Bu qanun Axısqa türklərinin
dilinin fonetik quruluşunda əsas yerlərdən
birini tutur. Sözlərin əksəriyyətində,
həm türk mənşəli, həm
də alınmalarda saitlər arasında
möhkəm bir qanunauyğunluq vardır.
Sözlərdə qalın saitlər qalın
saitləri, incə saitlər incə saitləri
izləyir.
a) Qalın saitlərin
bir-birini izləməsi: saux-sazax, qılıc,
balta-xızar, tavux-çuçullar, ayaxyalın,
puvar, mal-tavar, kortluğ, urba, boxça, bayaz,
lazut, lobya və s.
b) İncə saitlərin
bir-birini izləməsi: ətmək, kütən
(kotan), güvəc, tərək, gəmük,
yəməni, kömlək, küfə,
tələng, mənəmşə,
məndil və s.
Ahəng qanunun pozulması
halları da müşahidə olunur. Bu hala
düzəltmə sözlərin sonunda daha
çox rast gəlmək olur. Belə ki,
kök sözlərə artırılan
leksik və ya qrammatik şəkilçilər
əvvəlki səslərlə uyğunluq,
ahəngdarlıq yaratmır, incə saitdən
sonra incə, qalın saitdən sonra qalın
sait gəlmir. Beləliklə, ahəng
qanunu pozulmuş olur. Məsələn:
həm suçli, həm gücli (əski
söz); Tava dəlux, tas dəlux, bu da gəldi
üstəlux (əski söz): Zorun var isə,
zurnaçibaşi ol (əski söz): Tağlari
karladilər, yollari bağladilər (mani)
və s.
Bu cümlələrdəki
suçli, dəlux, zurnaçibaşi, tağlari,
yollari sözlərinin sonuna doğru sait səslərdə
keyfiyyətcə dəyişiklik əmələ
gəlmiş, arxa cərgə saitlərindən
sonra ön cərgə saitləri işlənmişdir.
Bu qanunun pozulması bir neçə amillərlə
bağlıdır: Axısqa türklərinin
yazısı uzun müddət gürcü
əlifbası ilə işləndiyindən
bu dilin səslərini yazıda əks
etdirmək çətin idi, belə bir çətinlik
ilə sözlərdə saitlərin ahəngini
pozurdu. Həmin xüsusiyyət Azərbaycan
yazısının uzun zaman ərəb
əlifbası ilə işləndiyi
dövrlərdə də olmuş, klassiklərin
əsərlərində də müşahidə
olunmuşdur.
Yaddilli əlifbadan istifadə
nəticəsində sözlərin sonuna
artırılan leksik və ya qrammatik göstəricilərdə
çoxvariantlılıq formalaşmamış,
yalnız şəkilçilərin bir
variantından istifadə olunmuşdur. Çoxvariantlı
şəkilçilərin isə ön
cərgə saitlərindən ibarət
olan formaları işlək olmuş və
Axısqa türklərinin dilində geniş
yayılmışdır. Bu xüsusiyyət
axısqalıların dilində bir sıra
fonetik hadisələr də törətmişdir.
Belə hadisələrdən biri i-ləşmə
hadisəsidir. Bu hadisə söz köklərinə
i, li, çi və s. birvariantlı şəkilçilərin
artırılması ilə əmələ
gəlir.
a) Birvariantlı -i şəkilçisinin
söz köklərinə artırılması
nəticəsində ahəng qanununun pozulması:
yazi, oğli, kızi, sözi, puvari, kurdi,
furuci, pantasi, avisi və s. Bu dərənin
yazi gəlsin,\\ Oğli gəlsin, kızi
gəlsin,\\ İlham alan yürəgimin\\
Bin hekmetli sözi gəlsin (c.Xalidov); Dupduri
puvari haxlıma gəldi (İ.Şahzadayev);
Gezərdi içində avisi, kurdi,\\ Pantasi,
füruci, haxlıma gəldi (İ.Şahzadayev).
b) Birvariantlı -li
şəkilçisinin söz köklərinə
artırılması nəticəsində
ahəng qanununun pozulması: qarli, buzli, yanuxli
və s. Qarli - buzli dağlar haxlıma gəldi
(İ.Şahzadayev); Yanuxli hava idi.
c) Birvariantlı -çi
şəkilçisinin söz köklərinə
artırılması nəticəsində
ahəng qanununun pozulması: zurnaçi, yabançi,
avçi və s.Zurnaçi zurnasıni vaqonun
nəfəsluğundan çıxardıb
vətən dağlarına doğri səsləndüriyerdi
("Vətən eşqi" qəzeti,
noyabr 1992-ci il); Yaprax uldi kuçuk yürək
bədəndə, Vətənsizəm
- yabançiyam hər yerdə (Xeyransa Mirzəyeva);
Biz quş idux uçaridux havada, Avçi vurdu
düşürtdilər yuvadan (Musiqi folkloru)
və s.
Axısqa türklərinin
dilində ahəng qanununun pozulması faktlarından
biri də burada dodaq səslərinin üstünlüyüdür.
Bu, danışıq dilindən gələn
bir xüsusiyyət kimi qeyd edilə bilər.
Aşağıdakı nümunələrdə
dodaq səslərinin üstün mövqeyini
görə bilərik: Elə ondaykən
adıni «ayrilux havası» qoydilər
(«Vətən eşqi» qəzeti,
noyabr 1992-ci il), Üstiaçux bir maşin
də qapının ağzıni kəsdürmişdi,
bilmam ki, sahabsızlux yüzündənmi,
nadansa bu yollar olduxca narahat olmişdi ("Vətən
eşqi" qəzeti, noyabr 1992-ci il).
Dodaq səslərinin
üstünlüyü, əsasən, -lux
şəkilçisinin təkvariantlılığı
ilə əlaqəlidir. Ümumiyyətlə,
bu məsələlərin öyrənilməsi
həmin dildə ahəng qanununun pozulması
faktı ilə yanaşı, orfoqrafik vəziyyətin
də aydınlaşdırılmasına
xeyli kömək edə bilər.
Axısqa türklərinin
dilində eynicinsli saitlərin bir-birini izləməsi
aşağıdakı ardıcıllıqla
baş verir:
1. Dilarxası saitlərinin
ahəngi. a-a: bayaz, dava, balta, qatar. Dilarxası
saitlərin ahəngi bəzən pozula
bilir: yanux, acux, artux, maşinə.
Axısqa türklərinin
dilindəki a-u sırası bəzən
Azərbaycan dilindəki o-u sırasına
uyğun gəlir: tavux (Axısqa türk
dili) - toyuq (Azərbaycan dili). İlk hecada
a saitinin dəyişərək o saitinə
keçməsi, ümumiyyətlə, ahəng
qanununda paradoksal vəziyyətdir [72, s. 54].
ı-ı ahəngi
Axısqa türklərinin dilində pozulur,
ikinci səsi "i" əvəz edir:
cırdi, çıxdi və s.
Alınma sözlərdə
isə ı - ı ahəngi bəzən
gözlənilir. Məsələn: sıhır
(sehr). Fələk bizi sıhırlamiş,
bağlamiş, Bu sıhıri açamadım,
Vətənim (M.Paşalioğli).
2. Dilönü saitlərin
ahəngi. ə-ə: zəmzəm, vətən,
ətməg, dədə, nənə,
dərə, ləçək, çəpər
və s.
Axısqa türklərinin
dilində Azərbaycan dilinə məxsus
ə-ə ahəngi e-e saitlərinin bir-birini
izləməsi şəklində müşahidə
edilir. Başqa sözlə desək, bir çox
hallarda, oğuz qrupuna daxil olan digər dillərdəki
e-e ahəngi Azərbaycan dilindəki ə-ə
ahənginə uyğun gəlir: keser (Axısqa
türk dili) - kəsər (Azərbaycan dili):
Keser kendi sapıni yonmaz (əski söz), degeneg
(Axısqa türk dili) - dəyənək
(Azərbaycan dili): İtin ölümü
gelince çobanın degenegin sürünür
(əski söz).
Azərbaycan ədəbi
dilində e-e ahəngi müşahidə
edilməsə də, dialekt və şivələrdə
saitlərin bu cür sırasına rast gəlmək
mümkündür: gedecek, çeynemek, tekbetek,
geder, verer [66, s. 59].
i-i. Axısqa türklərinin
dilində söz köklərində i saitinin
i saitini izləməsi qanunu bizim dilimizdən
fərqlidir. Bu saitlər öz yerlərini
başqa saitlərə verir. Məsələn,
kuçuk (kiçik) sözündə i saiti
öz yerini qalın u saitinə vermişdir.
Bəzən i-i ahəngi
güclü mövqedən çıxış
edir. Məsələn, Azərbaycan dilində
işlənən tülkü sözündəki
ü saitinin vəzifəsini tilki sözündə
i saiti yerinə yetirmiş, sanki i saiti digər
saitin hüququnu əlindən almışdır.
Axısqalıların
dilində i saiti ə saitinin yerinə işlənib
eynihüquqlu səs sistemi yaradır. Əncir
(Azərbaycan dili) - incir (Axısqa türk
dili).
Axısqa türklərinin
dilində də güclü damaq səsləri
zəif damaq səslərini izləyə
bilir. Səslər söz daxilində güclü-zəif
iyerarxiyası üzrə sıralanır.
Dilarxası saitlərin ahəngi bu cəhətdən
səciyyəvidir.
a-ı. Bu saitlər
bir-birini güclü-zəif iyerarxiyası
prinsipinə əsasən izləyir. Həmin
səslərin iştirak etdiyi sözlər
oğuz qrupu türk dillərindəki sözlərlə
eyniyyət təşkil edir: arn (alın),
karvanbaşı, karakış və
s.
Bu dilin bəzi sözlərində
a-ı ahəngi a-i variantında təzahür
edir və pozulur: tayi (dayı), aynali (aynalı),
abbasi (abbası) və s.
a-ı ahənginə
a-u variantında da rast gəlirik: balduz (baldız).
Axısqa türklərinin
dilinin fonetik sistemində dilönü saitlərin
ahəngi də geniş yayılmışdır.
Ən çox müşahidə edilən
ə-i və i-ə istiqamətlərindəki
sıradır.
ə-i. Bu səslərin
ahəngi aşağıdakı tipli
sözlərdə özünü göstərir:
nərdi, qəlin, çəlik, əlli,
kərinjə, kərəfil, əvli
və s.
ə-i ahəngi əvəzinə
ə-ü işlənməsi halları
da müşahidə olunur: təmüz (təmiz).
Bundan əlavə, ə-i ahəngi yerinə
e-i işlənməsi bu dilin türk ədəbi
dili ilə yaxınlığını
göstərir. Məsələn: eski (əski),
zengin (zəngin).
i-ə ahəngi: mindər,
dirqən, siçrətmə, kinkilə,
sinək, kirəz, Niqər, bilək, bitəv,
jiqər, çiçəq, inək və
s.
e-i ahəngi Axısqa
türklərinin dilində intensivdir. Məsələn:
elti, peşkir, peynir. Bu dildəki e-i ahəngi,
bəzən Azərbaycan dilindəki a-ı
sırasını əvəz edir: yeşil
(Axısqa türk dili) - yaşıl (Azərbaycan
dili); e-ə ahəngi: keçə, yeqən,
enqə, qejə. Bəzən Azərbaycan
dilində alınma sözlərdə olan
e-ə ahəngi Axısqa türklərinin
dilində ə- ə sırası ilə
əvəzlənir: vədrə (vedrə).
Zəif səslərin
güclü səsləri izləməsi
halları da Axısqa türklərinin dilinin
fonetik sistemində əsas yerlərdən
birini tutur. ı-a saitlərinin bir-birini izləməsi
bu baxımdan xarakterikdir: tırpan (dəryaz),
xırman, sılağ, yırtar, kıça
və s.
Qeyd etməliyik ki, dil
önü i səsindən sona a səsinin
işlənməsi, ahəng qanunun pozulması
halı kirva, sina, igna kimi sözlərdə
müşahidə olunur. Əslində
bu sözlərdə işlənən
"a" səsi "ə" səsinin
funksiyasını yerinə yetirmişdir.
Müq. et.: kirvə, sinə, iynə (Azərbaycan
dili).
Dodaq saitlərinin ahəngi.
Axısqa türklərinin dilində eyni
mövqeli dodaq saitləri bir-birini izləyə
bilir.
o-o ahəngi: boğoz,
koşot. Bu sözlərdəki o-o ahəngi
Azərbaycan dilində o-a saitlərinin sıralanması
şəklində təzahür edir: boğoz
(Axısqa türk dili) - boğaz (Azərbaycan
dili).
o-o ahəngi Azərbaycan
dilində o-u saitlərinin sıralanması
şəklində də müşahidə
olunur: porsox (Axısqa türk dili) - porsux (Azərbaycan
dili); oroc (Axısqa türk dili) - oruc (Azərbaycan
dili); xoroz (Axısqa türk dili) - xoruz (Azərbaycan
dili).
u-u ahəngi. Axısqa
türklərinin dilində u-u ahəngi güclü
mövqeyi ilə seçilir. Həmin ahəng
dilarxası qapalı saitlərin bir-birini
izləməsi prinsipi ilə müşayət
olunur: çuçul, buluz, buynuz, luxum və
s. u-u saitləri güclü mövqeyi başqa
türk dillərindən fərqli olaraq,
Axısqa türklərinin dilində söz
ortasında u sait qoşalığını
əmələ gətirir: tauux, douuz, kauun,
dauul və s.
Axısqa türklərinin
dilində u-u ahəngi ilə işlədilən
bir sıra sözlər isə digər
oğuz qrupu türk dillərindən (Azərbaycan,
türkmən) fərqlənir. Belə
ki, bu dildə u saitindən sonra ikinci hecada
i saitinin işlənməsinə təsadüf
olunur: quzi (Axısqa türk dili) - quzu (Azərbaycan
dili); uli (Axısqa türk dili) - ulu (Azərbaycan
dili), suyi (Axısqa türk dili) - suyu (Azərbaycan
dili), kuyi (Axısqa türk dili) - quyu (Azərbaycan
dili) və s.
Müasir türkmən
dilində u-u ahəngi pozulur, ikinci u saiti yerinə
ı - saiti işlənir: quzı, durı,
uzın [145, s. 9].
ü-ü ahəngi.
ü-ü ahəngində dilönü, qapalı,
dodaqlanan saitlər bir-birini izləyir. Eyni
mövqeli saitlər sözlərin tərkibində
incə dodaq ahəngini formalaşdırır:
dünqür, jüjük, qüjük, qüqüm,
düdüq və s.
Müasir Azərbaycan
dilində u-i ahəngini Axısqa türklərinin
dilində ü-ü sırası əvəz
edir: Yusif - Yüsüf.
Azərbaycan dilində
i-i ahənginə tabe olan kiçik sözü
Axısqa türklərinin dilində ü-ü
sırası ilə əvəzlənir:
Küçük taş baş yarar (əski
söz): Küçük kövün böyük
ağası (əski söz).
Axısqa türklərinin
dilində ü-ə ahəngi də geniş
yayılmışdır: yügrək,
yüzgər, yüksək, küpə,
küfə və s. Bu dilin bəzi sözlərində
ü-ə sırası u-ə saitləri
ilə ifadə olunur. "Sufrə" sözündə
bu əlamət müşahidə olunur.
Maraqlıdır ki, Azərbaycan dilində
qalın saitlərdən ibarət olan o-a
sırasını bu dildə ü-ə
sırası əvəz edir. Məsələn:
Bazar güni kütən (kotan) qoşdum.
o-u ahəngi. Bu ahəng
güclü-zəif iyerarxiyası əsasında
yaranır. Burada dilarxası açıq
və qapalı dodaq saitləri sıralanır.
Bu cür izləmə Axısqa türklərinin
dilinin fonetik sisteminə məxsus olan qanunauyğunluqlardan
sayılır: oxçur (belbağı)
- Oxçurundan altun düşiyer; opçu
(anbar) - Yer olmur, ona görə gəminin opçusunda
(anbarında) oturerlər; oxçu (İlk
vuran oxçudur); xorum (Dünya yansa, bir xorum
oti yanmaz) (əski söz); boncuq, qolcuk və
s.
o-u ahənginin Axısqa
türklərinin dilində fərqlənən
əlamətləri də vardır. Bu
dildə digər türk dillərindən
fərqli olaraq, o saitindən sonra i saitinin
işlənməsi halları da müşahidə
olunur: şoşi, komşi (qonşu), quri
və s. o-dan sonra i-nin işlədilməsi,
i saitinin hələlik o saitinin təsiri
ilə labiallaşmaması deməkdir.
Azərbaycan dilinin dialektlərində, həmçinin
türkmən dilində u saitinin yerinə
ı - saitinin işlənmə halları
mövcuddur. Bu da yəqin ki, labiallaşma
təsirinin hələ də zəifliyi
ilə bağlıdır: qonşı,
oqrı (türkmən dilində), otız,
doqqız (Azərbaycan dilinin dialektlərində).
M.Şirəliyev bu prosesi dodaq ahənginin
pozulması faktı sayır [66, s. 48].
ö-ö ahəngi.
Axısqa türklərinin dilində ö
saitinin ö saitini izləməsi qözöl,
dögön sözlərində müşahidə
edilir.
ö-ü ahəngi.
Başqa türk dillərində olduğu
kimi, Axısqa türklərinin dilində
də bu ahəng mövcuddur: kövül,
böqrüm, körük və s.
ö-ü ahəngində
özünü göstərən bəzi
sözlər Azərbaycan dilində ö-ə,
u-ü sırası ilə ifadə olunur.
Müq. et: ö-ü (öskürük)- ö-ə
(öskürək).
|