.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
I FƏSİL

AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

     

Axısqa Gürcüstanın güneyində yerləşən tarixi bölgələrdəndir. Bu bölgə «tayfalar qapısı» adlandırılmış, zaman-zaman bu əraziyə müxtəlif türk tayfalarının axını baş vermişdir. Geostrateji bir bölgə yerləşmiş Axısqa tarixən türk tayfalarının keçid nöqtələrindən olmuşdur. Araşdırıcılar müəyyənləşdirmişlər ki, Axısqa türklərinin yerləşdiyi bölgə qıpçaq boylarının yayılma ərazilərindəndir [209, s. 35, 36].
Axısqa türkləri digər azsaylı xalqlardan faciəli taleləri, dəfələrlə deportasiyalara məruz qalmaları, mübarizə dolu keçmişi ilə fərqlənən etnoslardandır. Axısqa türklərinin dil və etnik tarixi Gürcüstanın türk dünyası ilə uzunmüddətli münasibətləri çərçivəsində araşdırılmalıdır.
VII yüzilliyə aid «Erməni coğrafiyası»nda Mərkəzi Qafqazda 53 türk tayfasının olduğu göstərilir. Əl-Məsudi yazır ki, Kabq dağlarında çoxsaylı tayfalar və hökmdarlıq var idi. Bu dağlarda 72 tayfa yaşayır və hər tayfanın öz hökmdarı, başqalırına bənzəməyən öz dili var [210, s. 13].
Maraqlıdır ki, Gürcüstanın intensiv şəkildə türkləşməsi dövründə ərazi iki hissəyə bölünmüşdür: Kartveloba (yəni, Gürcüoba), Didi Türkoba (Böyük Türküstan). Bütün şərqi və qismən qərbi Gürcüstan «Didi Türkoba»ya daxil idi.
Eramızın II minilliyində türkdilli Hunlar Şimali Qafqazda görünməyə başlamış, sonralar onların Gürcüstan ərazisinə güclü axını baş vermişdir. Bu axını tədqiqatçılar Axısqa türklərinin tarixində birinci dövr (II-VIII əsrlər) adlandırırlar. Bu dövr çoxsaylı hun-bulqar və digər türk tayfalarının Gürcüstana hərbi yürüşləri ilə bağlıdır [187, № 1-2, 1999, s. 172]. Bu dövrdə basil, onoqur, hun, tuba, avar, xəzər, bozal, iskit, sak, bulqar, bun, suvar etnosları cənub-qərbi Qafqazda ciddi qüvvəyə çevrilirlər.
Hunların Qafqaza geniş miqyaslı axını IV əsrdə başlanır. Hərbi-siyasi cəhətdən əsas rolu qədim bulqar tayfaları oynayır. V əsrdə hun-bulqar tayfalarından onoqurlar, saraqurlar, oqurlar, utiqurlar, kutriqurlar, çenlər və b. cənubi Qafqaza, Gürcüstan və Azərbaycana hərəkət etdilər [112, s. 41-68].
Oqorlar, yaxud uqrlar-macarların əcdadlarıdır. VI əsrdə onlar Başqırdıstan ərazisində, Volqa və Ural çayları arasındakı düzənliklərdə yaşayırdılar [79, s. 45].
cənubi Qafqazın, o cümlədən Gürcüstanın bir çox toponimləri onoqurlarla bağlı formalaşmışdır. Aspinza rayonunda Orqor (bəzi sənədlərdə Orqora) adlı kənd vardır. Onoqur adlı qalanın da bu ərazidə mövcudluğu təsdiqlənir [187, s. 164].
Mesxeti vilayətində hun-bulqar tayfaları ilə bağlı toponimlərin tərkibində etnik komponent olan qur adı «oqur ölkəsi» haqqında məlumatları genişləndirir. Qurla əlaqədar olan kəndlərdən biri Azqur adlanır. Azqur Axısqanın quzeyindədir. Oranın sakinləri oğuzların «Yazqur» -Yazır boyundandır [207, s. 147]. Gürcülər bu kəndin adını indi Aükuri (Azkuri) şəklinə salmışlar. Telavi şəhəri yaxınlığında da Aükuri adlı kənd vardır.
Qədim türk tayfaları bu dövrdə təkcə cənubi Qafqaza deyil, eləcə də şimala doğru hərəkət edirdilər. Eftalitlər - ağ hunlar şimalda göründülər. Onlara abdel, bəzən isə abdal da deyirdilər. V yüzilliyə aid Suriya qaynaqlarında abdalların axını haqqında müəyyən məlumatlar vardır [159, s. 37; 100, s. 53].
Tobalar qərbi türk xaqanlığının tərkibində olan qədim teleslərdəndir. Toba-Tuba tayfasının adı Axalsıx rayonundakı Toba, Sxaltuba və Qurutuban oykonimlərində əks olunmuşdur. Adıgün rayonunda isə bu tayfanın adı Qaratuban, Kortuban, Zeduban, Abastuban kəndlərinin adında yaşayır. Tuba etnonimi Gürcüstanın digər rayonlarında da qeydə alınmışdır: Tobaxçi (Şimali Axalsıx rayonu), Xeltubani (Qori şəhəri yanında), Sxaltuba şəhəri. Şamaxı rayonundakı Tuva dağ adı tuba adlı qədim türk etnonimini əks etdirir [21, s. 192].
Gürcüstanda hunların tərkibində dolaşan tayfalardan biri də avarlar olmuşdur. Avarlar (abarlar) Şimali Qafqaz çöllərində hunların tərkibində yaşamışlar. Avar etnonimi qədim türk kitabələrində apar (apurım), rus salnamələrində obr kimi göstərilir. Onlar Asiyadan hərəkət edərək VI əsrdə Mərkəzi Avropada Avar xanlığını yaratmış, onun süqutundan sonra Qara dənizin qərb sahili və Dunayboyu xalqları ilə qaynayıb qarışmışlar [86, s. 233; 20, s. 15-16]. N.Y.Merpertin verdiyi məlumata görə, abarlar VI yüzillikdə Şimali Qafqazda yaşamış və 578-ci ildə savirləri məğlub etdikdən sonra Zaqafqaziyaya da gəlmişlər [146, s. 576]. Demək, Azərbaycanda da avar (abar) etnoniminin (Qusar rayonu ərazisində Avaran və Avaranqışlaq oykonimləri qeydə alınmışdır) köməyi ilə əmələ gəlmiş toponimlərin real əsası vardır. Abari kəndi də (Gürcüstanın Amrolaur rayonu) bu tayfanın adını yaşadır.
Abdal etnonimi Türkmənistan, Şimali Qafqaz, Gürcüstan, İran və Türkiyənin toponimlərinin tərkibində də hazırda işlənməkdədir [124, s. 14; 156, s. 1]. Azərbaycanda bu etnonimlə yaranmış 4 oykonimin olması (Abdal - Ağdam və Tovuzda kənd, Abdalanlı - Qubadlıda kənd, Abdallı - Oğuzda kənd, Laçın şəhərinin 1923-cü ilədək Avdallar adlanması) bu fikri təsdiqləyir [21 c., s. 15]. Gürcüstanın Bolnisi rayonunda abdallarla bağlı bir çox oronimlər də qeydə alınmışdır: Abdalların çalası, Abdallının yeri, Abdallı güneyi, Abdallının kolu [79, s. 18].
V yüzilliyin 60-cı illərində onoqur dövlətini yeni hərbi-siyasi birlik olan sabir (savir) tayfası əvəz etdi. Sabirlər digər tayfalar kimi həmin ərazilərdə təkcə döyüşmür, həm də tədricən məskunlaşırdılar. Tədqiqatlar təsdiqləyir ki, sabirlər Qafqaz hadisələrində, Bizans-Sasani döyüşlərində aktiv iştirak etmişlər [178, s. 50, 78].
VI yüzillikdə hun-bulqar tayfaları avarların zərbələrinə məruz qalır. Avarlar bu ərazidə bir müddət hökmranlıq edirlər.
VI yüzilliyin 70-ci illərində Qafqaz xalqlarının taleyində türk xaqanlığı başlıca rol oynayır. Xaqanlığın süqutundan sonra xəzərlərin dövrü başlanır. Qeyd edilən mənbələr VII əsrin başlanğıcında xəzərlərin cənubi Qafqaza çoxsaylı hərbi səfərləri haqqında məlumat verir.
Hələ VI yüzilliyin başlanğıcından Gürcüstana on bir hun-bulqar tayfası yürüş edir, bunların arasında tubal və ya tobel tayfası daha çox nəzəri cəlb edir [147, s. 56].
Gürcüstanın türkləşməsində bozal (bazal) adlanan tayfaların da müəyyən rolu olmuşdur. IX yüzilliyin ərəb tarixçisi al-Balazuri həmin dövrün hadisələrini təsvir edərkən Bazalet adlanan ölkəni xatırlayır [215, s. 232]. Bu etnosun qalıqları Gürcüstanın Duşet rayonunda olan Bazalet və Bozaliane kənd adlarında, eləcə də Bozalet gölünün adında qalmışdır. XIX yüzillikdə Adıgün rayonunda da Bozalet kəndi salınmışdır [187, s. 164].
V-VI yüzilliklərdə Gürcüstanda hunların (onoğurlar, sarıoğurlar, savirlər və b.), VII-VIII əsrlərdə isə Kartli və Albaniyanın digər tayfaları ilə birgə 765-ci ildə Gürcüstanda ərəblərə qarşı vuruşmuş xəzərlər və qıpçaqların, daha sonra oğuzların məskunlaşdığını, XII əsrin əvvəllərindən isə buraya 225 min Şimali Qafqaz qıpçağının (mənbədə: 40.000 ev) köçüb gəldiyi nəzərə alınsa, o zaman aydın olur ki, XI-XII əsrlərdə Kartlidə türkdilli əhali üstünlük təşkil edirmiş.
V-VI yüzilliklərdə Gürcüstanın Kartli hissəsində sarıoğur və onoğurlar da görünməyə başladılar. Ağafi yazır ki, «Onoğris» Qərbi Gürcüstanda etnotoponimdir (xalq adından düzəlmiş yer adı): bu yer adını qədimdə alıb, o vaxt, çox güman ki, onoğur adlanan hunlar elə bu yerdə kolxlarla vuruşub məğlub olmuş, bu adı abidə və döyüş qəniməti kimi yadellilər vermişlər [71, s. 23].
Mənbələr təsdiq edir ki, VIII yüzillikdə xəzərlərin Gürcüstanda nüfuz dairəsi genişlənir. L.Mroveli «Jiznğ kartliyskix üarey» əsərində yazır ki, VII əsrin birinci yarısında Gürcüstanda türk əhalisi üstünlük təşkil edirdi, bütün kişi və qadınlar xəzər (gürcücə "xazaruli") dilində (türk dili-İ.K) danışırdılar [147, s. 27; 25, s. 16].
«Kartlis tsxovreba»da göstərilir ki, savirlərin VI yüzillikdə və xəzərlərin VII yüzilliyin əvvəllərindəki hücumlarından sonra Kartlidə 6 dildə danışmağa başladılar: kartuli (gürcü), xazaruli (xəzər), somxuri (erməni), asuruli (süryani), ebrauli (yəhudi) və bredzenuli (yunan) [128, s. 16]. Elə buna görə də tədqiqatçılar haqlı olaraq «Qafqazı dillər və xalqlar diyarı» adlandırırlar [210, s. 119].
Göründüyü kimi, Gürcüstan ərazisində məskunlaşan türk tayfalarının hər birinin bir-birindən fərqlənən dili olmuşdur. N.A.Baskakov bu xüsusdə yazır ki, hun dövründə türk dilləri artıq çoxlu qəbilə dilləri ilə təmsil olunmuşdu ki, onların r-l dillərinə (yəni, oğuzların, onoğurların, sarağurların, kuturğurların - qədim avarların, sabirlərin, bulğarların və indiki çuvaşların babalarının dilləri) və z-ş dillərinə (yəni, oğuzların dilləri) ayrılması prosesi gedirdi [86, s. 155].

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz