.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
IV FƏSİL

MORFOLOGİYA

4.1. Sözün morfoloji quruluşu

     

Dil sistemində söz iki səviyyədə öyrənilir: Məntiqi-semantik və struktur-qrammatik səviyyələrdə. Axısqa türklərinin dilində sözün morfoloji quruluşunun maddi göstəriciləri öz həyatiliyini və özünəməxsusluğunu mühafizə edib saxlamışdır. Tədqiqat göstərir ki, morfoloji quruluşca Axısqa türklərinin dili zəif inkişaf etmişdir. Şəkilçilərin birvariantda qalması, digər türk dillərində olduğu kimi çoxvariantlılığa meyl etməməsi bu baxımdan səciyyəvi sayıla bilər. Birvariantlı şəkilçilər bunlardır: -çi,- ci,- li, -lux və s.
Axısqa türklərinin dilində çox zaman -çi şəkilçisi əvəzinə -ci şəkilçisi işlənir. Məsələn: Biz quş idux uçaridux havada,\\ Avci vurdu düşürtdilər yuvadan (Folklor nümunəsi).
Müasir Azərbaycan dilində dörd variantda işlənən -lıq şəkilçisi Axısqa dilində yalnız birvariantlıdır (-lux): Nə aylux var, nə illux var əsgərə,\\Səfərbərlux bizə verməz təzkirə (türkü); Vətənsizlux böyük dərddir bilənə (İlyas İdrisov).
-lux şəkilçisi qohumluq terminlərinə əlavə olunaraq ögey qohumluq mənasını ifadə edən isimlər əmələ gətirir: analux, babalux, bacilux və s.
-lux şəkilçisi - gil şəkilçisinin funksiyasını yerinə yetirir: bacilux (bacigil), kardaşlux (kardaşgil) və s.
-lux//nux şəkilçisi adlara qoşularaq keyfiyyət, xasiyyət, peşə, hal-vəziyyət, yer və əşya bildirən isimlər əmələ gətirir: Tağın üstündə düzənnux da bir göl var. Yazluxda padişah vəzir-vəkilinən bekliyer ("Şah Abbasinən usta" nağılından); Ləncpərluxda yox barabari (S.Bayraqdarova) və s.
-çax şəkilçisi: qabçax (tas), yançax, qolçax, sarımçax və s.
Azərbaycan dilinin dialektlərində (Zəngilan, Bakı, Salyan) həmin şəkilçiyə bu və ya digər fonetik variantlarda təsadüf olunur [12, s. 174; 64, s. 110].
-ğac şəkilçisi: tutğac (əlcək), yaslanğaç (yastıq) və s.
-çuk şəkilçisi: qolçuk (Ol yanma, sol yanıma, gəl otur yanıma, Nazik de nazik qolçukların sarçi də boynuma).
-cux şəkilçisi: boncux, qızılcux və s.
-ciy şəkilçisi: məniciy, yabanciy, anaciy və s.
-çə şəkilçisi: kəpçə, çömçə və s.
-mac şəkilçisi: tutmac, bazlamac. "Bazlamac" sözünə "Kitabi-Dədə Qorqud"da da rast gəlirik: ... Əlin-yüzün yumadan toquz bazlamac ilən bir küvlək yoğurd gəvəzlər [38, s. 99].
Azərbaycan dilinin qədim dövrlərində bu şəkilçi ilə bulamac, bozlamac, dökməc, tutmac, kəsməc kimi xörək adları düzəldilmişdir.
-lux (nux) şəkilçisi bu əhalinin dilində kəmiyyət kateqoriyasının maddi göstəricisi kimi də çıxış edir. Bu əlamət həmin dili digər türk dillərindən fərqləndirir. Məsələn: Onnux (onlar) hönkür-hönkür ağladi. Tavarluği (davarları) çöllərə haydalasana, kız! Adamlux (adamlar) dad-fəryad qopardi və s.
Birvariantlı -li şəkilçisi: Qarli-buzli dağlar haxlıma gəldi (İlim Şahzadayev).
- li şəkilçisi ni şəklində də adi danışıq dilində işlənir:
Toromannilər çarşi - bazarda eydir (nağıllardan/
Söz köklərində "i"-ləşmə hadisəsi zəif şəkilçiləşmənin təzahürüdür: qoxi (Kərənfil qoxi neynar); qapi (Dar günündə qapin açan oldumi) və s. Bu hadisə, yəni ı,u,ü saitlərinin yerinə "i"-nin işlənməsi ahəng qanununun pozulmasına gətirib çıxarır.
Bəzi söz köklərində də inkişafın ləng getdiyi müşahidə olunur. Məsələn: "tü" sözü ən qədim köklərdəndir. Bu sözün sonrakı inkişafı aşağıdakı kimi olmuşdur: tü- tüü - tüy - tüq - tük. Axısqa türklərinin dilində bu söz "tüy" formasında qalmış, daha inkişaf etməmişdir (Tauxun kandında tüy vardı - nağıllardan).
Dilin inkişafı analitik formaların öz yerini sintetik formalara verilməsi ilə də səciyyələnir. Lakin bu əhalinin dilində sintetizmə meyl zəif olduğundan analitik formalar hələ də saxlanılmışdır: bənə qalsa, sana qalsa (məncə, səncə).
-duc şəkilçisi: sağduc, solduc: Aşıq sözüni başlasın,\\ Düşmənlər işini boşlasin,\\ Mövlan sizi çift saxlasin,\\ Ağa güvəgi, bəg sağduci (Qəribəm bu vətəndə, 73).
-ma şəkilçisi: atma, basdurma, buğlama, bozlama, sovutma, kavurma, çixirtma, kazma, sırma, kovrama və s.
-im şəkilçisi: kəsim.
-ıx şəkilçisi: anıx (anıxlamax - toy gününü bəlli etmək).
-ğun şəkilçisi: burğun, vurğun.
İbrığın uci burğun,
Üç yigit bənə vurğun (mani).
-gək şəkilçisi: süzgək (süzgəc), ilgək.
-gənc şəkilçisi: yüzgənc (üzmək).
-çax şəkilçisi: burçax (əmək aləti).
-a şəkilçisi: çapca (Sapanla çapa dünyaya bəslər - əski söz).
-qax şəkilçisi: oturqax (oturqax mindəri). İndi müasir Azərbaycan dilində arxaikləşmiş - qax şəkilçisinin aq,- qa kimi derivatları mövcuddur, "oturqax" sözü isə bizim dilimizdə "otaq" şəklində daşlaşmışdır.
Asemantik şəkilçilərin qalıqları sözün tərkibində açıq-aşkar hiss olunur. Məsələn: köçməkcilux - köçkünlük mənasında: Çünki bizim millətə köçməkçilux yazılmışdır (İ.Səfil); Yanğılış - yanlış mənasında: Yanğılış və əgri yola düşənləri naletliyerim (G.Şahin).
- lük şəkilçisi baxmayaraq ki, qədim xüsusiyyətə malikdir, bununla belə, "bu böyüklük hökümət" ismi söz birləşməsindəki "böyük" sözünün tərkibində asemantikdir.
- lux şəkilçisi "dağlux havası" ismi birləşməsinin birinci tərəfində lüzumsuz yerə işlədilmişdir. Dağlux havası yaradur\\ Dağlar bənim yürəgimdə (c.Xalidov).
Axısqa türklərinin dilində də ikiqat mənsubiyyət şəkilçisinin "si" hissəsi sözdə artıqlıq yaradır: Millətin çoxusi dərdli\\ Dərddən beli iki qatli (Yitgin Qomoroli). Azərbaycan dilinin keçid şivələrində bu xüsusiyyətə rast gəlmək olur. Məs.: kolxoz sədrisi, kənd müəlliməsi və s.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz