.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.4. Regional təsirlər, kənara çıxmalar

     

Hər hansı bir dil sosial hadisə kimi cəmiyyətin həyatında öz məqsəd və vəzifəsini müxtəlif sferalarla yerinə yetirərkən təkmilləşmək, mükəmməlləşmək, öz daxili resurslarını inkişaf etdirmək üçün başqa dillərlə də qarşılıqlı əlaqəyə girməlidir. Bu əlaqə bəzən dil normalarının pozulmasına, yeni xüsusiyyətlər kəsb etməsinə səbəb olur. Yəni bir dilin daxili modelləri başqa dil modelləri üzrə tərtib edilmiş olur. Beləliklə də, hər iki dilin modelləri bir-birinə təsir edib biri digərinin yerini tuta bilər. Lakin daha çox və daha müntəzəm işlədilən dilin təsir edəcəyi şübhəsizdir. Odur ki, bir neçə dil arasında müştərək cəhətləri təkcə nəzəri cəhətdən deyil, ümumi ehtiyac və tələbat baxımından da öyrənmək faydalıdır.
N.A.Baskakov göstərir ki, xalqların və dillərin inkişafında bəzən elə tarixi şərait olur ki, onların təsiri altında ayrı-ayrı dillərin ictimai funksiyası qeyri-adi dərəcədə genişlənir, dillərin yeni şəraitə uyğunlaşması baş verir və bu zaman baxmayaraq ki, bu şəraitdə onların tipologiyasında mühüm dəyişikliklər baş vermir, lakin dillərin tipoloji dəyişmə prosesləri qabarıq olur [87, s. 53].
Yad mühitdə, müxtəlif dillərin əhatəsində uzun bir inkişaf yolu keçmiş Axısqa türklərinin dili qədim qatları saxlamaqla yanaşı, regional təsirlərdən də yaxa qurtara bilməmişdir.
Dil dar mühitə, durğunluq vəziyyətinə düşəndə ictimai funksiyasını qismən itirir, onun yayılma arealı isə zəif olur. Axısqa türklərinin dili də belə olmuşdur. Bu dil Qafqazda və Orta Asiyada əsas funksiyanı yerinə yetirməmiş, ancaq kommunikativ və təsərrüfatla bağlı mövqeyini qoruyub saxlamışdır.
Maraqlıdır, eyni dil müxtəlif regionlarda fərqli əlamətlər qazana bilər. Məsələn, Moldavada və Ukraynada yaşayan qaqauzların dili ilə Qazaxıstanda yaşayan qaqauzların dili arasında, eləcə də orada yaşayan azərbaycanlılarla, Qafqazda yaşayan azərbaycanlıların dili arasında müəyyən diferensiya mövcuddur.
Bu fikri Türkiyədə yaşayan türklərlə, keçmiş Sovetlər Birliyində yaşayan türklərin dilinə də aid etmək olar. Regional təsirlər, normadan kənara çıxmalar ikincidə daha çox müşahidə olunur. Birincidə isə süni sözlər yaratmaq meyli qüvvətlidir.
Gürcü, Azərbaycan, özbək və qazax dillərinin bu əhalinin dilinə regional təsiri olmuşdur. Bu qarşılıqlı dil əlaqələrinin müqayisəli - tutuşdurma metodu ilə təhlili dilçiliyimizə xeyli fayda verə bilər.
Axısqa türklərinin dilinin lüğət tərkibinin iki faizdən çoxunu gürcü-kartvel mənşəli sözlər təşkil edir.
Gürcüstanda yaşayan türklərin dilinin lüğət tərkibinə aşağıdakı sahələrə dair gürcü dilinin sözləri daxil olmuşdur:
1. Yeyinti məhsulları adları: karaki-kərə yağı, satxi - qoyun pendiri, çadi - qarğıdalı çörəyi, pəpə - çörək, xinkal - düşbərəyə oxşar xörək, xaçapur - pendirdən və soğandan hazırlanmış duzlu salat və s.
XVII əsrdə Mesxet-cavaxetidə yeni kənd təsərrüfatı bitkiləri əkilməyə başlandı. Əkilən bitkilərdən biri "kukuruza" adlanırdı. Gürcücə bu söz "çapı" və ya "lazut" adlanırdı. Gürcü dilində olan "lazut" sözü o vaxtdan kənd təsərrüfatı ilə məşğul olan türklərin dilinə də daxil olmuş, indi də işləkliyini itirməmişdir.
2. Botanika terminləri: lazut - qarğıdalı, çarxala - çuğundur, pazı; çançur - gavalı, kurka - meyvə, soko - göbələk və s.
3. Zoologiya terminləri: şoşnya - zağca, porosenok - donuz potası, mışonok - siçan balası, çiya - qurd, soxulcan; çintal - pişik balası və s.
4. Bədən üzvləri adları: zığel - diş əti, kakal - göz bəbəyi, biblo-rişə, nikart - dimdik, tot - ayı ləpiri və s.
5.Kənd təsərrüfatı və torpaqşünaslıq terminləri: bulul - dəyə, kuz - uzun ağac, şüvül, kort - təpə və s.
Axısqa türkləri Qazaxıstanda da bir əsrdən artıq yaşamışlar. Türk və Qazax dilləri o vaxtdan bir-birinə qarşılıqlı təsir göstərmişdir. Qazax dili vasitəçi rol oynamış, beynəlmiləl alınmaları bu dilə gətirmişdir: avtobaza, avariya, albom, oqorod, oblas və s.
Qazaxıstanda yaşayan türklərin dilinin lüğət tərkibinə aşağıdakı sahələrə dair qazax dilinin sözləri daxil olmuşdur:
a) yeyinti məhsulları adları: kəsmə (əriştə), toxaç (bağırsaq), xımız (at südündən hazırlanmış içki) və s.
b) ev əşyaları, geyim adları: kömbəç (çörək bişirən tava), taxya (araqçın), tolax (dolax) və s.
v) botanika, aqrotexnika terminləri: büldürğün (vəhşi çöl giləmeyvəsi), masak (çuğundur), qüzlux (payızlıq buğda), yazlux (yazlıq buğda), skirda (taya) və s.
q) etnoqrafik terminlər: çille (yayın isti vaxtı), kobuz (musiqi aləti), dombura (xalq çalğı aləti) və s.
Qazaxıstanda yaşayan türklər öz sözləri ilə yanaşı qazax dilinin sözlərindən də paralel olaraq istifadə etmişlər.
Sinonim kimi aşağıdakı sözlər paralel işlənmişdir: toxac (lüxum), baursak, kant (kırma şəkər), kumşəkər (toz şəkər), qüzlux (kırmızı taxıl), yazlux (bayaz taxıl), mas (zarxoş), dekabr (karakış) və s.
Leksik interferensiyalar qazax dilinin təsiri ilə daxil olmuş və bəzi fonetik hadisələrə uğramışdır. Məsələn: vokzal (vazqal), butılka (potlika), skameyka (iskam), eşelon (şalon) və s.
Leksik interferensiyalarda fonetik və semantik mənimsəmə müşahidə edilir. Maşinə - maşina, nəçəlik - naçalnik, iliktir - elektriçestvo, vədrə - vedro, kuartel - kvartira, zavana - zveno, laqir - laqer, koperet - maqazin və s.
Regional təsirlər antroponimiyada da müşahidə edilir. Türklər qazaxlara məxsus şəxs adlarından, toponimlərdən istifadə etmişlər. Çimkənd vilayətində Sayram rayonu var. Bu toponimdən Sayrambəy adlı türk adı qoyulmuşdur. Gürcüstanda da əksər türklər gürcü familiyalarını daşımışlar. Yaralaşvili, Beridze və s.
cənubi Gürcüstandan sürgün edilən türklərin bir hissəsi Rusiyanın vilayətlərində yaşamağa başladılar. Yunanlarla qaynayıb-qarışdılar. Yunan dilindən aşağıdakı sözləri aldılar: kiramet (kərpic), laxana (kələm), tırpan (dəryaz), dirqən (yaba, şana), sinor (sərhəd), nənni (beşik), umuz (çiyin).
Özbəkistanda yaşamış Axısqa türklərinin nitqində özbək dilində işlənən sözlər: çekiş, çamaşır, paxta (pambıq), fərzənt, kisla (qışlaq), asiman və s.
Özbəkistandan Azərbaycana pənah gətirmiş axısqalıların nitqində aşağıdakı rus sözləri işlənir: produkt, reforma, dokumentasiya, qrajdan, orqanizator, zapiska, oqorod, kultura, sekretar, prosent, semzavod, poliqon, aqitator və s.
Tədqiqat göstərir ki, eyni dil müxtəlif regionlarda diferensial əlamətlər qazana bilir. Təbiidir ki, çox işlənən dilin az işlənən dilə təsiri güclü olur.
Dillərin təması - dəyişkən nəticədir və təqdim olunan müxtəlif etnoslar arasında əlaqənin bilavasitə uzun sürən davamıdır.
Gürcü - Axısqa - Azərbaycan dil paralelləri
Gürcü Axısqa Azərbaycan
bazi bazi boz quş
banaki ban binə (yurd)
-------------
Ban - qədim türk sözüdür. «Kitabi Dədə Qorqud»da ağ-ban evim şəklində işlənmişdir. Gögdən ildırım ağ-ban evim üzərinə şağır gördüm [60, s. 44].

bakmazi bekmes bəkməz
buqu qu bayquş

qazi qay (qıy) qayçı
--------------------------------
2. Qay, qay, kə köklərinin «kəsmək» anlamında işləndiyi haqqında ətraflı məlumat almaq üçün bax [133, s.138-142]; Dil paralellərinin müəyyənləşməsində Mahar Qəhrəmansoyun «Gürcü-Azərbaycan dil paralelləri» («Təbib» nəşriyyatı, 1992) əsərinə istinad edilmişdir [134].

uto utoq ütü
papaxi papax papaq
puçana bicək buzov
kalaki kala qala (şəhər)
taşti tas teşt, tas
pialla çaşa pialə
qoçi koç qoç
quitukii tüy tük
qorni qarğa qarğa
şeneba, şenoba şennik şen/lik
şuşabandi havli şüşəbənd
çaydani çaynik çaydan-çaynik
çamça sapli çömçə
çekme sapuq çəkmə
djadja çeçə cecə
Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz