.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
4.2.8. Köməkçi nitq hissələri.

     

Sözlə morfemin hüdudunda dayanan, mənası olmayan köməkçi sözlər əsas nitq hissələrindən təcrid olunmuşdur. Belə sözlərin bir qismi leksik vahidlər və ya mürəkkəb konstruksiyaların komponentlərini bir-birinə bağlayır, digər bir qismi isə sözə və ya bütövlükdə cümləyə əlavə semantik çalarlar və estetik rəng verir.
Hər bir dildə köməkçi nitq hissələri müstəqil leksik mənaya malik olmur, məfhum ifadə etmir, fikir bildirmək predmeti ola bilmir. Bunların əsas funksiyaları, qeyd edilənlərdən əlavə, həm də dildə söz birləşmələrinin komponentlərini bağlamaq, müstəqil semantikaya malik olan sözlərin mənalarını dəqiqləşdirmək və s.-dir.
Axısqa türklərinin dilində köməkçi nitq hissələrinin qoşma, bağlayıcı, ədat və modal sözlər kimi qeyri-müstəqil söz qrupları fərqləndirilir. Qeyd edək ki, bu toplumun qədim mənbələri olmadığından biz arxaikləşmiş qeyri-müstəqil sözlərə çox az təsadüf etdik. Araşdırdığımız qoşma, bağlayıcı, ədat və modal sözlərin əksəriyyəti müasir Azərbaycan ədəbi dilində və onun dialektlərində işlənən sözlərdir. Lakin bu sözlər fonetik cəhətdən fərqliliklərə malikdir.
Qoşma. Axısqa türklərinin dilində aşağıdakı məzmunda qoşmalar işlənir:
1. Zaman bildirənlər:
Sora (sonra). Axısqalıların dilində daha çox sora şəklində işlənir. H.Mirzəzadənin nöqteyi-nəzərincə, sonra qoşması iki tərkib hissədən (son-ra) əmələ gəlmiş qeyri-sabit qoşmalardandır, çünki həm zaman zərfi, həm də qoşma kimi işlənir [55, s. 196].
Qoşma kimi işlənənlər. Bir müddətdən sora Sultan istibdadına qarşi gizli çalışan cəhillərə qoşuliyer [48, 03.VII.1992], Axıskaya geri dönəndən sora səhv etduğun andayıb yaziyerdi (Yenə orada) və s.
Zaman zərfi kimi: Sora elçilərimiz Dövlət Şurasının rəhbərlərindən olan Tenqiz Ketavaniynən qeyri-rəsmi söhbət etmişlər [48, VII.1992].
Sonra şəklində də bu sözə mətbuat dilində rast gəlirik: Sonra isə düşduğuz vəziyyətizi, yaşaduğuz şəraiti araşdurun. İşləməsə də yığduği paralari bundan sonra qari-qocanın pensiyasi olmax şərtilə 20-30 yil yetər [70, VIII.1992].
Biz axısqalıların dilində ən çox müşahidə edilən sora sözünü adi danışıq dilinin təsiri və sonra formasını isə Azərbaycan ədəbi dilindən gələn təsir hesab edirik. Qeyd olunmalıdır ki, Azərbaycanın əksər dialekt və şivələrində də sora forması tələffüzə uyğun olaraq istifadə olunur.
2. İstiqamət və məkan münasibətləri bildirənlər: can, sari, doğr və s.
Burayacan deduğumuz sizdən asıli olanlara aid idi (İ.Səfil), Son günlər Gürcüstanda çoxsaylı problemlərin fonunda az qala unudulmağa sari gedən mesxet türkləri məsələsi ətrafında söz-söhbət, fikir mübadiləsi yenidən başlamışdır [48, VII.1992], Ormana doğri qari gediyer (danışıq dilində) və s.
3. Ziddiyət və qarşılıq münasibətləri əks etdirən qoşmalar: qarşı //karşu// qarşı.
Nümunələr: Biz indi sizin niyetize karşu deyilik (İ.Səfil), Qafqazda milli münasibətləri kəskinləşməsi, ağa və beklərin xalqa qarşi töretduxlari fitnələri açux-aydın və şəkillərinən onlari maxsaraya qoymax lüzumu meydana gəliyer [48, VII.1992].
Qarşı qoşması türk dillərində qoşulduğu sözlə birlikdə bir çox mənaları ifadə edir. «Müasir Azərbaycan dili» (1980) kitabında H.Quliyev həmin mənaları aşağıdakı kimi göstərir:
1. Subyektin bir obyektə zidd olan hərəkətini və rəftarını bildirir.
2. Hər hansı obyektin xeyrinə olan hərəkəti, rəftarı və s. bildirir.
Bu halda birinci bənddə göstərilən mənaya əks məna bildirilir [41, s. 414].
Karşu qoşmasının görmək, baxmaq məzmunu bildirən kara sözundən əmələ gəldiyi türkoloji ədəbiyyatda qeyd olunur. Azərbaycan dilində qarşı, qarşu kimi sabitləşən bu qoşma kara şəklində axısqalıların dilində işlənməkdədir. Lakin H.Mirzəzadənin bu sözə «kara şəklində heç yerdə təsadüf edilməmişdir» fikri qeyri-dəqiq mülahizədir [55, s. 206].
3. Bənzətmə bildirənlər: kimi. Yalnız bənzətmə məzmununu ifadə edən kimi qoşmasına bu əhalinin dilində rast gəldik. Məsələn: həm də öniçün bən də bir türk oğli kimi Vətəndən ötri sızliyerim [70, VIII.1992], Bənim kimi bu dünyaya yükmisin, heç kəndindən bu sorğiyi sordunmi? (İ.İdrisov).
Kimi (qibi) qoşması Azərbaycan klassiklərinin dilində olduğu kimi, müasir ədəbi dildə də geniş dairədə işlədilməkdədir. Məsələn:
Güldən iraq gül kibi möhnətü-xar içindəyəm (Nəsimi), Yenə Vaqif kimi, əlbəttə, yüz oğlana dəgər (Vidadi), Su buz kimi soyuqdur (danışıq dilində) və s.
4. Səbəb bildirənlər: üçün. Üçün qoşması öz mənşəyi etibarilə müstəqil bir sözlə əlaqədardır. Dilçilik ədəbiyyatında bu qoşma haqqında bir sıra fikirlər irəli sürülmüşdür. Bunlardan biri də həmin sözün müstəqil bir söz olan uc-la əlaqədar olması fikridir. canlı danışıq dilində bu fikri doğruldan kifayət qədər material tapmaq mümkündür. Məsələn: Bakı dialektində uc, ucbat sözləri bunu təsdiq edir: Sənin ucundan bu gün gedə bilmədim. Qızun ucbatından mən də öydə oturdum [55, s. 203].
Bu qoşmanın tərkibi haqqında türkologiyada birinci dəfə O.N.Betlinq fikir söyləmiş və onun iç sözündən əmələ gəldiyini göstərmişdir. Bir neçə il sonra M.Kasteri və sonra isə K.Q.Zaleman həmin qoşmanın uc-dan törətdiyi fikrini irəli sürmüşlər. O.Brokelman və K.Qrenbek bu mülahizələri tənqid etmişlərsə də, özlərinin yeni fikirlərini bildirməmişlər.
J.Deni bu məsələyə ehtiyatla yanaşaraq həmin qoşmanın qədim Osmanlı mətnlərində uc-la bağlı olduğunu söyləmişdir. B.Atalay bunu Anadolu dialektlərində səbəb yerinə uc işləndiyini qeyd edir. J.Deninin «Türk dilinin qrammatikası»nın tərcüməçisi A.U.Elove əsərə özündən əlavə etdiyi qeydlərində bunun əvəz, qarşılıq, mənasına gələn əc-lə bağlı olduğunu bildirir [200, s. 564].
A.N.Kononovun fikrincə, üçün qoşması uc sözü ilə əlaqədardır [134, s. 317].
Bu mülahizələrdən sonra «üçün» qoşmasının axısqalıların mətnlərində işlənmiş nümunələrinə diqqət yetirək: İlim bostani qoruduğu üçün gecələr evə gedəmiyerdi; Gəlin, cəməhət, azbişe olsa da, hər birimiz Vətən üçün çalışax [70, VIII.1992].
Birinci cümlədə üçün qoşması səbəb, ikinci cümlədə isə məqsəd məzmununu ifadə etmişdir. H.K.Quliyev müasir Azərbaycan dilində qoşmaların hallarla işlənməsi məsələsindən danışarkən, üçün qoşmasının qoşulduğu sözlə birlikdə məqsəd və səbəb mənalarını bildirdiyini maraqlı nümunələr əsasında şərh etmişir [41, s. 413].
«Görə» qoşması da istinad mənasında bu toplumun dilində hazırda işləkliyini saxlamaqdadır. Məsələn:
Biligə, savada, haxılliluğa və gözəl söyləməyə görə duva etməyçün nəsihət budur; Eşitduğuma görə yanına xastalar çox oliyer [70, VIII.1992].
Bu qoşma səbəb mənasında da istifadə olunur: Sana görə məni incidiyerlər (danışıq dilində).
İstinad mənasını ifadə etmək üçün bu toplumun dilində başxa, ötri qoşmaları da işlədilir. Məsələn:
Ölümdən başxa hər şeyə çarə var. Mesxet-cavaxet dağlarınnan başğa yalandur (İ.Səfil), həm də oninçün bən də bir türk oğli kimi Vətəndən ötri sızliyermiş [70, VIII.1992].
Bu qoşmalar, göründüyü kimi, özündən əvvəl gələn sözün ismin çıxışlıq halında olmasını tələb etmişdir. Bu əlamət Azərbaycan dilinin də bütün dövrlərində müşahidə olunmuşdur. Ötri qoşması həm məqsəd, həm də səbəb mənasını da ifadə edə bilir. Sonuncu cümlədə məqsəd məzmunu da özünü göstərir.
Birgəlik bildirənlər: nan, -nən, ilə, -la, -lə.
Məsələn: Özgəsinin əliynən tikan yolma (K.Şahin), Topal eşşəkinən karvana qoşulma (əski söz), Gəlini davul-zurnayla çıxarır (İlim Şahzadayev).
-nan, -nən qoşması intensivdir, bu əhalinin dilində daha çox inən işlənir. Bunu adi danışıq dilinin təsiri hesab etmək olar. Həmin qoşma birgəlik, alət və vasitə, hərəkətin müəyyən məkan boyunca icra olunduğunu, iş və hərəkətin tərzini ifadə edir. Məsələn:
İlimnən Taşdan arkadaşdılar (birgəlik), Kütənənən toprağı şumleyirlər (alət və vasitə), Yolnan aşşaği endilər (hərəkətin müəyyən məkan boyunca icra olunması), Yürəknən dağlara baxın (iş və hərəkətin tərzi) və s.
can qoşması da axısqalıların dilində məkan və zaman həddini ifadə edir. Məsələn: Burayacan deduğumuz sizdən asıli olanlara aid idi [70, IV.1992].
Bağlayıcı. Bağlayıcılar - sözləri, söz birləşmələrini, müxtəlif sintaktik konstruksiyaları və onların komponentlərini bağlamağa xidmət edir. cümlə üzvləri və cümlələr arasında yaratdıqları münasibətlərə görə bağlayıcılar iki cürdür: a) tabesiz bağlayıcılar; b) tabeli bağlayıcılar.
Axısqa türklərinin dilində tabesiz bağlayıcıların bir çox semantik qrupları işləkdir: Birləşdirmə - bitişdirmə bağlayıcıları: və, ilə (la, -lə).
Axısqa dərəsi Mesxet, Arsiyan, Trialet və Eruşet dağlariynən dövrlənmişdür [70, IV.1992]. Burada və bağlayıcısı həmcins mübtədaları bir-birinə bağlamağa xidmət göstərmişdir.
Sabircanla İlim arkadaşdırlar - Sabircan və İlim arkadaşdırlar.
İştirak bildirən bağlayıcılar: həm, həp, həm də, ham. Bu vilayət ham da Axısxa dərəsi adlaniyer [70, III.1992], Allah həppimizin həm işimizi, həm sounumizi xeyilli etsin (İ.Səfil), Bən yarumi sevərim // həm yürəkdən, həm cannan (mani), Sari rus gəmisi // həp irəli, həp geri (mani), Kendi soydaşlarımız, həm də başxa millətlərdən olanlara, bütün bu ağrı-aciləri görənlərə əlimdən gələn qədər yarım etmişim [70, VIII.1992]. Bu əhalinin dilində həm (ham bağlayıcısının hər iki forması işlədilir. Qeyd etmək lazımdır ki, həm/ham bağlayıcısı Axısqa türklərinin dilinə, eləcə də digər türk dillərinə fars dilindən keçmişdir.
Hətta bağlayıcısının hatta şəklində işlədilməsinə bu əhalinin dilində rast gəlirik: Qonuşma çağı, hatta sudda yadda düşəndə qorxuyerdi [70, VIII.1992].
İnkarlıq bağlayıcıları: nə // na, nə də / na da. Xəbər-ətər yox idi, nə qəmdən, nə qüssədən (G.Şahin), Na torpağımız kendimizin torpağıdır, na da göyümüz (İ.Şahzadayev).
Qarşılaşdırma bağlayıcıları. Bu cür bağlayıcılar ya cümlədə verilmiş əlamət, keyfiyyət və təsəvvürləri qarşılaşdırır, bir-birinə zidd təsəvvürləri əlaqələndirir, ya da tabesiz mürəkkəb cümlədə bir-birinə zidd olan iki fikri qarşılaşdıraraq onları bağlamağa xidmət edir. Bağlayıcıdan əvvəl ifadə olunmuş fikirlə bağlayıcıdan sonra gələn fikir bir-biri ilə ziddiyyət təşkil edir [35, s. 441].
Qarşılaşdırma bağlayıcıları bunlardır: ama // hama, ancaq // anjax, fəqət // fakat, halbuki və s.
Qızımız hələ cəyulsa, ama şibşəndur (M.Səfili), - Gördüm ki, dava qurtarmiş, hama bəni genə davaya götürmişlər (Ş.Adıgünli). Halbuki, Azərbaycandaki təşkilatlara 36575 manatlux kösk nişanı və üzvlux bileti yollanmiş [70, 10.IV.1992].
Azərbaycan dilində işlədilən lakin, bəlkə, isə kimi qarşılaşdırma bağlayıcılarına bu dildə rast gəlmək olmur.
Bölüşdürmə bağlayıcıları: Gah // gahi, işter, iştarsa da, ya, ya da.
Ya da tərsinə də ola bülür, elə degülmi? [70, VIII.1992], Qavğadan sora əvvəlcə Ümumittifaq təşkilat komitəsi (VOK), sora «Vətən» cəmiyyətinin intensiv, yorulmadan işlənməsi nəticəsində işter keçmiş SSRİ, iştarsa da Gürcistan hökumətinə 200 dəfədən çox nümayəndələr yollanılmışdır (yenə orada), Gah əsərim yellər kimi... Gahi olub cüzmi ümman bizdə var (M.Səfili).
Azərbaycan dilində bölgü bildirən istər, istərsə də bağlayıcısı bu əhalinin dilində işter, iştarsa da şəklində işlədilir. Bəzi sözlərdə s samitinin ş samiti ilə əvəzlənməsindən dissertasiyanın «Fonetika» bölməsində bəhs olunmuşdur.
Aydınlaşdırma bağlayıcıları: yani, məsələy. Yani bizda dela ziyali adi daşıyacax adamlar yoxmidur? [70, VIII.1992], hərəkatımızın üçüncü qoli məsələy beynəlmiləlləşdürmaxdur (yenə orada) və s.
Tabeli bağlayıcılar. Bu dildə istifadə olunan bağlayıcıların bir hissəsi da tabeli mürəkkəb cümlənin komponentlərini əlaqələndirməyə xidmət göstərir. Digər türk dillərində olduğu kimi, bu toplumun dilində də ki bağlayıcısı bu cəhətdən məhsuldardır. Bütün budaq cümlələrin baş cümlə ilə bağlanmasında bu bağlayıcının aydınlaşdırıcı rolu inkaredilməzdir. Məsələn:
Heppimizə bəllüdür ki, çox şennikimiz uçux yapilərdə, əski binalarda yaşiyer [48, 03.VII.1992]. Bu konstruksiyada ki bağlayıcısı tamalıq budaq cümləsini baş cümləyə bağlamışdır.
Ədat. Ədatlar sözlərə və ya bütövlükdə cümləyə müxtəlif və rəngarəng əlavə məna çalarları, boya və rəng verir. Axısqalıların dilində ədatların nitqə gətirdikləri müxtəlif semantik çalarlarına rast gəlmək olur. Danışıq dilinin müəyyən təsiri ilə həmin ədatların digər türk dillərindən fərqlənən variantları özünü göstərir. Məsələn: barı//bari, kaş//keşkə (emosionallıq və ekspressivlik bildirən ədatlar), ancaq //anjax (məhdudlaşdırıcı ədat), nasıl //nəsil (sual ədatı) və s.
Aşkarluğun gücündən ədalətdə bari hax qazanur (M.Səfili); Nəsil girim toprağa? Sürülmüş xalq anjax türklərdür (M.Səfili); Farqinə hiç varmazdilər keşkə, Yitib yox olsax da biz (M.Səfili) və s.
Məhdudlaşdırıcı ədatlar Azərbaycan dilində olduğu kimidir: yalnız, ancax, təkcə və s.
Onlar toplum halında yalnız öz tarixi ərazilərində yaşamax, mədəni muxtariyyətə malik olmaq istədiklərini bildirdilər [48, 03.VII.1992], Bu ancax bir qrup fırıldaxçı siyasətbazların işidur [70, 10.IV.1992], 1992-ci yilin yanvar-fevral aylarında bu hesaba təkcə Azərbaycan respublikasının Saatlı rayonunun bazi təsərrüfat və ədaralarından para daxil olmişdur (yenə orada) və s.
Qüvvətləndirici ədatlar: ki, axır (axı əvəzinə), daha, ela, bela.
Axır bir millətin iştar zorinan, iştarsa da ələcsizləri nayinansa yaldadıb başxa bir millətə çəvürmax, oni mənəvi yox etmax siyasəti dünya praktikasında genosid adlaniyer [48, 03.VII.1992], Bən ki demiyerim, bütün xalx açıqliyer (danışıq dilində), Dərənin düzənnüx yerlərində qəhvəyi-meşa, qonur-meşa torpaxlari, daha yoxari yerlərində dağ-çəmən torpaxlari yayılmişdur, Axı ziyalı-işıxli, nurli demaxdur, xalqına işıxli, nurli yol göstərən demaxdur (İ.Şahzadayev), Ela biliyerux ki, artux hər keş birinci nömrəy aldi [70, 10.IV.1992], İlk təşkilatların bela zayıf işlamasının nəticəsidür (yenə orada).
Emosionallıq və ekspressivlik bildirən ədatlar: kaş, keşkə, bari, hə.
Keşkə bən deyən oleydi. Sanda zaniyersinki belələri xalqa can yanduriyerlər, hə? [70, 10.IV.1992].
Sual ədatları: mi - Görduxların yoldan keçan oldumi,\\ Məxsus gəlib suyun içən oldumi,\\ Dar günündə qapın açan oldumi,\\ Ya dost deyib sən kimsəyə vardunmi? (İ.İdrisov); Bunu çıxış yoli varmi? (danışıq dilində) və s.
Əmr ədatları: bax, qoy.
Bax bu cür adamları o qüsursuz Allahü-təla cəhənnəmin ortasına atsın [70, 10.IV.1992], Qoy sürülsinlər, tarix hər şeyi həll edəjək (yenə orada), Qoy gedem yurda bəni // Tapşura qurda bəni (mani) və s.
Modal sözlər. Modallıq - fəlsəfi-məntiqi kateqoriya olub, danışanın xəbər verilənə, təyin edilənə real münasibətini bildirir, mühakimənin gercəkliyini əşya və hadisənin mövcudluğunu göstərir.
Türk dillərində modallıq kateqoriyası, əsasən, felin şəkilləri ilə realizə olunur. Feli və ismi xəbərli cümlələrlə də modallıq ifadə olunur. Bu prosesdə modal sözlər əsas modal vasitə kimi mühüm rol oynayır.
Adi danışıq dili modal sözlərin də quruluşuna öz təsirini göstərmişdir: düzi, toğrusi, hakıkatan, əvvəlisi, deməkinən və s.
Düzi budur ki, siftə inqilab oliyer (M.Səfili); Toğrusi ki, məniyə xoşun kəlür. Hakıkatan da Allahın bəlasına gəlürsin. Əvvəlisi, nə gürcilər, nə də gürcü mislimanları kibi heç bir xalq sürülməmişdir (M.Səfili).
Bu nümunələrdə modallıq - modal sözlərin köməyi ilə daha da qabarıqlaşdırılmışdır. cümlələrin tərkibində verilmiş həmin sözlər modallığın yaranmasında, qüvvətlənməsində və digər semantik çalarların əmələ gəlməsində mühüm rol oynamışdır.
Modal sözlər-modallıq kateqoriyasının ifadə üsullarından biri kimi, dəyişməyən sözlər olub, bütövlükdə danışılana və ya onun bir hissəsinə real münasibəti ifadə edir, qrammatik cəhətdən başqa sözlərlə bağlı olmur, cümlə strukturunda intonasiyaca seçilir. Məsələn:
Əvvələn, biz kimux? Ən nəhayət, 1987-ci yilin əvvələrindən biyani düz 4 yildur fasiləsiz mübarizə ediyerux. Bənim fikrimcə, əvvala Gürci respublikasınan və onun millətinan tez-tez kontaktda olmağinan dəvlət səviyyəsində nümayəndələrimizin tez-tez görüşməsinə nail olmax. Əvvələn, hələ qəzet oxucilər tərəfindən alınmamişdi [70, 10.IV.1992].
Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz