.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.3.1.İnsanın bədən üzvlərinin adları.

     

Axısqa türklərinin dilinin leksikasının qədim layını insanın bədən hissələri və üzvlərinin adları da təşkil edir. Belə adlar çoxmənalılıq, metaforik və metonimik keyfiyyətlərə malikdir. Belə adlar əsas mənalarına görə anatomik terminlərdir.
Bədən hissələri və üzvlərinin adları türk dillərinin ilkin formalaşma dövrünə təsadüf edir. Odur ki, bunlar ümumtürkoloji səciyyə daşıyır və əksər türk dillərində eynilə işlədilir. Məs.: baş, arın (alın), yanax (yanaq), yüz (üz), boyun, boğoz (boğaz), əl, yan, parmax (barmaq), bel, kıç (qıça), yürək (ürək), bayaz jiqər (ağ ciyər), kara jiqər (qara ciyər), bağarsux (bağarsıq), oynax (oynaq) və s.
Axısqa türklərinin dilində qoşa bədən üzvlərinin adlarına da rast gəlirik. Məsələn: Yüz-göz: Qərənfilim, bibərim,\\ Bən həppizdən dilbərim.\\ Yüz-gözün eşkitmen\\ Misəfirim, gedərim (mani).
Bədən üzvləri adlarından mürəkkəb sözlər də əmələ gəlir. Məsələn "alın" sözündən "alnıaçıq", "üz" sözündən "üzüağ" mürəkkəb leksemləri yaranmışdır. Axısqa türklərinin dilində bu sözlər "arniaçux" və "yüziağ" formasında işlədilir: Daşan çaylar durula,\\ Əv tikilə, qurula.\\ Arniaçux, yüziağ\\ Gəl qurula, qurula (mani).
Bədən hissələrinin adlarını bildirən qoşa sözlərdən biri asemantik olur. Məs.: cigər-cügüm səvincindən tel olur,\\ Hər adamın əl tutanı, el olur (c.Xalidoğlu).
Bədən üzvlərinin adlarını bildirən qoşa sözlər təkrar olunur: Həm baş-başa, həm qol-qola\\ Qışda saçi appaq ola (c. Xalidoğlu).
İnsanın bədən üzvlərinin adlarından ibarət olan bir çox terminlər heyvanların da bədən üzvlərinə aid olur. Lakin elə bədən üzvlərinin adları vardır ki, bunlar ancaq heyvan və quşlara məxsusdur. Məsələn: kanat (qanad), nikart (dimdik), quyrux (quyruq), buynuz, yüng (yun), yal (atda, uzun saç) və s.

Axısqa türklərinin dilində sinonimlərin meydana gəlməsi bir sıra sözlərin, o cümlədən bədən üzvləri adlarının da bəzilərinin sıradan çıxmasına və dilin lüğət tərkibinin passiv fonduna keçməsinə şərait yaratmışdır. Məsələn: sina (sinə), qədd, qərdən (gərdən), tən (bədən), kafa (baş), yelkə (peysər, boyun ardı) və s.

 

 


Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz