.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
5.1.1. Söz birləşmələri.

     

Axısqa türklərinin dilində söz birləşmələrinin müxtəlif tipləri işlədilir:
İsmi birləşmələr. Bu dildə ismi birləşmələrin ən çox yayılmış formaları bunlardır:
İsim c isim; Tavar oti, kalemkuşun yuvasi, camuşların səsi, tauxun kanadı, dağ yoli, dədə-baba yurdi, meşə zolağı və s.
Yolumuz dəmür yolunun kənəriynən uzanan meşə zolağının arasından keçiyerdi (G.Şahin); Odur ki, dədə-baba yurdumizi kendi gözləriminan görmaği qərara aldım (G.Şahin); Dağ yoli uzanırdı (G.Şahin) və s.
Axısqa türklərinin dilində də "isimcisim" modelinə uyğun gələn 3-cü növ təyini söz birləşmələrinin arasında müvafiq sözlər artırmaq olur. Məsələn: Orta Asiyanın çölləri - Orta Asiyanın yilan məliyan çölləri; Babamın səhhəti - Babamın ağır səhhəti; Ailənin qöskü - Ailənin dağlanan qöskü və s.
Sifət c isim: - Silahli əsgərlər (Silahli əsgərlər onlari əvdüryerdi (Ş.Adıgünli); Üstiaçux maşin (Üstiaçux bir maşin də qapının ağzıni kəsdirmişdi (Ş.Adıgünli); Savux Sibir, körpə cocuxlar (Savux Sibir, körpə cocuxlar, hələ yaralari sağalmamiş əlsiz-ayaxsızlar (Ş.Adıgünli), yanuxli hava (Yanuxli hava idi (Ş.Adıgünli) və s.
Say c isim: Birinci maşin boşalan kimi ikinci maşini vaqona söykiyerdilər (Ş.Adıgünli); Qara vaqonlar şaxtalı bir gündə iki yüz iyirmi kövi - onun dul qalan gəlinlərini, körpələrini, qavğadan yarali dönənlərini, gücdən düşmiş qocalarıni vətəndən ayırıb qara günlərə doğru götüriyerdi (Ş.Adıgünli) və s.
Əvəzlik c isim: - Hələ heç kim belə hava eşitməmişdi (Ş.Adıgünli); Bu səs bir anda bütün köyə yayıldı (Ş.Adıgünli); Bütün canlilər göz yaşi içindəydi (Ş.Adıgünli).
Feli sifət c isim: Gendimi anlayandan biyani, qocaman, ağsaçli, arnının hər qarışında Vətən həsrətinin qoyduğu, açıq-aşkar bilinan iztirab və əzəb izlərini bizdən gizlətmaya çalışan babamın hər kəlməsində Vətən sevgisi, Vətən həsrəti duyiyerdim (G.Şahin); Yolumuz dəmür yolunun kənəriynən uzanan meşə zolağının arasından keçiyerdi (G.Şahin); …cavanluxda bu yamyaşıl yamaclarda kendilarıni köçəcax qızlara göstərmaxdan ötəri sabahdan axşama qədər qurşax tutduxlarıni xəyala gətirduxca, babam hərdən bir dərindən of çekiyer (G.Şahin) və s.
Axısqa türklərinin dilində ismi birləşmələr daha çox sintetik yolla əmələ gəlir. Belə birləşmələrin tərəflərində yiyəlik və mənsubiyyət şəkilçiləri çox vaxt iştirak edir: Vaqonun nəfəsluğu, vətənin dağlari, insanların yürəgi və s.
Analitik yolla əmələ gələn ismi birləşmələr də az deyil; belə birləşmələr "şəkilçisiz" struktura malikdir: Doğma Vətən, uzun yol, kiçik köv və s.
Axısqa türklərinin dilində də təyini söz birləşmələrinin üç tipi də işləkdir.
1 növ: Qara kağızlar qaç ailənin qösküni dağliyerdi (Ş.Adıgünli),... bu yol xəritəsi bizə doğma torpağımızda gərəksiz bir əşyaya çəvrülacaxdur (G.Şahin); Göz oxşaduxca uzanan bu egri-bügri dağ yoli bizi bir yuvadan ayıriyersa, başqa bir yuvaya yaxınlaşduriyerdi (G.Şahin) və s.
II növ: dağ döşündən sızıltı ilə axan puvarlardan su içduxlarıni... xəyala gətirduxca, babam hərdən bir dərindən of çekiyer (G.Şahin), dağ yoli bizi bir yuvadan ayıriyerdi (G.Şahin); Bənim və babamın həyatında dəyərdə qiyməti bilinməz dərəcədə bağışlanmiş bir nemət, qırx yil həsrətinan alışıb yanduğumuz Vətən torpağıni görmax idi (G.Şahin) və s.
III növ: Babamın səhhətini nəzərə alarax bu səfərə maşinaynan çıxmaği qərara aldux (G.Şahin); Türbəluğun yanından keçəndə dad-fəryad daha da ucaldi (Ş.Adıgünli); İtlərin, camuşların səsi kəsilmiyerdi (Ş.Adıgünli); Əvəzolunmaz bir həqiqətdür Vətənin cənnətluği (G.Şahin) və s.
Feli birləşmələr. Belə birləşmələrdə hərəkətlə onun aid olduğu anlayışlar arasındakı münasibətlər öz əksini tapır. Bu münasibətlər proseslə onun subyekti, proseslə onun obyekti, proseslə onun zamanı, proseslə onun məkanı, proseslə onun tərzi, proseslə onun kəmiyyəti, proseslə onun səbəb və məqsədi arasında mövcud olur.
Digər türk dillərində olduğu kimi, Axısqa türklərinin dilində də feli birləşmələr feli bağlama, feli sifət və məsdərlə başqa sözlərin birliyindən təşkil olunur. Feli bağlama, feli sifət və məsdər birləşmənin ikinci komponentini təşkil edir.
Bu dildə -duxca şəkilçili feli birləşmələr geniş yayılmışdır. Məsələn: Göz işləduxca hər tərəf bam-bayaz idi (Ş.Adıgünli); bu yaşlar onun nurani sıfatına süzüldüxca nə qədər aci həyəcan hislari keçuracağıni təsəvvürə gətürmax olduxca çətin oliyerdi (G.Şahin) və s.
-Əndə şəkilçili feli birləşmələr: Qatar tərpənəndə arxa vaqonların birindən zurna səsi eşidildi (Ş.Adıgünli).
-an, -ən şəkilçili feli birləşmələr: Əli silah tutanların həppisi davada idi. Əvdə qalanlar qocalar, əlillər, çəl-çocuxlar idi (Ş.Adıgünli); Qorxidən bayılanlar da oldi (Ş.Adıgünli) və s.
-max şəkilçili feli birləşmələr: 37-ci yilə kimi Ömər Faiqləri olan bir xalqın elmini, mədəniyyətini, belki də köküni kesmax üçün götüriyerdi (Ş.Adıgünli), Yemax, yorğan-döşək götürməyi unutmayın! (Ş.Adıgünli) və s.
Axısqa türklərinin dilində də adlarla fellərdən ibarət feli birləşmələrin formalaşmasında, hissələrin əlaqəyə girməsində hal şəkilçiləri də böyük rol oynayır.
Adlıq halda olan feli birləşmələr. Belə birləşmələri Axısqa türklərinin dilində də feli bağlama şəkilçiləri formalaşdırır. -əndə, -duxca, -ərax, -mış feli bağlama şəkilçiləri bu baxımdan fəaldır.
-anda, -əndə şəkilçili adlıq hallı feli birləşmələr: Qatar tərpənəndə arxa vaqonların birindən zurna səsi eşidildi (Ş.Adıgünli); Dögüləndə "Vətən" dedux, sögüləndə "Vətən" dedux (G.Şahin).
-duxca, -düxcə şəkilçili adlıq hallı feli birləşmələr: Göz işləduxca hər tərəf bam-bayaz idi (Ş.Adıgünli); Biz qocalduxca yükümüz də artiyer (G.Şahin).
Axısqa türklərinin dilində -ıb şəkilçisi adlıq hallı feli birləşmə yarada bilmir. Bu şəkilçili söz özündən əvvəl təsirlik halda olan söz tələb edir: cəməhət vaqonlari görüb dəhşətə gəldilər (Ş.Adıgünli).
-ıb şəkilçili söz özündən əvvəl çıxışlıq halda olan söz də tələb edir: Qara vaqonlar şaxtalı bir gündə 220 gövi - onun gücdən düşmiş qocalarıni vətəndən ayırıb qara günlərə doğru götüriyerdi (Ş.Adıgünli).
Axısqa türklərinin dilində yönlük hallı feli birləşmələr də geniş yayılmışdır. Belə birləşmələrin birinci komponenti yönlük halda olan adlardan, ikinci komponenti isə feli bağlama və məsdərlərdən ibarətdir. Məsələn: Biliyerdim ki, hər dəfə bu sahəyə toxunanda babamın gözləri yaşinan doliyer (G.Şahin); ...bu yaşlar onun nurani sıfatına süzülduxca nə qədər aci həyəcan hislari keçuracağıni təsəvvürə götürmax olduxca çətin oluyerdi (G.Şahin), Qış yuxusuna gedən ağaclar da elə bil oyanmişdi (Ş.Adıgünli).
Təsirlik hallı feli birləşmələr: Fələk bizi daraduxca, dariyer, qocalduxca yükümüz də artiyer (G.Şahin).
Axısqa türklərinin dilində birinci komponenti yerlik hallı feli birləşmələrə də rast gəlmək olur: Yerdə qalan əsgərlərə hücum çekdilər (Ş.Adıgünli); Vaqonlarda qalan cəməhət qışqırişiyerdi (Ş.Adıgünli).
Çıxışlıq hallı birləşmələr. Belə birləşmələrdə məkan əlaqəsi mühüm yer tutur. Burada birinci tərəf hərəkətin başlandığı yeri, geniş sahədə hərəkətin başlanğıc nöqtəsini bildirir. Bu birləşmələrin birinci tərəfi məkan bildirən sözlərlə, ikinci tərəfi isə, bir qayda olaraq hərəkət və iş felləri ilə ifadə olunur [1, s. 86].
Türbəluğun yanından keçəndə dad-fəryad daha da ucaldi (Ş.Adıgünli); Uzaxdan görəndə "can-can" diyardım, Balam, gülümə qurban diyardım (Xalid Acarli), ...qocalarıni vətəndən ayırıb qara günlərə doğru götüriyerdi (Ş.Adıgünli) və s.
Qoşmalı feli birləşmələr. Belə birləşmələrin formalaşmasında qoşmaların da müəyyən rolu vardır. Kimi, üçün, tərəf və s. qoşmalar müstəqil mənalı sözlə fel arasında işlənərək qoşmalı birləşmələri əmələ gətirir: Bütün stansiyalardan güllə kimi keçən bu qatarlar, iki-üç gündən bir qarli düzlərdə qısa fasilə ediyerdi (Ş.Adıgünli); Öz peşinə palaz kimi sürütmüş, bilinmiyer izlərimiz nerədə (G.Şahin); Allah fursant versa, onların yardıminan Vətən torpağıni ziyarət etmax üçün səfərə çıxacağım (G.Şahin), Artux kiminsə qapısından bir maşin tərpəndi, öləni son mənzilə götürən kimi hönkürdilər (Ş.Adıgünli) və s.
Axısqa türklərinin dilində I növ təyini söz birləşməsinin quruluşunda digər türk dillərindən bəzi fərqli əlamət müşahidə edilir. Məsələn, böyük məmləkət I növ təyini söz birləşməsi bu dildə böyüklük məmləkət şəklinə işlədilir: Bu böyüklük məmləkətdə varlux ikən yoxa döndux (G.Şahin).
Digər fərqli xüsusiyyətlərdən biri də III növ təyini söz birləşmələrinin birinci tərəfi arasında özünü göstərir. Belə ki, III növ təyini söz birləşməsində I şəxsin təkində uzlaşma əlaqəsi "bəni babam" şəklində olur. Yəni, bən şəxs əvəzliyi I şəxsin təkində "bənim" yox, "bəni" formasında işlədilir. Müqayisə et: Rəhmət sana, bəni babam! (G.Şahin).
Bununla belə, bu dildə həmin əlaqənin (uzlaşmanın) "bənim tamahım", "bənim həyatım" quruluşuna da rast gəlmək olur: Bu dünyada yoxdur bənim tamahım (G.Şahin); Bənim həyatımın mənası anam! (Xalid Acarli) və s.
"Dağ havası" tipli II növ təyini söz birləşməsi bu əhalinin dilində "dağlux havasi" şəklində müşahidə olunur: Köski gül qaşi qaradur,\\ Kendini bənə aradur,\\ Dağlux havasi yaradur\\ Dağlar bənim yürəgimdə (c.Xalidov).
Axısqa türklərinin dilində tərkiblər də geniş yayılmışdır.
1. Feli bağlama tərkibi: Bütün çətinlüxlara qatlaşaraq oni qorumağa qadir oldilər (Ş.Adıgünli); Uzaxdan görəndə "can-can" diyardım (X.Acarli); cəməhət vaqonlari görüb dəhşətə gəldilər (Ş.Adıgünli); Göz işləduxca hər tərəf bam-bayaz idi (Ş.Adıgünli); Bir də görüşəndə kesarım quzi, Dağlar halal edin, biz gedar oldux (Nurəddin Sasiyev).
2. Feli sifət tərkibi: Bişmişə həsrət qalan adamlar da lazudi, lobyay, arpay cik-cik yiya-yiya gediyerdilər (Ş.Adıgünli); Sizdəki hünərə şaşdım, coşa gəldi yatan aşxım (Yitgin Qomoroli); Sancılmiş bayrax dalğalaniyerdi (Y.Qomoroli); Vətəndə doğulan çocux qundaxdaydi, biz sürüldux (İ.Şahzadə oğli), 68 bin mesxeti türki yaşiyan Azərbaycanda cəmi 50 üzvlux bileti 2000 kösk nişani paylanmişdür [70, 10.IV.1992].
3. Məsdər tərkibi: Sənin gül nəfəsin duymax üçün bən, quş olub havada uçeydim, Vətən! (G.Şahin); İslamın şərti 5-dür: namaz qılmax, kəlimeyi şəhadət gətirmək, oruc dutmax, zəkat vermax, haca getmax [48, 03.VII.1992]; Bizi yola vurmağa az qala bütün köv yığılmışdı (G.Şahin).
Axısqa türklərinin dili, daha çox məsdər tərkiblərinin birinci tərəfi qeyri-müəyyən təsirlik halda müşahidə edilir, bu da danışıq dilinin təsirinin nəticəsidir. Məsələn, nəfəsin duymax (qeyri-müəyyən təsirlik halda) - nəfəsini duymaq (müəyyən təsirlik halda).

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz