.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.8. Gürcü substratları

     

«Substrat» sözü fəlsəfi bir termin olub dilçilikdə də "əsas" mənasında işlədilir [63, s. 284].
Substrat leksemlər alınmalarla bəzən qarışıq salınır, belə leksik-terminoloji vahidlər alınma sözlər deyil. Çox qədim dövrlərdən qarşılıqlı əlaqələr nəticəsində, qaynayıb-qarışma nəticəsində bir dildən digər dilə keçən sözlərdir.
Axısqa türkləri ilə bir regionda məskunlaşan, tarixən qaynayıb-qarışan gürcülər biri digərindən söz alıb-vermişlər. İndi Axısqa türklərinin dilində işlədilən xeyli gürcü sözləri tədqiqatçıların göstərdiyinə görə, XVI yüzilliyə aid edilir [191, s. 50]. Həmin substrat leksemlərin tarixi çox qədimlərə gedib çıxır və həmin dil vahidləri ümumi-kartvel epoxasını özündə əks etdirir.
Q.A.Klimov bu məqsədlə yazır: Gürcü substratlarının tədqiqi göstərir ki, insan və heyvan orqanlarından ibarət olan belə leksemlər qədim gürcü dilindən qalma qalıqlardır, leksik substratlardır. XVI əsrdən axısqalıların dilində istifadə olunur [191, s. 51].
Müşahidə olunan substrat leksemləri ayrı-ayrılıqda nəzərdən keçirək:
1. Kuç «mədə»<gürcücə kuçi. Axısqa türklərinin dilində kuç sözü ilə paralel olaraq mədə/məddə sözü də işlədilir. İndi kuç sözünün işlənmə sahəsi daralmışdır. Hazırda bu söz heyvandarlıq təsərrüfatında istifadə olunur. Bu söz həmçinin kuçitar sözünün bir komponenti kimi işlədilməkdədir. Bu sözün mənası «zəlzələ»; «qorxmaq», «ağciyər» anlamlarına uyğun gəlir. Bu fakt göstərir ki, həmin söz keçmiş dövrlərdə söz yaradıcılığı elementi kimi aktiv olmuşdur.
2. Tuç «dodaq»<tuçi. Bu leksik substratın da işlənmə sahəsi indi məhdudlaşmış, yalnız heyvandarlıq təsərrüfatında istifadə olunmaqdadır. Tuç sözü indi tuçlarni sözünün ilkin komponenti kimi Axısqa türklərinin dilində geniş dairədə işlənməkdədir. Bu söz insanlara da aid edilə bilir. Məsələn, tuçlaruni büzmax (dodaqlarını büzmək -mənasında).
3. Tün «beyin»<tvin twin> gürcücə twini.
Qeyd: Gürcü kompleksi olan Wi türk dilindəki ü/i saitinə uyğun gəlir. Müqayisə et: twin>tün.
Hazırda axısqalıların dilində tün sözü tüniboş mürəkkəb sözünün tərkibində işlədilir, yəni, «beyni boş», «ağılsız» mənasında. «Tünsüz» sözü də dildə işləkliyini saxlamaqdadır.
4. Naxülə «öd, səfra», «öd kisəsi»,<gürcücə navwela/nacweli. Göründüyü kimi, axısqalıların dilindəki naxülə sözü gürcü dilindəki nacweli sözünün fonetik cəhətdən dəyişdirilmiş şəklidir. Gürcü dilindəki we kompleksi axısqalıların dilindəki ö refleksinə uyğun gəlir.
Naxülə sözünün semantik çalarları Axısqa türklərinin dilində zənginləşmişdir. Gürcü dilində navwela təkcə «öd kisəsi» mənasında işləndiyi halda, axısqalıların dilində bir neçə mənada istifadə olunmaqdadır: 1. Jelçnıy puzırğ; 2. Jelçğ, əd (v perenosnom smısle).
Nümulərə diqqət yetirək:
1. Naülam ayrijerdi da kurota gettim
2. corbaya o qətən pirpila qatmış ki, naülaja dönmiş [191, s. 53-54].
Axısqalıların dilində naüla sözü ilə paralel olaraq öd, öd kisəsi, zəhər sözləri də işlənməkdədir.
5. Kud «quyruq» <* kud (gürcücə); çan dilində: kudel; meqr kydel; jban-hakwad; haked, akwed [191, s. 68]. Kud sözü ümumkartvel mənşəli əsasdır. Gürcü dilinin ən qədim dövrlərində işlənmişdir. Lakin kudi şəklində bəzi gürcü dialektlərində istifadə olunmaqdadır.
Axısqalıların dilində bu substrat leksemlə yanaşı qucrux sözü də işənir.
Kud sözü axısqalıların dilində iki sözün tərkibində hazırda müşahidə olunur: 1) kudican; 2) kuda. Kudican (kudiani) həm gürcü, həm də axısqalıların dilində: 1.Quyruqlu; 2.Küpəgirən qarı, cadugər qarı, əcinnə mənalarında istifadə olunmaqdadır. Hiss olunur ki, zaman keçdikcə, bu cür leksik substratlar əvvəlki mənasını da itirmək üzrədir. Əlavə mənalar kəsb etməyə meyllidir.
Kuda sözü indi axısqalıların və gürcülərin dilində heyvandarlıq sahəsində (1.Quyruqsuz, 2. Qısa quyruq mənalarında) işlənir.
Gürcü dilində kudian «quyruqlu» deməkdir. Həmin söz məcazilik kəsb edərək «hər bir şeyin biləni» mənasında da istifadə olunmaqdadır. Aşağıdakı nümunələrə diqqət yetirək:
1. Ban na bilecdim, kudum coxdur ki, bilecdim san golazaxsun.
2. Kudican: nanain kudu varimis da oninan sazicermis ki, na olazax.
3. Atyn qucrucuni ki, kesarsun olur kuda [191, s. 66-67].
6. Zuk (donqar-beldə, burunda) < gürcücə: zurki «bel, dal, kürək». Zuk sözü axısqalıların dilinə gürcü dilindəki zurki sözündən keçmişdir. Həmin söz axısqalıların dilində forma və mənasını dəyişmişdir.
Axısqa türklərinin dilində bu söz zuk formasına düşmüş, sözün tərkibində olan «r» səsi düşmüşdür: Müq. et. zurki > zuki.
Formal cəhətdən olduğu kimi, həmin leksik substrat məna baxımından da diferensiasiyaya uğramışdır. Belə ki, gürcü dilində yuxarıda qeyd olunduğu kimi bel, dal, kürək mənasında işlənən bu söz zaman keçdikcə, Axısqa türklərinin dilində yeni məna, yuxarıdakı məna ilə bir az da olsa səsləşən donqar, qozbel semantikasına sahib çıxmışdır. Sonuncu məna aşağıdakı kontekstdə də ehtiva olunmuşdur: Aydyn tayynyn arxasynda zuku vardur. Zuk sözünün keçid mənalarından biri də «şəxsi yük» mənasıdır. Məs.: Gendim gedamiyerdim sani da arxama zuk ettim. Gendan niya zuk etmissin? Zuk sözü gürcü şəkilçisi ian morfoloji göstəricisini qəbul edib zukican sözünü əmələ gətirir: zukican sözü «qozbel», «donqar» (adam) mənasındadır: Aidyn tacicnan Asma xalac zukicandurlar.
7. Pexi < pexi (gürcücə - ayaq). Gürcü dilində «ayaq» mənasında işlənən bu substrat axısqalıların dilində nida kimi fəaliyyət göstərir. İş, fəaliyyət vaxtı Axısqa türkləri bu nidadan inəyin ayaqların qalxıb-enməsi prosesində istifadə edirlər. Məs.: pexi! pexi! (noqa! noqa!). Qeyd: Mənə məlumat verən informator Sabircan cəlilov belə bir izah verdi: ...pexi, pexi, diyerux ki, inək ayaxlaruni aralasun.
8. Menz «omba, bud» < gürcü dilində menze.
9. Turkmel «böyrək» < gürcücə - tirkmeli «böyrək». Bəzi axısqalıların dilində bu sözlə yanaşı, onun sinonimi bökrək sözü də işlədilir, lakin yaşlı adamlar təkcə turkmel sözündən istifadə edirlər.
10. Tot «ləpir, iz» <*tot - gürcü dilində «budaq», «qol».
11. Tət «pəncə», «ayaq» (heyvanlarda) < tati «pəncə», «ayaq» - gürcü dilində. Axısqa türklərinin dilində bu söz pişiyin ayağı, pəncəsi birləşmələri daxilində işlədilir. Axısqalılar pişiyə müraciətlə tət!, ətət də deyirlər (pişiyi qovan zaman). Aydın görünür ki, bu sözlər arasında məntiqi cəhətdən bağlılıq vardır.
12. Nikor «ağ xallı, ləkəli tük» < gürcü dilində nikor. Hər iki dildə bu söz eyni formalı və eyni mənalıdır. Həm gürcü, həm də Axısqa türklərinin dilində ağ xallı heyvanları nikora adlandırırlar. Məs.: Bir nikora öküzüm var idi, yaman güləşxan idi [191, s. 67].
13. Kututo «göz qapağı» < gürcü dilində kututo «göz qapağı». Hər iki dildə bu söz eyni mənadadır. Lakin axısqalıların dilində sözün tərkibində abruptiv (nəfəsli) səslər iştirak etmişdir.
14. Elenta/ələntə «dalaq» < gürcü dilində elenta «dalaq». Zeqan şivəsində gürcü dilində işlənən forma (elenta) qalmışdır.
Savel və digər şivələrdə isə e, a>ə fonetik dəyişkənliyi müşahidə olunur.
Bu sözün sinonimi kimi türk mənşəli talax (<dalak) sözü də işlənilməkdədir.
15. Bibilo/biblo «pipik» <* bibil; gürcü dilində bibilo «quşun pipiyi», çan dilində bibil - xoruzun saqqalı mənasında (GSKƏ, 54).
Axısqa türklərinin dilində biblo şəklində işlənən bu sözdə - i- səsi düşmüşdür.
16. Ziğel - diş əti <* crili «diş əti», gürcü dilində: crzil, meqr. Zirgil; çan. cizgil [191, s. 207].
Müasir gürcü ədəbi dilində bu söz crzili şəklində işlədilir. Gürcü və Axısqa türklərinin dilində bu söz epenteza və metateza hadisələrinə uğrayır: cizili - czili; c~z (cizil>zicel).
Gürcü dilinin inqloy dialektində bu söz crqili formasındadır.
17. Kakal - türk dilində göz karası «göz qarası». Bu məna gürcü ədəbi dilində dida «zeniüa oka» sözü ilə ifadə olunur. İnqloy dialektində isə kakalay şəklində müşahidə olunur. Bu, kakal sözünün gürcü mənşəli olduğunu təsdiq edir.
18. Nikart - «dimdik» <* ni-kart «dimdik»> gürcü dilində, ni(s) Kart, jban. Nikart-nikrat (GSKƏ, 148). Qeyd etmək lazımdır ki, Axısqa türklərinin dilində bu leksik substratın qədim forması saxlanmışdır.
Bu leksik substrat * krt-wn-i «klevat» - dimdikləmək sadə felindən törəmişdir. * ni və * ni-kap «niqab»-«podborodok» həmin kök əsasında formalaşmışdır. «Nikap»-«üz» mənasında bir sıra türk dillərində, o cümlədən axısqalıların dilində işlənməkdədir.
Axısqalıların dilində nikart sözünə - an şəkilçisini artırmaqla sözün mənası da dəyişir. «Nikartani»-«üz» mənasında. «Nikartani töküləcax» jarqonunun feli birləşməsinin tərkibində də bu söz hazırda işlədilir.
19. Kocor «ləçək» < gürcü dilində kocori «ləçək».
Forma və mənada heç bir dəyişkənlik yoxdur.
20. Xeco «boyun ardı», gürcü dilində keco. K > x dəyişkənliyi bu formalarda özünü göstərir. Məna cəhətdən heç bir dəyişiklik görünmür.
21. Xurxi «boğaz» * < xorx «boğaz», gürcü dilində: xorxi «boğaz». * o>u əvəzetməsi bu formalarda özünü göstərir.
22. Kiko «çinədan», «boğaz uru» < gürcü dilində kikvi «çinədan». Məna dəyişkənliyi bu formalarda müşahidə olunmasa da, hər bir dilin daxili qayda-qanunlarına uyğun olaraq sözün formasında interferensiya hadisəsi baş vermişdir.
Maraqlıdır ki, bu dilin Artvin şivəsində kıkı «boğaz uru» forması ilə qarşılaşmaq olur.
23. Puş «qarın» < gürcü dilində paşvi (paswi) eyni mənada.
24. Zirkol «şiş», «boğazın şişməsi», < zirkvali: gürcü dilində. Qeyd edilən məna gürcü dilində zirqwali sözü ilə də ifadə edilir. Bu formalar arasında z>z və wa>o əvəzlənməsi özünü göstərir.
25. Çercul «bağırsaq». Bu məna gürcü dilində jeli forması ilə ifadə olunur. Axısqalıların dilində işlənən çercul sözü gürcü dilindəki çeli sözünün əsasında formalaşmışdır. Burada türk dillərində müşahidə olunan reduplikasiya, yəni qoşalaşma, təkrarlanma əsas rol oynamışdır. Jer-jyl-i (çox bağırsaq).
Ehtimal etmək olar ki, Axısqa toponimi olan Qorqul da bu prinsip əsasında yaranmışdır: gor-gor-i > gorguli.
26. Çip «göz zəifliyi», < gürcü dilində çirpli «göz zəifliyi».
27. Çunçuxo «mədə» (quşun mədəsi). Gürcü dilində buna oxşar məna çinçaxvi leksik vahidi ilə öz ifadəsini tapır.
28. Sulukun «hıçqırmaq» < * slok «hıçqırmaq»; gürcü dilində slokin, meqr sikin; çan: sikin [191, s. 177].
Beləliklə, biz tədqiqatda axısqalıların dilində indi də qalmış gürcü substratların struktur-semantik inkişafı ilə tanış olduq. Maraqlıdır ki, bu leksemlərin əksəriyyəti insan və heyvanların orqanları ilə bilavasitə əlaqəlidir. Belə sözlər, həqiqətən də, bu toplumun dilində çoxdur. Belə leksik vahidlər müasir gürcü dilindən keçmə deyil. Tədqiqatda göstərildiyi kimi, bu sözlər - bədən üzvləri adları hər iki xalqın birgə heyvandarlıq, quşçuluq təsərrüfatında çalışmaları, birgə ünsiyyət prosesində tarixən belə leksemləri mənisəmələri ilə bağlıdır. Bunlar indiki dövrdə alınma sözlər yox, leksik substratlar kimi başa düşülməli və öyrənilməlidir. Fikrimizcə, bu kimi substratlar gələcəkdə türk-gürcü dil əlaqələrinin hərtərəfli şəkildə öyrənilməsi üçün böyük əhəmiyyət daşıyacaq. Fikrimizcə, həmin substratların hər iki dildə izahlı lüğətini yaratmaq türkologiya üçün də faydalı ola bilər.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz