Axısqa türklərinin
dilində cümlə tiplərinin müxtəlif
növləri yayılmışdır.
Daha çox diqqəti cəlb edən cümlə
tipləri bunlardır:
Nəqli cümlə.
Nəqli cümlələr bu əhalinin
dilində də geniş yayılan sintaktik
vahidlərdəndir. Belə cümlələrlə
məlumatlar, hökmlər verilir: Dava bu dağlardan
çox-çox uzaxlarda gediyerdi. Bizim bir-birimiznan
öz ana dilimizdə qonuşmamızi dünya
malına - sərvətinə degişmam
[70, 27.III.1992]. Nəqli cümləyə
məxsus adi, normal söz sırası, əsasən,
bu dildə də saxlanılmışdır:
Mənfur qapının möhürüni
qırdi (Ş.Adıgünli); Maşinlər
uzun müddət yol gəlib Axısqa dəmiryoli
stansiyasında durdilər (Ş.Adıgünli).
Nəqli cümlələrin xəbəri
ən çox felin xəbər şəkli
ilə ifadə olunur: Silahlı əsgərlər
onlari əvdüryerdi. (Ş.Adıgünli);
Qış yuxusuna gedən ağaclar da
elə bil oyanmışdi (Ş.Adıgünli).
Nəqli cümlələrin
xəbəri felin vacib şəkli ilə
də ifadə olunur: Biz bu mürəkkəb
misalın cavabıni, belki də böyük,
əzəmətli və qırılmaz
bir birluxda aramaliyux (M.Paşali oğli); Onlar
ideya tərbiyəsinin əsasi olan qazetin
yayılmasıni ön plana çekmali, bu
işi gündəlux işa çəvürməlidurlar
[70, 10.IV.1992]; Xalqımızın başına
gələn və heç bir xıl ölçiyə
sığmiyan fələkətlər,
biz türkləri daha sıx birləşməyə,
bir məqsəd, bir amal uğrunda mübarizə
etməyə yaxınlaşdurmalidur [70,
10.IV.1992].
Axısqa türklərinin
dilində də nəqli cümlələrin
xəbərləri adlardan da ibarət olur.
Məsələn: Bu münasibət Xirosima
və Naqasaki fələkəti ilə
müqayisə edilacax dərəcədə
dəhşətlidür [70, 27.III.1992]; Bir
qaç günün ərzində həyatlarında
hər şeylarıni yütürmiş
bu insanların dərdləri çox böyükdür
[70, 27.III.1992]; Biz böyük türk xalqının
əvlədləriyux [70, 10.IV.1992].
Sual cümləsi. Axısqa
türklərinin dilində sual cümləsinin
müxtəlif tipləri işləkdir.
Sual cümlələri sual intonasiyası,
sual əvəzlikləri və sual ədatlarının
köməyilə formalaşır:
1. Sual intonasiyası
ilə formalaşan sual cümlələri:
Fərqana hadisələri yuxuli gözlərimizi
açdi, ama tam açmadi, tam oyanmadux? [48, 03.VII.1992];
Yaşamaya umut yeri qaldi? [70, 03.III.1992]; Mum dibinə
işıx verməz? (əski söz);
Bu qarma-qaruşux yüng yığımını
daraxlardan daramaliyux? [70, 27.III.1992].
2. Sual əvəzliklərinin
iştirakı ilə formalaşan sual cümlələri.
Belə cümlələrin tərkibində
nə, nədən, nayidi, nədə,
kimdə, nasıl, nəyin, kimin, hanki, heç
kimsə və s. sual əvəzlikləri
iştirak edir: Bizim qanad açan ilk qələmquşumuza
nə arzu edərdim? [70, 27.III.1992], Nədən
üstümüzdə amansız cəllada
döndi bu fələk?! Nayidi bizinən
ardi-arasi kesilmax bilmiyan düşmənçiluğun
son niyyati, bu qədər aff edilməz nə
qüsur işləmişdux onun qarşısında?
[70, 27.III.1992]; Heç kimsənin bilməduğu
suç, iftira və yalanlar, bu ağır
və çekilməz yük altından
xilas olmax, iztirablar çərçivəsindən
qara zəncirləri qırıb çıxmax
bizə qismət olmayacax? [70, 27.III.1992], Fərğanadan
nasıl yazmiyek? [70, 27.III.1992].
Bəzən cümlədə
sual intonasiyasını daha da qüvvətləndirmək
üçün bir neçə sual əvəzliyi
təkrarlanır. Məsələn: Nədə,
kimdə, nəyin və kimin günəhini
nerada aramaliyux?, Belə təğdirin qara
daşlar üstündə pozulması mümkün
olmiyan hərflərlə yazılmasının
səbəbini hanki, nasıl suçlar içində
aramaliyux? [70, 27.III.1992] və s. Məntiqi
vurğu belə cümlələrdə
sual bildirən sözlərin üzərinə
düşür. Belə cümlələrə
cavab axtarmaq lazım bilinmir.
3. Sual ədatlarının
köməyi ilə formalaşan sual cümlələri.
Ədatlar belə cümlələri qüvvətləndirmək,
sual anlayışını yüksəltmək
üçün işlədilir.
mi-ədatının
köməyilə: Yani bizda bela ziyali adi daşıyacax
adamlar yoxmidur? [70, 10.IV.1992]; ... daldan-dala köçməx,
bizim məğdirimizmidür? [70, 27.III.1992];
Bu haxda siza demadilarmi? [70, 27.III.1992]; Ancaq bu, demokratiyanın
yengmasimidur? [70, 10.IV.1992]; Hax işimiz çoxmi
çekaçax - demiyermi?; Bu çocux bu suali
veriyersa, cavabıni böyüklərdən
bekliyer, elə dəgülmi? [48, 03.VII.1992].
Sual cümləsinin
xəbəri sual əvəzliyindən
də ibarət olur: Onda bu sükutlux nadur?
Əvvələn biz kimux? [70, 10.IV.1992].
Sual cümləsinin
xəbəri felin vacib formasında da çox
işlədilir: Nə etməliyux?; Nasıl
iş görax və ya nə etməliyux?
(danışıqdan).
Sual cümləsinin
xəbəri felin xəbər formasında
da işlədilir: Bağımsız
Dövlətlər Topliluğunda, ham da Gürcistanda
baş veran siyasi degişuxluxlar bizim Vətən
məsələmizin həllinə na
kimi təsir göstərmişdur? [70, 10.IV.1992];
Axı burada - Azərbaycanda yaşayan 70
min türk xalqının ziyalıları
nə düşünürlər?; Adıgün
ziyalıları harada yaşayırlar?
[70, XI.1992].
Bədii əsərlərin
dilində ritorik-bədii suallardan da çox
istifadə olunur. Belə suallar şerin təsirini
yüksəldir, oxucunu düşündürür:
Vətənsizim, axır bən necə
gedem?\\ Heç illəcim yoxdur, ya bən nə
edem? (Laçın Sağrızeli); Vətənsiz
o vari, dövləti nedər?\\ Məqamı
gələndə atar da gedər (Meyyar
Varxanli).
Bu, zamanın hökmimidür?
Yerimizdə, yurdumuzda başxaları at oynadur?
Axi niya bu müsibət başımıza
gəlməliymiş? Türk olan şəxs,
Vətənində niya gürci olmaliymiş?
(G.Şahin), Rəhm et bizə, yeri-gögi
yaradan, Bir xəbər ver Vətənimiz
neredə? Neçə yigid ərlərimiz
nerədə? (G.Şahin).
Bu xalqın Vətən
haqqında axtarışları, düşüncələri
daha çox ritorik sual cümlələri
ilə öz ifadəsini tapır.
Əmr cümləsi.
Belə cümlələr əmr, xahiş,
öyüd, nəsihət, tələb,
istək, arzu və s. semantik çalarlar ifadə
edir.
-Sizə on beş
daqqa vaxt veriliyer! Qalın geyinin! Yemax, yorğan-döşək
götürməyi unutmayın! Meşaya
gediyerüx! (Ş.Adıgünli); - Durma!
Vaxt buni tələb ediyer. Sibirə sürgün
ediyerlər! (Ş.Adıgünli).
Axısqa türklərinin
dilində əmr cümləsinə elliptik
formada da rast gəlirik:
- Vaqonlara! Vaqonlara! Vaqonların
içində və qapısında yaranan
dad-fəryad gögə qalxdı.
Təkrar olunan cümlədə
(əmr cümlə) "minmək" feli
xəbəri buraxıldığı
üçün cümlə elliptik şəklə
düşmüşdür.
Şer dilində də
əmr cümləsi çox işlənir:
Uçma, ey quş, uçma, dayan,\\ Xoş
görüşdux, xoş görüşdux
(cabir Xalidov); Ey, dərədə gürliyan
çay\\ Yay, səs-sədən ellərə
yay (cabir Xalidov).
Əmr cümləsinin
xəbərləri bu dildə də felin
təsriflənən formalarından olan
əmr, vacib, arzu, xəbər, bacarıq
formaları ilə ifadə edilə bilir.
Felin əmr formasında
ifadə edilənlər:
Dərdə düşmiş
xalqa xidmət etmiyan, heç bir tədbirdə
iştirak etməyib kənərdən
seyir edən bizim ziyalilər, hay verin! [70,
03.III.1992].
Felin xəbər formasında
ifadə edilənlər:
Vətən yolunda
çarpışmamızdan, didərginlərimizin
yaşayışından, cəmiyyəti
və qazetin işini daha da gücləndürmax
yollarından yazılarızi, ədət
və ənənələrimiz, türli-türli
xalq yaraduculuği nümunələri, ozan
aşıxlar və el şairlərindən
dərləmələr, dədə-babalarımızın
müdrik sözlərindən, tariximizə,
Vətənimizə aid materiallar toplayıb
bizə yollamağızi Sizdən xahiş
ediyerux [70, 03.III.1992].
Məsdər və
məsdər tərkiblərindən ibarət
olan əmr cümləsi: - Tariximizi araşdurmax
və təbliğ etmax; - Yerimiz-yurdumuzi
çocuxlarımıza ögrətmax: -
Adət-ənənələrimizi ögrənib
üzə çıxarmax; - Türk dili dərsluxlarının
tərtibatına nail olmax; - xalqımızın
ayrı-ayrı regionlarında türk dilinin
tədrisini həyata keçürmax! [70,
03.III.1992].
Felin vacib forması
ilə ifadə edilənlər: Biz türk
kimi də kendi tariximizi, mədəniyyətimizi,
ədəbiyyatımizi, dilimizi və milli
bənluğumuzu müəyyən etmaliyux
[70, 03.III.1992]; Bizim qeyrətli, vətən
həsrətli ziyalılarımız
cəmiyyətin gələcax həyat
yoluni işıxlandurmali, xalqımızı
işıxlı bir gələcəyə
çıxarmaya yardım etməlidürlar
[70, 03.III.1992]; - Oğul, bu torpağın
havasından yutan, suyundan içan hər bir
türk oğli, bu yurdu göz-bəbəgi
kimi qorimalidur. Heç vaxt oni unutmamalidür (G.Şahin).
Nida cümləsi. Başqa
türk dillərində olduğu kimi, Axısqa
türklərinin cümlə sintaksisində
nida cümlələri də mühüm
yer tutur.
Nida cümlələri
də bu dildə müxtəlif vasitələrlə
əmələ gəlir:
1. Nidaların köməyilə:
Eh oğul! üşütdilar, üşümiyan
qəlbimizi (G.Şahin). Uçma, ey quş,
uçma, dayan! (cabir Xalidov). Ah ayrilux, ah ayrilux!
(Məhəmməd Paşali oğli);
Nikabli avladin nera kaçajak. Ey, callad cavab ver,
boqun özunda! (Ramiz Ataşli); Sən, ey əziz
baba yurdum, xoş görüşdux, xoş
görüşdux (cabir Xalidov); Ey türk oğli!
Ayağa qax! (Yitgin Qomoroli) və s.
Göründüyü
kimi, verilmiş nida cümlələrinin
tərkibində daha çox çağırış
bildirən ey nidası işlənmişdir.
2. İntonasiyanın
köməyilə: Axı ziyali-işıxli,
nurli demaxdur, xalqına, işıxli, nurli
yol göstərən demaxdur! [70, 10.IV.1992];
Müqəddəs cənnət! Əvəzolunmaz
bir həqiqətdür (G.Şahin); Bunda
dava başlaniyer! (Ş.Adıgünli); Bir
maşin üç əvədür! (Ş.Adıgünli);
Kafirlər bizi vətəndən çıxardiyerlər.
Sizdən ayıriyerlər! (Ş.Adıgünli)
və s.
Nida cümləsinin
əmələ gəlməsində
nidaların təkrarı da mühüm
rol oynayır. Təkrarlar ifadəni gücləndirir:
Aman allah, aman, qaldux biçarə!\\ Yandux, allah,
yandux, bizə bir çarə (Şimşək
Sürgün Kaxaretli); Ah ayrilux, ah ayrilux!\\ İcad
etdi, kimlər səni? (Məhəmməd
Paşali oğli).
Nida cümlələrinin
bəzisi istək, arzu mənalarında
işlənir: Qırx beş il Vətənsiz,
bəxtsiz yaşadux,\\ Gör Vətən
təqdirin can Azərbaycan!\\ Analar sızlayır,
heç gülməz yüzi,\\ Babalar dərdini
bil, Azərbaycan! (Müsəddin).
Xitab da belə cümlələrin
formalaşmasında bədii vasitə rolunu
oynayır: Ey türk oğli! Ayağa qax!\\
Vətənə satuxunmi çıxax?
(Yitgin Qomoroli).