.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
5.1.3. Əlavələr.

     

Axısqa türklərinin dilində özündən əvvəlki üzvün daha aydın, daha dəqiq ifadəsinə xidmət edən əlavəli cümlələrə də rast gəlmək olur. Bu dildə əlavələrin müxtəlif növləri işlədilir.
Əlavəli cümlələr bədii əsərlərin dilində də geniş yayılıb: Doğma ocax, doğma yurd, doğma torpax - Vətən həsrəti, yürəklərdə alışıb sönmək bilmiyan elə bir məhəbbət məşəli ki, nə tufan, nə çovğun, nə də yillərin savux yüzgərləri oni söndürməz (Məhəmməd Paşali oğli).
"Vətən həsrəti" əlavəsindən hiss edilir ki, bu əhalinin çəkdiyi həsrət doğma ocaq, yurd və torpaqdır.
Qəzet məqalələrinin başlıqları da əlavələrdən düzələ bilir: "Tale yazısı - bədbəxtlux".
Axısqa türklərinin dilində ayrı-ayrı cümlə üzvlərinin əlavəsi də geniş yayılmışdır.
Mübtədanın əlavəsi: Xar toy - duqunun safali qeçardi, şenniqin turkiynan çayir biçardi (Nasim Dunmas); Qatarlar - sürgün qatarlari, zulum qatarları adresi bəlli olunmiyan tərəfə gediyerdi (Ş.Adıgünli); Basmaçılar - daşnaklar hücum etdilər, günəhsiz türkləri oda atdilər (Müsəddin).
Xəbərin əlavəsi: Bura Orta Asiyadır - yilan məliyan çöllərdir.
Zərfliyin əlavəsi: Bu yilin fevral ayının 14-15-də Kabarda - Bolkariya Respublikasının başkəndi Nalçik şəhərində sürgündə olmiş xalqların Konfederasiyasının fövqəladə qurultayı keçürüldi [70, 27.III.1992].
Tamamlığın əlavəsi: Qara vaqonlar şaxtalı bir gündə 220 kövi - onun dul qalan gəlinlərini, körpələrini, qavğadan yarali dönənlərini, gücdən düşmiş qocalarıni vətəndən ayırıb qara günlərə doğru götüriyerdi (Ş.Adıgünli); Bizdən - tarixçilərdən, hüquqçilardan, siyasətçilərdən, elmlər doktorlarından, professorlardan bizim çocuxların gələcaği asilidur [70, 03.III.1992].
Xüsusiləşmiş əlavənin bir növü də əlavə ilə özündən əvvəlki üzvün arasına "əsəs" sözünün işlənməsidir. Bu söz xüsusiləşməni daha da qüvvətləndirir. Məsələn: Xalqa, əsəs də, ziyalılara mürəciətimiz cavabsız qaliyer [70, 10.IV.1992].

 

 

 

 

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz