.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.12. Frazeoloji vahidlər

     

Nitqdə hazır şəkildə işlədilən frazeoloji vahidlər axısqalıların dilinin inkişaf tarixinin indiki mərhələsində söz birləşmələrinin tam və qəti kombinasiyasıdır. Düzəltmə nominativ mənaları əhatə edən frazeoloji vahidlərdə məcazilik çox güclü olur.
Dil faktlarından aydın olur ki, türk dillərinin frazeoloji vahidləri Hind-Avropa dillərindən fərqli olaraq, bir sıra ortaqlı əlamətlərə malikdir. Frazeoloji vahidlərin müəyyən qismi ta qədimlərdən - müstəqil ümumxalq türk dillərinin formalaşmağa başladığı dövrlərdən mövcud olmuş, sonralar ümumxalq, daha sonralar isə milli dil səciyyəsi daşıyan bu dillərin frazeologiyası tərkibində işlənərək indiyə qədər gəlib çıxmışdır. Əlbəttə, müstəqil türk dillərinin təşəkkülündən sonra zəmanəmizə qədər dilin başqa sahələrində olduğu kimi, burada da ayrılan cəhətlər meydana gəlmişdir ki, bu da həmin dillərin müstəqil inkişafı ilə əlaqədar olaraq ortaqlı cəhətlərin müəyyən dərəcədə zəifləməsinə səbəb olmuşdur. Yaxud bu dillərin hər birində özünəməxsus frazeoloji vahidlər də formalaşmışdır [11, s. 65-66; 53, s. 22].
Axısqa türklərinin dilində də belədir. Həm qohum türk dilləri ilə ortaq, həm də spesifik frazeologizmlər bu xalqın dilində də zəngindir. Məsələn, özünəməxsus frazeologizmlər:
Ortaluğa çəpər atmax: O vakıt «gürcüləşənlər» ortaluğa çəpər atiyer (İ.Şahzadə oğli),
Ömrü sökülmax: Vətən həsrətindən ömrüm söküldi // Gözümdən axiyer yaş birər-birər (L.Sağrızeli),
Yürəginə qor salmax: Yanuxli hava idi. Nələsi daği-dərəyi lərzəyə götüriyerdi, bütün insanların yürəginə qor saliyerdi (Ş.Adıgünli).
Uzun yoli dutmax: Siz çox uzun yoli turtmişiz. Bizlər isə kesa yoli (İ.Şahzadə oğli).
Frazeologizmlər axısqalıların dilində də müxtəlif formalarda ifadə olunur:
Atalar sözü (əski sözlər - deyirlər) və məsəllərlə: Dünyay umidinən yemişlər; Dərd çəkən insanın yüzi gülməz; Bizə də bir gün toğar və s.
Adlarla: qara gün, sönməz yürək, dağ baba, dar həyat, taş yürək, dərdin acısı, qaynar dünya və s. Qara gün bu başıbəlalı xalqı sıxışdıriyerdi (İ.Şahzadəoğli); Biriklərdür dolax-dolax\\ Dağ babanın gözü bulax (c.Xalidov); Əldən gedər ömür, həyat,\\ Azmi oldi bu dar həyat (İ.Şahzadəoğli); Təkcə əsgərlər taş yürəkliydi, verilən tapşuruğa görə onlar belə də olmalliydılar (Ş.Adıgünli); Dişərkilər bizim dərdi nə bülir,\\ Dərdin acısıni Vətənsiz bülür (L.Sağrızeli); Çapdım ati, dünya böyük\\ Qaynar dünya bənə sönük.
Fellərlə. Bu yolla ifadə olunan frazeologizmlərin ikinci komponenti fellərdən ibarət olur. Məsələn: Yürəkdə qəm bitürmax: Allah deyib oturmişux, Yürəkdə qəm bitürmişux (İ.Şahzadəoğli), dərdi qəmə qatmax: hayıf, çox şey yitürmişux, Dərdi qəmə qatem, Allah (İ.Şahzadəoğli), sıhırı açammax: Fələk bizi sıhırlamiş, bağlamiş, Bu sıhıri açamadım, Vətənim (L.Sağrızeli), perik düşmax: Perik düşdux quşlar kimi yuvadan, Ömür sürdüx həsrətinan, qəminan (G.Şahin), yola vurmax: Bizi yola vurmağa (yola salmaq - Azərbaycan dilində - İ.K.) az qala bütün köv yığılmışdı (G.Şahin), intizar çəkməx: Onlar da davadakilərinin intizarıni çəkiyerdilər (Ş.Adıgünli), gözə degməx: Şindiluğa ailənin böyüki sayılan on dörd yaşlı Məndüf gəlinin gözünə degmədi (Ş.Adıgünli) və s.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz