.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
4.2.6. Felin təsriflənməyən formaları.

     

Axısqa türklərinin dilində də felin üç təsriflənməyən forması vardır: məsdər, feli sifət və feli bağlama.
Məsdər. Felin adını bildirməyə xidmət edən məsdər Axısqa türklərinin dilində bir variantlı -max şəkilçisi ilə formalaşır. Məs.: Həm də biz yengmax üzrəydux. Bu nə demax idi. Ağlamaxdan kəndini gücinən saxladi [70, XI.1992]. Yorulmax bilmadan geca-gündüzi, hüsnünə türkilər qoşeydim, Vətən (G.Şahin), Bu işdə yorulmax, yilmax, Deyin, bizə yaxışurmi? (Yitkin Qomoroli).
Axısqa türklərinin dilində məsdərlər hallananda yönlük halda x səsi y səsinə, təsirlik halda isə ğ səsinə keçir. Məs.: ...iztirab və əzab izlərini bizdən gizlətmaya çalışan babamın hər kəlməsində Vətən sevgisi, Vətən həsrəti duyiyerdim. Odur ki, dədə-baba yurdumizi kendi gözləriminan görmaği qərara aldım [70, XI.1992].
Feli sifət. Axısqa türklərinin dilində feli sifətlərin xüsusi morfoloji göstəriciləri mövcuddur. Bu morfoloji əlamətlər, əsasən, oğuz qrupu türk dillərindəki şəkilçilərlə uyğun gəlir. Həmin şəkilçilər aşağıdakılardır:
1. İndiki zaman feli sifət şəkilçisi -an, -ən: Vətəndə doğulan çocux,\\ Qundaxdaydı biz sürüldük (İ.Şahzadə oğli); Ey dərədə gürliyan çay\\ Yay, səs-sədan ellərə yay (c.Xalidov); Atılan ox geri dönməz (əski söz); Sən, ey gözəl arzu, günəş,\\ Dağ köskünə çökən duman (c.Xalidov); Vaxtsız ötən xorozin başıni kəsərlər (əski söz); Zəhmətinən yeyilən aci soğan,\\ minnətinən yeyilən baldan tatlidur (əski söz).
2. Keçmiş zaman feli sifət şəkilçiləri:
-mış: Bişmiş aş qazanda qalmaz (əski söz), Bişmiş aşa su qatma (əski söz), Qurumuş ağacın kölgəsi olmaz (əski söz) və s.
-dıği, -duği şəkilçili feli sifətlər:
Verduğun bir yumurta, öldürdün dürtə-dürtə (əski söz), İp qırılduği yerdən bağlanur (əski söz), Köçduğun yurdun qədrini qonduğun yurdda bilürsün (əski söz), Geyduği ipək, yeduği kəpək (əski söz) və s.
Dıği, -duği feli sifət şəkilçisi Azərbaycan dilinin bütün dövrlərində də geniş miqyasda işlənmişdir. Məs.: Nəsimi sofi dəgişərdi ğəmindən geydigi şalı (Nəsimi), Qazdığı quyuya düşərdi əcəl (RƏF).
3. Gələcək zaman feli sifət şəkilçisi -acax, -əcax:
Kölgəsində yatacax ağaci budama (əski söz), Öpüləcax yüzi tüfrüləcax etmə (əski söz), İnanılacax şeylərə qısaca və topdan inanmaxdur [44, IV-V.1992].
Axısqa türklərinin dilində indiki zaman anlayışı ilə yanaşı, keçmiş zaman məzmununu ifadə edən ağan, -egen, -əyən feli sifət şəkilçisinə də rast gəlirik. Bu şəkilçi məlum və məchul fellərin sonuna artırılaraq feli sifət əmələ gətirir; şəxsin və ya əşyanın əlamətini, keyfiyyətini və b. xüsusiyyətini bildirir. Məs.: Yatağan arslandan gezegen tilki eydür (əski söz), Gezağan gəlinən, güləyən qızdan çarşi-bazarda loti eydir (əski söz) və s.
Feli bağlama. Axısqa türklərinin dilində feli bağlamalar fellərə xüsusi morfoloji göstəricilərin artırılması ilə formalaşır. Əksər türk dillərində -ıb feli bağlama şəkilçisinə bu dildə təsadüf olunmur. Bu şəkilçinin funksiyasını ər də, ür də və də şəkilçiləri yerinə yetirir.
Axısqa türklərinin dili -ibən, -ubən, -übən feli bağlama şəkilçisinin müasir dövrdə işlətdiyinə görə xüsusi maraq doğurur. Bu qədim feli bağlama şəkilçisi Azərbaycan dilində XIX əsrin əvvəllərinə kimi geniş miqyasda işlənmişdir. Bütün ədəbi növlərdə yazılmış əsərlərin dilində bu şəkilçi özünü göstərir. Bu isə onun həmin dövrlərin ədəbi dilində normal olduğunu sübut edir [55, s. 171].
Axısqa türklərinin dili bu şəkilçini qoruyub saxladığı üçün qədim xüsusiyyətlərinə sadiq qalmışdır: Öz ətməgin, suyun bölübən verdi\\ Dənizlər keçibən çox çaylar aşdi (Müsəddin); Çoxdan bu yerlərə divan tutmişlər,\\ Millətimi qul dəyibən satmişlər\\ (Şimşək Sürgün Kaxaretli); Qırx beş yaşında yoruluban murd olur\\ Bir də təqavüt olub qocalur könül (Usta Mürtəz); Bu sözümdən əgər hissa almasan,\\ Əşna olub söyləyibən gülməsən (Usta Mürtəz).

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz