.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
II FƏSİL

FONETİKA

2.1. Fonemlər sistemi

     

Türk dillərinin fonetik sistemi həmişə sabit qalma əlamətləri ilə xarakterizə edilir. Fonetik sistem uzun illərin, əsrlərin məhsuludur, əsrlər boyu öz sabitliyini qoruyub saxlaya bilmiş, əsaslı dəyişikliyə uğramamışdır. "Tarixi şərait, coğrafi və ictimai mühit, xalqın məskunlaşdığı yer, ərazicə qonşu xalqların öz ictimai-mədəni və sosial-iqtisadi inkişafı kimi amillər" şübhəsiz ki, axısqalıların da dilinin səs sistemi və fonetik qanun və hadisələrin yaranmasına təsir göstərmişdir.
----------------------
Həsənov Həsrət. Azərbaycan dilinin fonetikası. B., 1999, s.12.

Axısqa türkləri Gürcüstanda yaşayarkən gürcü əlifbasından, Qazaxıstanda, Azərbaycanda, Özbəgistanda və Rusiyanın digər bölgələrində isə rus qrafikalı əlifbadan istifadə etmişlər. Qeyd edilən əlifbalar həmin əhalinin mədəni həyatında bu və ya digər dərəcədə rol oynamışdır. Gürcü əlifbası ilə onların qəzetləri nəşr edilmiş, teatr əsərləri yazılmış, folklor nümunələri qeydə alınmışdır. 30-cu illərdə Axısqa bölgəsində "Ədigön kolxozçusi", "Qızıl rəncbər" və s. yerli qəzetlər bu əlifbada nəşr edilmişdir.
Gürcüstanda sovet hökuməti qurulana qədər Axısqa türkləri öz dillərində yazıb-oxumuş, 1924-cü ildən sonra türk dilində olan məktəblər bağlanmışdır. Ə.Ənsarov "Ahısqa türkləri" adlı kitabçasında bu haqda yazır: "Uşaqlarımız doğma ana dilində təhsil ala bilmədilər. Axısqa türklərinə uşaqlarını gürcü dilində oxumağı təklif etdilər. Gürcü dilini uşaqlar bilmirdilər. Axısqa türklərinin əsl faciələrindən biri elə bu vaxt başladı. Bir xalqın övladları ana dilində təhsil ala bilməyib gürcü, rus dillərində oxumağa getdilər. Bu da uşaqların milli zəmindən tədricən uzaqlaşmasına gətirib çıxarırdı" [24, s. 6].
Sovet dönəmində onlar rus qrafikalı əlifbadan istifadə etmişlər. "Mesxeti Türklərinin Ümumittifaq "Vətən" cəmiyyətinin Orqanı" olan "Vətən eşqi" adlı qəzet bu əlifba ilə əvvəlcə Kabardin-Balkar bölgəsinin Urvan rayonunda rus və milli dildə, sonra isə Saatlı rayonunun Fətəlikənd kəndində (1991-ci ilin mart ayından) öz dillərində və Azərbaycan dilində çap olunmağa başlanmışdır. Qəzetin çapında A.Pepenovun, A.Kadırovun, S.cəlilovun, G.Şahinin və başqalarının böyük əməyi olmuşdur.
Bu dilin fonetik xüsusiyyətləri, ilk növbədə, gürcü alimlərinin diqqətini cəlb etmişdir. N.Marr bu dilin fonetik quruluşu ilə bağlı bəzi xarakterik xüsusiyyətləri göstərmişdir [137, s. 27]. S.cəlilov həmin dilin fonetikasına dair namizədlik dissertasiyası yazmışdır. Ancaq dissertasiya müdafiə olunmamış və nəticələri də heç bir yerdə çap edilməmişdir. F.F.Əliyev "Oçerki po leksike əzıka turok Kazaxstana" əsərinin müvafiq bölmələrində türklərin dilinin fonetik xüsusiyyətlərindən də bəhs etmişdir [78, s. 8-10].
Bütün bunlara baxmayaraq, həmin dilin fonetik sistemində öyrənilməyə ehtiyacı olan məsələlər çoxdur və onları araşdırmağa çalışmışıq.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz