş cümlədən əvvəl gəlir. Budaq cümlədə bağlayıcı söz, baş cümlədə isə ona qarşı adlıq halda əvəzlik (mübtəda vəzifəsində) iştirak edir. Budaq cümlə ümumilik, baş cümlə isə konkretlik bildirir. Bağlamaqda rolu olan kim bağlayıcı sözün hansı halda, hansı cümlə üzvü vəzifəsində işlənməsinin fərqi yoxdur [1, s. 359].
Axısqa türklərinin dilində bağlamaqda ən çox "kim" bağlayıcı sözü fəallıq göstərir: Kim bu yolda daha perspektiv yol biliyersə, buyurub öz fikirlərini qazet arxalı diya bülur (İ.Səfil).
Budaq cümlənin xəbərində -sa, -sə şəkilçisi işlədilir. Bəzən baş cümlədə şəxs əvəzliyi mübtədanın qəlibi kimi ya işlənir, ya da nəzərdə tutulur. Belə cümlə qəliblərinə digər türk dillərində də rast gəlmək olur. Məs.: Azərb. dili. cümə günü Mələkə cəlaliyyənin hüzuruna kim nə istəyə girsə, əliboş, naümid geri qayıtmayacaq ("Azərbaycan" jurnalı); Türk dili: Oni kim soylemisse, dureduz hattetmis… (A.Nesin); Qaqauz dili: ...kim istaarsa, o qelsin yaşasın Budjakta.. (Budjakdan seslar); Türkmən dilində: Kim grbet aydın aytsa, şol utansın... (A.Qurbanov) [56, 1985, № 2, s. 76-80].
Baş cümlədə mübtəda vəzifəsində "o" şəxs əvəzliyi də işlənir. Bu tip mübtəda budaq cümləsi Axısqa türklərinin dilində də vardır: Bu, o demaxdur ki, dilimiz aşındikən yitməyə başlamuşdur, yarın -öbürgün də dinimiz yitər (F.Şəhriyev). Bu tip müasir Azərbaycan dilində də işləkdir. Məs.: O doğrudur ki, kəndlilər soyulur, O doğrudur ki, atam heyvan kimi işləyir (c.cabbarlı) və s.
Xəbər budaq cümləsi. Axısqa türklərinin dilində xəbər budaq cümləsinin bir neçə tipi işlədilir. Bu tiplər baş cümlədəki xəbərə görə müəyyənləşir.
a) xəbər "idi" şəklində: Bu bir yana, iki gün idi ki, köylərə silahli əsgərlər doluşmişdi, cəməhəti siyahıya aliyerdilər (Ş.Adıgünli).
b) "dur" şəkilçisinin baş cümlənin xəbərində işlənməsi: İlk təşkilatların bela zayıf işlamasının nəticəsidur ki, mərkəzi Şuranın hesabında qalan paraynan fəaliyyət göstərmax mümkün degül (S.Toraman).
v) Xəbər "budur" şəklində: Silahli əskərlərin məqsədi budur ki, cəməhəti meşaya götürsinlər (Ş.Adıgünli); - Bənim məqsədim budur ki, Vətənə dönem (G.Şahin) və s.
Tamamlıq budaq cümləsi. Axısqa türklərinin dilində ən çox işlədilən budaq cümlə növlərindən biridir. Bu dildə də tamamlıq budaq cümləsi feli sifətə, feli bağlamaya, məsdərə, şərt şəklinə, sifətə və ismə də aid olur.
Axısqa türklərinin dilində tamamlıq budaq cümləsi baş cümləyə 2 yolla - həm intonasiya, həm "ki" bağlayıcısı ilə bağlanır.
1. İntonasiya ilə bağlananlar: Bu yolla əmələ gələn tamamlıq budaq cümləsi vasitəsiz nitqdən ibarət olur. Məs.: Soruşanda diyerdilər: "Davaynan əlaqəlidür" (Ş.Adıgünli); Belə yerdə demişlər: Zərəlin nerəsindən dönsən xeyirdür (İ.Səfil).
Bu tamamlıq budaq cümləsi feli bağlamaya aiddir.
2. "ki" bağlayıcısı ilə bağlananlar: Birdən yoldaşım Məhəmməd gəlib dedi ki, çocuxlardan muğayat ol [70, 27.III.1992].
Axısqa türklərinin dilində də tamamlıq budaq cümləsi təsriflənən fellərə də aid olur. Məsələn; Bilmam ki, sabahsızlux yüzündənmi, nadansa bu yollar olduxca narahat olmişdi (G.Şahin); Ağniyamiyerux ki, qazet o adresa çatiyer, ya çatmiyer (S.Toraman).
Feli bağlamaya aid olan tamamlıq budaq cümləsi; Soruşanda ki, belə niya ediyersiz, diyer ki, siz çox uzun yoli dutmişsiz (İ.Şahzadəoğli); Təsriflənən felə aid olan tamamlıq budaq cümləsi: Siçan baxiyer ki, çox qısa bir yoldur (İ.Şahzadəoğli): Atatürk sual ediyer ki, nəsil oldi ki, təkbaşan ağırlux mərmiy qaldura bildin. Əskər cavab veriyer ki, paşam sağ olsun, oni bən qaldurmadım (İ.Şahzadəoğli).
Vacib şəklinə aid olan tamamlıq budaq cümləsi: Bu mənfi hallara cavab vermax üçün biz ziyalilər bütün xalqlara isbat etmaliyux ki, bizim kökümüz türkdür [70, 03.III.1992].
Xəbər şəklinə aid olan tamamlıq budaq cümləsi: Həppiz çox ey biliyersiz ki, çox çətinluxlardan sora 1991-ci yil mart ayında dünyaya göz açmiş "Vətən eşqi" qazetinin mərəmi Vətən yolunda çarpışmalarda xalqın yardımçısı olmaxdur [70, 03.III.1992]; Diyerlar ki, atmiyacaxlar; O dedi ki, babasi uzun yillar Türkiyəyə köçəndən sora, hər yil Ardahan dağlarına gediyermiş [70, VIII.1992], Zaniyerım ki, bu xalqımız üçün də, bizim üçün də yaxşı olur (G.Şahin).
Şərt şəklinə aid olan tamamlıq budaq cümləsi: Adamın biri qaxıb bir çoxluğun qarşısında desə ki, canım nə əllərimizi qoynumuza yığıb kənərdən baxiyerux (İ.Səfil).
Məsdərə aid olan tamamlıq budaq cümləsi: Başa düşmək gərək ki, bir qrup ziyalı heç bir işi çatdıra bilməz (G.Şahin). Azərbaycan dilində bu budaq cümlə "başa düşmək lazımdır ki" şəklində daha çox işlənir: Kəndliləri başa salmaq lazımdır ki, niyə Hacı Atakişinin var-dövləti həddən aşır (Ə.Abasov).
Feli bağlamaya aid olan tamamlıq budaq cümləsi: Yoxsa qış yuxusuna girib gözləyəkmi ki, başımıza nələr gələcək? (G.Şahin).
Çox geniş şəkildə işlədilən tamamlıq budaq cümləsinin Axısqa türklərinin dilində bir neçə tipi vardır.
I tip: Budaq cümlə baş cümlədən qabaq gəlir, tərkibində bağlayıcı sözlər iştirak edir, baş cümlədə isə tamamlığın "qəlibi" olan əvəzliklər bağlayıcı sözlərlə qarşı-qarşıya işlədilir. Budaq cümlədə "heç kim" bağlayıcı sözü işlədilir. Məsələn: Heç kim deməsin ki, bögün bən ey yaşiyirim, əvim var, iş sahabiyim, bənə vətən lazım dəgül (F.Şəhriyev).
Budaq cümlədə "hər zaman" bağlayıcı sözü işlədilir: Hər zaman diyardi ki, oğulların böyümiş, onlari oğul-uşaq sahibi etmişim (G.Şahin).
II tip: Axısqa türklərinin dilində bağlayıcılarla əmələ gələn tamamlıq budaq cümlələri də çox işlənir. Bu cür tabeli mürəkkəb cümlələrdə baş cümlə əvvəl gəlir, baş cümlədən sonra "ki" bağlayıcısı, sonra isə budaq cümlə işlədilir. Baş cümlədən tamamlığın sualları çıxır, budaq cümlə həmin sualların cavabı olur.
Baş cümlədə oni əvəzliyi tamamlıq vəzifəsində çıxış edir: Ancaq oni demaliyux ki, bu sahədə cəmiyyət konkret heç bir iş görməmişdür (M.cəlilov).
Budaq cümlədə oni əvəzliyi tamamlıq vəzifəsində çıxış edir. Məsələn: Əskər cavab veriyer ki, oni bən qaldurmadım (İ.Şahzadəoğli).
Tərzi-hərəkət budaq cümləsində olduğu kimi tamamlıq budaq cümləsində feli xəbərdən əvvəl elə (ela) sözü işlənir. Bunları qarışıq salmaq olmaz. Ə.Abdullayev bu haqda yazır ki, Azərbaycan dilində xəbəri düşünmək, zənn etmək, bilmək (düşünmək mənasında), anlamaq və b.k. təfəkkür felləri ilə ifadə olunan baş cümlələrdə həmin fellərdən qabaq elə (belə) sözü ya işlənər, ya da işlənməz. Bu iki hal arasında məna fərqi də nəzərə çarpır. Elə, belə iştirak edən baş cümlələr budaq cümlədəki fikrin real olmadığını, şübhəli olduğunu bildirirsə, onlar iştirak etməyən cümlələr isə reallıq və qətiyyət ifadə edir [1, s. 371]. Bu tip cümlələr Axısqa türklərinin dilində də vardır: Ela biliyerdux ki, artux hər keş birinci nömrəy aldi (S.Toraman).
Təyin budaq cümləsi. Məlumdur ki, türk dillərində təyin budaq cümləsinin üç tipi mövcuddur. Axısqa türklərinin dilində isə aşağıdakı tiplər vardır.
I tip. Baş cümlədə "elə bir" sözləri "qəlib" kimi iştirak edir. Məsələn: Bu elə bir yerdur ki, hər qarış torpağıni müqəddəs sayarlar, murdal və pinti insanların bu torpaxlara ayax basmalarına yol verməzlər (G.Şahin); Bu elə bir cənnətdur ki, hər qarış torpağıni cəh-cəh vurur, dağlarının ən uca zirvələrində qartallar məskən salur, torpağında isə insanlar od-ocaq qalar, firavan yaşarlar (G.Şahin); Fikrimcə, həlli mümkün olmiyan elə bir şey yoxdur ki, axırı cavabsız olsun (M.Paşali oğli); Aşında elə bir vəziyyətə gəlib çıxdux ki, nə etdux, nerədə qaldux və nə etməliyux kimi çətin suallara cavab bulmadan irali gedamazdux (İ.Səfil); Elə bir yerdə oturub isinmax, deyib-gülmax isitiyerux ki, bir də baxiyen əzrəyilin qara dişi düz başımızın üstündə furlaniyer [70, 27.III.1992].
Baş cümlədə "bir" sözü "qəlib" kimi işlənir. Məs.: İçarida bir bağırti var idi ki, allah irağ etsin [70, 27.III.1992]; Qazetdən gəlduğuni eşidanda isə bir ağlaşma qopdi ki, Allah heç kimsaya göstərməsin [70, 27.III.1992].
II tip. Baş cümlədə təyin kimi o işarə əvəzliyi işlənir, sonradan budaq cümlənin işlənəcəyinə işarə edir. Budaq cümlə həmin əvəzliyin məzmununu açmaqla ondan sonrakı ismi də təyin eləmiş olur. Məsələn: Hətta o vəziyyətə gəlmişux ki, ayri-ayri zonalarda yaşiyan ziyalilarımız görüşduxda gendi fikirlərini, hisslərini bir-birinə ağnatmaq üçün rus dilini, rus sözlərini qullaniyerlər [44, IV-V.1992].
Zərflik budaq cümlələri. Bunun cümlənin bu növünün aşağıdakı görüntüləri işləkdir:
Zaman budaq cümləsi. Baş cümlədəki hal-hərəkətin və ya hökmün zamanını bildirən və zaman zərfliyinin suallarına cavab verən zaman budaq cümləsinin Axısqa türklərinin dilində bir sıra tipləri işləkdir.
Baş və budaq cümlələrdə korrelyativ cütlük kimi nə vaxıt, o vaxıt sözləri işlədilir. Bu cür əmələ gələn zaman budaq cümlələri, bir qayda olaraq, baş cümlədən əvvəl gəlir. Baş cümlə budaq cümləyə -sa, -sə şəkilçisi ilə bağlanır. Məsələn: Nə vaxıt "Vətən" cəmiyyəti müvəffəqiyyət qazaniyersə, o vaxıt "gürcüləşənlər" ortaluğa çəpər atiyer (İ.Şahzadə oğli).
Budaq cümlə əvvəl, baş cümlə sonra gəlir. Baş cümlədə "onda" sözü işlənir. Məs.: Əliboş kor-pişman geri dönərsin ki, onda görürsün bağırıb xalqinən "iş" görmax itiyən kim imiş (İ.Səfil).
Yer budaq cümləsi. Hal-hərəkətin yerini bildirən və yer zərfliyinin suallarına cavab verən bu budaq cümlənin Axısqa türklərinin dilində bir neçə tipinə rast gəlmək olur. Belə tiplərdən biri budaq cümlədə nerə, baş cümlədə isə ora korrelyativ cütlüklərinin işlədilməsidir. Məs.: Kim nerə çıxıyer, ora çıxsin (İ.Şahzadə oğli).
Tərzi-hərəkət budaq cümləsi. Baş cümlədəki hərəkətin icra tərzini və ya hal-vəziyyətin meydana çıxma tərzini bildirən bu budaq cümlənin Axısqa türklərinin dilində bir sıra tipləri işlədilir. Ən çox işlənən və digər türk dillərində müşahidə edilən tip baş cümlədəki elə sözünün məzmununu açmağa xidmət edən formadır. Elə sözü baş cümlədə işlənir, baş cümlədə işlənən hərəkətin, hal-vəziyyətin tərzini və onun nəticəsini bildirir. Aşağıdakı cümlələr bu baxımdan xarakterik sayıla bilər: Bu yil onsuz da timinən toprağımın arası sayca az olan xalqımızı bir avuc taxıl dəni kimi hər tərəfə elə səpələdi ki, 47 yildur bir yerə yığışamirux (Məhəmməd Paşali oğli); Səfərimizdən çox razıyıq, bənə elə gəlir ki, məhsuldar işləyə bildik (İ.Şahzadə oğli); Bizə elə gəliyer ki, "təşkilat" termini həm məzmunca, həm də formaca işimiza daha yaxundur (M.cəlilov).
Yuxarıdakı cümlələr tərzi-hərəkət budaq cümləsinin mənaca nəticə növünə aid edilə bilər.
Tərzi-hərəkət budaq cümləsinin məqsəd məzmununu bildirən növündə belə sözü "qəlib" kimi baş cümlədə işlənir. Məs.: Belə çıxıyer ki, dağılmaliyux? (İ.Səfil).
Kəmiyyət budaq cümləsi. Baş cümlədəki hal-hərəkətin və ya əlamətin kəmiyyətini bildirən bu budaq cümlənin Axısqa türklərinin dilində yalnız bir tipi işlənir. Budaq cümlədə nə qədər bağlayıcı sözü, baş cümlədə isə "qəlib" kimi - onun korrelyatı kimi bir o qədər sözü işlənir. Məs.: Dünyaya gələn hər bir əvlət nə qədər sevinc, nə qədər möhübbət bəxş ediyersə, bir o qədər də əvlət qayğıləri yüzə çıxardiyer (İ.Səfil).
Şərt budaq cümləsi. Baş cümlənin ümumi məzmununa aid olub, ondakı hal-hərəkətin və ya hökmün asılı olduğu şərti bildirən şərt budaq cümləsinin Axısqa türklərinin dilində bəzi tipləri işlədilir. Bu tiplərdən biri budaq cümlənin xəbərində sa, -sə şəkilçisi, onun əvvəlində isə əgər bağlayıcısının işləndiyi tipdir. Belə budaq cümlələrin baş cümlələrində isə onda sözü də iştirak edir. Məsələn: Əgər bu mesxeti türk xalqının vahid təşkilatiysa, onda onların həppisi 16 yaşına çatan kimi bunun üzvi olmalidur (M.cəlilov); Əgər bizim cəmiyyət Beynəlxalq status alsa, onun güci artar, ham da təsir diapozonu genişlənmiş olur (İ.Səfil).
Səbəb-nəticə budaq cümləsi. Axısqa türklərinin dilində səbəb-nəticə budaq cümləsinin əvvəlcə baş cümlə, sonra bağlayıcı, daha sonra isə budaq cümlə gələn tipi daha çox işlənir. Baş cümlədə "qəlib" kimi üçün sözü iştirak edir. Məs.: 37-ci yilə kimi Ömər Faiqləri olan bir xalqın elmini, mədəniyyatini, belli ki, köküni kesmax üçün götüriyerdi ki, zaman bir daha belə şəxslər yetüşdürməsin (Ş.Adıgünli).
Qarşılaşdırma budaq cümləsi. Baş və budaq cümlənin məzmununu bir-biri ilə qarşılaşdıran qarşılaşdırma budaq cümləsi Axısqa türklərinin dilində ən çox işlənən budaq cümlə növüdür. Qeyd etmək lazımdır ki, bu budaq cümlə də tamamlıq budaq cümləsi kimi həmin dildə çox işləkliyi ilə fərqlənir.
Budaq cümlə baş cümlədən qabaq gəlir. Demək olar ki, qarşılaşdırmanın güzəştli, ziddiyyətli, fərqləndirici, müqayisəli və şərtli növləri bu dildə də yayılmışdır.
Güzəştli-ziddiyyətli qarşılaşdırmada budaq cümlə baş cümləyə -sa da, -sə də göstəricisi ilə bağlanır. Məsələn: Bu qara vaqonların son qaraltısı gözdən yitsə də, o qara zurnanın son nələsi yerdə qalan cəmaatın qulaxlarından çekilmədi (Ş.Adıgünli).
Ziddiyyət bu cümlədə qara vaqon - qara zurna arasındadır.
Aşağıdakı budaq cümlədə isə qara qüvvələrlə qaragünlü camaat qarşılaşdırılıb: Qara qüvvələr qara niyyatlarına nail olsalar da, qaragünli cəmahətin qəlbindən bir şey silinmədi (Ş.Adıgünli); Allah fursant versa, onların yardıminan Vətən torpağıni ziyarət etmax üçün səfərə çıxacağım (G.Şahin); Bən kendim hələ tələbə olan vaxtlarımdan, kendimizin tarixi keçmişimizə aid olan hər şeyi, gizli qazet və jurnallardan, el ağsaqqallarından ögürənsəm də, bu bəni qane etmiyerdi (G.Şahin); Ömür bənə gün vermişsa, Vətənimi görəcağım (G.Şahin).
Fərqləndirici qarşılaşdırma: Göz oxşaduxca uzanan bu egri-bügri dağ yoli bizi bir yuvadan ayıriyersa, başxa bir yuvaya yaxınlaşduriyerdi (G.Şahin).
Şərtli qarşılaşdırma: Yolumuz ağır yol olsa da, Tanrı tərəfindən verilmişdür (G.Şahin).
Budaq cümlədə nə qədər bağlayıcı sözü iştirak edir, budaq cümlənin xəbəri şərt şəklindən və da, -də ədatından ibarət olur. Məsələn: Yollarımızın üstündən nə qədər qara buludlar toplansa da, fırtınalar qopsa da, getməliyix (G.Şahin).
Elə qarşılaşdırma budaq cümlələrinə də rast gəlirik ki, belələrində budaq cümlə baş cümlədəki işin hansı şəraitdə icra olunduğunu da bildirir. Bu cür budaq cümlədə əgər bağlayıcısı və -sa, -sə ədatı iştirak etsə də, şərt məzmunu zəif, qarşılaşdırma mənası ilə çox üstün olur. Ona görə də belə budaq cümlələri qarşılaşdırma budaq cümlə saymaq olar.
Aşağıdakı tip budaq cümlələr bu qəbildəndir: Əgər əvlədin tərbiyəsi, davranışi, hərəkətləri, işgüzarluği, hörməti, savadi, dini və dünyagörüşü bu kimi müsbət hallari, keyfiyyətləri səni razi salmiyersə, "qız-bibisinə, oğlan dayisinə dönmiş" deməynən iş düzəlmiyer (İ.Səfil); Əgər köküz əl vermiyersə, əgər içəriz ey dəgülisə, sizi istiyerlər dünyanın ən ey yerində yaşatsalar da, xeyri olmiyacax (İ.Səfil); Əgər aşşaxdakilər sözümüzə baxmasa, yoxarilərəcən gedağın (İ.Səfil) və s.
Bu dildə mürəkkəb sintaktik bütövlər geniş mətnləri formalaşdırır. Məsələn, aşağıdakı mətndə "cənnət" sözünün aktuallaşması ilə bütöv bir mətn yaranmışdır: Müqəddəs cənnət! Əvəzolunmaz bir həqiqətdür Vətənin cənnətluğu. Bu elə bir cənnətdur ki, hər qariş toprağıni cəh-cəh vurur, dağların ən uca zirvələrində qartallar məskən salur, toprağında insanlar od-ocaq qalar, firavan yaşarlar. Bu elə bir yerdir ki, hər qarış toprağıni müqəddəs sayarlar. Bu toprax Ana kimi ölməz bir varlux, təmüz bir insan və dirilux rəmzi olan zəmzəm suyidir (G.Şahin).

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz