.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
4.2.2. Sifət.

     

Axısqa türklərinin dilində də sifət əşyanın əlamətini, keyfiyyətini və s. bildirən sözlərdir. Məsələn: Əhvalının hərdən bir ey vaxtları qısa da olsa oliyerdi [70, XI.1992]; Qutli gün toğuşundan bəllidür (əski söz) və s.
Axısqa türklərinin dilində həm türk ədəbi dilində işlənən (bed, qolay, qavi və s.), həm Azərbaycan dilində işlənən (qırmızı-qırmızı, qara-qara, gözəl-güzel və s.) və həm də yalnız bu dilin özündə istifadə olunan beç, boto, çintli, putur, qoboti və s. sifətlərə rast gəlirik. Bundan əlavə, əski formasını hələ də saxlayan bəzi sifətlərə bu dildə hələ də təsadüf edirik. Məsələn, yeni sözünün yengi forması öz əski quruluşunu bu dildə hələ də saxlamışdır; Yengi cami minarasi,\\ Yıxıldı cihan qalasi (Sultan əziz türküsi).
Azərbaycan dilində isə "yengi" sifəti təxminən XIX əsrin ortalarına qədər əski formasını saxlamış, get-gedə n-nin tərkibində olan q samitinin zəifləyib düşməsi ilə yeni şəklində sabitləşmişdir. Yengi sözünün özünə gəldikdə bu, yalnız Azərbaycan dilində deyil, eyni zamanda bütün türk dilli xalqların yazısında müştərək bir orfoqrafiyaya malik olmuşdur [55, s. 74].
Axısqa türklərinin dilində də sifətlər quruluşca üç qrupa bölünür: Sadə, düzəltmə və mürəkkəb sifətlər.
Sadə sifətlər. Belə sözlərin ilkin məzmununda sifətlik mənası mövcuddur. Belə sözlər əsli sifətlər də adlanır. Məsələn: ey, köti, bec (ağılsız), acuzə (zülmkar), boto (həddindən artıq kök), qavi (möhkəm), qoboti (kobud), ğamaz (paxıl), zırıki (dəcəl), kəsə (kosa), kort (yaşıl yer), qeqeç (sarsaq), kinto (kələkbaz), gəbə (hamilə), loli (yumru), laq (xarab), matramaz (xəbis), nuno (ağılsız), pejan (ala), putur (içi boş), poşa (gəzəyən), pallamuç (ölüvay), papat (uzun), pızıkli (nadinc), rasa (yaxşı), rıto (ağılsız), səsəni (bənövşəyi), saxat (şikəst), ufax (xırda), fuxara (yoxsul), uki (qarınqulu), çiçiya (xarab), çapux (cəld) və s.
Düzəltmə sifətlər. Belə sifətlər həm məhsuldar, həm də qeyri-məhsuldar şəkilçilərlə düzəldilir. Həmin şəkilçilər isim və fellərə əlavə edilərək düzəltmə sifətləri formalaşdırır.
Axısqa türklərinin dilində sifət düzəldən məhsuldar şəkilçilər aşağıdakılardır:
1. -li, -ni şəkilçisi. Bu şəkilçi bir çox türk dillərində dördvariantlı olduğu halda, Axısqa türklərinin dilində birvariantlıdır. Həmin şəkilçi ilə keyfiyyət, xasiyyət, əlamət və s. bildirən sifətlər əmələ gəlir: pasli (kifli), boğozli (qarınqulu), zırıkli (dəcəl), felli (ədəbaz), qanni (qanlı), canni (canlı), nişanni (nişanlı); Buğda-ətməgin yoxisə, tatli dilin olsun (əski söz)\\ Yanuxli hava idi və s. [70, XI.1992].
2.-siz şəkilçisi. Bu şəkilçi ilə hər hansı bir keyfiyyətin yoxluğu, mövcud olmaması ifadə edilir. Belə bir mənaya görə həmin şəkilçi -li -şəkilçisinin əksini təşkil edir. Məsələn: Buynuzsuz koçun haxi buynuzli koçda qalmaz; Dəvətsiz gedən mindərsiz oturar (əski söz); Axılsiz baş əlindən səfil ayax nələr çəkür (əski söz); Adsiz kişi tanrıdan qorxar (əski söz); Çobansiz tavari qurd yiyar (əski söz/
Müasir Azərbaycan dilində olduğu kimi, Axısqa türklərinin dilində də bu şəkilçi ilə yalnız mənfi çalarlı deyil, həm də müsbət məzmuna malik sifətlər əmələ gətirmək olur: Basmaçılar - daşnaklar hücum etdilər,\\ Günəhsiz türkləri oda atdilər (Müsəddin).
Bəzən bu şəkilçinin birvariantlı formasından (siz) bədii əsərlərin dilində istifadə olunur: Kanli-yaşi yer yüzuna talqalar\\ Başsiz-kiçsiz çekilmayin xar yana (Mehriban Əliyeva).
3.-acax, -əcax şəkilçisi: Öpüləcax yuzi tüfrüləcax etmə (əski söz), Toğacax davar. İnanılacax şeylərə qısaca və topdan inanmaxdür [44, IV-V.1992].
4.-lux şəkilçisi. Axısqa türklərinin dilində bu şəkilçi də birvariantlıdır. Əsasən isim düzəldən şəkilçi olsa da, bəzi məqamlarda söz birləşməsi şəklində ikinci tərəfin əlamət və keyfiyyətini interpretasiya edir: Bitmədi fələgin ayrilux qəmi (M.Paşali oğli); Aylux və yillux üzvlük haxlari (vznoslar/vaxti-vaxtında yığılmaduğundan büdcəmizdə para yoxdur [44, IV-V.1992]; Atatürk sual ediyer ki, nəsil oldi ki, təkbaşan o ağırlux mərmiy qaldura bildin [44, IV-V.1992].
5.-maz, -məz şəkilçisi: Qanmaz (adam), ağnamaz (oğlan) və s.
Axısqalıların dilində sifət düzəldən şəkilçilərin əksəriyyəti qeyri-məhsuldardır. Bunlar aşağıdakılardır:
1.-ux şəkilçisi. Bu şəkilçi də birvariantlıdır. -ux şəkilçisi ilə fel köklərindən hal-vəziyyət və keyfiyyət bildirən düzəltmə sifətlər formalaşır: Tava dəlux, tas dəlux, bu da gəldi üstəlux (əski söz); Az idi arux-urux, biri də gəldi cırux (əski söz); Bulanux suda boy vermə, boyun görünməz (əski söz).
2.-ülli şəkilçisi. Bu şəkilçiyə Azərbaycan dilində təsadüf edilmir. Axısqa türklərinin dilində isə aşağıdakı sözlərin tərkibində işlədilir: bəxtüllü, səvgülli: Bəxtülli puvar sana\\ Yar yüzünə baxarsın (mani).
3.-gən şəkilçisi: Ərgən oğlan, ərgən qız\\ Baxduxca sərinnənür (mani).
4.-Ri şəkilçisi: əgri, yaturi (incə). Göz oxşaduxca uzanan bu egri-bügri dağ yoli bizi bir yuvadan ayıriyersa, başqa bir yuvada yaxunlaşduriyerdi [70, XI.1992] Taştana, yaturi kızdur (danışıqdan) və s.
5.-ağan, -egen şəkilçisi. Fellərə artırılan bu şəkilçi iş və hərəkətin daimi xarakterdə olduğunu, vərdiş halına keçdiyini ifadə edir: Yatağan arslannan gezegen tilki eydir (əski söz).
6.-ici şəkilçisi. Axısqa türklərinin dilində bu şəkilçinin də birvariantından istifadə olunur. Həmin şəkilçi ilə bacarıq mənalı düzəltmə sifətlər əmələ gəlir. Axısqa türklərinin dilində -ici şəkilçisi mürəkkəb sözlərə artırılaraq sifət əmələ gətirir: İnşallah ki, ədalətli, insafverici allahın sayasında, xalqımızın birluği və əzim-davası sayasında Vətənimizi alacavux [44, IV-V.1992], Adamyeyici qaynanasi vermiyer (nağıllardan).
7.-ca, -cə şəkilçisi. Bu şəkilçi ilə artıqlıq mənalı düzəltmə sifətlər əmələ gəlir: Ağnaşılan ki, bir alaca douzi əskükdür (İ.Səfil); Bir yeşilca taldur vətən (G.Şahin); Buruna bolca su alıb yaxama [48, 03.VII.1992]; Bir gözəlcə amaldayux, Mor mənəmşə xəyaldayux (cabir Xalidov).
8.-an, -ən şəkilçisi: Gülən günəş, gələn yağış\\ Xoş görüşdux, xoş görüşdux (cabir Xalidov).
9.-dakı, -dəki şəkilçisi. İsimlərə artırılaraq əşyanın mövqeyini təyin edir: Bir baxan yox yürəkdəki dağlara,\\ Ölən öldi, mərəz qaldi sağlara (Məhəmməd Paşali oğli).
10. -c şəkilçisi. İsimlərə artırılıb düzəltmə sifət əmələ gətirir. Azərbaycan dilində bu şəkilçinin funksiyasını -ca şəkilçisi yerinə yetirir. Axısqa türkləri bala sözünə -c şəkilçisini artırdığı halda, bu məqsəd üçün Azərbaycan türkləri -ca şəkilçisindən istifadə edirlər:
Bir balac taxça, içi daş mixça (bulmaca); Bir balaca boyu var (Azərbaycan dilində).
11.-ma, -mə şəkilçisi. Bu şəkilçi də fellərə artırılaraq düzəltmə sifət əmələ gətirir: Pikalli yaylalar, çatma xanalar (S.Bayraqdarova);\\ İstanbulda tikmə daş,\\ Gəliyer iki kardaş (folklor nümunəsi).
12.-k şəkilçisi. Azərbaycan dilində olduğu kimi, Axısqa türklərinin dilində də fellərə əlavə edilərək düzəltmə sifət əmələ gətirir.\\ Küçük kövün böyük ağasi (əski söz).
13.-ki şəkilçisi. Birvariantlı formada Axısqa türklərinin dilində istifadə edilir. Bu şəkilçi "bıldır", "içəri", "yarın" və s. zaman məzmunlu sözlərə qoşularaq əşyanın, hadisənin yerini ifadə edən sifətlər əmələ gətirir. Bunlar müəyyən bir əşya və hadisənin yerini göstərməklə onları başqalarından ayırıb, təyin etməyə xidmət edir. Bu sifətlər keyfiyyət, hal-vəziyyət, xasiyyət, rəng və s. kimi xüsusiyyətləri göstərə bilmir [31, s. 79]. Bıldırki nasıl oldi [70, XI.1992].
14.-gi şəkilçisi: edərgi, köçərgi və s.
15.-ti şəkilçisi. Fel köklərinə artırılaraq düzəltmə sifət əmələ gətirir: sürinti, sülənti və s.
Bu dildə bəzən sifəti sinonimi ilə birlikdə işlədirlər. Sinonim sözlərdən biri sadə, digəri isə düzəltmə olur. Məs.: Qolay - xeyrli olsun işiz [48, 03.VII.1992].
Mürəkkəb sifətlər. Axısqa türklərinin dilində mürəkkəb sifətlər iki sözün müxtəlif şəkildə birləşməsi nəticəsində əmələ gəlmişdir. Mürəkkəb sifətlərinin tərkibində tarixən olduğu kimi, -li şəkilçisi də iştirak etmişdir. Belə bir quruluş müşahidə olunur: sifətcisimcli şəkilçisi. Məsələn:
Qaragünlü cəməhətin qəlbindən bir şey silinmədi [70, 02.XI.1992]; cumadan-cumaya gəlür sədələr,\\ Ağsuvaxli, mərmər taşli odalar (S.Bayraqdarova);
Mesxet türklərinin ağsaxali Rasim Bayraqdarov çıxış etdi [70, 02.XI.1992]; Elə bir yar səvmişim\\ Ortaboyli, mor çiçək (mani).
Axısqalıların dilində mürəkkəb sifətlər aşağıdakı yollarla əmələ gəlmişdir:
1.İki sadə sifətin təkrarı ilə: Uzun-uzun qəmişlər,\\ Axşam bizə gəlmişlər (bulmaca); Sabağinən qaxdım ki, tarlada başi bayaz-bayaz adamlar oturiyer [48, 03.VII. 1992]; Oyan da, oyan ufax-ufax yavrum\\ Şafax da yengi atiyer (cabir Xalidov);
2.İki düzəltmə sifətin yanaşı gəlməsi ilə: Zilli-zilli qoçlar qurban kesiliyerdi (nağıllardan); Haluxli-haluxli dərələr uzaniyerdi (G.Şahin), Qarli - buzli dağlar haxlıma gəldi (İlim Şahzadayev); Çamli - namudli meşa haxlıma gəldi (İlim Şahzadayev).
3.Sadə və düzəltmə sifətlərdən əmələ gələn mürəkkəb sifətlər: Qolay-xeyirli olsun işiz [48, 03.VII.1992]; Qaragünli cəməhətin qəlbindən bir şey silinmədi [70, V.1992].
4.-li və -siz şəkilçili eyni sifətin təkrarı ilə: Günahli - günahsiz adamlar sürilirdi (G.Şahin).
5.İsim və sifətin yanaşı gəlməsi ilə: Qan qırmızı, südbəyaz, qaz yumurtasından böyük (bulmaca).
6.Bir əsli sifət və bir isimdən əmələ gələn mürəkkəb sifətlər. O, targöz adamdır (danışıqdan); Pitnagöz puvarlar axar (G.Şahin).
7. Birinci tərəfi semantik, ikinci tərəfi asemantik sifətlərin birləşməsindən ibarət olan mürəkkəb sifətlər: Göz oxşaduxca uzanan bu egri-bügri dağ yoli bizi bir yuvadan ayıriyersa, başqa bir yuvaya yaxınlaşduriyerdi (K.Şahin); cəməhəti dəlük-dəşük vaqonlara doldurdular (Ş.Adıgünli).
8.Antonim sifətlərin birləşməsindən əmələ gələn mürəkkəb sifətlər. Uzax - yaxın (adamlar), alçax - yüksək (təpələr) və s.
9.Tərəfləri sinonim sifətlərdən ibarət olan mürəkkəb sifətlər. Kolay-yünqül (oyunlar), kaba-tavli (cocuxlar).
10.-dan, -dən şəkilçili isimlə, bir sifətin birləşməsindən ibarət olan mürəkkəb sifətlər. Yildənqalma (iş), kiprikdənkənar (qaş) və s.
11.Bir say və bir sadə isimdən əmələ gələn mürəkkəb sifətlər: Dadaşım ikimərtəbə əv tikdiriyer (danışıqdan). Doxxuzarşınli (çit) və s.
Axısqa türklərinin dilində digər dillərdən alınan sifətlərə də rast gəlirik:
a) Ərəb dilindən alınan sifətlər: bayaz, mavi, jəhil, jəsür (tez), xor (biabırçı), havayi, fuxara, zalım və s.
b) Fars dilindən alınan sifətlər: azat, bed, murdal, təzə, siyah, səsəni, narınji və s.
v) Rus dilindən alınan sifətlər: xurom (sapuklar), andatır (papax), iştapil (buluz) və s.
Axısqa türkləri Gürcüstanda əvvəllər yaşadıqları üçün gürcü dilində də bir çox sifətlər mənimsəmişlər: Usta Mürtəz söyləmiyer hənəgi// Kudo öküz ürküdəməz sinəgi (Aşıq Mürtəz).
Axısqa türklərinin dilində işlədilən sifətlərin əksəriyyəti Azərbaycan və digər türk dilləri ilə eyniyyət təşkil etsə də, fonetik cəhətdən bəzi fərqlənmələr müşahidə edilir. Məsələn, müqayisə et: alovlu (Azərb. dilində) - alavli (Axısqa türklərinin dilində): Alavli yürəgin ataşsız yandi (Xalid Acarli).
Soyuq (Azərb. dilində) - savux (Axısqa türklərinin dilində): Yüz yillux ömürə ömür demazdım,\\ Savux puvarlardan içsaydım, Vətən (G.Şahin); Yaşıl (Azərb. dilində) - yeşil (Axısqa türklərinin dilində): Oleydim təzədən körpə bir çoçux\\ Yeşil dərələrdə qaçeydim, Vətən (G.Şahin).
Axısqa türklərinin dilində indi işlədilən bir sıra sifətlər ən qədim formasını saxlamışdır. Məsələn, yüskək sözü klassiklərin və qədim türkdilli abidələrin dilində işlənmişdir. Dilin sonrakı inkişafı prosesində k-s yerdəyişməsi nəticəsində bu sifət yüksək şəklinə düşmüşdür. Lakin Axısqa türklərinin dilində ilkin formasını qoruyub saxlaya bilmişdir. İndi bu əhaliyə məxsus mətbuatın dilində də həmin sifət qədim formasında olduğu kimi işlədilir: Yüskək əvin yanında iki atın bağli olduğuni göriyer [70, XI.1992]; Tağ qədər yüskək odun yığduryer də... ("Şah Abbasinən usta" nağılından) və s.
Axısqa türklərinin dilində işlənən qədim sifətlərdən biri də "dəli" sözüdür. İgid mənasında: Dəli cəməətlərə baxdım,\\ Satıb savub yola çıxdım (Aşıq Mürtəz).
Sifətləşən sözlərdən biri də tuy sözüdür. Qədim türk sözlərindəndir. "Tük" mənasındadır. Aşağıdakı şer parçasında "yastux" sözünün əlamətini ifadə etmişdir:\\ Tuy yastux versə, qoyma başına,\\ Ara qardaş adam, qal qapısında (Aşıq Mürtəz).
Axısqa türklərinin dilində bəzən sifət əşya bildirən sözdən sonra işlənir. Məsələn: Bir çeşmədən süd bəyaz bir göz yaşi,\\ cabir çeşmədən iç, keçüt keç, tağ aş (c.Xalidov).
Axısqa türklərinin dilində sifətin aşağıdakı məna növlərinə rast gəlinir:
1.Rəng bildirənlər: Bir gözəlin yanağında\\ Bir qaraca xaldur vətən (c.Xalidov); Bülbülün geydiğu yeşil,\\ Kırmızi gülə dolaşur (Musiqi folkloru); Uzaxdan baxarsan - yeşil təpəli,\\ Yaxına gedərsən, gülli-çiçəkli (İlim Şahzadayev); Ağ axça qara gün içindür (əski söz).
2.Məkan və həcm əlamətləri bildirənlər: Ərəb atlar yaxın eylər iraği,\\ Yuca dağdan aşan yollar bizimdür (Dadaloğlu); Yaprax uldi kuçuk yürək bədəndə,\\ Vətənsizəm-yabançıyam hər yerdə (Xeyransa Mirzəyeva).
3.Dad bildirən sifətlər:
Zəhmətinən yeyilən aci soğan, minnətinən yeyilən baldan tatlidur (əski söz).
4.İnsan, heyvan və əşyaların xarici görünüşünü, əlamətlərini bildirən sifətlər: O al yanaqların rəngimi soldi,\\ O gül dodaxların dinməzmi qaldi (Xalid Acarli); Topal eşşəginən karvana qoşulma (əski söz); Uli gözi ilə qız al, ərgən gözi ilə at al (əski söz).
5.Ümumi keyfiyyət bildirən sifətlər: cik yumurta soyulmaz (əski söz); Çuruk taxta mux götürməz (əski söz); Çuruk iple quyuya enilməz (əski söz); Qara bulud başımizi bürüdi,\\ Üstümüzdə savuk buzlar ərüdi (G.Şahin).
Axısqa türklərinin dilində də sifətlər əşyaları eyni dərəcədə təyin etmir, bir sıra sifətlərin adi (normal) bəzilərininki az, bəzilərinki isə çox olur. Digər sifətlərdə müqayisə etmək bacarığı qüvvətli olur, buradan sifətin müqayisə dərəcələri ortaya çıxır. Bu keyfiyyətlər sifəti digər nitq hissələrindən fərqləndirir.
Axısqa türklərinin dilində sifətin aşağıdakı dərəcələri fərqləndirilir:
1.Adi dərəcə. Adi dərəcənin müəyyən göstəricisi yoxdur, bu bütün dərəcələr üçün açardır. Digər dərəcələr onun əsasında formalaşır. Məsələn: Paravozun tüstüsü,\\ Almarım bən pis kızi,\\ Alurum gürcü kızi\\ Yanaxlari kırmızi [27, s. 47]; Dərədən endim ancax,\\ Başımda yeşil sancax,\\ Nə qız oldum, nə gəlin,\\ Yanaxlari kırmızi [27, s. 47]; Ağ alma, qızıl alma\\ Gəl yola düzül alma [27, s. 143]; Qara göz, mavi göz,\\ Kor, topal, lal, sağıl, gəl\\ Sari ipək sararım (mani).
2.Azaltma dərəcəsi. Bu dərəcənin əksər türk dillərində morfoloji göstəriciləri mövcuddur. Axısqa türklərinin dilində bu göstəricilərdən nisbətən az istifadə olunur. Bu dərəcə çox vaxt sintetik yolla meydana çıxır. Məsələn, Axısqa türklərinin dilində rəng bildirən sifətlərə açux sözünü artırmaqla azaltma dərəcəsini əmələ gətirmək olur: açux kırmızi. Axısqa türklərinin dilində azaltma dərəcəsini "al" sözünün rəng bildirən sifətlərə əlavə edilməsi ilə də düzəltmək olur. Məsələn: Bir çift gözəl enmiş yola,\\ Yollar al-kırmızi ola [27, s. 169].
3.Müqayisə dərəcəsi. Bu dərəcə Axısqa türklərinin dilində təvür, çalan, kimi, baxan sözləri ilə ifadə olunur. Məsələn: qırmıziya çalan, qırmıziya baxan, qırmızi təvür, qırmızi kimi (bütün şivələrdə). Bu sözlərdən Azərbaycan dilinin bəzi dialektlərində müqayisə dərəcəsi düzəltmək üçün istifadə olunur. Təhər sözü ilə qərb dialektində: ansı təhər (G.Qar), baxar, çalar sözləri ilə Qarabağ və Naxçıvan dialektlərində: sarıya baxar, sarıya çalan//çalar (Qar. Nax) müqayisə dərəcəsi düzəlir [66, s. 181].
4.Üstünlük dərəcəsi. Axısqa türklərinin dilində üstünlük dərəcəsi iki şəkildə meydana gəlir: 1) analitik; 2) sintetik. Analitik yolla üstünlük dərəcəsi düzəldilərkən sifətin əvvəlinə müəyyən sözlər artırılır. Bunlar aşağıdakılardır:
1.Ən sözü ilə əmələ gələn üstünlük dərəcəsi: ən yaxşı, ən qara, ən mavi, ən gög və s.
2.Ey sözü ilə: ey gözəl, ey qolay və s.
3.Pək sözü ilə: pek küçük, pek mavi, pek ufak və s. Ey dərə pek uzun dərə\\ Yola vurdun güzün dərə (cabir Xalidov).
4.Çox sözü ilə: çox ey, çox küçük, çox köti və s. Bu cocux çox küçükdür (danışıqdan).
5.Siyah sözü ilə: siyah qara, siyah mavi və s.
6.Mor sözü ilə: mor - mənəmşə, mor - qara, mor - qırmızi, mor - fişnə və s. Mor-mənəmşə xayaldayux\\ Bir tatlıca amaldayux (cabir Xalidov).
7.Rasa sözü ilə: rasa qara, rasa gözəl və s. "Rasa" - çox deməkdir.
8.Tey sözü ilə: Tey - tamam deməkdir. Tey qara, tey mavi, tey sari və s. Tey sari alma aldım (danışıqdan).
"Tey" sözünə Azərbaycanın bəzi dialektlərində, o cümlədən cəbrayıl keçid şivəsində də rast gəlirik. Məsələn: Parça tey qırmızıdır: Tey qara kastyum aldım (danışıqdan).
9.Qattıx sözü ilə: qattıx təzə, qattıx qara, qattıx mor və s.
10.Qat sözü ilə: qat təzə. Azərbaycan dilinin dialektlərində "qət" şəklində işlədilir: qət təzə.
11.Yaman sözü ilə: yaman yaxşi, yaman köti və s.
Axısqa türklərinin dilində yaman sözü əsl mənasından, yəni pis sözünün sinonimliyindən kənara çıxıb onun əksi olan ə"la mənasını da bildirir.
Sifətin üstünlük dərəcəsi sintetik yolla sözün ilk iki səsinə və ya ilk hecasına aşağıdakı səsləri əlavə etməklə əmələ gəlir:
1.-m-səsi: bomboş, kömgög, yemyeşil və s. Dərənin ədrəfi yem-yeşil xali,\\ Çıxanda gezməyə görükməz ardi (İlim Şahzadayev).
2.p- səsi: bopboz, bapbayaz, qapqara, yepyeşil, dupduru və s. Əğladuxca axar gözlərim yaşi,\\ Dupduri puvari haxlıma gəldi (İlim Şahzadayev).
3.l- səsi: çilçiplax. Çilçiplax cocux çayın ədrəfinə uzaniyerdi.
4.-ş səsi: beşbetar.
Bundan əlavə, Axısqa türklərinin dilində sintetik tipli üstünlük dərəcəsinin başqa bir formasına da təsadüf edilir. Belə ki, üstünlük dərəcəsini bildirən hissə ilə sifət arasına bolom, bolan, balan, pələm, balam, bələm hissəcikləri də əlavə olunur. Məs.: bombolamboş, bapbalam, boz//banbalanboz, düppələmdüz, dünbələndüz və s. Bu xüsusiyyətə Azərbaycan dilinin qərb qrupu dialektlərində də rast gəlinir. Bu dialektlərdə yuxarıda göstərdiyimiz hissəciklərdən ikisi-bələn və balan sözlərə əlavə olunur: gömbələngöy, dümbələndüz, bambalanboş, lümbələnlüt [66, s. 182].
Axısqa türklərinin dilində sifətin üstünlük dərəcəsini yaratmaq üçün söz kökünün ortasındakı samitin qoşalaşması hadisəsindən də istifadə edilir. Bu hala yalnız qoca sözündə rast gəlinir. Qoca sözünün -c səsi qoşalaşır və sifətin üstünlük dərəcəsini yaradır. Məsələn: Qocca bir çocux olmiş (3), Qocca adamsında hələ aqnamiyersin (S) və s.
Axısqa türklərinin dilində daha çox üstünlük dərəcəsini şiddətləndirmək üçün m- səsindən istifadə edilir: Ağ köksün arasi zəmzəm puvari,\\ İçsəm öldürürlər, içməsəm ölürüm (Dadaloğlu).
Üstünlük dərəcəsini əmələ gətirmək üçün bu dildə -ca -şəkilçisindən də istifadə olunur: qaraca, tatlıca, alaca, yeşilca və s. Onu da qeyd etmək lazımdır ki, Axısqa türklərinin dilində bu şəkilçinin birvariantından (ca) istifadə edilir. Məsələn: Meyvəsi palli ağaçda\\ Bir yeşilca taldur vətən (c.Xalidov); Bir gözəlin yanağında\\ Bir qaraca xaldur vətən (c.Xalidov); Mor-mənəmşə xayaldayux\\ Bir tatlıca amaldayux (c.Xalidov).
"Kitabi-Dədə Qorqud" dastanlarının dilində də -ca, -cə şəkilçisi sadə və düzəltmə sifətlərin sonuna artırılaraq dərəcə məzmunu ifadə etmişdir; məs.: Ağca qoyun qoyun gördügündə quyruq çırpıb qamçılayın [55, s. 95].
Axısqa türklərinin dilində keyfiyyət və əlamətin tamlığını, ikiqatlığını bildirmək üçün sifətlərin təkrar formasından da istifadə olunur. Burada iki eyni sifət təkrar edilir. Axısqalıların dilində geniş şəkildə müşahidə olunan bu əlamət "Kitabi-Dədə Qorqud"un, orta əsr abidələrinin dilində də çox işlənmişdir. Aşağıdakı müqayisədən də bunu görə bilərik:
"Kitabi-Dədə Qorqud"un dilində: Böyük-böyük suların körpüsü ağac. Qara-qara gəmisi ağac. Quru-quru çaylara suçi saldım. Qıyma-qıyma ağ ətindən çəkin qara qovurma bişirin və s. Axısqa türklərinin dilində:\\ Yar əlində toli-toli qədəhlər,\\ Bəni küt eylədi dərtlər-mərəqlər ("Yarali Mahmud" dastanından); Ağır-ağır urba geydim [27, s. 70]; Ağır-ağır əv süpürdüm,\\ Ağır-ağır süfrə kurdum [27, s. 69];
Sabağinən qaxdım ki, tarlada başi bayaz-bayaz adamlar oturiyer [48, 03.VII.1992]: Ab-havasi sərin-sərin\\ Dərələri dərin-dərin (c.Xalidov),\\ Uzun-uzun qəmişlər,\\ Axşam bizə gəlmişlər (bulmaca).
Türk dillərində geniş yayılmış hadisələrdən biri də bir nitq hissəsinə aid müəyyən sözlərin başqasının yerində işlənməsi, digər nitq hissəsinə keçməsidir. Belə proseslərdən biri sifətin ismə keçməsidir. Bu, sifətin substantivləşməsi də adlanır. Sifət mətn daxilində substantivləşdiyi üçün belə keçid müvəqqəti hesab edilir.
Axısqa türklərinin dilində də bu hadisə geniş müşahidə edilir. Məsələn: Bülbülün geyduği sari\\ Bülbülün geyduğu yeşil (folklor nümunəsi); Karalar geymişin, karadır kaşın,\\ Qüdrətdən çəkilmiş, yasadur başın.\\ Bayazın adı var, qaranın dadi var (əski söz).
Azərbaycan dilində olduğu kimi, Axısqa türklərinin dilində də "qara (kara)" sifəti birdəfəlik substantivləşmişdir. Yəni, bu söz həm rəng bildirən sifət kimi, həm də kütlə, yoxsul camaat, sürü və mal-qara mənalarını ifadə edən isim kimi işlənmişdir. Məsələn: Kara cəməət yığılıyerdi [48, 03.VI.1992].

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz