.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
4.2.1. İsim.

     

Güclü yad təsirlər əhatəsində olmasına baxmayaraq, Axısqa türklərinin dilində adlarla bağlı milli, orijinal xüsusiyyətlər qorunub saxlanmışdır.
Müxtəlif əşyaların adlarını bildirdiyi üçün isimləri aşağıdakı növlərə ayırmaq olar:
1. Şəxs adlarını bildirən isimlər. Xüsusi adların bu növünə kişi və qadın adları, familiyalar və ləqəblər, eləcə də nəsil adları daxildir. Axısqa türklərinin dilində işlədilən şəxs adlarını aşağıdakı kimi qruplaşdırmaq olar:
a) Kişi adlarından ibarət olan isimlər: Abbas, Abdul, Bekir, Vətən, Ğafur, Dəmür, İsmət, Kətib, İlim, Osman, Fəzli, Həmit və s.
Axısqa türklərinin dilində mürəkkəb kişi adları da çox işlənir: Lətifşah, Mərdali, Dursunali, Əmürxan, Bekzadə, Təhərmirzə, Elbəqi, Şahzadə və s.
b) Qadın adlarından ibarət olan isimlər: Asli, Altun, Bəlkiya, Qəvhar, Qünəş, Dəstə, İpək, Kəbirə, Niqər (sadə), Yazqül, Şahsənəm, Narqül, Narqözöl, Mahşəkər, Janxanım, Qülbahar, Qüldəstə, Bağdaqül (mürəkkəb).
v) Familiya bildirən isimlər -ov, -yev, -yeva şəkilçiləri ilə düzəlir: Akifov, Abidov, Lətifov, Aslanova, Binaliyeva, Heydarova və s.
Axısqa türklərinin dilində gürcü, qazax familiyalarını bildirən isimlərə də rast gəlirik. Bu da, onların həmin ərazilərdə tarixən yaşamaları ilə əlaqədardır: Beridze, Kiknadze, Qoqolaşvili (gürcü), Raxmatullin, Mustafina (qazax).
q) Ləqəblərdən ibarət olan xüsusi isimlər. Ad yasağı ilə bağlı olaraq Axısqa türkləri bir - birinə ləqəblərlə daha çox müraciət edirlər. "Bir-birinə çox vaxt adla yox, məhz belə ifadələr və ləqəblərlə müraciət etmələri, yəqin ki, qədim magig təsəvvürlərin, insanı şərdən qorumağa yönəlmiş ad yasağının qalığıdır" (27, s. 89). Axısqa türkləri arasında yayılmış əsas ləqəblər bunlardır: Aprak (tənbəl), Beç-səmə (yelbeyin), Verasiya (avara, səfil), Qabaquyrux (yekəbaş, lovğa), Şoşi (acgöz), Hoyrat (eybəcər), Quduz böcek (əsəbi, çılğın), Nakubal (balacaboy), Poşa (səfil), Peçxat (əl-ayağa dolaşan adam), Palabuyrux (lovğa), Sürünti (gəzəyən), Sünəfə (acgöz, qarınqulu), Soxax süpürgəsi (gəzəyən adam), Əgri (yovuşmaz adam), Gecrəvi (dəcəl, zəhlətökən), Xınzır (kobud), Çibil (fağır), Manqurt (tənha, yad), Fetil (zəif), Tazlax, Sırıx, Filiç boyli (uzun adam/,Ağzıqara (Rəhim), Zarxoş (Qafur), Qanli (Osman), Qurd (cələm), Dınbıl (Xəlil), Tilos (Xəlil), Atqafa (Məcid), Zıbıl (Məhlüd), Zəhət (Zəhəddin), Şamo (Şəhməndər, Təfo (Təvfik), Fato (Fətimə) və s.
d) Nəsil adlarından ibarət olan isimlər. Nəslin mənşəyi nəsil adlarında, taxımlarda əks olunur. Axısqa türklərində nəsil adları soy-kök, peşə-sənət, tarixi xidmətlər nəticəsində meydana çıxır. Taxımın hər birində bir neçə ailə, familiya əks olunur. Axısqa türklərində, əsasən, - gil və - lar, - lər şəkilçiləri ilə əmələ gələn taxımlar çoxluq təşkil edir: Balcigil, Dabaxgil, Badurgil, Bampagil, Torogil, Qocagil, Çolakgil, Mehrigil, Qoryagil, Çobangil və s.
-gil şəkilçisi mürəkkəb taxım adlarına da qoşulur: Səfərdədəgil, Saracoğullarigil, Süliağagil, Qayadədəgil, coşğundədəgil, Ömürdədəgil, Topaloğullarıgil, Yavanoğullarigil, canioğullarigil və s.
- lar, - lər şəkilçili taxım adları: Boranlar, Abdurazaxlar, Totoşlar, Kirtanalar, Lanqalar, Həkimgillər, Qırımlar, Bayraqdarlar, Gidellər və s.
2. Ümumi insan adlarından ibarət olan isimlər. Belə isimlər qohumluq bildirən terminlərdən ibarətdir: dada (böyük qardaş), nənə, baba, ana, torun (nəvə), şöbere (nəticə), şöpşek (kötücə), görüm (baldız), abla (böyük bacı), koja (ər), kari (arvad) və s. Ana qızına taxt vermiş, baba qızına baxt vermiş (əski söz); Kari yüzli adamnan, adam yüzli karidən əlhəzə (əski söz); Yengələrin evinə düşmüş (türkü) və s.
3. Heyvan adlarını bildirən isimlər. Belə isimlər zooloji terminlərdən ibarətdir: tavar, tay, oğlax, avi, sığın, tavşan, douuz, kuzi və s. Gezərdi içində avisi, kurdi (İlim Şahzadayev), Büzüler porsux kimi (herslatma), Avi meşədən küsmüş... (əski söz), At olmiyan yerdə eşəg də atdur (əski söz), At yerinə eşəg bağlama (əski söz) və s.
4. Bitki adlarını bildirən isimlər: kirəz (gilas), jəuüz (qoz), ulaf (darı), pirinç (düyü), çarxala (çuğundur), qül, lələ, kar çiçəqi, mənəmşə və s. Bağ başında kirəzlər, Nəçün meyva vermazlar (mani); Pirincli plavda büşürdilər (türkü); Güzə yaxın meyvələri döşrulur; Pantasi, füruci, haxlıma gəldi (İlim Şahzadayev) və s.
5. Bədən üzvlərinin adlarından ibarət olan isimlər: yüz, arın, yanax, boyun, boğaz, əl, bel, parmax, kıç və s.
6. cansız əşyaların adlarından ibarət olan isimlər: zandux, çırağ, taş, yastux, orax, məndil və s.
7. Peşə, vəzifə və ixtisasla bağlı isimlər: Meyxanaçi (Meyxaniçidən şahit iştədilər, sərxoşi göstərdi (əski söz); zurnaçibaşi (Zorun var isə, zurnaçibaşi ol (əski söz), Avci (Avci vurdu düşürtdilər yuvadan (türkü).
8. Toponimik vahidlərdən ibarət olan isimlər: Varxan, Seniban, Abastuban, Laşe, Kikinet, Pulate, Zediban, cela, Adıgün, Zanav və s.
9. Mücərrəd məfhumların adlarını bildirən isimlər: hetmat (Nə hekmatdur - kavuşsam da, ayrılsam da yaşi sel-sel (c. Xalidov), Həsrət (həsrət çəkdim, səni gördüm (c. Xalidov), qürbət (Qürbətlərdə kimsən yoxmi, təkmisin (İ. İdrisov) və s.
İsmin quruluşca növləri. Digər türk dillərində olduğu kimi, Axısqa türklərinin dilində də ismin quruluşca üç növü vardır: a) sadə isimlər; b) düzəltmə isimlər; v) mürəkkəb isimlər.
Sadə isimlər. Axısqa türklərinin dilində sadə isimlərin çoxu təkhecalıdır: eş, yo, taş, tas, av, aş, ög, ox, yil və s. İkihecalı sadə isimlər də bu dildə çoxluq təşkil edir: abla, torun, koja, dünqür, yenqə, kütən, ətmək, tərək və s.
Üçhecalı sadə isimlər əsas etibarı ilə onomastik vahidlərdən ibarətdir: Qülzədə, Qüldəstə, Narqözöl, Bağdaqül, Janxanım və s.
Elə sadə isimlər vardır ki, bunlar digər türk dilləri ilə müqayisədə işləkliyini itirməmişdir: siqa (kirşə), tağara (təknə), kersan (ləyən), lazut (qarğıdalı), enişta (kürəkən), yegan (bacı və qardaş uşağı), güz (payız), elti (qardaş arvadları arasındakı qohumluq münasibətləri), eş (yaşıd, yoldaş) və s.
Bu sadə isimlərə qədim türkdilli abidələrdə də rast gəlmək olur [177; 178; 179].
Düzəltmə isimlər. Axısqa türklərinin dilində bir sıra isim düzəldən şəkilçilərin türk dillərində qarşılıqları vardır, lakin məhsuldarlıq baxımından diferensial cəhətlər də müşahidə edilir.
Axısqa türklərinin dilində də isim düzəldən şəkilçilər məhsuldar və qeyri - məhsuldar olmaqla fərqlənir. Məhsuldar şəkilçilər digər türk dillərində işlənən isim düzəldən məhsuldar şəkilçilərdən variantlarına, bəzən də yaratdığı sözün mənasına görə fərqlənir.
Axısqa türklərinin dilində isim düzəldən şəkilçilər ad və fellərə artırılır.
1. Adlardan isim düzəldən şəkilçilər.
-çi şəkilçisi. Bu şəkilçi Axısqa türklərinin dilində ən çox işlənən şəkilçilərdəndir. Bu şəkilçi həmin dildə birvariantda işlənir və peşə, sənət, məşğələ, adət, xasiyyət və s. mənalı sözlər düzəldir.
Nümunələr: Basmaçilar -daşnaklar hücum etdilər, Günəhsiz türkləri oda atdilar (Müsəddin); Meyxanaçidən şahit iştədilər, sərxoşi göstərdi (əski söz), Yalançinin quyruği peşində olur (əski söz), Xalam əvçi dür (danışıqdan), Əvçi -düzəlmə isiminə qədim türk yazılı abidələrində rast gəlinir [66, s. 133]. Türk dillərində ən qədim sözdüzəldici şəkilçilərdən olan -çı, -çi Orxon - Yenisey abidələrində də işlək olmuşdur. Müasir Azərbaycan, türk, tuvin, şor, kumık, qırğız dillərindən fərqli olaraq, abidələrdə bu şəkilçinin, əsasən, iki variantına rast gəlinir.
-çi şəkilçisi vasitəsilə Azərbaycan dilinin dialekt və şivələrində bir sıra yeni sözlər yaranmışdır. Muğan qrupu şivələrində işlənən ayağçi, baltaçi, börkçi (papaqçı), yamağçi (pinəçi, çəkməçi), aşığçi, obaçi, becərənçi, çalançi, bağbançi sözləri bu qəbildəndir [7, s. 75, 76].
-çi şəkilçisinin Axısqa türklərinin dilində inkişafı hələlik müşahidə olunmur. İnkişaf, hər şeydən öncə, variantlaşma ilə bağlı ola bilər. Yəni - çi şəkilçisinin gələcəkdə bu dildə yeni variantlar qazanacağı güman edilir. Müasir türk dillərində bu şəkilçi daha geniş yayılmışdır.
-lux//-nux şəkilçisi. Müasir türk dillərində məhsuldar şəkilçilərdəndir. Əksərən dörd variantda işlənən bu şəkilçi Axısqa türklərinin dilinin morfologiyasında iki variantda qalmışdır. Halbuki Azərbaycan dilinin dialektlərində bu şəkilçinin 40 variantına rast gəlinir.
Axısqa türklərinin dilində -lux//-nux şəkilçisi adlara artırılaraq keyfiyyət, xasiyyət, əlamət, peşə, hal-vəziyyət, yer və əşya ifadə edən isimlər əmələ gətirir: adamlux, insannux, qullux, satğunlux, eylux, azlux, çoxlux, samannux, dirgannux, ərgənnux və s.
-lux şəkilçisi qohumluq bildirən sözlərə əlavə olunaraq ögey qohumluq mənasını ifadə edən isimləri əmələ gətirir: bacilux, qardaşlux, analux, babalux və s.
Nümunələr:
Diyer ki, oninan biz bacilux oldux; Onunki analux iydi (danışıq dilində).
Qohumluq bildirən sözlərə artırılan lux şəkilçisi bəzən -gil şəkilçisinin funksiyasını yerinə yetirir. Məsələn: xalalux (xalagil), emilux (emigil), bacilux (bacigil) və s.
Nümunələr:
Anşa bacilux (bacımgil) gəldimi ondan? Analux (anagil) nera getdi?
-li -ni şəkilçisi. Bu şəkilçi vasitəsilə Axısqa türklərinin dilində müxtəlif mənalı isimlər əmələ gəlir: köyli (kəndli), kövli, pulateli, tormanli, sıhırli (seyirli), atli (gəlini gətimək üçün gedən adam) və s.
-ci şəkilçisi. Axısqa türklərinin dilində birvariantlıdır. Bizim dilimizdəki -çi şəkilçisinin funksiyasını yerinə yetirir. Belə bir xüsusiyyətə digər türk dillərində rast gəlmək olmur. Nümunələrə diqqət edək:
Məhəmməd Əfəndi qısa bir vaxtda bir çox gənc müəllimlər və yazıcilar yetişduriyer [48, 03.VII.1992], Zorbacidir bizim siçan [27, s. 136].
-nax şəkilçisi. Axısqa türklərinin dilində bu şəkilçi ilə topluluq mənasını ifadə edən isim düzəltmək olur: "yığnax": Axısqada ən gözəl el adətlərindən biri də "yığnax" olmuşdur. - Yazda bir neçə yaxın kəndin adamları toplaşıb bir aylığa dağa "tamaşaya çıxardılar", "yığnax" vaxtı çalğı çalınar, cəng tutular, el-oba şənlənərdi [27, s. 79]; dutnax: Dutnax yerim yox ki,\\ Şikayat edem\\ Gözümdən axiyer yaş birər-birər (L.Sağrızeli).
-lax şəkilçisi: otlax, yaylax, kışlax və s. Bu şəkilçi ilə Axısqa türklərinin dilində yer məzmununu ifadə edən isimlər formalaşır: Mal-qara yaylaxda uzun-uzadi mələşiyerdi [70, XI.1992]; Tavarlar kışlaxa gəliyerlar [70, XI.1992].
-lax şəkilçisi ilə yanaşı olaraq Axısqa türklərinin dilində -lay şəkilçisindən də istifadə olunur:
Orta Asiyanın yilan məliyan otlaylari [70, XI.1992]; Bir qarış paprozun uzuni, aldi çaylayi duman, Allah. [70, XI.1992].
-çaq şəkilçisi. Axısqa türklərinin dilində bu şəkilçi ilə əşya və alət bildirən düzəltmə isimlər əmələ gəlir. Məsələn:
Ah, xəstə, xəstə! Şorbani qoymur tasda (qabçaqda) əski söz). Bundan əlavə, bu şəkilçi Axısqa türklərinin dilndə "sallançaq", "yellənçəq" isimlərini də düzəldir. Müasir Azərbaycan dilində bu şəkilçinin -caq, -cək variantı işlədilir [31, s. 35].
Dialektlərimizdə -çax (-mçax) şəkilçiləri ilə qol, yan və sarım sözlərindən qolçax (biçin zamanı qola sarınan dəri), yançax (oturacağın bir tərəfi-adamda), sarımçax (qızların Novruz bayramında ağacdan asdıqları yelləncək (isimləri düzəlir. Misallar: - Qolçax bağlıyıllar ki, qılçıx adamın qolun yeməsin (T). - Yançağım ağrer, heş yayımı yerə qoyəmmerəm. (S.) - Qızdar sarımçax asıf yellənillər (M7) [12, s. 174].
Bu şəkilçi (-çax) Quba dialektində və Salyan rayonu şivələrində -çağ şəklində işlənir [64, s. 110]. Həmin şəkilçiyə çok formasında müasir özbək dilində: maktançok "lovğa". Özbəgistanda yaşayan türklərin dilində: maxtançax şəklində təsadüf edirik [186, s. 174]. "Yelləncək" sözünün sonundakı "-cək" şəkilçisi müasir qaqauz dilində "qoç" formasındadır: sallancaq (Axısqa türklərinin dilində) - sallanqoç (müasir qaqauz dilində); yellənçaq (Axısqa türklərinin dilində) - yellənqoç (müasir qaqauz dilində [186, s. 173].
-ğaç şəkilçisi. Bu şəkilçi ilə Axısqa türklərinin dilində "yaslanğac" (balış), "tutğac" (əlcək) sözləri əmələ gətirilmişdir.
-çuk -şəkilçisi: qolçuk.
Ol yanıma, sol yanıma, gəl otur yanıma.
Nazik de nazik qolçu kların sarçi də boynuma [27, s. 165]. Göründüyü kimi, "-çuk" şəkilçisi Axısqa türklərinin dilində kiçiltmə mənalı isimlər düzəldir. Müasir Azərbaycan dilində bu şəkilçinin vəzifəsini -cıq şəkilçisi yerinə yetirir: evcik, gözcük.
-ci y şəkilçisi: məniciy, yabanciy, anaciy və s.
Bu şəkilçi ilə Axısqa türklərinin dilində əzizləmə mənalı isimlər əmələ gəlir:
Müasir Azərbaycan dilində ciy şəkilçisinin funksiyasını -cığaz şəkilçisi yerinə yetirir: qızcığız, anacığız, evciyəz və s.
-cuq, -cux şəkilçisi ilə: boncuq, qızılcuq və s.
"Bon" sözü "boyun" sözünün ilkin formasıdır. Axısqa türklərinin dilində həmin formasını indi də saxlamışdır. "Bon" sözünə artırılan "cuq" şəkilçisi ilə zərgərlik termini əmələ gəlmişdir. Alboncuğu sarı-qəhvəyi rəngdə olur, bir il uşaq onu üstündə gəzdirir, suya salıb suyunu içirdilər [27, s. 98]; İnci boncuq boynunda,\\ Bir oğlanın koynunda [27, s. 131].
"Orxon-Yenisey" abidələrində bu sözün "bocuq" formasına rast gəlirik. Görünür, sözün ilkin forması "bo" olmuş, sonradan inkişafla bağlı türk dillərində müxtəlif variantlar əmələ gəlmişdir. bo-bon-mun-boyun (bocux, boncux, muncux, boyuncux).
"Qızılcux" - bitki adıdır. Axısqa türkləri zoğala qızılcux deyirlər. Görünür, türkdilli xalqlarda "qızıl yel" xəstəliyinin adı da bu bitkinin adı ilə bağlıdır. "Qızılcux" (zoğal) bu xəstəliyin dərmanıdır. Yel ayaq ağrısına qızılcuğu qaynadıb ayağı onun suyuna qoyurlar.
-çux şəkilçisi şəxs adlarına və sifətlərə də artırıla bilir: Emim oğli Musacux,\\ Qoli-budi qısacuk [27, s. 132].
-çə şəkilçisi. "Orxon-Yenisey" abidələrində kəp sözünə rast gəlirik. kəp tutdım (çömçə aldım) [142, s. 36]. "Kəp" sözü qədim türk sözlərindəndir, "çömçə" mənasındadır. Axısqa türkləri bu sözü "kəp" kimi deyil, "kəpçə" (kiçiltmə mənasında) şəklində işlədirlər. Məsələn: Yağ taşanda kəpçənin bahasi olmaz (əski söz).
-t şəkilçisi: yoğurt. Axısqa türklərinin dilində hazırda işlədilən bu sözə "Kitabi-Dədə Qorqud" dastanlarının dilində də rast gəlirik. Ancaq burada sözün sonuna "t" səsi yox, "d" səsi artırılmışdır: Gəlin ol kim soldıran soydır, sapadanca yerindən uru turar, əlin-yüzün yumadan toquz bazlamac ilən bir küvlək yoğurd gəvəzlər, toyınca tıqa-basa yeyər, əlin bögrinə urar [38, s. 33]. Axısqa türklərinin dilində:\\ Yoğurt içində bəkməz,\\ Bu bəkməz bizə yetməz,\\ Bu Varxanın qızlari\\ Davulsuz ərə getməz (mani). Bu fakt göstərir ki, Axısqa türklərinin dilini yalnız Azərbaycan dilinin müasir vəziyyəti ilə deyil, "Dədə Qorqud" dili ilə müqayisə etmək yaxşı olardı. Ş. Qurbanovun göstərdiyi kimi, "Ölməz "Dədə Qorqud"un dili onların dilinə daha çox yaxındır. Heç olmasa, "Dədə Qorqud"un xatirinə bu dili məhv olmaqdan qorumaq lazımdır [44, IV-V.1992].
-mac şəkilçisi: Bu şəkilçi qədim şəkilçilərdəndir, azməhsuldardır. Axısqa türklərinin dilində iki sözdə müşahidə edilir: tutmac, bazlamac: Oxlavısız tutmac olmaz (əski söz); - El bir bozlamaynan bazlamlanur da, biz bir qırıq bazlamaynan bazlamlanamazmuyux? [27, s. 131].
Məhsulun və əldə edilmiş nəticənin adını bildirən bu şəkilçi "bazlamac" sözünün tərkibində "Kitabi-Dədə Qorqud" dastanlarının dilində də işlədilmişdir: əlin-yüzün yumadan toquz bazlamac ilən bir güvlək yoğurd gəvəzlər [38, s. 33].
Azərbaycan dilinin qədim dövrlərində bu şəkilçi ilə dökməc, bulamac, bozlamac, umac, tutmac, kəsməc və s. kulinariya terminləri düzəldilmişdir.
Axısqa türklərinin dilində "mac" şəkilçisinin ən qədim forması olan "maca" "məcə" şəkilçisi də işlədilir: Heç saxlamasın canın,\\ Bu razıqdur götür nanın,\\ Kərəndəki dəstəxanın,\\ Qalan qırmaca yiyan gönül (Usta Mürtəz). Həmin şəkilçi ilə əmələ gələn "dönməcə" sözünə də təsadüf edirik. H.Mirzəzadə -macə, -məcə şəkilçisinin ancaq "Dərbəndnamə"nin dilində olduğunu göstərir və aşağıdakı nümünəni verir: Bir gecə həsarın dibinə ağac və kəsməcə töküb. şəhərə daxil oldular [55, s. 63].
-taş, -diş şəkilçisi: Bu şəkilçi vasitəsi ilə Axısqa türklərinin dilində yoldaşlıqla, həmyerliliklə və toy mərasimi ilə bağlı düzəltmə isimlər formalaşmışdır. Məsələn:- canım arxataş, nerə gediyersin? ("Şah Abbasinən usta" nağılından); Dostlarım və məsləktaşlarım, bədbəxt o millətdir ki, dindən-şəriətdən bol, imamdan kasaddır [44, IV-V.1992].-diş şəkilçisi Axısqa türklərinin dilində -dıci, -duci formalarında da işlədilir: Gəlin evə girdikdən sonra dişarıda "Sağdıci - solduci türküsü" deyilir:
-kuç şəkilçisi: cocux sallankuçda uçiyerdi (danışıq dilindən). "Sallankuç" sözü "yelləncək" deməkdir. "Kuç" şəkilçisi ilə düzələn isimlərə Azərbaycan dilinin Muğan qrupu şivələrində, həmçinin türkmən dilində təsadüf etmək olur.
-ma şəkilçisi: Bu şəkilçi ilə Axısqa türklərinin dilində məişətlə bağlı isimlər əmələ gətirilmişdir: Atmadan atdilər bəni (nağıllardan); Hər çağırılan evdən bu peşəkar təklifçiliyə müəyyən bəxşiş (para, şirniyyat, basdurma) verilir [27, s.68]. Aşağıdakı sözlər də bu qəbildəndir: buğlama, bazlama, savutma, kavurma, çixirtma, kazma, sırma, kavrama və s.
-im şəkilçisi: kəscim (kəsmək).
-ıx şəkilçisi: ancıx: Nişanlanandan sonra cümə axşamlarından birində oğlan adamı qız evinə toy gününü bəlli etməyə (anıxlamağa) və toy şərbətlərini kəsməyə - "kəsim kəsməyə" gəlir [27, s. 68].
-ig şəkilçisi: Biligə, savada, haxılliluğa və gözəl söyləməyə görə duva etməyçün nəsihət budur (Xalq deyimləri).
-ğun şəkilçisi: İbrığın uci burğun,\\ Üç yigit bənə vurğun (mani).
-üş şəkilçisi: Birisi sənə sögsə və sən də sögüşinən cavab versən o sögüşdən sənə də düşərmiş (Xalq deyimləri).
-c şəkilçisi: Dinimizin inanc və ibadət əsaslarından bəziləri də "54 fars" adı ilə bir araya toplanmişdur [48, 03.VII.1992].
-gün şəkilçisi: Bu şəkilçi ilə Axısqa türklərinin dilində şəxs bildirən isimlər formalaşır: Adımi Yitgün qoymiş (Yitgin Qomoreli).
-man şəkilçisi: Qocamanlar bir-bir köçdi dünyadan\\ Nə anamız, nə babamiz qalmadi (G.Şahin).\\ Yazın ortasında xarmanlar dolar.\\ Kusənlər barışur, toy-bayram olar (İ.Şahzadayev).
-gək şəkilçisi: üzgək (süzgəc), ilgək. "İlgək" sözünə daşlaşmış şəkildə Azərbaycan dilində də rast gəlirik.
-acax, -əcax şəkilçisi: çıxacax, yanacax və s.
-am şəkilçisi: tutam. Bu söz türkmən dilində də eynilə işlədilir.
-ənək şəkilçisi: dəgənək, əkənək: Tavarlar əkənəgə qirdilar. Bu şəkilçiyə Bakı dialektində də rast gəlirik: əkənək, biçənək [66, s. 135].
-üd şəkilçisi: Ögüdə qulaq as, Taştan!
-in şəkilçisi: əkin, biçin və s.
-gən şəkilçisi: ərgən.
-gənc şəkilçisi: cocux yüzgənc (üzmək) öyreniyerdi.
-ür şəkilçisi: gəlür.
-cək, -çək şəkilçisi: əlcək, dilçək və s.
-kar şəkilçisi: Ağanın vari gedər, xizmətkarın cani (əski söz).
-dar şəkilçisi: Aşıq Şennik sənə yardur, Dedi: Vəfadarın vardur (mani).
-uk şəkilçisi: Boynumu buruk koydum,\\ El-günün qarşısində (mani).
-duz şəkilçisi: Çuvalduza yumrux vurulmaz [27, s. 118]. H.Mirzəzadə yazır ki, fars dilindən alınmış bu söz şəkilçi kimi təhrif edilmişdir. Məzmun etibarı ilə peşə, predmet adları bildirir. Azərbaycan dilində çox az məhsuldar olmuşdur. XVIII əsrdə yazılması ehtimalı olunan "Təbibnamə" adlı əsərin dilində cuvalduz sözü özünü göstərir [55, s. 70].
-stan şəkilçisi. Axısqa türklərinin dilində bu şəkilçi lap qədimlərdən işlənir. Yer-ölkə adı bildirən düzəltmə isimləri əmələ gətirmişdir: Ay çıxar ayıstandan,\\ Gün çıxar Gürcüstandan\\ Gövlüm bir qarpuz iştər\\ Yüz bin iki bostandan (mani).
-ər şəkilçisi: Kesərlət böliyer.
-çak şəkilçisi: Burcçak - Axısqa - Axılkələk bölgələrində türk əkinçilərinin istifadə etdiyi əsas əmək alətlərindəndir [27, s. 50].
-ək şəkilçisi: süzək: Axısqa türklərinin əsas mətbəx avadanlığından biri də süzcəkdir.
-ıncı şəkilçisi: yapıncı: Axısqa türklərinin əsas geyim əşyalarından biri yapıncıdır [27, s. 60]. -ıncı şəkilçisi fel köklərinə artırılıb düzəltmə isim əmələ gətirir. Məsələn: Su tapıncı. Türk mifologiyasında ağac tapıncı su kultu ilə ortaqdır [27, s.92].
-gü şəkilçisi: Azərbaycan dilində olduğu kimi, Axısqa türklərinin dilində də bu şəkilçi qeyri-məhsuldardır. Axısqa türklərinin dilində bu şəkilçi ilə düzələn sürgü sözünə təsadüf etmişik. Sürgü-dırmığın bir növüdür [27, s. 51]. Ə.Dəmirçizadə "Kitabi-Dədə Qorqud" dastanlarının dilindən bəhs edərkən yazır ki, bu şəkilçi ancaq bir neçə feldən isim düzəltmək üçün işlənmişdir: Xan babamın küyəgisi, qadın anamın sevgisi. [16, s. 70].
Axısqa türklərinin dilində xüsusi isimlərin ixtisar formaları da geniş yayılmışdır. Bu formalar aşağıdakı şəkilçilər vasitəsilə düzəlir:
-ış, -iş şəkilçisi ilə: Bunun üçün sözün birinci hissəsi (iki və ya üç səs) saxlanılır və onun üzərinə həmin şəkilçi artırılır: İbrahim-İbiş, Dilara-Diliş, Fatimə - Fatış və s. Bu formalara Azərbaycan antroponimik sistemində də rast gəlinir.
-oş şəkilçisi: İdoş-Hidayət, Xadoş-Xədicə, Saboş-Səbriyə, Teloş-Telman və s.
-ir şəkilçisi ilə: Gibir - Kəbirə, Fikir - Fikriyyə və s.
-ik şəkilçisi ilə: Sürik - Sureyya, Mizik - Mizayya, Nizik-Nizami və s.
-o şəkilçisi ilə: Sabo - Səbriyyə, Kibo - Kibriyya və s.
Bəzi hallarda sözün ilk iki hecası saxlanılır və heç bir şəkilçi əlavə edilmir. Məs.: Fati - Fatimə, Xədi -Xədicə və s.
Mürəkkəb isimlər. Mürəkkəb isimlər leksik vahid kimi iki və daha artıq kök morfemin birləşməsindən ibarətdir. Mürəkkəb isimlərin tərəfləri arasında bitişdirmə və atributiv əlaqə mövcuddur.
Axısqa türklərinin dilində mürəkkəb isimlər əsas nitq hissələrindən əmələ gəlmişdir. Eyni və müxtəlif nitq hissələri birləşib xüsusi modellər əmələ gətirir. Məsələn:
İsim c isim modeli. Bunlar leksik-sintaktik və ya morfoloji üsulla əmələ gəlir. Belə isimlər əşya, bitki, vəzifə və s. adları bildirir: Ətməqaşi (ətməkcaş), biləzük (biləkcyüzük), Güləhməd (GülcƏhməd), qırmaşaker (qırmacşaker) və s.
Sifət c isim modeli. Belə mürəkkəb isimlərin birinci tərəfi sifət, ikinci tərəfi isə isimdən ibarət olur: karaağac (karacağac), karakış (karackış), ağsaxal (ağcsaxal), Karasaxal (karacsaxal); Bu yardım edənlərin arasında ağsaxallar, karasaxallar imkanlilarinan yanaşi ağır günlərimizin şahidləri olan, həyatın xeyrini, şərini təzə-təzə anlamaya başliyan cocuxlarımız da var [48, VII.1992]; Kalemkuşun yuvasi - Budur sufra duasi [27, s. 120] və s.
Axısqa türklərinin dilində "sifət c isim" modelində tərəflər bəzən yerlərini dəyişərək, "isim c sifət" modelinə çevrilir: "bayazsüd (ağ süd) "südbayaz".
Say c isim modeli: Belə mürəkkəb isimlərin birinci tərəfi say, ikinci tərəfi isə isimdən düzəlir: Əgər xalqımız 47 yillux repressiyaya məruz qalmişsə, dilimiz yüzyilluxların repressiyasına məruz qalmişdur [44, IV-V.1992], cocuxlar beşdaşoyini oyniyerlər.
Bəzi mürəkkəb isimlərin xalq deyimlərində məna və quruluşu göstərilir. Məsələn: Bedva-bedduva demaxdur. Vələdiznə arap sözüdür, iki sözün birləşməsindən yaranmışdır: vələdczina demaxdur, zina pozğun qari demaxdur [48, VII.1992].
Mürəkkəb sözlərin böyük bir hissəsini coğrafi adlar təşkil edir.
a) Kənd və rayon adlarından ibarət olan mürəkkəb isimlər: Adıgün, Ərdəhan, Orçoşa, caksu, Sarıqıze, Yenigöy, Tutacuvar, Türkoba, Öztürkkent, Axılkələk və s.
b) Digər toponimik vahidlərdən ibarət olan mürəkkəb isimlər: Yiləsatan (dağ adı), Satarınbaşi (təpə adı), Qarasu (meşə adı), Gügümpartladan (bulaq adı), Selasu (tarla adı), Çatalsu (çay adı) və s.
Axısqa türklərinin dilində digər sahələrlə bağlı mürəkkəb isimlər də işlədilir:
a) Məişətdə işlədilən əşyaların adlarından ibarət olan mürəkkəb isimlər: ətməgaşi, boyaynasi, tatarbəyi, beşbarmaq, bozbaş, paxıraçlama, kələcoş, subörəgi və s.
b) Bağçılıqla bağlı işlədilən mürəkkəb isimlər: şəkərnabad, dedirza, nanəzir, bağriqara, ağırşah (alma növləri) və s.
v) Ot adlarından ibarət olan mürəkkəb isimlər: kuzikulaği, çirəçuta, qazayaği, alağunta, çiryançola və s.
q) Bitki adlarından ibarət olan mürəkkəb isimlər: mor-mənəmşə, gülbaxça, Qamabaxça, Ardmudbaxça, Çəyürməbaxça, Girəzlibaxça, Ömərəfəndibaxçasi, Qazaxlibaxça və s.
d) Oyun adlarından ibarət olan mürəkkəb isimlər: dirədögmə, beşdaş, çilinağac, gizlinpuç, tingildönmax və s.
Axısqa türklərinin dilindəki mürəkkəb isimlərin bir hissəsi qoşa sözlərdən ibarətdir. Qeyd etmək lazımdır ki, digər türk dilləri ilə müqayisədə Axısqa türklərinin dilində qoşa sözlər daha çox işlədilir. Məs.: kap-kajak, örti-döşək, dauul-zurna, ana-baba, kari-koca, koni-komşi, zükəm-öskürük, mor-fişnə.
Axısqa türklərinin dilində qoşa sözlərdən ibarət olan mürəkkəb isimlər təkrar yolu ilə də düzələ bilir: Gəlin deyər ana-ana,\\ Gəlin deyər baba-baba\\ Gəlin deyər baci-baci\\ Gəlin deyər qardaş-qardaş [27, s. 73].
Maraq doğuran cəhətlərdən biri də bu dildə ay adlarının mürəkkəb quruluşda olmasıdır: karakış, küçükay, orağay, kirəzay, xırmanay, bögrümay, koçay və s.
Mürəkkəb isimlərin bir hissəsi mürəkəb ixtisarlardan ibarətdir. Axısqa türklərinin dilində işlənən mürəkkəb ixtisarlar, əsasən, rus və ərəb-fars mənşəlidir. Məs.: kolxoz, solxoz, zapxoz, vayinkamat, konsomol, paravoz, samasval, imtes (MTS), zakıs (ZAQS), nalbant, abdas (ab-su, das-əl), zarxoş və s.
Qoşa sözlərdən ibarət olan mürəkkəb isimlərin komponentləri əsasən isimlərdən ibarətdir. Məs.: Tavux - çuçullar səs-səsə vermişdi, mal-qara uzun-uzadi mələşiyerdi. "Meşa" sözüni eşidən bazi adamlar balta-xızar götürməği də unutmadilər [70, XI.1992].
İsmin kateqoriyaları. Axısqa türklərinin dilində də ismə məxsus bir çox qrammatik kateqoriyalar vardır ki, bunlar sözlər arasında müxtəlif əlaqələr yaranmasına səbəb olur. Ümumi səciyyə daşıdığı üçün bu kateqoriyalar təkcə isimə aid deyil, digər nitq hissələrinə də şamil edilir.
Türk dilində ismin kateqoriyalarından bəhs edən tədqiqatçılar müxtəlif fikirdədirlər. A.N.Kononov türk ədəbi dilində ismin 5 növ-cins, kəmiyyət, mənsubiyyət, müəyyənlik və qeyri-müəyyənlik, eləcə də hal kateqoriyalarının olduğunu göstərir [134, s. 79].
Axısqa türklərinin dilində aşağıdakı ümumi qrammatik kateqoriyalar mövcuddur: mənsubiyyət kateqoriyası; kəmiyyət kateqoriyası; xəbərlik kateqoriyası; hal kateqoriyası.
Mənsubiyyət kateqoriyası. Axısqa türklərinin dilində ismin mənsubiyyət kateqoriyası morfoloji üsulla yaranıb, sahib şəxslə mənsub əşya arasında münasibətləri ifadə edir. Mənsubiyyət kateqoriyasını əmələ gətirən morfoloji göstəricilər bu dilin xarakterik əlamətlərindən birini əks etdirir.
Axısqa türklərinin dilində ismin mənsubiyyət kateqoriyasının izoqlosları aşağıdakı kimidir:
Birinci şəxsin təki saitlə bitən isimlərdə -m, samitlə bitən isimlərdə -ım, -im, -um, -üm şəkilçisi ilə düzəlir. Məsələn: Gediyerdim yamacdan,\\ Ləçəgim düşdi başdan (mani);\\ Anam bənim ağlasın\\ Boxçami tərs bağlasın (mani).
İnversiya nəticəsində sahib şəxslə mənsub əşya bildirən sözlər öz yerlərini dəyişə bilir. Müq. et: bənim anam // anam bənim. - Digər nümunələr:\\ Qərəfilim, bibərim\\ Bən həpizdən gözəlim [27, s.142]
İkinci şəxsin təki saitlə bitən isimlərdə -n, - samitlə bitən isimlərdə -ın, -in, -un, -ün: şəkilçisini qəbul edir:
atın
ütün
Sanın tuflun
bulusun
yeləgin
Tarixlərdən aldum sanın sorağın (Fəhlül).
Göründüyü kimi, birinci və ikinci şəxsin təkinin izoqlosları müasir Azərbaycan dilində olduğu kimidir.
Üçüncü şəxsin təkinin izoqlosu birvariantlı -i şəkilçisidir. Müasir Azərbaycan dilində bu şəkilçi dördvariantlıdır: -ı, -i, -u, -ü. Aşağıdakı müqayisədən bunu görə bilərik:



Axısqa türklərinin dilində:
quzisi

puvari
Onun
yeləgi

əməgi
Komşida yar sevanın,
Əməgi puça gedar (mani)
İlim-ilim ignasi, xatun dügməsi, kim bu masali çaramasa, beş paradur cəriməsi [27, s.135].
Müasir Azərbaycan dilində:
quzusu

bulağı

Onun
yeləyi

ütüsü
I şəxsin cəmi müasir Azərbaycan dilində olduğu kimi, Axısqa türklərinin də dilində -mız, -miz, -muz, -müz, -ımız, -imiz, -umuz, -ümüz şəklindədir:
Yurd deyə canımız ataşda yaxdux,
Allah, mədəd et bizlərə! (Lalə Ələddinova).
Göyimiz gölün yanindadur (danışıqdan).
II şəxsin cəmində mənsubiyyət kateqoriyasının şəkli əlaməti müasir Azərbaycan dilindəki -ınız, -iniz, -unuz, -ünüz, -nız, -niz, -nuz, -nüz şəkilçilərindən fərqli olaraq -z, -ız şəklindədir.


bayrağız

çırağız
Sizin
niyatız

sorağız
Göründüyü kimi, bu dildə II şəxsin cəminin mənsubiyyət şəkilçiləri "sağır nun" səsinin düşməsi ilə əlaqədar olaraq meydana çıxmışdır.
III şəxsin cəmində Axısqa türklərinin dilində müasir Azərbaycan dilindən fərqli olaraq, birvariantlı -i şəkilçisindən istifadə olunur: onların ati, onların əvi və s.
Axısqa türklərinin dilində yalnız qayıdış əvəzliyi olan kəndi sözü mənsubiyyət şəkilçisi qəbul etdikdə cəm şəkilçisi ilə işlənir. Məs.: onların kəndiləri//onların kendilari.
Axısqa türklərinin dilində özümlü xüsusiyyətlərdən biri də I şəxsin tək və cəmində mənsubiyyət kateqoriyasının şəkli əlaməti kimi saitlə qurtaran və qohumluq bildirən bəzi sözlərdən sonra -y şəkilçisinin işlənməsidir. Məsələn: anay, babay, dədəy, tayiy və s.
Həmin sözlər birinci şəxsin təkinə aid olduqda mənsubiyyət kateqoriyasının şəkli əlaməti ilə işlənən sözdən əvvəl bən (im) əvəzliyi işlənə bilməz. Məs.: Anay nerdədür?, Babay hani?. (Babam hanı?) Bu cümlələri - Bənim babay nerdədür?; Banım babay hani? şəklində işlətmək olmaz.
-Y şəkilçisi I şəxs cəmi bildirdikdə isə mütləq mənsubiyyət kateqoriyası şəkilçisi qəbul etmiş sözdən əvvəl biz (im) əvəzliyi işlənməlidir. Məs.: Bizim babay baxçay suvariyer.
Axısqa və Azərbaycan dillərinin mənsubiyyət şəkilçilərini aşağıdakı cədvəl
cədvəl 4.1.
Şəxslər Axısqa türk dili Azərbaycan dili
I ş.t. -m, -ım, -im, um, -üm -m, -ım, -im, um, -üm
II ş.t. -n, -ın, -in, -un, -ün -n, -ın, -in, -un, -ün
III ş.t. -si, -i -sı, -si, -su, -sü, -ı, -i, -u, -ü
I ş.c. -mız, -miz, -muz, -müz,
-ımiz, -imiz, -umuz, -ümüz -mız, -miz, -muz, -müz,
-ımız,-imiz, -umuz, -ümüz
II ş.c. -z, -ız, -uz, -üz -nız,-niz, -nuz, -nüz, -ınız,
-iniz, -unuz, -ünüz
III ş.c. -si, -i, -ləri -sı, -si, -su, -sü, -ı, -i, -u, -ü

Kəmiyyət kateqoriyası. İsmin kəmiyyət kateqoriyası Axısqa türklərinin dilində də iki növ söz əmələ gətirir: a) tək isimlər; b) cəm isimlər. Tək isimlərin heç bir morfoloji göstəricisi olmur: sapan, tapan, cilğa, çapa, tırpan, kesər, tırmıx, kütən və s.
cəm isimlərin morfoloji göstəricisi əksər türk dillərində -lar, -lər şəkilçisi və onun variantlarıdır. Axısqa türklərinin dilində də kəmiyyət kateqoriyası, əsasən, -lar, -lər şəkilçisi ilə düzəlir. Bu şəkilçilərin işlədilməsinə görə şivələr iki qrupa bölünür:
I. Təkcə -lar şəkilçisini işlədənlər: Zeqan şivəsi və onun təsiri altında olan Əcərə şivəsi: gelinlar, adamlar, kızlar, utilar və s.
2. Hər iki variantı işlədənlər. Bu qrupa digər şivələr daxildir. Məs.: gəlinlər, adamlar, kızlar, ütilər və s.
Axısqa türklərinin dilində də -lar, -lər müxtəlif nitq hissələrinə artırılıb qeyri-müəyyən çoxluq məzmununu yaradır. Aşağıdakı nümunələrə diqqət yetirək: Puvara kazlar gəlür\\ Nişanlı kızlar gəlür (mani).
Bu yardım edənlərin arasında ağsaxallar, karasaxallar imkanlilarinan yanaşı, ağır günlərimizin şahidləri olan, həyatın xeyrini, şərini təzə-təzə anlamaya başliyan cocuxlarımız da var [48, 03.VII.1992].
-lar, -lər Axısqa türklərinin dilinə keçən alınma sözlərə də artırılıb cəmlik anlayışını formalaşdırır. Məsələn, Qazaxıstanda yaşamış türklərin dilində rus mənşəli çulkilər, tuflilər, nəskilər, kanikullar, ərəb mənşəli əhvallar, fuxaralar, əvlətlər, ədrəflər (tərəflər) və s. sözlərə rast gəlmək olur [78, s. 84-85].
Bu şəkilçinin artırıldığı alınma sözlərə folklor nümunələrinin dilində də rast gəlirik: Furun üstündə furun,\\ Əngəllər geri durun\\ Bu gecə yar gələcax\\ Altun iskamlar qurun (mani).
"İskam" sözü Axısqa türklərinin dilində də interferensiya olunmuşdur: iskam/skameyka. Azərbaycan dilində isə bu söz "skamya" şəklində interferensiya olunmşdur.
-lar, -lər şəkilçiləri ilə yanaşı, Axısqa türklərinin, xüsusən Qazaxıstan türklərinin dilində -nar -nər cəm şəkilçisindən də istifadə olunur: makaronnar, vaqonnar, furğunnar, koyunnar və s.
Axısqa türklərinin dilini başqa türk dillərindən fərqləndirən bir xüsusiyyət də bəzi hallarda -lux -nux şəkilçisinin kəmiyyət kateqoriyasının morfoloji göstəricisi kimi işlədilməsidir. Maraqlıdır ki, bu dildə "onlar" əvəzliyi ilə paralel olaraq "onnux" sözü də işlədilir. Məsələn: adamlux (adamlar), gəlinnux (gəlinlər), tavarlux (tavarlar), tanalux (danalar) və s.
Xəbərlik kateqoriyası. Axısqa türklərinin dilində xəbər vermək funksiyasını xəbər ola bilən bir sıra nitq hissələri, ən çox da isim yerinə yetirə bilir. Bunun üçün müəyyən izoqloslardan istifadə olunur. Əksər dillərdə bu vəzifəni yerinə yetirmək üçün heç bir morfoloji göstərici tələb olunmur, Sadəcə olaraq ayrı-ayrı leksik vahidlər bu işin öhdəsindən gəlir. Məsələn, men student (mən tələbə) cümləsi bəzi türk dillərində xəbərlik funksiyasını sıfır variantda yerinə yetirir. Lakin Azərbaycan dilində olduğu kimi, Axısqa türklərinin dilində də xəbər vəzifəsini müəyyən şəkilçilər yerinə yetirir. Bu şəkilçilər arasında bəzi fərqli cəhətlər özünü göstərir.
Axısqa türklərinin dilində xəbərlik kateqoriyasının şəkilçisi I şəxsin təkində -ım, -im, -um, -üm; yım, -yim, -yum, -yüm şəkilçisidir: Bən bir türküm, adım-sanım ülidür,\\ Bənim içim həsrətinən dolidür [27, s. 153].
Müasir Azərbaycan dilində isə I şəxsin təkinin morfoloji göstəricisi -am, -əm, -yam, -yəm şəkilçisidir: Mən dostam, Mən müəlliməm və s.
II şəxsin təkində xəbərlik kateqoriyasının morfoloji göstəricisi: -sin, -sın, -sun, -sün şəkilçisidir: Həm kəribsin, həm yoçusun arkataş! (İlyas İdrisov); Sən oxucisin. Sən adamsın. Sən urumsun; Sən ömrümün çiçəgisin,\\ Sən gövlümün gögcəgisin (c.Xalidoğlu).
Müasir Azərbaycan dilində isə II şəxsin təkinində -san, -sən şəkilçisindən istifadə olunur: əlaçısan, tələbəsən, müəllimsən və s.
Axısqa türklərinin dilində III şəxsin təkində iki variantda -dur, -dür şəkilçisi işlədilir; Azərbaycan dilində isə bu şəkilçi dörd variantdadır. Ayrilux havasini çalan qara zurnadur [70, XI.1992].
Axısqa türklərinin dilində I şəxs (cəm) xəbərlik kateqoriyasının şəkli əlaməti aşağıdakılardır: -ux (-yux: oxiciyux, adamux, gəlinux. Müasir Azərbaycan dilində isə I şəxsin cəmi -ıq, -ik, -uq, -ük (adamıq, müəllimik, qohumuq, böyüyük) şəkilçilərindən ibarətdir. Saitlə bitən isimlərdə sözlə şəkilçi arasına y bitişdirici samiti artırılır: tələbəyik, gəmiçiyik və s.
Azərbaycan dilinin şərq qrupu dialektlərində bu şəkilçinin Axısqa türklərinin dilində olan formasına rast gəlirik: -uğ, -ux, -ük, -ux [66, s. 196].
II şəxs cəmdə xəbərlik kateqoriyasının yaradılmasında Axısqa türklərinin dili osmanlı və Azərbaycan türklərinin dilindən fərqlənir. Belə ki, hər iki dildə ikihecalı -sınız, -siniz, -sunuz, -sünüz şəkilçisi işləndiyi halda, Axısqa türklərinin dilində birhecalıdır: -sız, -siz, -suz, -süz. Məsələn: oxucisiz, adamsız, türksüz, urumsuz və s.
Siz-əvdə qalanlar qocasız, əlilsiz, çəl-çocuxsuz [70, XI.1992].
III şəxs cəmdə bu kateqoriya təkdə olduğu kimi, qapalı dodaqlanan saitli variantlarla ifadə olunur: -durlar, -dürlər: oxucidurlar, türkdürlər, adamdurlar, gəlindürlər və s.
Zurnasıni vaqonun nəfəsluğundan çıxardıb vətən dağlarına doğri səsləndüriyənlər zurnaçidürlər [70, XI.1992].
Bəzən Axısqa türklərinin dilində bu forma (yəni kökcxəbərlik kateqoriyasıckəmiyyət kateqoriyası) yerlərini dəyişir. Belə bir vəziyyətdə cəmlik kateqoriyasının şəkilçisi xəbər şəkilçisindən önə keçir. Məsələn: Onlar elçilardur (elçidurlar.
Xəbərlik kateqoriyasının inkarı Azərbaycan dilində olduğu kimi, dəgül (S) dögül (Z) "deyil" sözü ilə düzəldilir. Fərq yalnız ondadır ki, Azərbaycan ədəbi dilində III şəxsdə inkar felindən sonra xəbərlik şəkilçiləri artırıla bildiyi halda, Axısqa türklərinin dilində bu mümkün deyil. Məs.: O oxuci dəgül (dögül) - O oxucu deyil/dir). Onlar oxuci dəgüllər (dögüllər) - Onlar oxucu deyildirlər.
Xəbərlik kateqoriyasının şəkilçilərini əks etdirən cədvəl
cədvəl 4.2.
Şəxslər Axısqa türk dili Müasir Azərbaycan dili
I ş.t. -ım, -im, -um, -üm,
-yım, -yim, -yum, -yüm -am, -əm, -yam, yəm
II ş.t. -sın, -sin, -sun, sün -san, -sən
III ş.t. -dur, -dür -dır, -dir, -dur, -dür
I ş.c. -ux, -yux -ıq, -ik, -uq, -ük, -yıq, -yik, -yuq,
-yük
II ş.c. -sız, -siz, -suz, -sünüz -sınız, -siniz, -sunuz, -süz
III ş.c. -durlar, -dürlər -dırlar, -dirlər, -durlar, -dürlər

Hal kateqoriyası. İsim hallarının türk dillərində 6 əsas məhsuldar forması vardır. Bu formalar bir-birin əksini təşkil edən paradiqmalardan (qrammatik hallar -adlıq, yiyəlik, təsirlik), məkani (yönlük, yerlik və çıxışlıq hallar) ibarətdir.
Axısqa türklərinin dilində qədim rekonstruksiyaları da nəzərə almaqla (hazırda qədim tiplər də işləkdir) ismin aşağıdakı halları fərqləndirilir: [109, N 1, s. 122]. Adlıq hal; yiyəlik hal; yönlük hal; təsirlik hal; yerlik hal; çıxışlıq hal; birgəlik hal; müraciət halı.
Adlıq hal. Dilçilik ədəbiyyatında bu hal - əsas, qeyri-müəyyən, mücərrəd və ya şəkilçisiz hal adlandırılır. Bu halın predmetlik, mücərrədlik və qeyri-müəyyənlik bildirdiyi qeyd olunur. Bu, türk dillərinin hamısında, o cümlədən Axısqa türklərinin dilində də özünü doğruldur.
Ümumiyyətlə, adlıq halın türk dillərində heç bir formal əlaməti yoxdur, o sintaktik funksiyanı "sıfır morfem"lə yerinə yetirir.
Türk dillərində adlıq hal təkcə hal kimi çıxış etmir, həm də subyekt kimi fəaliyyət göstərir. O digər halların da funksiyasını yerinə yetirir [119, s. 62].
Axısqa türklərinin dilində adlıq hal spesifik xüsusiyyətlərə malikdir. Bəzi hallarda, bu dildə adlıq halın şəkilçi ilə işləndiyini müşahidə etmək olur. Adlıq halda olan sözlərin sonunda -y, -ay morfoloji göstəriciləri işlənir. Həmin şəkilçilər xüsusi adlara və qohumluq bildirən sözlərə əlavə edilir. Məsələn: cəmiləy çorap toxiyer; Səkinəy aş bişüriyer; Dədəy-babay yurdumizi kendi gözləriminan görmaği qərara aldım [70, XI.1992]; Baxsana, nənəy yoli keçiyer; Səlimay əvdən bayax qetdi və s.
Maraqlıdır ki, Axısqa türklərinin dilində -y şəkilçisi vasitəsilə həm adlıq, həm də təsirlik hal formalaşa bilir. Bu halları bir-birindən yalnız sual əsasında fərqləndirmək mümkündür. Məsələn: Qapiy açildi. (adlıq hal) - Qapiy yüzümə, cavan, yüz-gözündən sevinc tökülən bir oğlan açdi (G.Şahin). Birinci cümlədə "Qapiy" sözü "nə?", ikinci cümlədə isə "nəyi?" sualına cavab verir. Aşağıdakı cümlələrdə "dünyay", "gecəy" sözləri də qeyri-müəyyən təsirlik halda işlənmişdir: Dünyay (dünyanı) umidinən yemişlər [48, 03.VII.1992]; Bütün gecəy (gecəni) yatmiyan babam maşin ehmalca yırğaladuxca mürgiliyerdi... (G.Şahin); Rafikin yanına sabax erikən getməy qərara aldım (G.Şahin).
Axısqa türklərinin dilində müasir Azərbaycan dilindən fərqli olaraq, təsirlik halda k səsi y səsinə yox, g səsinə keçir. Mənşə etibarı ilə bu keçid prosesi çox qədimdir: Sən ömrümün çiçəgisin (Sən kövlümün gökçəgisin (c.Xalidoğlu).
Təsirlik hal bəzən yönlük halın yerinə işlənir: Vətən -deyib ayaği qaxax [48, 03.VII.1992]; Xalqın tələhinə baxdız\\ Axıri ayaği qalxdız (Yitgin Qomoroli).
Yiyəlik hal müasir Azərbaycan dilində olduğu kimidir. Yönlük hal bəzi şivələrdə şəkilçilərin variantlarına görə fərqlənir. Məsələn: qutiya, dedaya; gəlinə, tüvəngə və s.
Nadir hallarda bu toplumun dilində, xüsusən də, yaşlı nəslin nitqində qədim yönlük hal şəkilçisi -ğa, -gə, də işlədilir. Manilərdə bu faktla qarşılaşırıq: Puvarğa (bulağa) qızlar gəlür,\\ Qanadi sızlar gəlür.
-ğa, -gə şəkilçisi türk dillərinin bir çoxu üçün istər qədim, istərsə də müasir dövrdə mühüm şəkilçi kimi qalmaqdadır. Həmin şəkilçi müasir Azərbaycan dili üçün səciyyəvi deyil. Yerlik və çıxışlıq hallar Azərbaycan dilində olduğu kimi -da, -də və -dan, -dən şəkilçiləri ilə düzəlir. Lakin bəzi şivələrdə (Orpola, Sür, Voqa), -ta, -tə, -tan, -tən variantları da işlənir: qaranuxta, qaranuxtan və s.
Türk dillərinin qrammatikalarında birgəlik halı müxtəlif adlar adı altında öyrənilmişdir: «tvoritelğno-instrumentalğnıy», «sovmestno-orudnıy», «orudnıy», «orudiynıy», «insturmentalğnıy», “instrumentalis” [186, s. 55].
Birgəlik forması indi Azərbaycan dili üçün arxaikləşmişdir. Ancaq birgəlik halın arxaik formalarına (-y, -yn, -dan, -dən) yazılı abidələrdə və klassiklərin əsərlərində, eləcə də dialektlərdə təsadüf etmək olur.
Azərbaycan dilində də birgəlik halının -la, -lə, -nan, -nən formaları da mövcuddur: atamla, atamilə, atamnan və s.
Akademik M.Şirəliyev «O tvoritelğnom padeje» adlı qiymətli məqaləsində bu halın türk dillərinin müasir dövrlərində də saxlandığını göstərmişdir [183, s. 20-22].
İsmin hallanmasına aid nümunələr
A) Saitlə bitən isimlərin hallanması

cədvəl 4.3.

Hallar Zeqan şivəsi Savel şivəsi Keçid şivəsi
1. Qeyri-müəyyən adlıq hal - Baba Nənə Xala
2. Müəyyən adlıq hal - Babay Nənəy Xalay
3. Yiyəlik hal - Babanun Nənənin Xalanun
4. Yönlük hal - Babaya Nənəyə Xalaya
5. Təsirlik hal - Babay Nənəy Xalay
6. Yerlik hal - Babada Nənədə Xalada
7. Çıxışlıq hal - Babadan Nənədən Xaladan
8. Birgəlik-alət halı - Babaynan Nənəynən Xalaynan
9. Müraciət halı - Babali Nənəli Xalali

B) Samitlə bitən isimlərin hallanmasına aid cədvəl
cədvəl 4.4.
Savel şivəsi Axalsıx şivəsi
Ətmək Puvar Kirəz Yusuf
- - - Yusufay
Ətməğin Puvarun Kirəzin Yusufun
Ətməğə Puvara/puvarğa Kirəzə Yusufa
Ətməği Puvari Kirəzi Yusufi
Ətməkdə Puvarda Kirəzdə Yusufda
Ətməkdən Puvardan Kirəzdən Yusufdan
Ətməğinən Puvarinan Kirəzinən Yusufinan

Birgəlik hal öz parametrləri ilə pratürk dilini əks etdirir. Bu hal türk dillərində ən qədim hallardan hesab edilir. Axısqa türklərinin dilində hazırda bu hal işləkliyini geniş şəkildə qoruyub saxlamışdır.
Axısqa türklərinin dilində birgəlik halın allomorfları "inən", "nan" -şəkilçiləridir. S.cəlilov göstərir ki, bu dilin Zeqan şivəsində birgəlik halının morfoloji göstəricisi birvariantlı -inan (saitlə bitənlərdə) və ynan (samitlə bitənlərdə); digər şivələrdə ikivariantlı -inan, -ynan (saitlə bitənlərdə) və ynan (ynən (samitlə bitənlərdə) şəkilçiləridir [109, № 1, s.124].
Birgəlik hal aşağıdakı mənaları ifadə edir:
1.Birgəlik mənasını: Səninən nerə desən qedərim (Zeqan şivəsində); camiyə tadaynan qetmişdim (Keçid şivəsində).
2.Vasitəçilik mənasını: Oninən oxuyib adam olmuş da, şimdi oni bəyənmiyər (Keçid şivəsində).
3.İştirak mənasını: Dərslərimi arxataşıminan etdim (Savel şivəsində).
4.Əməkdaşlıq, yoldaşlıq mənasını: Taxili Kamalinan əkdim, Kamalinan da bölüşəcəm (Axalsıx şivəsində).
5.Səbəb və nəticə mənasını: Bu qətən oynamaynan heç bişe sahibi olmazsın (Keçid şivəsində).
6.Alət mənasını: Ətməyi biçağinan kesdim, supraya düzdüm (Savel şivəsində); Başımi maşinkaynan qırxdılar (Keçid şivəsində).
7."və" bağlayıcısının yerində işlənir. Məs.: Mağazindən ruçkaynan dəftər aldım (Zeqan şivəsində); Abaynan babay şəhərə getməyə hazırlaşdilar [109, № 1, s. 124].

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz