.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
5.1.5. cüttərkibli və təktərkibli cümlələr.

     

cüttərkibli cümlə. Axısqa türklərinin dilində cüttərkibli sadə cümlənin bir neçə tipi işlədilir.
1. Yalnız təşkiledici üzvlərdən ibarət olan cüttərkibli sadə cümlələr: Mal-qara mələşiyerdi. Maşinlər uğuldaşiyerdi. Dava gediyerdi və s.
2. Təşkiledici üzvlərlə yanaşı, ikinci dərəcəli üzvləri də olan cüttərkibli sadə cümlələr: Dava bu dağlardan çox-çox uzaxlarda gediyerdi (Ş.Adıgünli); Silahli əsgərlər onlari əvdüryerdi (Ş.Adıgünli); Qatarlar adresi bəlli olunmiyan tərəfə gediyerdi (Ş.Adıgünli) və s.
3. Şəxs əvəzliyi ilə ifadə olunmuş mübtədası işlənməyən cüttərkibli sadə cümlələr: Vətən eşxininən yaniyerux. Vətəndən düşdux ayri, yürəgimiz daraldi (G.Şahin); Qocaldım, gedar oldum, güc-qüvvətin qori oğul! (G.Şahin); Sabaha qədər bizdə oturub məsləhətləşdilər (G.Şahin) və s.
Bu cümlələrin birincisində "biz", ikincisində "bən", üçüncüsündə isə "onlar" mübtədası buraxılmışdır. Buraxıldığına baxmayaraq belə cümlələr də cüttərkiblidir [14].
Təktərkibli cümlə. Axısqa türklərinin dilinin cümlə sintaksisində həm xəbər, həm də mübtəda qütbi əsasında formalaşan təktərkibli cümlələr də əsas yer tutur. Bu dildə də mübtədasız təktərkibli cümlənin şəxssiz, qeyri-müəyyən şəxsli, ümumi şəxsli növləri fərqləndirilir.
Şəxssiz cümlə. Belə cümlələrdə mübtəda olmur və təsəvvürə də gəlmir.
Şəxssiz cümlənin xəbəri ismi və feli olur. İsmi xəbər adlarla, ismi söz birləşmələri (II, III) ifadə olunur. Məsələn: Heç bişə də dözüm yox idi. Yanuxli hava idi. Yeni havaydi. Gecənin ortasıdır.
Şəxssiz cümlənin xəbəri məsdərlə də ifadə edilir: Hərəkatımızın üçüncü qoli beynəlmiləlləşdurmax [70, 10.IV.1992]; - Tariximizi araşdurmax və təbliğ etmax; - Yerimiz-yurdumizi çocuxlarımıza ögrətmax [70, 03.III.1992].
Şəxssiz cümlənin xəbəri şəxssiz fellərlə də ifadə olunur: bizim məsələ haxda maraqi (əlaqəsi) olan ölkələrin başçilari qarşısında BMT-nin İnsan Hüquqlari üzrə və Azluxda qalan xalqların müdafiəsi və Diskriminasiyadan (ayri-seçkiluxdan) Qoriyan komissiyalarında baxılacax [70, 10.IV.1992].
Axısqa türklərinin dilində şəxssiz cümlə məsdər c lazım quruluşunda da müşahidə edilir: Şimdi "cəmiyyəti" hangisinan əvəz etmax lazım? [70, 10.IV.1992].
Qeyri-müəyyən şəxsli cümlə. Təktərkibli cümlənin bu növündə iş görən qeyri-müəyyən olur və belə cümlələrin mübtədası faktiki olmur, lakin təsəvvür edilə bilir. Təsəvvürə gətirilən III şəxsin cəmi ilə (onlar - əvəzliyi) ifadə olunan mübtədadır. Məsələn: Şennik sicağ yuxasından tökülüşən kimi qapiləri möhürlədilər. Elə o daqqa əli gücli olan adamlari nerəsə götürdülər (Ş.Adıgünli).
Qeyri-müəyyən şəxsli cümlə sual formasında müşahidə edilir: - Sizidəmi meşaya götüriyerlər? (Ş.Adıgünli); - Bizi niya süriyerlər? (Ş.Adıgünli).
Qeyri-müəyyən şəxsli cümlə əmr formasında müşahidə edilir: - Sizi Sibirə sürgün ediyerlər! (Ş.Adıgünli).
Qeyri-müəyyən şəxsli cümlə nida cümləsindən ibarət ola bilir: "Bizi Sibirə sürgün ediyermişlər"! (Ş.Adıgünli).
Qeyri-müəyyən şəxsli cümlə xəbər şəklinin müxtəlif zaman formalarında işlənə bilir. Axısqa türklərinin dilində belə formalara da tez-tez rast gəlmək olur: 1936-cı yildə babasi molla Dursuni də Sibirə sürgün etmişdilər (Ş.Adıgünli); Artux kiminsə qapısından bir maşin tərpəndi, öləni son mənzilə götürən kimi hönkürdilər, saç yeldilər, yaxa cırdilər (Ş.Adıgünli); Sizdən ayıriyerlər! (Ş.Adıgünli).
Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri bu dildə də felin vacib şəkli ilə də ifadə olunur: Bu yurdi göz-bəbəgi kimi qorimalidurlar (G.Şahin).
Ümumi şəxsli cümlə. Bu cür təktərkibli cümlələrdə işi görən - icra edən bütün şəxslərdir - hamıdır. Mübtəda belə cümlələrdə ümumi şəkildə təsəvvür edilir. Ümumi şəxsli cümlələr ən çox hökmlərdən ibarət olur: Anasına bax, tanasını al. Ayıb söyləyənin ayıbını söyərlər. Bişmiş aşa su qatma. Vaxtsız ötən xorozin başıni kəsərlər. Verən əli kəsməzlər. Qapiyə gələni qataxlamazlar. Dəmüri sicax-sicax dögərlər və s.
Axısqa türklərinin dilində ümumi şəxsli cümlələr xəbərin ifadə formasına görə 2 cür olur:
1. Xəbəri II şəxsin təkində olan fellərlə ifadə olunanlar: Eski şəhərə təzə nırx qoyma. Edəcağından söyləmə, etduğundan xəbər ver. Zorun var isə, zurnacibaşi ol.
2. Xəbəri III şəxsin cəmində olan fellərlə ifadə olunanlar: Qapiyə gələni qataxlamazlar. Yilani yarali buraxmazlar. Namusi altuna degişməzlər. Xastayi buza yollamazlar. Aşıği sözə yollamazlar.
-------------------------
Qeyd: Ümumi şəxsli cümlələrə aid verilən nümunələr Asif Hacılının «Qəribəm bu vətəndə» (Axısqa türklərinin etnik mədəniyyəti: Gənclik, Bakı, 1992, s. 108-119) kitabından götürülmüşdür.
Bu ümumi şəxsli cümlələrin xəbərləri III şəxsin cəmində işlənsə də, məzmun bütün şəxslərə və kəmiyyətlərə aid edilə bilər.
Adlıq cümlə. Mübtəda əsasında əmələ gələn təktərkibli cümlənin tiplərindən biridir. Belə cümlələr adlıq hallı isimlərlə, substantivləşmiş digər söz qrupları ilə və adlıq halda olan təyini söz birləşmələri ilə ifadə edilir.
Adlıq cümlələrdə müxtəlif hadisə və proseslərin yalnız adı çəkilir. Məsələn, Axısqa türkləri birinci dəfə 14 noyabr 1944-cü ildə, Qazaxıstan çöllərinə sürgün edilmişlər. Bu hadisə Ş.Adıgünlinin "Ayrilux havasi" adlı hekayəsinin birinci cümləsində adlıq cümlə şəklində öz ifadəsini tapmışdır: 14 noyabr 1944-cü yil. Noyabr gecəsi. Sabah namazına yaxın gecənin içində vahiməli bir canlanma vardı.
Adlıq cümlələr toponimik vahidlərdən ibarət olur: Tise köyi. Bu köy Türkiya sərhəddinə çox yaxundur (Ş.Adıgünli).
Adlıq cümlələr söz və həmin sözdən yaranmış söz birləşmələrindən formalaşır: Qatarlar. Sürgün qatarları, Zülüm qatarları. Adresi bəlli olmiyan tərəfə gediyerdi. Orta Asiyanın yilan məliyan çölləri. Bu xalqı belə yerə səpələdilər (Ş.Adıgünli).
Adlıq cümlə ilə bu xalqın bədii yaradıcılığında - nəsr dilində çox rastlaşmaq olur.
Adlıq cümlələrdə nəzəri cəlb edən cəhətlərdən biri məzmunca yer və zaman bildirməsidir. Məsələn: Sibirə sürgün. Məndüfün gövdəsi boşlaşdi. 1944-ci yılın qışı. Mesxeti türkləri bu tarixi heç vaxt unutmayacaqlar.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz