.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
4.2.5. Fel.

     

Axısqa türklərinin dilində öz zənginliyi və spesifik xüsusiyyətləri ilə fərqlənən nitq hissələrindən biri də feldir. "Fellər real həyatda baş verən və ya baş vermiş, verəcək hərəkət, vəziyyət, proses, hadisə haqqında müəyyən anlayış əks etdirən nitq hissəsi olduğundan öz mahiyyəti etibarilə dinamika əks etdirir" [75, s. 3].
Axısqa türklərinin dilindəki fellər, hər şeydən əvvəl, milli orijinallığını, ilkin mənalarını indi də qoruyub saxlamışdır. Məsələn, bişmək feli tarixən yetişmək mənasında işlənmişdir. Həmin məna Axısqa türklərinin dilində indi də saxlanmışdır: Tutlar da bişdi, yiyamadım bən\\ Təzə urbayi geyamadım bən (cabir Xalidov).
Bişmək felinin mənası inkişafın sonrakı mərhələlərində bir sıra türk dillərində, o cümlədən, müasir Azərbaycan dilində diferensiasiya olunmuş, əlavə mənalar kəsb etmişdir. Yemək bişdi, Ət bişdi kimi cümlələrdəki bişmək feli ilə tut bişdi cümləsindəki "bişmək" feli arasında müəyyən məna fərqləri mövcuddur. Müasir Azərbaycan dilində "tut bişdi" yox, "tut yetişdi" ifadəsi işlədilir.
Bu dildə felin qədim sintetik formaları Azərbaycan dilinin indiki səviyyəsi ilə müqayisədə saxlanılmışdır. Hər iki dildən verilmiş aşağıdakı cümlələrdə bu xüsusiyyət özünü göstərir: - Bizi niya süriyerlər? - yazux-yazux dilləndi [70, XI.1992], Sibirə sürgün edirdilər (S.Əhmədov). cümlələrdən göründüyü kimi, Axısqa türklərinin dilində felin sintetik forması (süriyerlər), müasir Azərbaycan dilində isə analitik forma (sürgün edirdilər) işlədilmişdir.
Müasir Azərbaycan dili üçün arxaik hesab edilən fellərin indi Axısqa türklərinin dilində işləkliyi həmin dilin qədim xüsusiyyətləri saxlaması ilə bağlıdır. Məsələn, ulaşmaq (çatmaq mənasında) feli M.P.Vaqifin, M.V.Vidadinin dilində XVIII əsrdə işlənmiş, sonralar passivləşərək sıradan çıxmışdır. Vəfa qıl hər bivəfadara ulaşma hər biiqrara (Vidadi) və s.
Axısqa türklərinin dilində: bəni tez əvə ulaşturun, öliyerim, günlərin bir günündə axşam qaranluğunda bir şəhərə ulaşiyer bir vilayətə ulaşiyerlər ("Şah Abbasinən usta" nağılından).
"Varmaq" qədim fellərdən biridir. "Çatmaq", «getmək» mənalarında Axısqa türklərinin dilində işləkliyini mühafizə etmişdir. Məsələn: Vara-vara vardım o qara daşa (Dadaloğlu); Unutdun çiçəqin qoxusunmi sən\\ Varmasın fərqinə gözəlluğun sən\\ (A.M. Səfili); Vara-vara vardilar yüzə,\\ Tərbiyə verürdi gəlinə, qıza (Səkinə Bayraqdarova).
Ağnamax - annamaq mənasında: Bile ağnaşılmaz dünya varından,\\ Ğəmlənib oturma ahu-zarinən (Usta Mürtəz);
Döşrülməx- toplamaq, yığmaq mənasında: Küzə yaxın meyvələri döşrülür (A.M. Səfili).
«KDQ»da «döşürmək» sözü yığmaq, dənləmək mənasında işlənmişdir: Böylə digəç qırq incə qız yayıldılar. Tac çiçəgi döşürdilər [38, s. 39].
Eyni mənaya Azərbaycan dialektlərində (Tovuz, Şəmkir və s.) də rast gəlirik [26, s. 240].
Axısqa türklərinin dilində feli dialektizmlər də daha çox morfoloji yolla əmələ gəlmişdir. Belə fellərin formalaşmasında la, -lə şəkilçisi fəaldır. Məsələn: Yekələnib xub nəvcivan olanda\\ Allah muradına oni yetürür gedər (Usta Mürtəz); Muçlanıb bir dibdə yumax kimi sən, Həzz alamasın heç güldən qocalux (Aşıq Məhəmməd Səfili).
Axısqa türklərinin dilində elə fellərə rast gəlirik ki, bunlar Azərbaycan dilindəki fellərlə oxşarlıq təşkil edir, lakin həmin sözün tərkibində fonetik fərqlər görünür.
Qaxmax - qalxmaq mənasında: İlk bahar olanda yaylaya qaxar (Aşıq Məhəmməd Səfili).
Diferensiasiya mürəkkəb fellərin quruluşunda da aydın müşahidə olunur. Məsələn, "yola salmaq" mürəkkəb feli Axısqa türklərinin dilində "yola vurmaq" formasında öz ifadəsini tapmışdır: Bizi yola vurmağa az qala bütün köv yığılmışdı (G.Şahin).
Bu dilə məxsus feli dialektlərimizdən biri də "qataxlamax" sözüdür. Qataxlamax-qovmaq mənasında: Babasının da hersi çıxıyer, oğluna bir sillə çekib qataxliyer ("Şah Abbasinən usta" nağılından); Qapiyə gələni qataxlamazlar (əski söz).
Çapmax-kəsmək mənasında: Gördilər ki, bir yerdə bir usta ağac çapiyer, yoniyer; Sordi Şah Abbas ustaya ki, sən ağac çapıb yorulursunmi. ("Şah Abbasinən usta" nağılından).
Çalmax-biçmək mənasında: Yazda çalan (biçən) qışda oynar (əski söz).
Şaşmax-azmaq, çaşmaq mənalarında: ...yoxsul düz ovada yoluni şaşurur (əski söz).
Yapmax-tikmək mənasında: Karib kuşun yuvasini allah yapar (əski söz).
Qonmax-oturmaq, sakin, düşmək, düşərgə salmaq, dayanmaq mənalarında: Köçduğun yurdun qədrini qonduğun yurdda bilürsün (əski söz). Bu felə "Kitabi Dədə Qorqud"da da rast gəlirik: Gətirib qara otağa qondurdular; Oğuz yenə əyyamla gəlib yurduna qondu; Ol (qırx) namərdlər dəxi bir yerdə qonmuşlardı (KDQ).
Tütüməx-tüstüləmək, yanmaq mənalarında: Köyün bacaları tütüyürdü (nağıllardan). Bu söz "tüstüləmək" mənasında digər türk dillərində də işlədilir. L.Budaqov türk-tatar dillərində tütümək, tütəmək - tüstüləmək, papiros çəkmək fellərinin olduğunu göstərib, aşağıdakı misalları vermişdir: Atəşim yanmadan dütünüm dütür (Odum yanmadan tüstüm tüstüləyir) [94, t. 1, SPb, s. 385]. Türkmən və qaraqalpaq dillərində tüte, başqırd dilində tötöü sözləri də tüstüləmək deməkdir [214, s. 666; 199, s. 665]. Məlumdur ki, bu sözdən "tütün" və "tüstü" mənalarında tütün sözü də əmələ gəlmişdir. N.K.Dmitriyev qeyd edir ki, tütün sözü tüstü mənasında daha sabitdir və bütün türk dillərində işlədilir, tütün (bitki) mənasında isə yalnız Azərbaycan, türk, türkmən dillərində müşahidə olunur [120, s. 62]. Araşdırmalar göstərir ki, tütün sözü dilimizdə tüstü mənasında yoxdur, tütümək feli isə dialektoloji lüğətlərdə öz əksini tapa bilməyib [37, s. 80].
Sarmax-salmaq mənasında. Felin kökü sa sözüdür. Sa qədim fellərdən biridir. Təkhecalıdır. Axısqa türklərinin dilində sar (max) şəklində sabitləşmişdir: Bən bir türküm, sülhi dostlux ararım\\ Səvdügümün boynuna qol sararım (c.Xalidoğlu).
Savulmax-çəkilmək mənasında: Gördün dəli, savul geri (əski söz).
Əgləməx-dayandırmaq mənasında: Bir əglət maşini, əglət a qardaş (c.Xalidoğlu).
Yanğılmax-uduzmaq mənasında: Alan vurdi, satan yanğıldi (əski söz).
Axısqa türklərinin dilində fel yaradıcılığı sahəsində zəif inkişaf edən proseslərdən biri analitik üsuldur. Bu üsulla həm mürəkkəb, həm də tərkibi fellər formalaşır. Axısqalıların dilinin zəif inkişafı vaxtilə yaranmış sintetik formaların analitik formalarla ifadəsini ləngitmiş, nəticədə dəyişkənlik baş verməmişdir. Beləliklə, "deyə bilməmək", "geyə bilməmək" tipli fellər bu dildə "diyamamax", "geyamamax" formalarında öz əksini tapmışdır. Yəni, ilkin quruluş hələ də saxlanmışdır: Yürək sözümi diyamadım (deyə bilmədim) bən\\ Təzə urbayi geyamadım (geyə bilmədim) bən (c.Xalidoğlu).
"Qoruya bilmək" forması isə "qoruyamaz" sintetik feli ilə öz ifadəsini aşağıdakı cümlədə tapmışdır: Farzın nə demax olduğunu bilmiyən bir adam dinini, imanını qoruyamaz [70, XI.1992].
Aramax-axtarmaq, bulamax-tapmaq mənalarında: Adamın birinin eşegi itiyer, kövüni ariyer, bulamiyer (lətifələrdən); Çox aradım, bulamadım fəndimi (Musiqi folkloru).
Yaxmax-yandırmaq mənasında: Biri misəfirluxda sicax çorbayi yiyer, ağzıni yaxiyer ("Üfür dağı" nağılından).
Yaxışmax-yaraşmaq mənasında: Ağlamax bənə yaxışur (Musiqi folkloru).
Konuşmax-danışmaq mənasında: Biri diyer olan (oğlan) bir adam oleydi da, konuşaydıx ("Bacanaqlar" lətifəsindən).
Ağırlamax-əzizləmək mənasında: İlim müsafirləri ağırladı. Azərbaycan dilinin dialektlərində qalan bu felə "Kitabi-Dədə Qorqud"da da təsadüf edilir: Üç gün tamam ağırladı.
Durur (Turur). Təxminən XVIII əsrə qədər Azərbaycan ədəbi dilində öz əksini tapan durur feli digər bir felə yanaşaraq mürəkkəb fel əmələ gətirmişdir. Sonradan bu fel -dır, -dir, -dur, -dür formalarına keçmiş və şəkilçiləşmişdir. Maraqlıdır ki, Axısqa türklərinin dilinin morfologiyasında bu proses getməmiş, sadələşmə baş verməmişdir. Müasir el şairlərinin dilindən verilmiş aşağıdakı fakt dediklərimizə sübut ola bilər: Boran olsa taldaya qaç,\\ Puvarından aldurur paç (c.Xalidoğlu). Anadoluda yaşamış axısqalı aşıq Üzeyir-Usta\Fakirinin də qoşmalarında bu şəkilçiyə rast gəlmək olur: Ahıskaydı burda ellərin hası\\Y a k d u r u r ateşe şenligi, nası (M.F.Kırzıoğlu. Ahıskalı 14 halk şairimizden birer parça, s.7).
Axısqa türklərinin dilində müstəqil fellərlə düzələn mürəkkəb fellər də çoxluq təşkil edir. Belə fellər həmin dilin morfoloji quruluşunu zənginləşdirən mənbələrdəndir: Onca həsrət çekmiş puvarlar bizə,\\ Qocalıq gözünin yaşi qurumiş (c.Xalidoğlu); Qulaq verməz ata-ana sözünə (Usta Mürtəz).
"Qulaq verməz" mürəkkəb feli müasir Azərbaycan dilində "qulaq asmaz" formasında öz ifadəsini tapır. Seyrə çeker birikləri,\\ Şıryaladur örükləri (c.Xalidoğlu); Perik düşdux quşlar kimi yuvadan,\\ Ömür sürdux həsrətinan, qəminan (G.Şahin).
Göründüyü kimi, bu dildə də mürəkkəb felin əmələ gəlmə prosesində köməkçi fellərlə yanaşı, müstəqil fellər, həmçinin idiomatik birləşmələr də fəal iştirak edir.
Felin şəxs kateqoriyası. İş və hərəkətin kim tərəfindən göründüyünü ifadə edən şəxs kateqoriyası xəbərin mübtədaya olan münasibətindən meydana çıxır. Bu kateqoriya xüsusi morfoloji göstəricilərlə əmələ gəlir. Axısqa türklərinin dilində felin şəxs şəkilçiləri digər türk dillərindən bəzi fonetik dəyişiklikləri ilə fərqlənir.
I şəxsin təki: m, -im: Yeşil dərələrə qaçeydi-m, Vətən,\\ Bağli qapilərin açeydi-m, Vətən (Güləhməd Şahin); Yetər yerimdə saymiş-im,\\ Qərib adından doymiş-im, Adımi Yitgün qoymiş-im (Yitgin Qomoroli); ...bu gecə köti rüvə görmiş-im [70, XI.1992].
I şəxsin cəmi: x, ux: Perik düşdu-x quşlar kimi yuvadan,\\ Ömür sürdü-x həsrətinan, qəminan (Güləhməd Şahin); Nənəm, dədəm gezən yollar\\ Xoş görüşdu-x, xoş görüşdu-x (cabir Xalioğlu); Meşaya gediyer-ux [70, XI.1992].
II şəxsin təki: n, sin, -sın: Demiş-sin, demiş-sin sözün düzüni,\\Qalsın soxaxlarda ayıran bizi (G.Şahin).
- Netay sanın səvgülli gözlərən, Vətəni görəcaxsın - deyirdilar [70, XI.1992].; Xeyir-dua veranlar və "gedib bizim kövi görürsün" -diyanlar, yarvaranlar çox idi).
II şəxsin cəmi: z, iz: Fond açmayi təklif etdi-z\\ Axır muradıza yetdi-z,\\ Hər qapiya yüz yol getdi-z\\ Ayağız xeyirli olsun (Yitgin Qomoroli); Yigid kimi mərd durmiş-iz\\ Göksə nişan yapdurmiş-iz,\\ Qurd rəmzli boyax vurmiş-iz\\ Boyağız xeyirli olsun (Yitgin Qomoroli).
III şəxsin təki: 0 sıfır morfemdə:
Saux-sazax adami qılıc kimi kesiyerdi [70, XI.1992], İlk qar qışın ağır keçəcağından xəbər veriyerdi [70, XI.1992].
III şəxsin cəmi:- lər
- Sizidəmi meşaya götüriyer-lər? Çocuqlar da onlara qoşulub dad-fəryad qopariyerdi-lər [70, XI.1992].
Axısqa türklərinin dilində idi yarımçıq feli geniş dairədə işlənir. İdi yarımçıq feli ad və fellərə qoşularaq zəngin semantik çalarlar yaradır.
Adlara qoşulan idi yarımçıq feli: Göz işləduxca hər tərəf bam-bayaz idi [70, XI.1992]; Əli silah tutanların həpisi davada idi [70, XI.1992], Əvdə qalanlar qocalar, əlillər, çəl-çocuxlar idi [70, XI.1992].
Digər türk dillərində reduksiya olunmuş formalara bu dildə təsadüf olunmur. Məsələn, "deyildi" forması bu dildə "dəgül idi" formasında müşahidə edilir: Ağlaşanlar təkcə cəməət dəgül idi [70, XI.1992].
Axısqa türklərinin dilində idi yarımçıq feli adlara qoşulduqda bitişik də yazılır. Məsələn: heç bişədə dözüm yoxiydi. Hər şey kövrəydi [70, XI.1992]; Təkcə əsgərlər daşürəkliydi, verilən tapşuruğa görə onlar belə də olmaliydilər [70, XI.1992].
Fellərə qoşulan idi yarımçıq felinin ixtisar forması bu dildə işləkdir: Genə təzələndi esgi dərdlərim\\ Bayramda qol-qanad açeydim, Vətən!\\ Sənin gül nəfəsin duymax üçün bən\\ Quş olub havanda uçeydim, Vətən (G.Şahin); Yeşil dərələrdə qaçeydim, Vətən\\ Savux puvarlardan içsaydım, Vətən\\ Hüsnünə türkilar qoşeydim, Vətən,\\ Onsuz, bircə kərə göreydim, Vətən! (G.Şahin).
Göründüyü kimi, bu formalar, əsasən, keçmiş zaman anlayışını ifadə edir.
Felin şəkilləri. Hərəkətin obyektiv varlığa olan münasibəti Axısqa türklərinin dilində də felin şəkil kateqoriyasını da əmələ gətirmişdir. Dil faktları göstərir ki, bu dildə felin əmr, xəbər, vacib, arzu, şərt şəkilləri mövcuddur. Lakin ası, -əsi şəkilçili lazım şəklinə, həmçinin sual, davam və bacarıq şəkillərinə bu dildə təsadüf etmək olmur.
Əmr şəkli. Axısqa türklərinin dilində də felin əmr formasının xüsusi morfoloji göstəricisi yoxdur.
Əmr şəklinin I şəxs təki digər türk dillərindən fərqli olaraq -em şəkilçisinin əlavəsi ilə meydana gəlir: Bir əglət maşini, əglət, a qardaş\\ Bir şəkil çekem (c.Xalidov).
Axısqa türklərinin dilində əmr şəklinin I şəxsinin təki qədim -əyim, -ayım şəkilçisi ilə də formalaşır. Bu forma Axısqa türklərinin dilində geniş yayılmışdır: Oyan da, oyan da ufaq da yavrum\\ Bən edəyim firğani (c.Xalidov); cabirim, gətirəyim tab,\\ Gözəllügə yoxdur hesab (c.Xalidov).
Yazılı abidələrin dilini nəzərdən keçirdiyimiz zaman bu formaların, başlıca olaraq, dilimizin təşəkkül dövründə, eləcə də XÜI-XÜII əsrlərdə və qismən də XIX əsrin yazılarında işləndiyi məlum olur: Mana rüxsət ver ta varayım və məni satanlara vida edəyim (Şühədənamə); Aparım satayım çovhər firuşə (Fədai).
Əmr şəklinin I şəxs cəmi Axısqa türklərinin dilində birvariantlı -ax şəkilçisi ilə formalaşır. Məs.: gedax, seyr edax, saçax (seçmək mənasında) və s. Hayden gedax çıxax tağlar başına\\ Biz seyr edax qayasına, taşına (c.Xalidov); İlimi başçi saçax (danışıqdan).
Müasir türk dilində -ax şəkilçisinin funksiyasını -alim, -elim şəkilçisi yerinə yetirir: Kalalim, alalim, soralim.
Axısqa türklərinin dilində felin əmr şəklinin sonuna artırılan şəxs şəkilçilərindən biri də -əlim, -alım göstəricisidir. Müasir türk dilləri üçün arxaikləşmiş və istifadədən qalmış bu şəkilçi indi də bu dildə fəaliyyətini davam etdirir: Gəl bizim baxçaya edəlim seyran,\\ Bülbül aşiq olmuş bir gülə heyran (Pir Sultan Abdal); Gəl içəlim, qana-qana,\\ Şifadur məvlud şərbəti,\\ Zikr edəlim dönə-dönə,\\ Şifadur məvlud şərbəti.\\ Əşk ataşına yanalım,\\ Şəmi-pərvanə dönəlim,\\ Möminlər için qanalım\\ Şifadır məvlud şərbəti\\ Nerdə kaldi o Zediban dərəsi?\\ Eşidilməz suların şərşərəsi.\\ Yeşil, gözəl Azqurumun meşəsi,\\ Gəl dönəlim o yerlərə, arkadaş!.. (Müdirin türkülərindən).
-əlim, -alım şəxs şəkilçisi, əsasən, iş və ya hərəkətin iki və daha çox şəxs tərəfindən birlikdə görüldüyünü bildirir. XX əsrin əvvəllərinə kimi yazılı dildə işlənən -əlim, -alım şəxs şəkilçisi ardıcıl bir inkişaf xətti keçirməmişdir. Materiallar bu şəkilçilərin bütün dövrlərdə bir səviyyədə işləndiyini göstərmir. Müasir canlı danışıq dili də bunun ümumxalq dilinə dərin nüfuz etmədiyini göstərir. Xalq ədəbiyyatı materiallarının dilindən məlum olur ki, əsl Azərbaycan dilinə aid olan bu xüsusiyyət bu şəxs şəkilçisini sıradan çıxarmışdır [55, s. 140].
Əmr şəklinin II şəxs təkinin heç bir morfoloji göstəricisi yoxdur. Bu əlamət Axısqa türklərinin dili üçün də səciyyəvidir. Əmr çalarları bu şəxsdə daha kəskin ifadə olunur. Məs.: qax (qalx), çal (biç), qataxla, əglə, tayarla, yax və s. İşi səv. İnsan ol, sən yüzi ağ ol (c.Xalidov); Kaşlarını tayarla, gözəl görünmax üçün (Səfili).
Əmr şəklinin II şəxs cəmi Azərbaycan dilində olduğu kimi -ın, -in, -un, -ün şəkilçisi ilə əmələ gəlir: Ey insanlar eylüklərə alışın,\\ Umidinən hər bir işə çalışın (c.Xalidov); Ayılın, ey türklər Vətən əldən gediyer [70, XI.1992].
Əmr şəklinin III şəxs təki -sın, -sin, -sun, -sün, cəmi isə -lar, -lər (-nar, -nər) şəkilçilərinin əlavəsi ilə yaranır. Məs.: sorsun, bulsun, tayansın, qullansınlar, düzsünnər və s.
Zurnaçibaşi tayansin, qaval çalinsin (əski söz); Sufralara arpa unnunnan bişmiş aş düzsinnər ("Şah Abbasinən Usta" nağılından).
Xəbər şəkli üç zamanda - indiki, keçmiş və gələcək zamanlarda əhatə olunur.
İndiki zaman Axısqa türklərinin dilində -iyer (birvariantda) şəkilçisi ilə düzəlir: Pəncərədən baxiyer,\\ Almış məndil toxiyer,\\ Kız, sənin gözəllügün\\ Bunda bəni yaxiyer (mani).
İndiki zaman şəkilçili fellərə şəxs şəkilçiləri də artırılır. Yəni, felin indiki zamanı hər üç şəxsin tək və cəmində işlənə bilir. Məsələn:
Doğma Vətən toprağında on günlük müsafir olmağın doğrusi babam üçün nə qədər çətin və dözülməz olduğuni onun həyəcanlı səsindən hiss ediyerdim [70, XI.1992]; Əsgərlər isə bağıra-bağıra əmr ediyerdilər [70, XI.1992]; Sizi bu orqanlar ədrəfində birləşməyə çağıriyerux [44, IV-V.1992].
Axısqa türklərinin dilində indiki zamanın -ur şəkilçisi ilə ifadə edilməsi faktına da rast gəlmək olur: Bu elə bir cənnətdur ki, hər qarış torpağıni cəh-cəh vurur, dağlarının ən uca zirvələrində qartallar məskən salur (G.Şahin).
-ur şəkilçisi Axısqa türklərinin dilində -ar (qeyri-qəti gələcək zaman) şəkilçisinin funksiyasını da yerinə yetirir. Məsələn: cabir heyran-heyran durur (durar)\\ İlhamına bəzək vurur (vurar) (c.Xalidov); Böyügün sözüni tutmiyan uluya-uluya qalur (qalar/əski söz); Dəmür nəmdən, insan qəmdən çürür (çürüyər/əski söz); Vaxtıni yitürən bəxtini yitirür (itirər) əski söz); Kişi olan sözündə durur (durar) əski söz) və s.
Axısqa türklərinin dilində I şəxsin cəmində indiki zaman şəkilçili fellərə -ux şəkilçisi əlavə olunur: Niyyatızi biliyerux,\\ Sizə uğur diliyerux,\\ Xoş soraxlar aliyerux (Yitkin Qomoroli).
Keçmiş zaman. Axısqa türklərinin dili üçün həm şühudi (di), həm də nəqli (miş) keçmiş zaman şəkilçiləri xarakterikdir. Bu şəkilçilər axısqalıların dilində yalnız birvariantda işlədildiyi üçün digər türk dillərindən fərqlənir. Məsələn: Xalqımız ölmədi, işlədi, yapdi, əkdi, tikdi əməksevər bir xalq kimi yaşadi [44, IV-V.1992].
Şühudi keçmiş zamanda işlənən fellər də şəxs şəkilçilərini qəbul edir. Məsələn: Xalqın tələhinə baxdiz,\\ Axıri ayaği qaxdiz,\\ Qarşımızda çirax yaxdiz (Yitkin Qomoroli).
Maraqlıdır ki, müasir Azərbaycan dilində II şəxsin cəmində işlənən -nız, -niz, -nuz, -nüz şəkilçilərinin vəzifəsini bu əhalinin dilində yalnız -Z şəkilçisi yerinə yetirir.
Nəqli keçmiş zaman şəkilçili fellərdə isə şəxs şəkilçisi II şəxsin cəmində iz -göstəricisidir: Yigid kimi mərd durmişiz\\ Göskə nişan yapdurmişiz,\\ Qurd rəmzli boyax vurmişiz (Yitkin Qomoroli).
I şəxsin təkində nəqli keçmiş zaman formalarına - im şəkilçisi artırılır. Azərbaycan dilində bu şəkilçini -am, -əm qrammatik göstərici əvəz edir. Müqayisə et: Yetər yerimdə saymişim,\\ Qərib adından doymişim,\\ Adımi Yitkün qoymişim (Yitkin Qomoroli).
I şəxsin cəmində nəqli keçmiş zaman formalarına -ux şəkilçisi artırılır. Bu şəxs şəkilçisi də birvariantlıdır: Allah deyib oturmişux\\ Yürəkdə qəm bitürmişux,\\ Hayıf, çox şey yitürmişux (İ.Şahzadə oğli).
Türk dillərində nəqli keçmiş zaman tarixən -ib şəkilçisi ilə də ifadə olunmuşdur. Lakin Axısqa türklərinin dilində bu şəkilçinin funksiyasını -ar şəkilçisi yerinə yetirmişdir: Sora sögüdə çıxar da (çıxıb) gizlənürsün ("Şah Abbasinən Usta" nağılından).
Gələcək zaman. Axısqa türklərinin dilində gələcək zaman struktur - semantik cəhətdən iki formada təzahür edir: qəti gələcək və qeyri-qəti gələcək. Qəti gələcək zaman acax, -əcağ şəkilçisi ilə ifadə olunur: Qaynar qazan taşacax\\ Yol gədükdən aşacax (mani); cəməhət vaqonlari görüb dəhşətə gəldilər, "Beləmi vaqonlarda götürəcağlar"! [70, XI.1992].
Qəti gələcək zaman şəkilçili fellər də şəxs şəkilçilərini qəbul edir. Başqa türk dillərindən fərqli olaraq, Axısqa türklərinin dilində II şəxsin cəmində -ux şəkilçisi qəbul edən fellərdə -acax şəkilçisinin sonundakı "x" səsi "v" səsinə keçir. Məsələn, Xalqımızın birluği və əzim-davası sayasında Vətənimizi alacavux [143, IV-V.1992].
Felin qeyri-qəti gələcək zamanı Axısqa türklərinin dilində iki formada -ar, -ər; -ır, -ir, -ur, -ür formalarında intişar tapır. Məsələn: Qarşıda çıraq yanar,\\ Baxduxca irax yanar (mani); Bənim üstümi açar, əl-ayağımi yaxar ("Şah Abbasinən usta" nağılından); Böyügün sözüni tutmiyan uluya-uluya qalur (əski söz); Dəmür nəmdən, insan qəmdən çürür (əski söz) və s.
H.Mirzəzadə tarixən həm -ar, həm də -ir şəkilçiləri arasında olan yaxınlıqdan bəhs edərkən göstərir ki, burada zaman anlayışı qismən genişdir. Məhz buna görə də müzare zamanın morfoloji əlaməti olan -y, -ər, -ar şəkilçisi ilə indiki zamanın morfoloji əlaməti olan -y -ir, -ır,-ür, -ur şəkilçiləri arasında müəyyən qədər yaxınlıq vardır. Bu yaxınlıq özünü həm şəkli cəhətdən, həm də məzmun cəhətdən aydın surətdə göstərir. Yazılı abidələrin dili üzərində apardığımız müşahidələrdən məlum olur ki, bu yaxın keçmişə qədər formal cəhətdən indiki zaman şəkilçiləri ilə ifadə edilən fellər, məzmun etibarı ilə gələcək müzare zamanı bildirmişlər. Məsələn: Sirri-ilahi bilən şol xəttü xalı bilür hala xəbir olmiyan qanda bu hali bilür (Nəsimi); Nə əhli bilad olmaqla sahibi qəbul olur, nə biyabanlarda durmaqla dana qabili-vəhşət olur (Füzuli) [55, s. 156].
-ar şəkilçili felin qeyri-qəti gələcək zamanı digər türk dillərindən fərqli şəxs şəkilçiləri qəbul edir. Məsələn, II şəxsin təkində bu dil üçün sın şəkilçisi məqbuldur; Puvar, zarxoş axarsın,\\ Mor-mənəmşə qoxarsın,\\ Bəxtülli puvar sana\\ Yar yüzünə baxarsın (mani).
Axısqa türklərinin dilində müzare zamanın qədim forması olan -məz, -maz şəkilçisi də işləkdir. Bu şəkilçi inkarlıq bildirir. Məsələn: Bizə güc gələməz boran, qar, savux (G.Şahin); Bazısi arar-bulamaz, bazısi bulur -yiyamaz (əski söz); Asıl azmaz, bal kokmaz (əski söz) və s.
Müasir Azərbaycan dilində bu forma analitik formada (gələ bilməz, yeyə bilməz) işlədilir.
Bu şəkilçi ilə yanaşı müzare zamanın inkarı üçün -man, -mən şəkilçisindən də bu əhalinin dilində istifadə olunur: corabın naxışları\\ Çıxamam yoxuşları (c.Xalidov); Məniyə xoşum gəlür,\\ Ağlatman, yaşım gəlür (mani).
Azərbaycan dilinin materiallarından aydın olur ki, -man, -mən şəkilçisi XVIII əsrə qədər dilimizdə işləkliyini saxlamış, sonra fəaliyyətini dayandırmışdır. Klassiklərin dilindən verilmiş aşağıdakı nümunələr də fikrimizi təsdiqləyir: Nəqşi-tavus istəmən ondan cəmalin yekdurur (Xətai); Yar əbrusinə bənzətmən səni ey mahi-nov (Füzuli).
Bu qədim xüsusiyyət Axısqa türklərinin dilində qalmaqla yanaşı, həmin şəkilçinin -məm, -mam formaları da işləkliyini qoruyub saxlamışdır. Məsələn: Getdim Kexvana, çəkməm talaşi, Süngəret halvasi, ətməgi-aşi (M.Səfili).
-məm, -mam formalı müzare zaman şəkilçilərinə XVII-XVIII yüzilliklərin Azərbaycan aşıq poeziyasında da rast gəlirik: Sinən bənzər Savalanın qarına, Dəgişməm dünyanın küllü-varına (Aşıq Abdullah); Hicran xəstəsiyəm yeməm şəkəri, Qoynundakı nara qıyalım pəri (Aşıq Abbas).
Arzu şəkli. Axısqa türklərinin dilində arzu şəklinin formalaşmasında -a, -e şəkilçisi mühüm yer tutur. Arzu şəklini meydana çıxaran -a, -ə, -e şəkilçiləri əvvəllər bacarıq, mümkünlük anlayışları da yarada bilmişdir [62, s. 98]. Bu anlayışlar bəzi türk dillərində analitik, bəzilərində isə sintetik yolla əmələ gəlir. Axısqa türklərinin dilində bu anlayışların formalaşmasında sintetik yol əsas yer tutur. Analitizm sonrakı dövrün, inkişafın nəticəsi ola bilər. Belə ki, aça bilmədim, daşa bilmədim, yaşaya bilmədim, coşa bilmədim, uça bilmədim kimi analitik fel formaları bu dildə açamadım, daşamadım, yaşamadım, coşamadım şəkillərində təqdim olunur. Bu anlayışlarda bacarıqla yanaşı, arzu şəklinin mümkünlüyü ifadə olunmuşdur. Aşağıdakı şer parçalarında verilmiş nümunələr bu baxımdan maraq doğurmaya bilməz: Fələk bizi sıhırlamiş, bağlamiş,\\ Bu sıhıri açamadım, Vətənim (G.Şahin); O topraği qarış-qarış yaliyan,\\ Çaylar kimi daşamadım Vətənim (G.Şahin); Bitmədi fələgin ayrilux qəmi,\\ Qucağında yaşamadım, Vətənim\\ Na eşqinan puvarlardan su içdim,\\ Na ilhamsız coşamadım, Vətənim (c.Xalidov); Tutlar da bişdi, yiyamadım bən\\ Təzə urbayi geyamadım bən\\ Yillər uzuni sevmişim səni\\ Yürək sözümi diyamadım bən (c.Xalidov).
Vacib şəkli. Əksər türk dillərində müşahidə edilməyən felin vacib şəkli Axısqa türklərinin dilində geniş yayılmışdır. Oğuz qrupu dillərində olduğu kimi, bu əhalinin dilində də vacib şəkli -malı, -məli formasında müşahidə edilir. Məsələn: Buni biz türklər bilməliyux. Əldən hər şey çıxsa da, yürəkdən umut çıxmamalidur. Vətənimizin hürmətinə çalışmaliyux ki, Mesxeti adlanan vətənimizə dönə bilax. Ancaq vətənə doğri çalışmaliyux. Konfransın işində 100 nəfərdən çox misəfir iştirak etməliydi [44, IV-V.1992].
Şərt şəkli. İş və hərəkətin icra edilməsini müəyyən şərtlə bağlayan bu şəkil Axısqa türklərinin dilində -sa, -se şəkilçisi ilə yaranır: içsem, alsam, ayıtsa, çeksex və s.
Felin şərt şəkli Axısqa türklərinin dilində şərt çaları ilə yanaşı,arzu və istək mənalarını da ifadə edə bilir. Məsələn: Yüz yillux ömürə ömür demazdım\\ Savux puvarlardan içsaydım, Vətən! (G.Şahin).
Felin şərt şəkli Axısqa türklərinin dilində I şəxsin təkində -m, II şəxsin təkində -n, I şəxsin cəmində -k, x, II şəxsin cəmində -nız, -niz şəxs şəkilçilərini qəbul edir. III şəxsin tək və cəmi oğuz qrupu türk dillərində olduğu kimidir.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz