.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
V FƏSİL

SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

     

Axısqa türklərinin dilinin sintaksisinin öyrənilməsinə indiyə kimi təşəbbüs göstərilməmişdir. Bunun səbəbi bir tərəfdən həmin dilin ədəbi dil səviyyəsində işlənməməsilə, digər tərəfdən isə bu dilin sintaktik quruluşunu öyrənməyə cəhd və marağın olmaması ilə bağlıdır.
Materiallarla tanışlıq (bədii nümunələr, danışıq dili və qəzet dili) göstərir ki, bu dilin sintaksisi söz birləşmələrindən mürəkkəb mətnlərə kimi zəngin və maraqlı inkişaf yolu keçmişdir. Qohum türk dillərinin sintaktik quruluşu ilə müştərək olan xüsusiyyətlər nə qədər çoxdursa, özünəməxsus əlamətlər də az deyil. Özünəməxsus olan cəhətlər həm söz birləşmələrinin struktur-semantik yaruslarında, həm də cümlə sintaksisinin adi danışıq dilindən əldə etdiyi nisbi sərbəstliklə əlaqədardır.
------------------------
Qeyd: Nümunələrin əksəriyyəti «Vətən eşqi» qəzetinin 1992-ci il saylarından seçilmişdir.

Yazısı və ədəbi dili o qədər də inkişaf etməmiş dillərdə -qaqauz, xələc, karaim, kaşqay, o cümlədən Axısqa türklərinin dillərində sintaktik quruluşun nisbi sərbəstliyi, daha doğrusu, cümlə üzvlərinin və mürəkkəb cümlələri təşkil edən komponentlərin inversiya hadisəsinin indiyə qədər dilçilik ədəbiyyatında Hind-Avropa, eləcə də rus dilinin təsiri ilə yarandığı göstərilmişdir.

Halbuki müasir oğuz qrupu türk dillərinin istər sadə, istərsə də mürəkkəb cümlə sintaksisində cümə üzvləri və komponentlərin yerləşməsinin sərbəstliyi qədim türk dilindən, ondakı güclü informasiyavericiliklə bağlı olan analitizmdən irəli gəlir. Müəyyən sintaktik hadisənin ayrı-ayrı dövrlərdə dilxarici təsirlərlə bağlı olaraq daha çox işlənilməsi isə, dil-nitq sistemindəki hər hansı konkret bir faktı intensivləşdirə bilər, ancaq onu yarada bilməz. Bu baxımdan ən qədim türk dilinin sintaktik arxitoktenikasını müəyyənləşdirmək üçün qaqauz dili kimi yazısı və ədəbi dili o qədər də inkişaf etməmiş digər dillərin (Axısqa türkləri, xələc, karaim, kaşqay və s. türklər) açıqlanması xüsusi əhəmiyyət kəsb edir [57, s. 11].

 


Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz