.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
1.3. Axısqa türklərinin mənşəyinə dair

     

Axısqa türklərinin mənşəyi məsələsində fikir ayrılığı yaranmışdır. Qədim dövrün tədqiqatçıları Axısqa türklərini saq, massaget və buntürk tayfaları ilə də əlaqələndirirlər. Araşdırıcılar buntürklərini miladdan öncə 530-cu illərdə Araz üstə Kirin başını kəsib qan tuluğuna salmış Tomris ananın övladları kimi qələmə verirlər.
Buntürkləri yeni eranın əvvəllərindən Qafqazın ilk aborigen sakinlərindən biri olmuşdur. Gürcü salnamələrində buntürklərin həyatı, məişəti və mübarizəsi haqqında maraqlı məlumatlar vardır. Bu mənbələrdən məlum olur ki, Azərbaycanda ta qədimdən yaşayan türklər V əsrdən sonra Kürün axarı boyunca cənubi Gürcüstan torpaqlarına axışmış, orada yurd-yuva qurmağa başlamışlar. Onlar qədim Mesxetinin qərbində sakin olmuş, Kür çayının sağ və sol sahili boyunca yerləşib - yaşamış, oturaq həyat sürmüşlər [144, s. 26].
"Miladdan öncə hələ VI-IV əsrlərdə türklər - turanlılar Gürcü qaynaqlarına nizəli türklər, nizəgəzdirənlər mənalarında daxil olub, buntürklər adı ilə məşhurlaşıblar. Həmin kiçik xalq Gürcüstanın qədim paytaxtı Msxetidən qərbdə yerləşib həyat sürmüş, get-gedə adı da dəyişib msxeti türkləri olmuşdur [22, s. 261-263].
Mənbələrdən məlum olur ki, buntürklər Kartlidə Yerusəlimin dağılmasınadək (e.ə. 586-cı ilə qədər) makedoniyalı İskəndərə qədər yaşayırdılar.
Tarixçilər qədim gürcü mənbələrində buntürklər haqqındakı məlumatları anaxronizm hesab etsələr də, burada müəyyən həqiqətlər də mövcuddur.
Dr. M.Fahrettin Kırzıoğlu Gürcüstanda əski türklərin yerləşməsi və hakimiyyətlərindən danışarkən Kür çayı və onun sahillərində (yəni, «Sağ-Gürcüstan», «Tərəkəmə-Gürcüstan») yerləşmiş qorxunc dərəcədə yabanı tayfalardan sayılan buntürklərinin (Bun Türki (Bön) adını çəkir [207, s. 143].
Buntürklərin qədim tarixindən xəbər verən Leonti Mrovelinin "Kartlis çarının həyatı" əsərində oxuyuruq: "Buntürklər qıpçaqlar adlandırdığımız bütpərəst qəbilələridir. Onlar Msxeta ətrafında qədimdən yer seçərək onu tikmiş, güclü istehkama çevirmiş və Sarkine adlandırmışlar" [148, s. 28]. L.Mroveli daha sonra məlumat verir ki, İran çarı Keyxosro türklərlə müharibəyə başladı və bu türklərin bəziləri Keyxosro tərəfindən qovuldu. 28 ev Qurqan (Kaspi) dənizindən keçib Kürlə üzü yuxarı Mesxetiyə gəldilər. Onlar domovladıka Mesxetiyə müraciət edib iranlılara qarşı kömək istədilər. Domovladıka Mesxeti bu barədə bütün kartvellərə xəbər verdi. Onlar (kartvellər) türklərlə dostlaşmaq arzusunu bildirdilər, çünki iranlılardan qorxurdular [50, № 1, s. 153-154].
Q.A.Melikişvili göstərir ki, şimaldan gəlmiş cəngavər əhali haqqında danışarkən tarixi gürcü ənənəsi bəzən "buntürk" və "xonnlar" (yəni hunlar, huntürkləri), bəzən isə "xəzərlər", ya da "qıpçaqlar" (poloveslər) etnonimlərini işlədirlər [144, s. 37].
"Kartlis Sxoreba"da da buntürk (bunturki - buntürklər - qədim türklər) adı ilə yanaşı eli (el), tatarni (tatarlar), turkmani (türkmənlər), turkni (türklər), osmani, peçeneqi, uyğurlar, uclar, qacarlar, qaraqoyunlar, xəzərlər, səlcuqlar haqqında da məlumatlara rast gəlmək olur. Bu salnamədə də qeyd edilir ki, buntürklər və ya türklər gələcəkdə fars hökmdarı Keyxosronu öz sərhədlərindən sıxışdırıb çıxarmaq üçün Qurqen, Gürgan, yəni Kaspi dənizindən Kür çayı boyunca yuxarı doğru qalxan 28 ailə idi.
Gürcü salnamələri ilə tanışlıq göstərir ki, həqiqətən də buntürklər qoçaq, möhkəm, dəyanətli və saf tayfalar olmuşlar.
"Bun" sözü qədim run yazılarında çox işlənən sözlərdəndir. Bu söz salnaməçilər, tarixçilər, dilçilər və ədəbiyyatşünaslar tərəfindən etimoloji cəhətdən təhlil edilmişdir. İzahlarda bir-birindən fərqli fikirlərə rast gəlirik. Məsələn, gürcü salnaməsi "Kartlis Sxobreba"da həmin söz belə izah edilib: "Bun", gürcücə "buni", "turk" gürcücə "turki" - türk mənşəli adam deməkdir. Bu söz Savvi Sulxan Orbelianinin lüğətində, habelə D.Çubinovada "nizə tutacağı" mənasında izah olunmuşdur. Beləliklə, Buntürk - nizəli türklər mənasını vermiş olur [124, vıp. 28, s. 1-5].
Akademik N.Y.Marrın nöqteyi-nəzərincə, "Buntürk" etnonimi "qədim türk", "əsil türk", "təmiz türk" mənalarındadır [140, s. 1-12]. L.M.Meliksetbek bu izaha öz etirazını bildirərək həmin etnonimin "hun türk" olduğunu göstərmişdir.
"Bun" sözü haqqında "Qədim türk lüğəti"ndə üç fikrə rast gəlirik: 1) "Bun" - əsas, özül, təməl, bünövrə mənasında. Bu izah sözün soqdi mənşəli olması ilə bağlıdır; 2) "Bun" - dərd, sıxıntı, iztirab və s. ilə yanaşı, həm də ölən, yox olan adamın halını bildirir: ...türk kağan ötükən yış olursar eltə b u n yok. - Türk kağanı Ötüken ormanında olursa, eldə dərd yoxdur; 3) Bön - dolu, yoğun, qalın mənasında. Lüğətdə bu söz adi "n" samiti ilə deyil, "sağır ң" ilə işlənmişdir [121].
Azərbaycan tarixçiləri, dilçiləri, ədəbiyyatşünasları da "bun" sözü haqqında müəyyən fikirlər söyləmiş və bunların əksəriyyəti "Qədim türk lüğəti"ndəki fikirlərə əsaslanılmışdır. Tarixçi S.Əlyarov "bun" sözünün həmin lüğətdəki ikinci mənasına əsaslanaraq bu sözün "qəmli", "dərdli" anlamında olduğunu göstərir [80, s. 6]. M.Seyidov "bun" sözünün türk nəsli, türk soyu ilə bağlı olduğunu qeyd edir [65, s. 34]. V.L.Qukasyan VII-XII əsrlərə aid Azərbaycan - gürcü dil əlaqələrindən danışarkən bir sıra tayfalarla yanaşı, buntürklər haqqında da gürcü salnamələrinə əsaslanaraq məlumat vermiş, həmin etnosların qədim və əsas türklər mənası daşıdığını göstərmişdir [105, s. 23]. E.Əlibəyzadə "Elm" qəzetində çap etdirdiyi «Mejxeti türkləri» adlı məqaləsində «Qədim türk lüğəti»ndəki izaha əsaslanaraq «Bun» sözünün «əsas türklər», «özül türklər» mənasına malik olduğunu göstərir.
Bun türkləri yeni eramızın əvvəllərindən Qafqazın ilk aborigen sakinlərindən biri olmuş və nə qədər paradoksal olsa da, tarix onları yenidən öz ulu məskənlərinə qaytarmışdır.
VII əsrdə yazılmış gürcü qaynağında- «Moksevay Kartlis»ayda» da Kür boyu məskunlaşmış bun türklər (yerli türklər) haqqında müəyyən məlumatlar verilmiş, onların sayının 28.000 nəfər olduğu göstərilmişdir.
Buntürklər haqqında bir az geniş bəhs etməyimizin əsas səbəbi axısqalıların əcdadlarının buntürklər olması ehtimalıdır. İnternet səhifələrində bu etnoslar açıq- aşkar eyniləşdirilir. Buntürklərə aid olunan hadisələr digər bir mənbədə aksakalara aid edilir (Makedoniyalı İsgəndərlə bağlı hadisələrdə).Bu etnosun bir çoxu da özlərini buntürklərdən olduğunu deyirlər. Beləliklə, dolaşıqlıq yaranır, tədqiqatçı çaş- baş qalır. Lakin bu mübahisəli məsələyə Azərbaycanın görkəmli dilçi türkoloqları T.Hacıyev və E.Əzizov son qoydular. Digər tədqiqatçılardan fərqli olaraq buntürklərin indiki Axısqa türkləri deyil, qalın və saf oğuzlar olduğunu sübut etdilər. Müəlliflər «Qədim türk lüğəti»ndə sağır ң-ilə işlənən bön (dolu, yoğun, qalın) sözünü əsas tutaraq, «bun»ların «Kitabi-Dədə Qorqud» dastanlarındakı Qalın Oğuzlar olduğunu göstərdilər. Bön sözünün mənalarından biri - «qalın» sözü «Qalın oğuzlar»la uyğunluq təşkil edir: böntürk-buntürk - qalın türk - deməkdir [30, № 2, s. 89]. Müəlliflərin bu yeni fikrində müəyyən həqiqət vardır. Çünki tarixin müəyyən mərhələlərində türk və oğuz etnonimləri eyni anlayış kimi işlənmiş və başa düşülmüşdür. Eləcə də, buntürklərinin yaşadığı Gürcüstan ta qədimdən oğuz tayfalarının da məskunlaşdığı torpaqlar olmuşdur. Deməli, buntürk adlandırılan tayfalar oğuz tayfalarından biridir. Axısqalıların ulu babaları isə qıpçaqlardır.
Bu yaxınlarda isə «Dədə Qorqud» kitabındakı etnik və dövlət mənsubiyyəti ilə buntürklər arasındakı semantik-tipoloji uyğunluğun təsdiqi azərbaycanlıların və Azərbaycan dilinin etnik mənşəyi məsələsinə xüsusi işıq saldı. T.Hacıyev sübuta yetirdi ki, buntürklərin yaşayış yerlərilə «Dədə Qorqud»dakı Qalın Oğuzların dövlət sərhədlərinin koordinatları üst-üstə düşür. Deməli, «Dədə Qorqud»dakı Qalın Oğuz elləri, Qalın Oğuz bəyləri Buntürk elləri, Buntürk bəyləridir - şimallı-cənublu Azərbaycan elləri, Azərbaycan bəyləridir [13, s. 32].
Buntürklər haqqındakı məlumatlar hələ e.ə. VI-V əsrlərə gedib çatırsa, bu, bir tərəfdən, «Dədə Qorqud» hadisələrinin tarixi haqqında mötəbər məlumatdır, digər tərəfdən, e.ə. I minilliyin ortalarında Azərbaycanda türklərin və türk dilinin varlığı deməkdir. Və unutmayaq ki, «Dədə Qorqud» bizə bu dildə gəlib çatıb. Azərbaycan ədəbi dili tarixində «Dədə Qorqud»un yeri nədirsə, onun dilinin azərbaycancalığı necə şübhəsizdirsə, buntürklərin də dilinin Azərbaycan xalq dilinə münasibəti elə qavranmalıdır [13, s. 9-10].
Axısqa türklərinin dilinin indiki vəziyyəti «Kitabi Dədə Qorqud»un dili ilə leksik, qrammatik, struktur - semantik cəhətdən bəzi məqamlarda uyğunluq təşkil etsə də, buntürklərlə axısqalıları eyniləşdirmək haqlı olaraq etiraz doğurur.
Axısqalıların mənşəyini gürcülərlə də əlaqələndirirlər. Guya onların əcdadları müsəlmanlaşmış mesxlərdir. Miladdan əvvəl II minillikdən Qara dənizin cənub-şərq sahillərində yaşamış mosxlar (mo-sak, moşk) min ildən çox Axısqadan Frikiyaya qədər böyük bir ərazidə fatehlik etdiyi üçün bunlar mesxeti türkləri də adlandırılmışdır [27, s. 7].
Gürcü yazıçısı İlya Çavçavadze erməni iddialarına cavab olaraq «Erməni alimləri və fəryad edən daşlar» adlı kitabında göstərmişdir ki, əski misirlilərin müşek, Tevratın mosox və ya mosx deyə bəhs etdikləri xalq gürcü mesxetləridir. Və mesxet adı da buradan qaynaqlanır. Axısqanın qədim və orta çağ tarixi üzərində önəmli əsərlərin müəllifi olan Türk Tarix Qurumunun professoru Dr. Fəxrəddin Kırzıoğlu mesx və mesketi adları ilə bağlı mühüm fikirlər söyləmiş, qədim mosokların, mesxlərin bu torpaqlarda çox erkən vaxtlardan yaşadıqlarını göstərmişdir [196, s. 13-17]. Bəzi araşdırıcıların, məsələn, Mustafa Kalkanın fikrincə, mesket-misket adı heç bir anlam daşımır və çətinliklə istifadə olunmaqdadır.
Axısqa torpaqlarında çoxqəbiləli, çoxtayfalı bir struktur tarixən formalaşmış, burada saklardan başqa, iskitlər, bulqarlar, suvarlar, avarlar, oğuzlar, hunlar, göytürklər, xəzərlər, türkmənlər də yaşamışlar.
Bu qədim türk ulusuna verilən adlardan biri də "Mesxeti türkləri"dir. Onların qədim əcdadları, tarixi mənbələrin göstərdiyinə görə, mosxlar olmuşdur. Sonralar bu adla bağlı Mesxet - cavaxeti bölgəsi adlandırılmışdır.
F.Kırzıoğlu da "mesxet türkləri" ifadəsinin əleyhinədir, o, "Axısqa türkləri" deyiminin işlədilməsinin tərəfdarıdır. Çünki Mesxet coğrafi addır və Axısqa türklərinə də bu coğrafi adla bağlı «mesxet türkləri» demişlər [196, s. 13-17].
Bakan Kilerçioğlu da mesxet isminin kulanılmasının hatalı olduğunu vurğulayaraq.- «Ahıskalı ismindən istifadə edin. Mesket yox. Ahıska var. Mesketi ruslar taktı» - demişdir. Yusif Sərvəroğlu da qurultay çağırılacağını və Mesxet adından vaz keçiləcəyini 1992-ci ilin avqust ayında Türkiyə prezidenti S.Dəmirəl ilə görüşündə demişdir [70, VIII.1992].
G.Sanayan adlı bir erməni müəllifi "Mesxeti türkləri" - həlli mümkün olmayan problem, yoxsa ağıllı güzəşt" adlı yazısında şovinistcəsinə yazırdı ki, ictimai fikirdə "Mesxeti türkləri" anlayışı yaranmışdır ki, bu da qeyri-düzgündür, çünki belə etnos mövcud deyildir. Onlar müsəlmanlaşmış mesxlərdir, gürcülərdir [70, VIII.1992].
Bəzi mənbələrdə "Mesxeti türkləri" adının qondarma olduğu göstərilir. Son illərdə "türk-mesxetlər", "məhsəti türkləri", "Türk-Məhsəti" və s. uydurma ifadələrə rast gəlinir. Türk tədqiqatçısı Qiyas Aslanın fikrincə, "Mesxet türkləri" deyimi xətadır. "Qafqaz türkləri", "İran türkləri", "Anadolu türkləri" kimi, "mesxeti türkləri" demək də düz deyil. Daha doğru şəkildə "Mesxetiyada yaşayan türklər" deyə bilərik.
Miladdan əvvəl VII-VIII yüzilliklərdə bu ərazidə iskitlər, sakalar hökmranlıq etdiyi üçün axısqalıların kökünü bunlarla da bağlayırlar. Axısqalıların kökünü saka tayfaları ilə bağlayan tədqiqatçılar əksəriyyət təşkil edir. Sakalar (skuth) atlı türk köçərilərindən olmuşdur; alimlər son illərdə Tiflis və Çıldır qolu arasında, Xıram çayı yaxınlığındakı Tıral (Tıryalet) bölgəsinin kurqanlarından sakaların «heyvan üslublu» gümüş pulların - əşyaların üzərində, at üstündə çəkilmiş rəsmlərini tapmışlar.
Axısqalıların iskit-sakalarla bağlı olmadığını göstərənlər də var. Məsələn, M.Kalkan yazır ki, iskit-saka qruplarının bu bölgəni keçib Avropaya daxil olduqları qaynaqlarda açıqca bildirilir. Qafqazdakı iskit qrupları Avropaya keçdikdən bir az sonra əski güclərini qorumadıqları üçün qurduqları dövlətlər dağılmış və bir çox tayfalar hərəkət nöqtələri olan Qafqazdan təkrar geri çəkilmişlər. Beləliklə, iskit-saka qalıqlarının Axısqa türkləri olması ehtimalı zəifdir, çünki iskit silsiləsinin üzərindən sabir, avar, xəzər, bulqar, peçeneq, kuman, qıpçaq və monqol qrupları sel kimi keçmişlər. Ən çox keçən silsilə qıpçaq qruplarıdır [211, s. 160-170].
Bəzi tədqiqatçılar (avropalı və rus) Axısqa türklərinin kökünü avarlarla, bulqarlarla, tatarlarla və başqa tayfalarla da əlaqələndirirlər. Bu səhv addım çoxsayda Qafqaz xalqları arasında son dərəcə kəmiyyətcə az olan Axısqa türklərinin varlığını şübhə altında qoya bilər və bir az sonra onlar etnik olaraq yox olub itərlər. Bu cür etnosların böyük xalqların içərisində əriyib yox olacağı ehtimalı da yaranar.
Ayrıca, fiziki cəhətdən də Azərbaycan türkləri ilə qarışmamış Axısqa türkləri bir çox nöqtədə qıpçaqlara bənzəyirlər. Axısqa türkləri arasında oğuz tipoloji quruluşunun mövcudluğu da təsbit edilmişdir. Osmanlı türkləri olaraq da bilinən Axısqa türklərinin osmanlı fizionomiyası ilə heç bir bənzərliyi yoxdur.
Tədqiqatlarda Axısqa bölgəsinin «tayfalar qapısı» olması, bu bölgədə bir çox millətlərin yaşaması, etnik yöndən onlarla bağlılığı, onların tatar, Azəri, gürcü və qıpçaq boylarına mənsub ola bilməsi üzərində də düşünülmüşdür. Mustafa Kalkan Axısqa türklərinin mənşəyi üzərində düşünərkən üç faktoru əsas götürərək (istifadə olunan dil, mədəniyyət və fiziki-antropoloji xüsusiyyət) axısqalıların gürcülərə bənzəmədiyini, dil baxımından oğuz boylarından bəzi fərqli cəhətlərə malik olmasını, fiziki baxımdan onların daha çox qıpçaq boylarına bənzədiyini qeyd etmişdir [211, s. 160-170].
Ahıska adı gürcü, erməni, rus və türk qaynaqlarında Ak-sıka, Ak-kale, Akesqa, Ahaltsihe, Akalkelek, Akalkalak və s. formalarında görünməkdədir [191, s. 25].
Tədqiqatçılar Azərbaycan və Axısqa türklərinin dilləri arasında fərqli cəhətləri də göstərirlər: Bu gün Azəri türkləri olaraq bilinən xalq dil cəhətdən Axısqa türklərindən fərqlidir. Azərbaycan türkləri oğuz türkcəsini ədəbi dili ilə zənginləşdirmiş və özlərinə xas olan bir ədəbiyyat və ədəbi dil yaratmışlar. Son dərəcə zəngin olan Azəri ədəbiyyatı, eyni zamanda danışıq dili və estetik üslubları ilə diqqəti cəlb edərkən digər oğuz dili qruplarından fərqli olduğunu açıq şəkildə hiss etdirməkdədir. Axısqa türkcəsi, Azərbaycan türkcəsi ilə müqayisədə daha qaba və sərt cizgilərə sahibdir. Axısqa türkcəsi Azərbaycan türkcəsi ilə bəzi nöqtələrdə bənzərlik göstərsə də, Azərbaycan ədəbiyyatının kültürel sahə olaraq geniş bölgələrə yayılıb etgisini Axısqa türkləri üzərində göstərməsi şəkilində dəyərləndirilə bilir. Gerek gelenek, gerek sosial yapı, gerekce dil yapısı olaraq Axısqa türkcəsi, Azərbaycan türkcəsindən fərqlənir [211, s. 162-163].
Bəzi etnoloqlar Axısqa türklərinin mənşəyini tatarlarla bağlayır. Yazırlar ki, mesxet türklərinin əsli gürcü olmayıb tatar türklərinə dayanmaqdadır [194, s. 7-8]. Ancaq tatarlarla Axısqa türkləri arasında nə antropoloji, nə dil, nə də mədəni yaxınlıq yoxdur. Tatarlar dənizin quzeyindən keçərək bu bölgəyə gəlmiş, amma bu ərazilərdə daimi, oturaq həyat keçirə bilməmiş, geriyə qayıtmışlar.
Bizim fikrimizcə, axısqalıların kökü qıpçaqlardır. Aksakalar qıpçaqların əski boylarındandır. "Axısqa" sözü çox qədim tarixi yada salır. Hələ eradan əvvəl üçüncü minillikdə şimali İtaliyada böyük çarlıq yaratmış, min ilə qədər hakimiyyət sürmüş etruskları-tursakaları yada salır. Etrusk-Tursaka çarlığı güclü çarlıq olmuş, qədim latınlılar mədəniyyət sirlərini onlardan öyrənmişlər. Onlar həmin ərazilərə Anadolu xəttilə keçmişlər. Axısqalılar həmin sakaların varislərindən olmalıdır. Axısqalılavr indi "Mesxet" sözündən xoşlanmasa da, fikrimizcə, bu söz gürcü mənşəli deyil, türk sözüdür. Axısqa və Mosox-Mesx sözləri eyni köklü sözlərdir və hər ikisinin əsasında Sak sözü durur: mo-sak, aq-sak-a. Onların bir hissəsi də Türkiyənin Anadolu bölgəsində orta yüzilliklərdən yaşamaqdadırlar. Bu gün doğu Anadolu bölgəsində (Ərzurum-Oltu, Hadman, Artvin-Şavşat (Yusifeli, Ardahan, Qars kimi şəhərlərdə) dağınıq olaraq yaşayan Axısqa türklərinin danışdığı türkcə - vaxtı ilə Gürcüstan sərhədlərində yaşamış Axısqa türklərinin danışdığı türkcə ilə eynidir.
Deportasiya hər bir xalq üçün çox böyük fəlakət və faciədir. Deportasiya bütöv bir xalqı elindən-obasından, yurd-yuvasından elliklə sürgünə məruz qoyan faciələrdəndir. Keçmiş SSRİ ərazisində almanlar, krım-tatarları, çeçenlər, inquşlar, qaraçaylar, balkarlar, kalmıklar, həmçinin azərbaycanlılar bu acını dadmışlar [154, s. 12; 195, s. 4; 204, s. 8]. Axısqa türkləri də bu həqiqətləri yaşamış, lakin digər xalqlardan fərqli olaraq hələ də doğma torpaqlarına qayıda bilməmiş, bir torpaqdan o biri torpağa atılmış, səsinə səs verən tapılmamışdır. Uzaq-uzaq acı həqiqətlər tarixdə qalıb. Axısqa türklərinin yaddaşında iki sürgün tarixi əbədiləşib: 1944-cü ilin payızı və sazaqlı qışı, 1989-cu ilin isti yay günləri.
1944-cü ilin noyabrında Dövlət Müdafiə Komitəsinin sərhəd təhlükəsizliyini təmin etmək üçün Gürcüstanın cənub rayonlarından türk əhalisinin köçürülməsi haqqında xüsusi qərarı qəbul edildi. Bu qərar bütövdən ayrılmış bir xalqa böyük qəsd idi. Təqdirəlayiq bir haldır ki, belə bir şəraitdə Axısqa türkləri din, dil və adət-ənənələrini sadə və qəbilə düşüncəsinədə yaşada bilmişlər.
Axısqa türklərinin keşməkeşli tarixini, mübarizələrlə dolu tarixini vərəqləyərkən onların bir əski sözü yada düşür: "Bizə də bir gün toğar". Bu müdrik kəlamda ömrü boyu deportasiyalara sinə gərən didərgin bir xalqın sabaha böyük ümidi, inamı, arzusu ifadə olunur. O gün tez gəlsin, yeni nəsil acılı, ağrılı, nisgilli günləri bir daha görməsin.
Araşdırmalar göstərir ki, qədim Axısqa sözü əski Saqların adı ilə bağlıdır. Hələ «Kitabi-Dədə Qorqud» dastanlarında Ak-Saka adı ilə tanınan Axısqa çox qədim oğuz bölgələrindən biridir. Dastanın «Qazan bək oğlı Uruz bəkin tutsaq oldığı boyı bəyan edər, xanım, hey!» boyunda bu qədim söz qala adı kimi işlənmişdir: "Məgər Başı açuq Tatyan qəl"əsindən, Aqsəqa qəl"əsindən kafərin casusı vardı. Bunları götürüb təkura gəldi" [38, s. 264].
Bahəəddin Ögəlin "Böyük Hun imperiyası" kitabında sakalar haqqında geniş məlumat verilir. Müəllif yazır: "Saka adını daşıyan tayfalardan yunan və İran qaynaqları M.ö. VI yüzillikdən sonra söz açmağa başlamışlar. İlk məlumatlar İran şahı Daranın sakalara qarşı etdiyi axınlarla bağlıdır. Sakalar daha əvvəllər İran şahı Alruşu da məğlubiyyətə uğratmış və böyük bir qüvvəyə sahib olduqlarını sübut etmişdilər. Bəzi məlumatlara görə isə bunların Fərqanənin dağlıq ərazisində yaşamışlar. Bəzi araşdırmalar isə sakaların Sır-Dəryanın arxasında da yayıla biləcəklərini irəli sürmüşdü. Orta Asiya tarixinin inkişafına kifayət qədər nüfuz edə bilməyən İranşünaslar sakaları İranın yerli və ya çox qədim zamanlarda burada məskunlaşmış bir tayfa kimi görürlər. Bəziləri də sakaların Sicistana Pamir yolu ilə gəldiklərini düşünmüşdülər. Hind qaynaqlarında da sakaların Hindistana m.ö. 150-100-cü illər arasında endiklərinə aid açıq nişanələr vardır. M.ö. 329-cu ildə İsgəndər Sır-Dərya uluslarına doğru irəliləyərkən sakalar Soqdiana və Sır-Dəryanın arxasında yaşayırdılar" [10, s. 101-102]. Sakalar Çin tarixində ilk dəfə "Sai", "Sai - vanq" adları ilə xatırlanır. Qərbi Türküstana gedən sakalar isə "Sai - vanq" adı ilə tanıdılırdı. "Banq" sözü çin dilində "hökmdar, şahzadə" deməkdir.
R.Eyvazova Azərbaycanda türk etnonimləri və onların Əfqanıstanla bağlılığı məsələsindən danışarkən göstərir ki, Qəndəharda Səki adlı təpə və Kabulda Sakiqələ adlı kənd mövcuddur. Tədqiqatçının fikrincə, bu toponimlərdə türkdilli sakların izləri qorunub saxlanmışdır. R.Eyvazova yazır ki, saklar daha çox at üstündə köçəri həyat keçirdiklərindən mədəni-mənəvi eroziyaya uğramamış, adət-ənənələrini, əxlaqi-etik prinsiplərini əsrlərlə hifz edib qoruya bilmişlər. Saklar əvvəlcə Türküstanda yaşayır, miladdan əvvəl «şu» adı ilə tanınırdılar. Saklar bir müddət sonra Xəzər dənizinin şimalından adlayaraq Qafqazı aldılar. Qarabağda binələyən sak (iskit) kraliçası Tomris m. əv. 529-cu ildə Xəzər dənizinin cənubunda İran kralı Kurusu məğlubiyyətə uğratdı.
R.Eyvazova Əfqanıstan ərazisindəki «Siyistan», «Saki», «Şaki» və Azərbaycandakı «Şəki» coğrafi adlarının mənşəyini haqlı olaraq «sak»la bağlayır [18, s. 58-60; 17, s. 61-63, 138, 139].
Bu və ya digər faktlar göstərir ki, deportasiyaya məruz qalan Qafqaz xalqlarından biri kimi [92, 313-314]. Axısqa türklərinin soy-kökü indiyə qədər öz doğma torpaqlarına dönmələri məsələsinin həllində əngələ çevrilmişdir. Onların etnik kökləri haqqında da qarışıq hipotezlərə son qoyulmalı, bu haqda həmin xalqın özü öz sözünü deməlidir.
30-cu illərdə Stalinin dəstəyi ilə gürcü şovinizmi güclənməyə başladı. Türklərin böyük bölümünün soyadı gürcüləşdi. 1938-ci ildə Sovet konstitusiyasının qəbulundan sonra axıskalıların pasportlarına Azərbaycan milləti yazıldı, dilləri isə Azərbaycan dili oldu.1940-cı ildən sonra axısqalıların rəsmi dili gürcü dili oldu.
cənubi Gürcüstan torpağında türklərin kütləvi məskunlaşması XVI əsrin ikinci yarısına, yəni 1555-ci ilə təsadüf edir. Bu tarixi dövrü, şəraiti gürcü alimləri "bizim tarixin ən ağrılı səhifələri" adlandırırlar.
Axalsıx paşalığı "Çıldır" adı ilə məşhur idi. Bu paşalığın zülmü altında (bu, gürcü alimlərinin fikridir) guya gürcülərin bir hissəsi ana dilini unutdu, soy-köklərini itirdi. Demək olar ki, xeyli gürcü türkləşdi. Onlara islam dini zorla qəbul etdirildi [46, 27.VI.1989].
Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz