Axısqa türklərinin
dilində istifadə olunan saylar digər
türk dillərindəki saylarla oxşarlıq
təşkil edir. Lakin bəzi sayların
formasında fonetik fərqlər özünü
göstərir: alti, doxxuz, un, ottuz, bin və
s.
Sayların inkişafındakı
sabitlik bir başqa xüsusiyyətlə
də təsdiq olunur. Türk dillərinin
bütün inkişaf dövrlərində
saylar başqa dillərin təsirinə
ən az məruz qalmış nitq hissəsidir.
Məsələn, Orxon-Yenisey abidələrindəki
miqdar saylarının hamısı (monqol
dili ilə müştərək hesab edilən
tümen sayı müstəsna olmaqla) türk
dillərinin özünəməxsus sözləridir
[52, s. 32].
Müxtəlif fonetik
dəyişikliyə (səsartımı,
səsdüşümü, səsdəyişməsi
və səsəvəzlənməsi
hadisələrinə) məruz qalan, eyni
zamanda həm abidələrin, həm də
Axısqa türklərinin dilində işlədilən
saylar: yigirmi (iyirmi), tört (dört), bin (min),
sekiz (səkkiz), doxxuz (doqquz) və s.
Axısqa türklərinin
dilində sayların qədim formalarından
da istifadə olunur. Məsələn, hazırda
adamların dilində ottuzun, doxxuzun kimi mürəkkəb
saylar işlənir ki, bu saylar da üç
yüz, doxsan kimi sayları əvəz edir.
Bu xüsusiyyət abidələrdən
gəlmədir. Abidələrin dilindən
verilmiş aşağıdakı nümunələrə
diqqət yetirək: Küli çur sekiz on
yasap yok boltı (Küli Çur səksən
il yaşayıb yox oldu -KÇ.Z... tokuz on
kon utmış (...doxsan qoyun udmuş) -F.
44.
Bu mürəkkəb
saylar sonradan sadələşmişdir.
Səs əvəzlənməsi
hadisəsi bu dilin saylarında da müşahidə
edilir. Məsələn, beş sayının
sonundakı ş-səsi bəzi hallarda
- s səsi ilə əvəzlənmişdir:
Bes öküzüm var,\\ Törti yatiyer,\\ Biri
işdiyer (bulmaca).
Ümumiyyətlə,
ş- səsinin -s -səsi ilə əvəzlənməsi
hadisəsi digər sözlərdə də
müşahidə olunur: Getdi gül,\\ Gəldi
bülbül,\\ İşter (istər) ağla,\\
İşter (istər) gül (Sanama və
oyun).
Axısqa türklərinin
dilində əlli sayına elek də deyirlər:
Altun - elek (əlli),\\ Demir selek,\\ Salla buni,\\
Çek şuni (Sanama və oyun).
Orxon-Yenisey abidələrinin
dilində isə əlli sayı elik şəklində
işlədilmişdir [67, s. 100].
Axısqa türklərinin
dilində bəzi saylar mənalandırılır,
demək olar ki, sayın semantikası açılır.
Aşağıdakı sanamalarda bu əlamət
qabarıq görünür: İki - ikligim,\\
Bir - birligim,\\ Üç - üçlügüm,\\
Tört - törtlügüm,\\ Bes-besligim.
Axısqa türklərinin
dilində mürəkkəb sayların
qədim formalarında rast gəlmək
olur: Binə bir söylə, birə bin söylə
(əski söz).
Mürəkkəb
saylardan poeziya dilində üslubi məqsədlər
üçün də istifadə olunur. Məs.:
Otuz iki fərzi bəyan etdin qırx səkkiz
cümaynan,\\ Üç yüz altmış
altı gündür, bir sənə vəda
ilən\\ Çahar kitab, çahar könül,
çahar məzhəb sövdə ilən\\
Təsdiqi iqrar etdim, getmədim kənara
bən (Aşıq Sümmani).
Axısqa türklərinin
dilində sıra saylarını əmələ
gətirmək üçün - inçi
(birvariantlı) şəkilçisindən
istifadə edilir: İkinçi kərə
gəlin uşaği quyiya, sonra dərəyə
atiyer (nağıllardan).
Axısqa türklərinin
dilində -nci şəkilçisi əvəzinə
-si şəkilçisi sıra saylarını
əmələ gətirir: Yeddisi (yeddinci)
güni cinlər gəliyerlər (nağıllardan).
Axısqa türklərinin
dilində qədim abidələrimizdə
olduğu kimi, ilkinti sayından da indi də
istifadə olunur: İlkinti çağı
bostana gediyeriz [48, 03.VII.1992].
İlkinti-ikinci deməkdir.
Bu, sıra sayının əvəzinə
işlədilir. İlkinti sözünün
digər bir mənası «günün
ikinci yarısı, namaz vaxtı» və
s.-dir [52, s. 59].
«KDQ»da ekindü
şəklində: Mərə qocalar,
ekindü vəqti munı mana çevirəsiz,
yiyəm- dedi.
Azərbaycan dili şivələrində
(Qazax, Göyçay, Şəki, Oğuz)
ilkindi şəklində «günorta
ilə axşam arasındakı vaxt, günbatan
vaxt» mənasında işlənir:
-İlkindi vaxdı gediv Alpaut kəndinə
çatdıx (Qaz.) [5, s. 234].
M.F.Axundov da həmin
sıra sayından istifadə etmişdir:
... gərək bu gün ilginti çağı
buraya yetişsinlər [6, II c., s. 389].
Axısqa türklərinin
dilində qeyri-müəyyən saylar (birisi,
kimsə, neçələri) substantivləşir:
Birisi sinəmdə yanar, birisi də yanub
tütər (Xasta Hasan); Kimsə bilməz
bu dünyanın işini,\\ Neçələri
tökmiş köün yaşıni (Şimşək
Sürgün Kaxaretli).
Bölüşdürmə
sayları: Bölüşdürmə sayları
əşyanın müəyyən hissələrinin
sayını bildirir. Müasir Azərbaycan
dili üçün xarakterik olmayan bölüşdürmə
saylarına hazırda bu əhalinin dilində
rast gəlirik. Bölüşdürmə
sayları -ar, -ər, -şar, -şər
şəkilçiləri vasitəsilə
düzəldilir. Məsələn: birər,
beşər, onar, ottuzar və s. Nümunələr:
Əti ikişər kilodan bölüşdux;
Üyəni bax nənə, çepinə
almay ikişər-ikişər dürtiyer.
Bölüşdürmə
saylarına az da olsa "Kitabi-Dədə
Qorqud" dastanlarının dilində təsadüf
edirik: Təpəyən göynək, süsəyən
birər at verdi.
A.M.Şerbak qədim
özbək dilində -/ş ar -- (ş/ar
/birar, ik /k/işar, yrar, tortar, beşar, altişar)
bölüşdürmə saylarını
formalaşdıran şəkilçilərin
olduğunu göstərmişdir [185, s. 139].
Bölüşdürmə
saylarına türk (ujer, dorder, ikiser, dokuzar,
yarimsar); başqırd (unar, berər, altışar);
qaqauz (dordar, beşar, altışar, edişar,
sekizar, onedişar); qaraqalpaq (birer, öşer
ekiser); qaraçay-balkar (birer, altmışar,
altışar, djetişer, öçöşer,
gkşer); karaim (birer, gkiser, beser, toğuzar,
altışarı); tatar (altışar,
yözər) və s. dillərdə də
rast gəlirik.
Azərbaycan dilində
isə -ar, -ər formalı saya təsadüf
etmirik. Yalnız bir sözdə (birər)
bu hal özünü göstərir ki, o da
ancaq cüt-cüt işlənərək
(birər-birər) zərf kateqoriyasına
daxil olur.
F.Zeynalov göstərir
ki, Azərbaycan dilində azda olsa, -şar,
-şər şəkilçisi ilə
əmələ gələn bölgülü
say formasına rast gəlinir [74, s. 100].
Axısqa türklərinin
dilində bəzən beşin üçi
(birinci tərəf yiyəlik hal, ikinci tərəf
mənsubiyyət şəkilçili)
formasına da təsadüf olunur.
Numerativ sözlər
("Pustıe" imena). Saydan sonra işlənib
onun semantikasını konkretləşdirən,
sayla aid olduğu əşya, hərəkət
arasında qrammatik əlaqə yaradan numerativ
sözlərə Axısqa türklərinin
dilində də çox rast gəlirik. Bu
dildə aşağıdakı numerativ
sözlər işlədilir:
çift: Yeddi çift
ignə qullanmamiş (nağıllardan),
Bir çift gözəl enmiş yola (mani)
və s.
təpə: İki
təpə əringən oliyer (lətifələrdən).
litrə: Gündə
işləduğumuz bir litrə ayran
Oni da bulsax, zanarux bayram
(türkü).
ətəg: Bir ətəg
kömür götürüb veriyerlər (nağıllardan).
bölük: Gövümüzdə
oturdi bir bölük ordi,
Kimin var taqəti çekə
bu dərdi (Səkinə Bayraqdarova).
qırıx, içim:
Bir qırıx ətmək, bir içim
su verməzlər
Qorxem axarında ac olur
könül (Usta Mürtəz).
Axısqa türklərinin
dilində bir sıra saylar substantivləşir.
Bunun üçün -lar şəkilçisindən
istifadə olunur. Bu dildə qırx sayının
substantivləşməsinə daha çox
rast gəlinir. Çünki qırx sayı
sakremental saylardandır:
Kim ki, qırxlar əlindən
badə içdi, o hax aşuği oliyer.
Qırxlar əvliyalardır, eyilərdəndir,
onlar gözəgörünməzdir (Hax aşuği
Kərəm).
Axısqa türklərinin
dilində "yüz" və "bin"
sayları "başi" sözünə
artırılaraq substantivləşir: Əsgərə
gediyer baba yigitlər,\\ Yüzbaşi, binbaşi
vurür ögüdlər (türkü).